Uilyam Somerset Moem – Yuxu

İş belə gətirdi ki, 1917-ci ili avqustunda xidməti işimlə əlaqədar Nyu Yorkdan Petroqrada getməli oldum. Təhlükəsizlik naminə Vladivostok yolu ilə getməyim barədə göstəriş almışdım. Mən oraya səhər çatdım və həmin günü boş-boşuna keçirdim. Sibirə gedən qatar, güman ki, axşam saat 9-da yola düşməli idi. Mən vağzal restoranında təkbaşına nahar edəcəkdim. Içəri adamla dolu idi və zahiri görünüşü mənə çox məzəli görünən bir kişi ilə eyni masa arxasında əyləşdim. O, milliyətcə rus olan ucaboylu son dərəcə iri cüssəli bir adam idi və qarnı o qədər yekə idi ki, masadan bir xeyli aralı oturmağa məcbur olmuşdu. Bədəninə görə kiçik olan əllərini piy basmışdı. Uzun, tünd rəngli seyrək saçları başının daz yerini örtmək üçün ehmallıca təpəsi boyu daranmışdı. Iri buxağı, təmiz qırxılmış yekə sarışın üzü adama yaraşmayan çılpaqlıq təsiri bağışlayırdı. Onun kiçik burnu ət tikəsi üstündə balaca, məzəli düymə kimi görünürdü. Hətta qara, parıldayan gözləri də xırda idi. Lakin onun iri,qırmızı və ehtiraslıağzı, əynində də səliqəli, qara kostyum vardı. Kostyum nimdaş idi; elə təsir bağışlayırdı ki, sanki geyinildiyi vaxtdan bəri bir dəfə də olsun nə ütülənib, nə də təmizlənib.

Oturduğumuz restoranda xidmət pis idi və demək olar ki, ofisantın diqqətini cəlb etmək mümkün deyildi. Tezliklə biz söhbətə girişdik. Həmin rus ingiliscə yaxşı və səlis danışırdı. Onda ləhcə hiss olunurdu, lakin bu, bezikdirici deyildi. Mənə özüm və planlarım barədə çoxlu suallar verirdi. O vaxtlar isə mənim xidməti işim ehtiyatlı olmağımı tələb etdiyindən özümü yalandan səmimi göstərməyə çalışaraq onun suallarına cavab verirdim. O, məndən roman, povest yazıb-yazmadığımı soruşdu və asudə vaxtlarımda bu işlə məşğul olduğumu etiraf edəndə, o, son dövrlərin rus yazıçıları haqqında danışmağa başladı. O, düşünərək məntiqlə danışırdı. Və danışığından ziyalı olduğu bilinirdi.

Bu arada ofisanta borş gətirməyi tapşırmışdıq. Mənim tanışım cibindən bir araq şüşəsi çıxardı və məni də içməyə dəvət etdi. Bilmirəm ki, onu belə çox söhbətcil edən araq, yoxsa özünün həqiqətən çərənçi olmağı idi. Lakin bir qədər keçəndən sonra, mən heç bir şey soruşmadığım halda, o, özü haqda çox şeylər danışdı. O, zadəgan nəslinə mənsub olan hüquqşünas idi, radikal idi. Hakimiyyət dairələri ilə bəzi çətinliklər onun xaricdə çox qalması zəruriyyətini doğurmuşdu. Ancaq indi vətənə qayıdırdı. Vladivostokda işi ilə əlaqədar qalmışdı, lakin bir həftə sonra Moskvaya yola düşəcəyinə ümid edirdi və əgər mən də oraya gedirdimsə, məni gördüyünə çox sevinəcəyini bildirdi.

  • Evlisiniz? -, məndən soruşdu.

Başa düşmədim ki, bunun ona nə dəxli var, lakin ailəli olduğumu dedim. O, köksünü ötürdü.

  • Mənsə dulam, – dedi, – Arvadım əslən Cenevrədən olan isveçrəli idi. Çox məlumatlı qadın idi. Özü də hərtərəfli. Ingilis, alman, italyan dillərində çox gözəl danışırdı. Fransız isə doğma dili idi. Ruscanı hər hansı əcnəbidən daha yaxşı bilirdi. Demək olar ki, ləhcə hiss olunmurdu.

O, əlində qablarla dolu məcməyi aparan ofisantı səslədi və ondan – mən belə güman etdim, çünki o vaxtlar rus dilini yaxşı bilmirdim – növbəti yeməyin gəlməsini daha nə qədər gözləyəcəyimizi soruşdu. Ofisant isə cəld, lakin ehtimal ki, inandırıcı səslə nəsə dedi və dostum dərindən nəfəs aldı.

  • Inqilab başlayandan bəri restoranlarda gözləmək adamı lap bezdirib.

O, artıq bəlkə də iyirminci siqaretini yandırdı, mənsə saatıma baxaraq düşündüm ki, görəsən yola düşmək vaxtım vaxtım çatana qədər qarındolusu yeyə biləcəyəmmi.

  • Mənim arvadım diqqətəlayiq qadın idi, – o, sözünə davam etdi. – o, Petroqradın ən yaxşı məktəblərindən birində zadəgan qızlarına dil öyrədirdi. Çox uzun illər biz birlikdə gözəl dostluq şəraitində yaşamışıq. Ancaq o, həddindən artıq qısqanc idi və bədbəxtlikdən məni dəlicəsinə sevirdi.

Mənim üçün dik onun üzünə baxmaq çətin idi; o, gördüyüm ən eybəcər adamlardan biri idi. Hərdən alyanaq və şən, kök adamlarda nəsə müəyyən bir cazibə olur, lakin bu eybəcər köklük ikrah hissi yaradırdı.

  • Mən heç də yalandan arvadıma sadiq olduğumu göstərmirəm. Biz on il idi ki, evlənmişdik və o zaman o, gənc deyildi. Arvadım balaca, arıq qadın idi. Üzünün rəngi də xoşagələn deyildi. Acıdil idi.  Üstəlik mənə öz şəxsi əmlakı kimi baxırdı və başqalarının diqqətini cəlb edə bilməyimə dözə bilmirdi. Arvadım məni təkcə tanıdığım qadınlara deyil, hətta dostlarıma, pişiyimə, kitablarıma belə qısqanırdı. Hətta bir dəfə mən evdə olmayanda pencəyimi başqasına verib, nə var, nə var, mən onu digər pencəklərimdən daha çox bəyənirəm. Ümumiyyətlə təbiətimə görə mən təmkinli adamam. Əlbəttə, onun məni bezdirdiyini inkar etməyəcəm, lakin onun bu tünd xasiyyətini Allahın işi kimi qəbul etmişdim və daha bununla mübarizə aparmağı düşünmədim, necə ki, pis havaya qarşı mübarizə aparmaq mümkün deyil. Inkar edilməsi mümkün olduğu qədər mən onun ittihamlarını rədd edirdim, cəhdlərim boşa çıxanda isə çiyinlərimi atar və siqaret çəkərdim. Onun müntəzəm yaratdığı qısqanclıq səhnələri mənə o qədər də təsir etmirdi. Hərdən bir şeyi anlamırdım ki, onun mənə münasibəti ehtiraslı məhəbbət idi, yoxsa ehtiraslı nifrət. Mənə elə gəlir ki, məhəbbətlə nifrət bir-biri ilə birləşmişdi. Əgər bir gecə çox qəribə bir əhvalat baş verməsəydi, yəqin ki, biz axıra qədər elə beləcə də davam edə bilərdik.

Bir gecə arvadımın bərk qışqırığına yuxudan oyandım. Səksənmiş halda, ondan nə olduğunu soruşdum. Dedi ki, çox dəhşətli bir yuxu görüb. Yuxuda görüb ki, mən onu öldürməyə çalışıram. Biz böyük bir binanın lap yuxarı mərtəbəsində yaşayırdıq və pillələrin məhəccəri çox alçaq idi. Onun yuxusuna girib ki, biz öz mərtəbəmizə çatanda mən onu tutub məhəccərdən aşağı atmağa cəhd göstərmişəm. Hesabını götür də – altı mərtəbə, üstəgəl daş döşəməli zirzəmi. Bu, şübhəsiz, ölüm demək idi. O, tir-tir əsirdi. Onu sakitləşdirmək üçün əlimdən gələni etdim. Lakin səhərisi gün, hətta sonrakı iki-üç gün ərzində o, yenə də bu məsələnin üzərinə qayıtdı və ona gülməyimə baxmayaraq gördüm ki, bu, onun beyninə yaman yeriyib. Heç cür bu barədə düşünməyə bilmirdim, çünki bu yuxu mənə heç vaxt ağlıma belə gətirmədiyim bir şeyi açıb göstərdi. O düşünürdü ki, mən ona nifrət edirəm və məmnuniyyətlə canımı ondan qurtarardım. Əlbəttə, o, özü də bilirdi ki, çox dözülməz qadındır və hərdən ağlına belə fikir gəlirdi ki, mən onu qətlə yetirə bilərəm. Ümumiyyətlə biz kişilər elə şeylər fikirləşirik, ağlımıza elə ideyalar girir ki, bunları gərək etiraf etməyə utanaq. Hərdən düşünürdüm ki, kaş o, sevgilisi ilə qaçıb gedəydi, hərdən də fikirləşirdim ki, ağrısız və qəfil bir ölüm  mənə azadlığımı qaytara bilər. Lakin heç vaxt, heç vaxt ağlıma bu dözülməz yükdən düşünülmüş surətdə canımı qurtarmaq fikri gəlməyib.

Yuxu hər ikimizə çox qəribə təsir etmişdi. Bu, arvadımın canına vic-vicə salmışdı və o, bir müddət daha yumşaq və itaətkar oldu. Lakin pillələri çıxarkən məhəccərin üzərindən baxmamaq və onun yuxuda gördüyünü etməyin necə asan olacağını düşünməmək qeyri-mümkün idi. Məhəccər son dərəcə alçaq idi. Kiçik bir hərəkət bəs idi ki, iş bitsin. Bu fikri başımdan çıxarmaq çətin idi.

Bir müddət keçəndən sonra arvadım bir gecə məni yuxudan oyatdı. Mən də çox yorğun idim və nə deyim – əsəbiləşdim. Onun isə rəngi ağarmışdı və titrəyirdi. Yenə də həmin yuxunu görmüşdü. O, göz yaşları tökə-tökə məndən ona nifrət edib-etmədiyimi soruşdu. Mən isə bütün rus müqəddəslərinə and içdim ki, onu sevirəm. Axır ki, birtəhər yuxuya getdi. Daha bundan artığını edə bilməzdim. Yatmadım. Hətta mənə elə gəldi ki, onu məhəccərdən aşağı yıxılan görürəm. Onun qışqırığını və daş döşəməyə düşən cəsədinin tappıltısını eşidirəm.

Rus kişisi susdu. Onun alnında tər puçurlanmışdı. Bu əhvalatı elə gözəl və səlis danışırdı ki, mən diqqətlə onu dinləyirdim. Şüşənin dibində hələ bir az araq qalmışdı. O, arağı stəkana süzdü və bir qurtuma içdi.  

  • Yaxşı, bəs arvadınız necə öldü? – kiçik bir pauzadan sonra soruşdum.

O, cibindən çirkli yaylıq çıxararaq alnını sildi.

  • Çox qəribə bir şəraitdə onu bir gecə boynu sınmış halda zirzəminin döşəməsində tapdılar.
  • Kim tapdı?
  • Qəzadan bir qədər sonra hadisə yerinə gəlmiş bir kirayənişin.
  • Bəs siz özünüz harada idiniz?

Onun qərəzli bir hiyləgərliklə necə mənə baxdığını təsvir edə bilmirəm. Balaca, qara gözləri işıldadı.

  • O axşam mən dostlarımdan birinin yanında idim. Bir saatdan sonra evə gəldim.

Elə bu an ofisant sifariş etdiyimiz xörəyi gətirdi və rus böyük iştahla yeməyin üstünə düşdü. O, ağzını yekə tikələrlə doldurub üyüdürdü.

Mən lap çaşıb qalmışdım. Doğrudanmı o, üstüörtülü bir şəkildə mənə arvadını qətlə yetirdiyini danışırdı?

Bu yekəpər, zırpı kişi heç də qatilə oxşamırdı. Inana bilmirəm ki, onun buna cəsarəti çatardı. Ya da ki, mənim vaxtımın hesabına əylənirdi. Bir az sonra qatara minmək vaxtım gəldi. Mən restorandan çıxdım və elə o vaxtdan o rus kişisini bir də görmədim. Lakin onun ciddimi olduğu, yaxud zarafatmı etdiyi barədə hələ də bir qərara gələ bilməmişəm.