Uilyam Somerset Moem – Təmənnalı İzdivac

Banqkoku dörd və ya beş yüz ton ağırlığı olan balaca, sökülüb-tökülən bir gəmidə tərk etdim. Yemək otağı kimi də istifadə olunan natəmiz salonda hər iki tərəfində fırlanan stullar qoyulmuş iki ensiz stol vardı. Kayutalar gəminin aşağısında yerləşirdi və olduqca çirkli idilər. Döşəmədə tarakanlar gəzirdilər və nə qədər soyuqqanlı olsanız da hamama əllərinizi yumaq üçün getdiyiniz zaman iri bir tarakanın arın-arxayın bir halda yeriyərək oradan çıxdığını görərkən diksinməmək mümkün deyil.

            Çayı rahatca, tənbəlcəsinə və gülümsünərək üzüaşağı düşdük. Onun yaşıl sahilləri suyun düz ağzında yerləşmiş xırda komalarla dolu idi. Hasarı ötüb keçdik; qarşımda açıq, mavi və sakit dəniz uzanırdı. Onun görünüşü də, ondan yayılan rayihə də qəlbimi riqqətə gətirdi.

            Gəmiyə səhər tezdən minmişdim və çox keçməmiş özüm üçün yəqin etdim ki, mən hələ indiyə qədər ömrümdə rast gəlmədiyim ən qəribə adamların arasına düşmüşəm. Onların arasında iki fransız ticarətçisi, bir belçikalı polkovnik, italyan tenor, arvadı ilə bərabər olan Amerikan sirk sahibi və arvadı ilə olan istefaya çıxmış fransız zabiti vardı. Sirk sahibi, necə deyərlər, qaynayıb-qarışan bir tip idi, qarşısındakının əhval-ruhiyyəsinə uyğun özünü aparırdı, ancaq mən həqiqətən öz halımdan məmnun idim. Heç bir saat deyildi ki, gəmidə idik, amma artıq bir neçə qədəh vurmuşduq, o, mənə öz heyvanlarını göstərmişdi. O, bəstəboy kök bir kişi idi və əynindəki ağ rəngdə olsa da çirk içində itib-batmış gödəkcəsi qarnının ölçüsünə tam uyğun biçilmişdi, ancaq yaxalığı o qədər dar idi ki, boğulmadığına mat qalırdın. Qırmızı, təmiz qırxılmış üzü, şən mavi gözləri və qısa vurulmuş pırtlaşıq kürən saçları vardı. Köhnəlmiş şlemi boynunun arxasından sallanırdı. Adı Uilkensdi, Oregon ştatının Portland şəhərindən idi. Sən demə Şərq ölkələrinin əhalisinin sirkə xüsusi maraqları varmış və cənab Uilkins də iyirmi il idi ki, elə hey bütün Şərq ölkələrini – Port-Səiddən tutmuş Yokahomaya qədər (Aden, Bombey, Madras, Kəlküttə, Ranqun, Sinqapur, Penanq, Banqkok, Sayqon, Hue, Hanoy, Honq-Konq, Şanxay – bütün bu adlar ləzzətlə adamın dilinə yayılaraq günəş şəfəqləri, qəribə səslər və rəngarəng hərəkətlərin təsəvvürünü canlandırır) öz heyvanları və yelləncəkləri ilə bərabər gəzib dolaşırdı. Onun sürdüyü bu həyat adi həyat deyildi, fikirləşirsən ki, bü cür həyat tərzində bir çox maraqlı və əsrarəngiz məqamlar var, ancaq onun qeyri-adiliyi elə özünün ideal dərəcədə adi insan olmasında idi və əgər o, qaraj sahibi, ya da Kaliforniyanın hər hansı bir ucqar şəhərində üçüncü dərəcəli bir mehmanxana sahibi olsa təəccüblənməzdin. Fakt isə budur ki, mən özüm həyatda belə şeylərlə tez-tez rastlaşmışam və hər dəfə də məəttəl qalmışam: necə olur ki, qeyri-adi həyat sürən insanlar özləri özlüyündə heç də qeyri-adi olmurlar, ancaq əksinə hətta əgər adi bir kənd keşişi olsalar belə bu insanlar öz həyatlarını qeyri-adi bir yöndə qura bilirlər.Təəssüf ki, indi burada Torres Körfəzində bir adada ömür sürən və ziyarətinə getdiyim bir tərki-dünya bənsədinin hekayətini danışmaq elə də yerinə düşmür. Bu adam qəzaya uğramış bir gəmidən xilas olmuş matros idi və otuz il idi ki, təkbaşına yaşayırdı. Ancaq kitab yazanda seçdiyin mövzunun dörd divarı arasında pərçimlənib qalırsan, hərçənd fikrim bir az dağıldığından mən bu barədə xatırladımsa yenə də axırda hansısa bir hissəni kəsib-doğramağa məcbur olacam. Hər halda uzun sözün qısası budur ki, otuz il ərzində təbiətlə uzun və sıx təmasına və öz şəxsi düşüncələrinə rəğmən bu adam elə əvvəl necə cansıxıcı,  duyğusuz və yontalanmamış idisə, elə o cür də qalmışdı.

Italyan müğənni gəlib böyrümüzdən keçdi, cənab Uilkins mənə onun Neapoldan olduğunu və Banqkokda yoluxduğu malyariya ucbatından ayrı düşməyə məcbur qalmış truppasına qoşulmaq üçün Honq-Konqa getdiyini söylədi. Həmin italyan yekəpər kök bir kişi idi, özünü stula salıb oturanda altındakı stul bərkdən cırıldadı. O, şlemini çıxartdı və toppuş və üzüklərlə bəzədilmiş barmaqlarını uzun, qıvrım, yağlı saçlarında gəzdirdi.

  • Elə də söhbətcil deyil, – cənab Uilkins dedi, – mən ona siqar verdim, onu götürdü, ancaq mənimlə bir qədəh vurmadı. Heç təəccüblənmərəm desələr ki, bunun altında nəsə qeyri-adi bir şey var. Heç xoşagələn tip deyil.

Göyərtədə meymunun əlindən tutmuş ağ paltarlı bir qadın göründü. Meymun onun böyründə təşəxxüslə yeriyirdi.

  • Bu, xanım Uilkinsdir, arvadımdır, yanındakı da kiçik oğlumuzdur. Stulu altına çək, xanım Uilkins. Bu centlmenlə tanış ol. Adını bilmirəm, ancaq artıq ikinci qədəhdir ki, mənə alıb, əgər bundan artığını edə bilmirsə, onda sənin üçün də bir qədəh içki alacaq.

Xanım Uilkins ciddi bir görkəmlə gözlərini mavi dənizdən ayırmayaraq limonad içməyə heç də etiraz etmədiyini bildirdi.

  • Off, nə yaman istidir, – deyə o, başından çıxartdığı şlemlə özünü yelləyərək dodaqaltı mızıldandı.
  • Xanım Uilkinsin istiyə heç dözümü yoxdur, – əri dedi, – iyirmi ildir ki, belədir.
  • Iyirmi iki il yarım, – xanım Uilkins gözlərini dənizdən ayırmayaraq düzəliş verdi.
  • Hələ də alışa bilmir.
  • Heç vaxt da alışa bilməyəcəm, sən də bunu bilirsən, – xanım Uilkins dedi.

Qadın əri ilə eyni boyda idi, onun kimi kök idi, qırmızı yumru sifəti və elə ərininki kimi kürən pırtlaşıq saçları vardı. Maraqlı idi, görəsən belə oxşar olduqları üçünmü evlənmişdilər, yoxsa uzun illər birlikdə olduqlarından belə zahiri oxşarlıq yaranmışdı. O, başını belə döndərmədən dalqın-dalqın elə hey dənizə baxırdı.

  • Heyvanları ona göstərmisən? – xanım Uilkins sual verdi.
  • Yüz faiz, əlbəttə.
  • Persi haqqında nə dedi?
  • Çox xoşuna gəldi.

Bu söhbətin müəyyən hissəsinin mənə qismən aidiyyatı olsa da hiss edirdim ki, onlar yersiz bir şəkildə məni bundan kənar tutrlar, elə ona görə də müdaxilə etdim:

  • Persi kimdir?
  • Persi bizim böyük oğlumuzdur. Elmer, bir bax, uçan balıq! Oranqutandır. Bu səhər yeməyini normal yeyib?
  • Hə, əla. O, bizdə olan ən iri meymundur. Min dollar versələr də onu satmaram.
  • Bəs fil necə? O, nəyiniz düşür?, – mən soruşdum.

Xanım Uilkins mənə baxmadı, lakin mavi gözləri ilə hələ də eyni dalğınlıqla dənizə baxırdı.

  • Heç nəyimiz düşmür, – qadın dedi. – Sadəcə dostdur.

Ofisant oğlan xanım Uilkins üçün limonad, ərinə viski və soda, mənə isə cin və tonik gətirdi. Biz zər atdıq və hesabı mən ödədim.

  •  Əgər hər dəfə zər atanda əli gətirməsə, onda bu lap var-yoxdan çıxar ki!, – xanım Uilkins sahil xəttinə baxaraq dodaqaltı mızıldadı.
  • Deyəsən Eqbert limonaddan bir qurtum istəyir, əzizim, – cənab Uilkins bildirdi.

Xanım Uilkins yüngülcə başını çevirib dizinin üstündə oturan meymuna baxdı.

  • Ananın limonadından istəyirsən, Eqbert?

Meymun ciyildədi, qadın da qolunu onun belinə dolayaraq çubuğu ona uzatdı. Meymun bir az limonaddan sümürdü və doyandan sonra təzədən xanım Uilkinsin iri döşlərinə sığındı.

  • Xanım Uilkins Eqbert üçün əldən-ayaqdan gedir, – əri dedi, – burada elə də təəccüblü bir şey yoxdur, o, axı onun sonbeşiyidir.

Xanım Uilkins özünə başqa bir çubuq götürərək düşüncəli bir halda limondaını içdi.

  • Eqbert üçün narahatlığa dəyməz,- o, qeyd etdi, – onunla bağlı heç bir problem yoxdur.

 O anda bayaqdan bəri oturmuş olan fransız zabit yerindən qalxdı və var-gəl etməyə başladı. Gəmiyə qədər onu Banqkokdakı fransız naziri, bir-iki nəfər katib və kral ailəsindən olna bir şahzadə müşayiət etmişdi. Bir xeyli təzim etmişdilər, əl sıxmışdılar və gəmi dəniz qırağından uzaqlaşarkən uzun müddət şlyapa və yaylıq yelləmişdilər. Görünür hər kim idisə, hər halda çox əhəmiyyətli bir şəxs idi. Hətta kapitanın ona Monsieur le Gouverneur deyə müraciət etdiyini eşitmişdim.

  • Gəmimizdə bu, ən mühüm şəxsdir, – cənab Uilkins dedi. – Fransız müstəmləkələrindən birinin qubernatoru olub. Indi də dünya səyahətinə çıxıb. Banqkokda olanda mənim sirkimə də baxmağa gəlmişdi. Indi gedib ondan soruşacam görüm nə içmək istərdi. Əzizim, səncə necə müraciət edim ona?

Xanım Uilkins asta-asta başını döndərərək o baş-bu başa var-gəl edən fransıza baxdı; onun yaxasında Fəxri Legion ordeninin rozetkası vardı.

  • Əşi heç cür, – qadın cavab verdi. – Sən ona çənbəri göstər, özü hoppanacaq.

Gülməkdən özümü güclə saxladım. Monsieur le Gouverneur balacaboy – hətta bəstəboydan da balaca idi – xırda eybəcər sifəti və iri, demək olar ki, zənci cizgilərinə oxşarlığı olan bir tip idi. Gur çal saçları, aralarında ağarmış tükləri olan sıx qaşları və çallaşmış bığları vardı. Onda elə bil ki, nəsə pudelə bir oxşarlıq vardı, elə pudellərdə olduğu kimi mehriban, ağıllı, işıldayan gözlərə sahibdi. Bir də yanımızdan keçəndə cənab Uilkins onu səslədi:

  • Monsoo. Qu’est ce que vous prenez?– Ləhcəsindəki o qeyri-adiliyi burada mən sözlə ifadə edə bilməyəcəm. – Une petite verre de porto.

Sonra üzünü mənə döndərib əlavə etdi:

  • Xaricilər – hamısı – porto içirlər. Əmin ola bilərsən.
  • Bircə hollandlardan başqa, – xanım Uilkins dənizə baxaraq dedi. – Onlar Schnapps-dən savayı heç nəyi dillərinə vurmazlar.

Hörmətli fransız ayaq saxlayıb çaşqınlıqla cənab Uilkensə baxdı. Elə bunun ardınca da cənab Uilkins əlini sinəsinə döyərək əlavə etdi:

  • Moa, Proprietarre Cirque. Vous avez visite.

Sonra hansısa səbədənsə cənab Uilkens qollarını çənbər kimi yumruladı, sanki pudelə onun içərisindən atılması üçün işarə edirdi. Dalınca isə hələ də arvadının dizləri üstündə oturmuş meymuna işarə etdi.

  • La petit fils de mon femme, – cümləsini dedi.

Qubernatorun eyni açıldı və o, bərkdən gülməyə başladı; onun qəhqəhəsi musiqi kimi ətrafa yayılır və digərlərinə də sirayət edirdi. Cənab Uilkens də gülməyə başladı.

  • Oui, oui,– o hündürdən dedi, – Moa, sirk sahibi! Une petite verre de porto. Oui. Oui. N’est ce pas?
  • Cənab Uilkens fransızcanı əsl fransızlar kimi danışır, – xanım Uilkens dənizə baxaraq dilləndi.
  • Mais tres volontiers, – Qubernator hələ də üzündə təbəssüm dedi.

Mən onun altına stul çəkdim, o da öz növbəsində xanım Uilkensə nəzakətli bir şəkildə təzim etdi.

  • Bu pudel-sifətliyə de ki, oğlumuzun adı Eqbertdir, – qadın gözünü dənizdən çəkməyərək bildirdi.

Mən ofisant oğlanı çağırıb hamımız üçün içki sifariş verdim.

  • Elmer, hesabı sən ödə, – xanım Uilkens dedi, – yaxşı düşmür bu adını bilmədiyim cənab qoşa üçdən başqa ata bilmirsə.
  • Vous comprenez le français, madame?, – Qubernator nəzakətlə soruşdu.
  • Əzizim, soruşur ki, sən fransızca bilirsən, ya yox?
  • Bilməmişdik! Bəlkə o, elə bilir ki, mən Neapolda-zadda doğulmuşam.

Daha sonra Qubernator əməlli-başlı əl-qol hərəkətləri edərək ingilis dilində danışmağa girişdi və mən də öz növbəmdə onun nə dediyini anlamaq üçün bütün fransız dili bacarığımı ortaya qoymalı oldum.

Elə onda da cənab Uilkins heyvanlarını qubernatora göstərmək üçün onu aşağı apardı. Bir az sonra hamımız nahar yeməyi üçün içərisi boğanaq olan yemək salonunda toplaşdıq. Qubernatorun arvadı da gəldi və kapitanın sağ tərəfində əyləşdirildi. Qubernator bizi bir-bir arvadı ilə tanış etdi. Qadın bizə hörmət əlaməti olaraq baş əydi. Iri cüssəli, ucaboy, sağlam bədənli bu qadının yəqin ki, təxminən 50-55 yaşı olardı. Əynində ciddi formalı qapa ipəkdən don vardı. Başına iri dairəvi şlyapa qoymuşdu. Cizgiləri aydın və qaydasında, bədəni gözoxşayan formada idi və prosessiyalarda iştirak edən əzəmətli qadınları xatırladırdı. Kolumbiya, yaxud da Britaniyada keçirilən vətənpərvər ruhlu nümayişlərə yaxşı yaraşardı. Sısqa, xırda ərinin yanında onlar sanki yanaşı dayanmış göydələnlə komanı xatırladırdılar. Əri də elə hey dil-boğaza qoymadan həvəslə danışır, nəsə məzəli bir şey deyəndə də arvadının dolğun üz cizgiləri yayılaraq sifətində çox xoş bir təbəssüm əmələ gətirirdi.

  • Que tu es bete, mon ami, – qadın dedi. Sonra kapitana tərəf dönərək, – Siz ona heç əhəmiyyət verməyin. O, həmişə belədir, – deyə əlavə etdi.

Həqiqətən də yemək saatimiz çox əyləncəli keçdi və nahardan sonra günün istisini yatmaqla özlərindən uzaqlaşdırmaq məqsədilə hərə çəkilib öz kayutasına getdi. Bu, elə kiçik bir gəmi idi ki, burada tanış olduğum adamlarla kayutada qalmağı istisna etməklə hətta istəsəydim belə yenə rastlaşmaya bilməzdim. Bu adamlara qoşulmayan yeganə insan həmin o italyan tenor idi. O, heç kəslə kəlmə kəsməz, sadəcə mümkün qədər qıraqda əyləşərək öz gitarasını elə bəmdə dınqıldadırdı ki, notları eşitmək üçün qulaqlarını əməllicə şəkləmək lazım gəlirdi. Hələ də uzaqdan quru görününrdü, dənizsə badya dolu südü xatırladırdı. Ordan-burdan söhbət edə-edə günü yola verdik, naharımızı etdik, sonra isə yenə də göyərtədə ulduzların altında əyləşdik. O iki nəfər ticarətçi boğanaq salonda oturub piket oynayırdı, ancaq Belçikalı polkovnik gəlib bizim kiçik dəstəmizə qoşuldu. O, utancaq və şişman bir adamdı. Ağzından dürr tükülürdü. Az keçmiş, çox güman ki, gecənin təsiri altında və zülmətdən daha da cəsarətlənən italyan tenor dənizlə yalqızlığından vəcdə gəlmiş halda öz gitarasının müşayiətilə əvvəlcə bəmdə, sonra isə musiqinin ovsununa düşərək daha bərkdən oxumağa başladı. Bu adamda həqiqi İtalyan boğazı vardı, ancaq makaron, zeytun yağı və gün işığının təsiri bütünlükdə bu səsə çökmüşdü. O, gəncliyimdə Piazzo San Ferdinandoda eşitdiyim neapolitan mahnıları, La Bohemedən, Traviatadan və Rigolettodan bəzi hissələr oxudu. O, həyəcanla və yalançı titrəyişlə ifa edirdi və onun səsindəki titrəyişlər adama ortabab itlyan tenorunu xatırladırdı, ancaq həmin o xoş gecənin aydınlığında onun vurduğu bu boğazlar adamın üzündə incə təbəssüm oyadır, qəlbinə xoş bir məmnunluq hissi yayılır. O, təxminən bir saata qədər beləcə oxudu, biz hamımız ona qulaq kəsilmişdik. Sonra sakitləşdi, ancaq yerindən tərpənmədi; biz onun iri cüssəsini aydın səmanın fonunda görürdük.

Bir də gördüm ki, balacaboy fransız Qubernator iricüssəli arvadının əlindən tutub. Bu mənzərə gülməli gəlsə də eyni zamanda təsirli idi.

  • Bilirsinizmi ki, bu gün arvadımla tanışlığımızın ildönümüdür?, – deyə o dilləndi. Deyəsən sükut onu yamanca sıxmışdı, çünki mən hələ ömrümdə ondan gəvəzəsini görməmişdim. – Eyni zamanda bu, onun mənə hə cavabı verdiyi günün də ildönümüdür. Sizə təəccüblü gələcək, ancaq bu iki hadisə eyni gündə baş vermişdi.
  • Voyons, mon ami, xanımı dedi, – sən yəqin ki, dostlarımızın canını bu köhnə əhvalatla sıxmaq istəmirsən. Sən həqiqətən də dözülməz adamsan.

Lakin onun iri, ciddi sifətində bir təbəssüm vardı və səsinin tonundan hiss olunurdu ki, bu sözləri bir daha eşitmək onu sevindirərdi.

  • Axı bu, onları maraqlandıracaq, mon petit chou. – Bu, onun arvadına müraciət forması idi və belə sısqa bir ərin iri cüssəli arvadını bu cür çağırması məzəli bir şey idi. – Elə deyilmi, monsieur?, – o, mənə tərəf döndü, – bu romantikadır. Belə bir gecədə romantika kimin xoşuna gəlməz ki?!

Qubernatoru inandırdım ki, məmnuniyyətlə onu dinləməyə hazırıq, Belçikalı polkovnik də bir daha fürsətdən istifadə edib nəzakət nümayiş etdirdi.

  • Bilirsiniz, bizim evliliyimiz sırf təmənnalı bir izdivacdır.
  • C’est vrai, xanımı təsdiq etdi, – Bunu inkar etmək səheflik olardı. Ancaq bəzən olur ki, sevgi evləndikdən sonra yaranır, əvvəl yox və elə belə olmağı daha yaxşıdır. Onda sevginin ömrü də uzun olur.

Bunları deyərkən Qubernatorun ehmalca arvadının əlini sıxdığı mənim nəzərimdən qaçmadı.

  • Bilirisiniz, mən dənizdə xidmət eləmişəm və istefaya çıxanda 49-u haqlamışdım. Güclü idim və enerji ilə dolu idim. Özümə bir məşğuliyyət tapmaq üçün əlləşirdim. Hər yerə baxdım, əlim yetən bütün imkanlardan istifadə etdim. Bəxtimdən bir dayıoğlum vardı; siyasi arenada müəyyən nüfuz sahibi idi. Elə demokratik hökumətin üstünlüklərindən biri budur ki, əgər kifayət qədər təsir dairəsinə və məziyyətlərə sahibsənsə, öz layiqli qiymətini alacaqsan. Əks təqdirdə diqqətdən kənarda qalacaqsan.
  • Sən çox təvazökarsan, mon pauvre ami, – arvadı dedi.
  • Elə bir az keçmiş nazir özü məni müstəmləkə ölkələrinə göndərdi və oradakı ölkələrdən birində qubernator vəzifəsini təklif etdi. Məni göndərmək istədikləri yer ucqar və tək-tənha bir məkan idi, intəhası mən bütün ömrümü bu portdan o porta səyahət edə-edə keçirmişdim deyə belə bir vəziyyətin alınmağı məni heç də məyus etmədi. Təklifi sevinclə qəbul etdim. Nazir mənə yola düşmək üçün bir ay vaxt verdi. Mən də ona dedim ki, vur-tut bir neçə paltarı və 3-4 dənə kitabı olan yaşı ötmüş bir subay kişi üçün səfərə hazırlaşmaq elə də çox vaxt tələb etməyəcək.
  • Comment, mon liutenant, – o az qala çığırdı, – Siz subaysınız?
  • Əlbəttə, – cavab verdim, – Elə belə də qalmaq fikrindəyəm.
  • Belə olan halda mən deyəsən təklifimi geri götürməli olacam. Bu vəzifə üçün mütləq ailəli olmalısınız.
  • Danışılası uzun məsələdir, ancaq mahiyyəti bundan ibarətdir ki, bu vəzifədə məndən əvvəl olan subay imiş və rezidensiyasında da müxtəlif yerli qızlarla birlikdə yaşayırmış. Ağ adamların, zəmindarların, yüksək rütbəli şəxslərin xanımlarının aramsız şikayətlərindən sonra qərara alınıb ki, nğvbəti qubernator əxlaqı yerində mötəbər bir şəxs olmalıdır. Mən onu fikrindən daşındırmağa çalışdım. Mübahisə etdim. Ölkə qarşısındakı xidmətlərimi sadaladım, dayıoğlumun növbəti seçkilərdə nə kimi kömək edə biləcəyini vurğuladım. Xeyri olmadı. Sınan qoz deyilmiş. “Bəs çıxış yolum nədir?” deyə mən bir az hürkü içində soruşdum. “Evlənə bilərsən” nazir bildirdi. “Mais voyons, monsieur le ministre]. Mən heç bir qadın tanımıram. Qadınlarla elə də aram yoxdur. Yaşım da 49-u haqlayıb. Necə məndən bu şəkildə qadın tapmağımı gözləyə bilərsiniz?”. O da mənə “Bundan asan nə var ki?! Qəzetdə elan ver” dedi. Gözüm kəlləmə çıxdı; nə deyəcəyimi bilmədim. Nazir “Yaxşı, məsələ bitmiş hesab olunur. Əgər bir aya özünə arvad tapa bilsən, bu vəzifəyə gedə bilərsən. Ancaq arvad yoxdursa, onda iş də yoxdur. Vəssalam.” Üzümə gülümsədi, bu məsələ ona məzəli görünürdü. “Hə, reklam üçün hansı qəzeti fikirləşirsənsə, mən Fiqaro-nu məsləhət görürəm” deyə əlavə də etdi. Ürəyimdən daş asılmış kimi nazirin kabinetindən çıxdım. Onların məni təyin etmək istədikləri yeri tanıyırdım və bilirdim ki, mənim üçün yaşamağa münasibdir. Iqlimi pis deyildi. Rezidensiya da geniş və rahatdı. Qubernator olmaq arzusu xoşuma gəlirdi. Mənim hərbi-dəniz zabiti kimi təqaüdümü nəzərə almasaq elə də bir imkanım yox idi və bu işdə maaş yüksək olmasa da mənə bir köməyi olacaqdı. Qəfil bir qərar verdim. Fiqaro-nun redaksiyasına üz tutdum, bir elan mətni düzəltdim və qəzetdə yerləşdirilməsi üçün təqdim etdim. Ancaq sizə deyim ki, sonra Elisey düzənliyində gəzdiyim zaman ürəyim elə şiddətlə döyünürdü ki, heç gəmi qarət olunanda belə çırpınmamışdı.

Qubernator irəli əyilərək əlini mənalı bir tərzdə dizimin üstünə qoydu.

  • Mon cher mounsieur, inanmayacaqsınız, ancaq dörd min üç yüz yetmiş iki cavab gəldi mənə. Bu, bir təlatümlü selə bənzəyirdi. Məktubları hotelə daşımaq üçün taksi tutmalı oldum. Otağım başdan-başa məktublarla zəbt olunmuşdu. Mənimlə tənhalığımı paylaşmaq və qubernator arvadı olmaq istəyən dörd min üç yüz yetmiş iki qadın vardı! Başım gicəlləndi! Yeddidən yetmişə hər yaşda qadın vardı. Aralarında əsil-nəcabətli kökdən olan və yüksək mədəniyyətli qız uşaqları, həyatlarının hansısa bir dövründə ayaqları büdrəmiş, indi isə vəziyyətlərini düzəltmək istəyən subay xanımlar, ən ürəksızladıcı şəraitlərdə dünyasını dəyişmiş kişilərin dul arvadları vardı. Uşaqlı dul xaımlar da vardı ki, ahıl vaxtımda mənə həyan ola bilərdilər. Sarışından əsmərə, ucaboydan bəstəsoya, kökündən arığa qədər hər cürəsi vardı. Elələri vardı ki, 5 dildə mükəmməl danışırdı. Piano çalanlar da vardı. Eləsi vardı mənə öz sevgilərini təklif edirdilər, elələri də vardı ki, məndən bunu gözləyirdilər. Bir qismi isə mənə hörmətə bağlı dostluq iddiasında idi. Bəziləri kifayət qədər varlı xanımlardı. Digərlərinin isə parlaq gələcək planları vardı. Lap başımı itirmişdim. Beynimdə hər şey bir-birinə qarışmışdı. Axır səbir kasam doldu. Onu da deyim ki, mən çılğın insanam. Və ayağa durub bütün məktubları və şəkilləri döşəmənin üstünə ataraq tapdalamağa başladım. Var-gücümlə bağırdım: mən bunların heç birinə evlənməyəcəm. Tamam ümidsiz bir vəziyyətdə idim, mənə verilən möhlətin müddəti də azalmışdı, bu dörd min qadınla necə görüşüb münasibini seçəcəkdim. Əgər hamısı ilə də görüşə bilməsəm, bilirdim ki, ömrümün qalan hissəsini əzab çəkərək yaşayacam ki, bəlkə də məni həqiqətən xoşbərxt edə bilən yarımı o görüşə bilmədiklərimin içində əldən buraxdım. Nə isə, bu işin qulpunu buraxdım.

Bütün bu şəkillərdən, hər tərəfə səpələnmiş məktublardan iyrənmiş halda otağımdan çıxdım. Qüssəmi dağıtmaq üçün bulvara gedib Cafe de la Paix-də oturdum. Elə bir az keçmişdi ki, bir də gördüm dostlarımdan biri yolla keçir. O, mənə başı ilə salam verib üzümə gülümsədi. Mən də gülümsəməyə çalışsam da ürəyimdən qara qanlar axırdı. Anladım ki, ömrümün qalan hissəsini officer de marine en retraite  kimi Toulon, ya da Brestdə qəpik-quruş olan təqaüdümlə başa burmalı olacam. Zut! Dostum ayaq saxladı və gəlib yanımda əyləşdi.

  • Nə olub, dənizdə gəmilərin batıb, mon cher? – o, məndən soruşdu, – Özü də kim-kim, sənin kimi şən bir adam! Bu nə sifətdir?!

Onun gəlişi lap yerinə düşdü; onsuz da ürəyimi boşaldası adam axtarırdım. Bütün başıma gələnləri ona danışdım. Uğunub getdi. O vaxtdan bəri çox fikirləşmişəm ki, bəlkə də bu hadisənin özündə nəsə məzəli bir şey var, ancaq sizi inandırım ki, o vaxt burada gülməli heç nə görmürdüm. Bunu sərt bir şəkildə dostuma bildirdim, onda o, özünü ələ alıb soruşdu:

  • Ancaq, dostum, sən həqiqətənmi evlənmək fikrindəsən?

Bax elə burada mən tamamilə özümdən çıxdım.

  • Sən əməlli-başlı ipləməsən!, – dedim, – Əgər mən evlənmək istəməsəydim, üstəlik də lap tez – iki həftənin içində, səncə mən heç vaxt ömrümdə görmədiyim qadınlardan gələn məktubları oxuyardımmı?
  • Sakitləş və mənə qulaq as, – o, cavab verdi, – Cenevrədə yaşayan bir xalaqızım var. Qız isveçrəlidir və respublikada böyük nüfuz sahibi olan bir ailənin qızıdır. Əxlaqına söz ola bilməz, yaşı münasibdir, qarıyıb evdə qalıb, çünki on beş il idi ki, şikəst anasına baxırdı, o da bu yaxınlarda vəfat etdi. Bu qız savadlıdır və pardessus le marche çirkin də deyil.
  • Daha denən doşab alırsan bal çıxır ki!
  • Elə demirəm, ancaq o, yaxşı tərbiyə görmüş qızdır və sənin də mövqeyinə çox uyğun gələcək.
  • Bir şeyi unudursan. Axı onun nə marağı ola bilər ki, işini-gücünü, dostlarını, adət eləmiş olduğu həyatı atıb mənim kimi 49 yaşlı adama oxşamayan birinin dalınca düşüb avara-sərgərdan olsun.

Monsieur le Gouverneur danışığına ara verərək elə canfəşanlıqla çiyinlərini atdı ki, başı onların arasında batıb qaldı. Bizə tərəf döndü.

  • Çirkinəm mən. Qəbul edirəm. Intəhası mənim eybəcərliyim insanlarda vəhşət və yaxud hörmət doğuran eybəcərlik deyil, əksinə, mənim kifirliyim gülüş yaradır. Və elə bu da eybəcərliklərin ən pisidir. Məni ilk dəfə görəndə adamlar qorxularından büzüşmürlər, yox, əksinə, şükür Allaha, gülməkdən uğunub gedirlər. Qulas asın görün nə deyirəm. Bax elə bu gün səhər hörmətli cənab Uilkins öz heyvanlarını mənə göstərəndə onun Persi adlı oranqutanı qollarını irəli uzatdı və əgər oturduğu qəfəsin dəmir barmaqlıqları olmasaydı məni nə vaxtsa itkin düşmüş qardaşını tapmışcasına bağrına basacaqdı. Hətta bir dəfə Parisdə Jardin des Plantes-də olanda mənə dedilər ki, bəs insanabənzər meymunlardan biri zooparkdan qaçıb. Mən də asta qaçan namərddir, üz tutdum çıxışa. Canımı qorxu almışdı ki, birdən heç cür onları inandıra bilmərəm və məni onunla səhv salıb götürüb oranqutanın qəfəsinə salarlar.
  • Voyons, mon ami, – arvadı astadan yavaş səslə dilləndi, – sən bu gün lap ağını çıxartdın. Mən demirəm ki, sən yunan allahları kimi yaraşıqlısan, heç düzünə qalsa sənin vəziyyətində bu, tamamilə lazımsız bir şeydir, amma sənin ləyaqətin var, taraz bir insansan, qadınlarla davranışında öz yerini bilənsən.
  • Əhvalatın arxasını deyim. Dostuma belə deyəndə o, cavab verdi. “Qadınıarın harada necə nə edəcəyini demək çətindir. Ancaq evlənmək məsələsinin özündə nəsə var ki, həmişə onları bu, özünə çəkir. Onun özündən soruşsan xəncərinin qaşı tökülməz ki. Ən azından qadına evlilik təklifi etmək ona kompliment demək kimi qəbul olunur. Uzaqbaşı yox deyəcək də.” Mən də qayıtdım ki, axı mən sənin xalanqızını heç tanımıram. Heç bilmirəm də necə gedib onunla tanış olaram. Evinə gedib qonaq otağına dəvət olunandan sonra deyə bilmərəm ki, “Voila, gəlmişəm sizə evlənmək təklif edim.” Fikirləşər ki, gicin biriyəm və qorxusundan bağırar. Həm də, mən xasiyyətcə çox çəkingən adamam və dünya dağısa da belə şey edə bilmərəm. “Mən sənə deyəcəm neyləmək lazımdır”dostum dedi. “Get Cenevrəyə və ona mənim adımdan bir qutu şokolad al apar. Mənim barəmdə xəbər eşitmək onu sevidirəcək, elə o səbəbdən səni də xoş qarşılayacaq. Bir az ordan-burdan söhbət edərsən. Yox, şayət, qız ürəyinə yatmasa, burda nə var ki, sağollaşıb çıxıb gedərsən. Bundan heç kimə zərər gəlməz. Əgər bəyənsən, onda lap yaxşı, mətləbi ona çatdırarsan və fikrinin ciddi olduğunu bildirərsən.” Tamam ümidsiz bir vəziyyətdə idim. Deyəsən heç ayrı çıxış yolum da qalmamışdı. Elə o dəqiqə mağazaya baş vurduq, yekə bir şokolad qutusu aldıq və elə həmin gecə qatarla Cenevrəyə yola düşdüm. Çatan kimi ona bir məktub yolladım ki, bəs məndə xalası oğlundan ona çatacaq hədiyyə var və onunla görüşərək şəxsən özünə təqdim etmək istərdim. Bir saatın içində ondan cavab gəldi ki, saat 4 üçün məni qəbul etməyə şad olardı. Arada yaranmış vaxt fasiləsini mən güzgünün qarşısında dayanaraq on yeddi dəfə qalstukumu açıb-bağlamaqla keçirdim. Saat 4-ü vuranda mən artıq onların qapısında hazır vəziyyətdə dayanmışdım və məni dərhal qonaq otağına dəvət etdilər. O, məni gözləyirdi. Xalası oğlu mənə onun elə də eybəcər olmadığını demişdi. Təsəvvür edin: qarşımda cavan, enfin hələ də gənc, gözəl bədən quruluşu olan, Yunon ləyaqətli, Venera kimi cazibədar, danışığında Minevra qədər ağıllı bir qadın görəndə necə çaşıb qaldım.
  • Sən lap şitini çıxartdın!, – xanımı dilləndi, – axı, indi buradakı cənablar bilirlər ki, sənin dediklərinə adamın inanmağı gəlmir.
  • And içirəm ki, mübaliğə etmirəm. Başımı elə itirmişdim ki, az qalmışdı əlimdəki şokolad qutusu yerə düşsün. Ancaq öz-özümə dedim: La garde meurt mais ne se rend pas. Şokolad qutusunu ona uzatdım. Xalası oğlu haqda xəbərləri çatdırdım. Xoşrəftar idi. 15 dəqiqə söhbət etdik. Sonra öz-özümə dedim: Allons-y. Və ona üz tutdum: “Mademoiselle, mən deməliyəm ki, təkcə şokolad qutusunu vermək üçün buraya gəlməmişəm”. O gülümsədi və vurğuladı ki, çox güman ki, məni Cenevrəyə gətirib çıxaran daha mühüm bir məsələ var. “Gəldim xahiş edim ki, mənə ərə gəlməklə məni bu şərəfə nail edəsiniz.” Diksindi. “Monsieur, siz dəli olmusunuz!”, dedi. “Yalvarıram sizə, məsələnin nə yerdə olduğunu bilmədən cavab verməyin” deyə onun sözünü kəsdim. Nəsə demək üçün ağzını açmağa macal tapmamış bütün əhvalatı ona ərz elədim. Ona Figaro qəzetinə verdiyim elan haqqıdnda danışdım. O qədər güldü ki, gözündən yaşlar axmağa başladı. Daha sonra təklifimi bir də təkrarladım. “Ciddisiniz?” deyə soruşdu. “Bundan daha ciddi olduğum yadıma gəlmir” dedim.
  • Təklifinizin göydəndüşmə olduğunu inkar edə bilməyəcəm. Ərə getmək haqda da düşünməmişdim, o yaşım da keçib daha; ancaq bununla belə deyim ki, sizin təklifiniz hər hansı bir qadının heç düşünmədən yox deyəcəyi bir şey də deyil. Canıma yağ kimi yayıldı. Düşünmək üçün mənə bir neçə gün möhlət verərsinizmi?, – dedi.
  • Mademoiselle, mənim halım lap acınacaqlıdır, – cavab verdim, – Heç vaxtım yoxdur. Əgər mənə ərə gəlməyəcəksinizsə, onda mən Parisə qayıtmalı və orada məni gözləyən on yeddi-on səkkiz min məktubu yenidən gözdən keçirməliyəm.
  • Axı, gün kimi aydındır ki, mən sizə elə bu dəqiqə cavab verə bilmərəm. 15 dəqiqə bundan qabaq mənim sizdə heç gözüm yox idi. Dostlarımla, ailəmlə məsləhətləşməliyəm.
  • Onların buna nə aidiyyatı var axı? Siz özünüz ağlı başında yetkin insansınız. Məsələni təxirə salmaq olmaz. Gözləyə bilmərəm. Hər şeyi sizə danışdım. Özünüz savadlı qadınsınız. Uzun-uzadı fikirləşmək bir an içərisində verilən qərara nə qədər təsir edə bilər ki?!
  • Hər halda siz məndən hə, yox cavabını elə bu dəqiqə verməyimi istəmirsiniz. Bu, lap ağ olardı.
  • Elə mənim istədiyim də budur da. Iki saatdan sonra mənim qatarım Parisə yola düşür.

O, düşüncəli bir tərzdə mənə baxdı.

  • Siz əməlli-başlı dəlisiniz! Həm öz təhlükəsizliyiniz, həm də başqalarının təhlükəsizliyi üçün sizi dəlixanaya salmaq lazımdır.
  • Yaxşı, bəs cavabınız nə olur? Hə, ya yox?

O, çiyinlərini çəkdi.

  • Mon Dieu, – o, bir dəqiqə dayandı, mənsə sanki iynə üstə oturmuşdum. – Hə!

Qubernator əlini arvadına tərəf yellədi.

  • Budur, indi siz onu görürsünüz. Iki həftənin içində evləndik və mən koloniyanın qubernatoru oldum. Mən doşab almışam, bal çıxıb, hörmətli cənablar, o, qızıl xasiyyətlidir, mində bir rast gəlinən qadındır. Onda kişi intellekti və qadın həssaslığı var. Bir sözlə qibtə olunası qadındır.
  • Yaxşı, dilini saxla, mon ami, – arvadı dilləndi, – məni də özün kimi gülünc vəziyyətə salma.

Qubernator belçikalı polkovnikə sarı döndü.

  • Siz subaysınız, mon colonel? Əgər belədirsə, sizə ciddi-ciddi Cenevrəyə getməyi məsləhət görürəm. Ora ən cazibədar gənc xanımlaırn məskənidir (o, burada une pepiniere sözünü işlətdi). Oradakı kimi zövcə heç yerdə tapmayacaqsınız. Həm də Cenevrə özü cazibədar bir şəhərdir. Bir dəqiqə belə itirmədən dərhal ora gedin. Mən sizə arvadımın bacısı qızı üçün məktub verərəm.

Bu əhvalatı yekunlaşdıran Qubernatorun zövcəsi oldu.

  • Bu faktdır ki, təmənnalı izdivacdan gözləntilərin çox olmur. Elə ona görə də məyus olma şansın da azalır. Bir halda ki, bir-birinizdən umacağınız şeylər yoxdur, onda narazıçılıq üçün də bir səbəb yoxdur. Mükəmməllik axtarmırsan, bir-birinizin qüsurlarına daha səbirlə yanaşırsınız. Ehtiras, şübhəsiz əla bir hissdir, ancaq evlilik üçün özül deyil. Voyez-vouslidirlər, cəmiyyətdə eyni mövqeyə sahib olmalıdırlar, maraqlı üst-üstə düşməlidir. Və əgər onlar ləyaqətli insanlardırsa və həm özü üç

Banqkoku dörd və ya beş yüz ton ağırlığı olan balaca, sökülüb-tökülən bir gəmidə tərk etdim. Yemək otağı kimi də istifadə olunan natəmiz salonda hər iki tərəfində fırlanan stullar qoyulmuş iki ensiz stol vardı. Kayutalar gəminin aşağısında yerləşirdi və olduqca çirkli idilər. Döşəmədə tarakanlar gəzirdilər və nə qədər soyuqqanlı olsanız da hamama əllərinizi yumaq üçün getdiyiniz zaman iri bir tarakanın arın-arxayın bir halda yeriyərək oradan çıxdığını görərkən diksinməmək mümkün deyil.

            Çayı rahatca, tənbəlcəsinə və gülümsünərək üzüaşağı düşdük. Onun yaşıl sahilləri suyun düz ağzında yerləşmiş xırda komalarla dolu idi. Hasarı ötüb keçdik; qarşımda açıq, mavi və sakit dəniz uzanırdı. Onun görünüşü də, ondan yayılan rayihə də qəlbimi riqqətə gətirdi.

            Gəmiyə səhər tezdən minmişdim və çox keçməmiş özüm üçün yəqin etdim ki, mən hələ indiyə qədər ömrümdə rast gəlmədiyim ən qəribə adamların arasına düşmüşəm. Onların arasında iki fransız ticarətçisi, bir belçikalı polkovnik, italyan tenor[1], arvadı ilə bərabər olan Amerikan sirk sahibi və arvadı ilə olan istefaya çıxmış fransız zabiti vardı. Sirk sahibi, necə deyərlər, qaynayıb-qarışan bir tip idi, qarşısındakının əhval-ruhiyyəsinə uyğun özünü aparırdı, ancaq mən həqiqətən öz halımdan məmnun idim. Heç bir saat deyildi ki, gəmidə idik, amma artıq bir neçə qədəh vurmuşduq, o, mənə öz heyvanlarını göstərmişdi. O, bəstəboy kök bir kişi idi və əynindəki ağ rəngdə olsa da çirk içində itib-batmış gödəkcəsi qarnının ölçüsünə tam uyğun biçilmişdi, ancaq yaxalığı o qədər dar idi ki, boğulmadığına mat qalırdın. Qırmızı, təmiz qırxılmış üzü, şən mavi gözləri və qısa vurulmuş pırtlaşıq kürən saçları vardı. Köhnəlmiş şlemi boynunun arxasından sallanırdı. Adı Uilkensdi, Oregon ştatının Portland şəhərindən idi. Sən demə Şərq ölkələrinin əhalisinin sirkə xüsusi maraqları varmış və cənab Uilkins də iyirmi il idi ki, elə hey bütün Şərq ölkələrini – Port-Səiddən tutmuş Yokahomaya qədər (Aden, Bombey, Madras, Kəlküttə, Ranqun, Sinqapur, Penanq, Banqkok, Sayqon, Hue, Hanoy, Honq-Konq, Şanxay – bütün bu adlar ləzzətlə adamın dilinə yayılaraq günəş şəfəqləri, qəribə səslər və rəngarəng hərəkətlərin təsəvvürünü canlandırır) öz heyvanları və yelləncəkləri ilə bərabər gəzib dolaşırdı. Onun sürdüyü bu həyat adi həyat deyildi, fikirləşirsən ki, bü cür həyat tərzində bir çox maraqlı və əsrarəngiz məqamlar var, ancaq onun qeyri-adiliyi elə özünün ideal dərəcədə adi insan olmasında idi və əgər o, qaraj sahibi, ya da Kaliforniyanın hər hansı bir ucqar şəhərində üçüncü dərəcəli bir mehmanxana sahibi olsa təəccüblənməzdin. Fakt isə budur ki, mən özüm həyatda belə şeylərlə tez-tez rastlaşmışam və hər dəfə də məəttəl qalmışam: necə olur ki, qeyri-adi həyat sürən insanlar özləri özlüyündə heç də qeyri-adi olmurlar, ancaq əksinə hətta əgər adi bir kənd keşişi olsalar belə bu insanlar öz həyatlarını qeyri-adi bir yöndə qura bilirlər.Təəssüf ki, indi burada Torres Körfəzində bir adada ömür sürən və ziyarətinə getdiyim bir tərki-dünya bənsədinin hekayətini danışmaq elə də yerinə düşmür. Bu adam qəzaya uğramış bir gəmidən xilas olmuş matros idi və otuz il idi ki, təkbaşına yaşayırdı. Ancaq kitab yazanda seçdiyin mövzunun dörd divarı arasında pərçimlənib qalırsan, hərçənd fikrim bir az dağıldığından mən bu barədə xatırladımsa yenə də axırda hansısa bir hissəni kəsib-doğramağa məcbur olacam. Hər halda uzun sözün qısası budur ki, otuz il ərzində təbiətlə uzun və sıx təmasına və öz şəxsi düşüncələrinə rəğmən bu adam elə əvvəl necə cansıxıcı,  duyğusuz və yontalanmamış idisə, elə o cür də qalmışdı.

Italyan müğənni gəlib böyrümüzdən keçdi, cənab Uilkins mənə onun Neapoldan olduğunu və Banqkokda yoluxduğu malyariya ucbatından ayrı düşməyə məcbur qalmış truppasına qoşulmaq üçün Honq-Konqa getdiyini söylədi. Həmin italyan yekəpər kök bir kişi idi, özünü stula salıb oturanda altındakı stul bərkdən cırıldadı. O, şlemini çıxartdı və toppuş və üzüklərlə bəzədilmiş barmaqlarını uzun, qıvrım, yağlı saçlarında gəzdirdi.

  • Elə də söhbətcil deyil, – cənab Uilkins dedi, – mən ona siqar verdim, onu götürdü, ancaq mənimlə bir qədəh vurmadı. Heç təəccüblənmərəm desələr ki, bunun altında nəsə qeyri-adi bir şey var. Heç xoşagələn tip deyil.

Göyərtədə meymunun əlindən tutmuş ağ paltarlı bir qadın göründü. Meymun onun böyründə təşəxxüslə yeriyirdi.

  • Bu, xanım Uilkinsdir, arvadımdır, yanındakı da kiçik oğlumuzdur. Stulu altına çək, xanım Uilkins. Bu centlmenlə tanış ol. Adını bilmirəm, ancaq artıq ikinci qədəhdir ki, mənə alıb, əgər bundan artığını edə bilmirsə, onda sənin üçün də bir qədəh içki alacaq.

Xanım Uilkins ciddi bir görkəmlə gözlərini mavi dənizdən ayırmayaraq limonad içməyə heç də etiraz etmədiyini bildirdi.

  • Off, nə yaman istidir, – deyə o, başından çıxartdığı şlemlə özünü yelləyərək dodaqaltı mızıldandı.
  • Xanım Uilkinsin istiyə heç dözümü yoxdur, – əri dedi, – iyirmi ildir ki, belədir.
  • Iyirmi iki il yarım, – xanım Uilkins gözlərini dənizdən ayırmayaraq düzəliş verdi.
  • Hələ də alışa bilmir.
  • Heç vaxt da alışa bilməyəcəm, sən də bunu bilirsən, – xanım Uilkins dedi.

Qadın əri ilə eyni boyda idi, onun kimi kök idi, qırmızı yumru sifəti və elə ərininki kimi kürən pırtlaşıq saçları vardı. Maraqlı idi, görəsən belə oxşar olduqları üçünmü evlənmişdilər, yoxsa uzun illər birlikdə olduqlarından belə zahiri oxşarlıq yaranmışdı. O, başını belə döndərmədən dalqın-dalqın elə hey dənizə baxırdı.

  • Heyvanları ona göstərmisən? – xanım Uilkins sual verdi.
  • Yüz faiz, əlbəttə.
  • Persi haqqında nə dedi?
  • Çox xoşuna gəldi.

Bu söhbətin müəyyən hissəsinin mənə qismən aidiyyatı olsa da hiss edirdim ki, onlar yersiz bir şəkildə məni bundan kənar tutrlar, elə ona görə də müdaxilə etdim:

  • Persi kimdir?
  • Persi bizim böyük oğlumuzdur. Elmer, bir bax, uçan balıq! Oranqutandır. Bu səhər yeməyini normal yeyib?
  • Hə, əla. O, bizdə olan ən iri meymundur. Min dollar versələr də onu satmaram.
  • Bəs fil necə? O, nəyiniz düşür?, – mən soruşdum.

Xanım Uilkins mənə baxmadı, lakin mavi gözləri ilə hələ də eyni dalğınlıqla dənizə baxırdı.

  • Heç nəyimiz düşmür, – qadın dedi. – Sadəcə dostdur.

Ofisant oğlan xanım Uilkins üçün limonad, ərinə viski və soda, mənə isə cin və tonik gətirdi. Biz zər atdıq və hesabı mən ödədim.

  •  Əgər hər dəfə zər atanda əli gətirməsə, onda bu lap var-yoxdan çıxar ki!, – xanım Uilkins sahil xəttinə baxaraq dodaqaltı mızıldadı.
  • Deyəsən Eqbert limonaddan bir qurtum istəyir, əzizim, – cənab Uilkins bildirdi.

Xanım Uilkins yüngülcə başını çevirib dizinin üstündə oturan meymuna baxdı.

  • Ananın limonadından istəyirsən, Eqbert?

Meymun ciyildədi, qadın da qolunu onun belinə dolayaraq çubuğu ona uzatdı. Meymun bir az limonaddan sümürdü və doyandan sonra təzədən xanım Uilkinsin iri döşlərinə sığındı.

  • Xanım Uilkins Eqbert üçün əldən-ayaqdan gedir, – əri dedi, – burada elə də təəccüblü bir şey yoxdur, o, axı onun sonbeşiyidir.

Xanım Uilkins özünə başqa bir çubuq götürərək düşüncəli bir halda limondaını içdi.

  • Eqbert üçün narahatlığa dəyməz,- o, qeyd etdi, – onunla bağlı heç bir problem yoxdur.

 O anda bayaqdan bəri oturmuş olan fransız zabit yerindən qalxdı və var-gəl etməyə başladı. Gəmiyə qədər onu Banqkokdakı fransız naziri, bir-iki nəfər katib və kral ailəsindən olna bir şahzadə müşayiət etmişdi. Bir xeyli təzim etmişdilər, əl sıxmışdılar və gəmi dəniz qırağından uzaqlaşarkən uzun müddət şlyapa və yaylıq yelləmişdilər. Görünür hər kim idisə, hər halda çox əhəmiyyətli bir şəxs idi. Hətta kapitanın ona Monsieur le Gouverneur[2] deyə müraciət etdiyini eşitmişdim.

  • Gəmimizdə bu, ən mühüm şəxsdir, – cənab Uilkins dedi. – Fransız müstəmləkələrindən birinin qubernatoru olub. Indi də dünya səyahətinə çıxıb. Banqkokda olanda mənim sirkimə də baxmağa gəlmişdi. Indi gedib ondan soruşacam görüm nə içmək istərdi. Əzizim, səncə necə müraciət edim ona?

Xanım Uilkins asta-asta başını döndərərək o baş-bu başa var-gəl edən fransıza baxdı; onun yaxasında Fəxri Legion ordeninin rozetkası vardı.

  • Əşi heç cür, – qadın cavab verdi. – Sən ona çənbəri göstər, özü hoppanacaq.

Gülməkdən özümü güclə saxladım. Monsieur le Gouverneur balacaboy – hətta bəstəboydan da balaca idi – xırda eybəcər sifəti və iri, demək olar ki, zənci cizgilərinə oxşarlığı olan bir tip idi. Gur çal saçları, aralarında ağarmış tükləri olan sıx qaşları və çallaşmış bığları vardı. Onda elə bil ki, nəsə pudelə[3] bir oxşarlıq vardı, elə pudellərdə olduğu kimi mehriban, ağıllı, işıldayan gözlərə sahibdi. Bir də yanımızdan keçəndə cənab Uilkins onu səslədi:

  • Monsoo. Qu’est ce que vous prenez?[4]– Ləhcəsindəki o qeyri-adiliyi burada mən sözlə ifadə edə bilməyəcəm. – Une petite verre de porto.

Sonra üzünü mənə döndərib əlavə etdi:

  • Xaricilər – hamısı – porto[5] içirlər. Əmin ola bilərsən.
  • Bircə hollandlardan başqa, – xanım Uilkins dənizə baxaraq dedi. – Onlar Schnapps[6]-dən savayı heç nəyi dillərinə vurmazlar.

Hörmətli fransız ayaq saxlayıb çaşqınlıqla cənab Uilkensə baxdı. Elə bunun ardınca da cənab Uilkins əlini sinəsinə döyərək əlavə etdi:

  • Moa, Proprietarre Cirque. Vous avez visite.[7]

Sonra hansısa səbədənsə cənab Uilkens qollarını çənbər kimi yumruladı, sanki pudelə onun içərisindən atılması üçün işarə edirdi. Dalınca isə hələ də arvadının dizləri üstündə oturmuş meymuna işarə etdi.

  • La petit fils de mon femme[8], – cümləsini dedi.

Qubernatorun eyni açıldı və o, bərkdən gülməyə başladı; onun qəhqəhəsi musiqi kimi ətrafa yayılır və digərlərinə də sirayət edirdi. Cənab Uilkens də gülməyə başladı.

  • Oui, oui[9],– o hündürdən dedi, – Moa, sirk sahibi! Une petite verre de porto. Oui. Oui. N’est ce pas?[10]
  • Cənab Uilkens fransızcanı əsl fransızlar kimi danışır, – xanım Uilkens dənizə baxaraq dilləndi.
  • Mais tres volontiers,[11] – Qubernator hələ də üzündə təbəssüm dedi.

Mən onun altına stul çəkdim, o da öz növbəsində xanım Uilkensə nəzakətli bir şəkildə təzim etdi.

  • Bu pudel-sifətliyə de ki, oğlumuzun adı Eqbertdir, – qadın gözünü dənizdən çəkməyərək bildirdi.

Mən ofisant oğlanı çağırıb hamımız üçün içki sifariş verdim.

  • Elmer, hesabı sən ödə, – xanım Uilkens dedi, – yaxşı düşmür bu adını bilmədiyim cənab qoşa üçdən başqa ata bilmirsə.
  • Vous comprenez le français, madame?[12], – Qubernator nəzakətlə soruşdu.
  • Əzizim, soruşur ki, sən fransızca bilirsən, ya yox?
  • Bilməmişdik! Bəlkə o, elə bilir ki, mən Neapolda-zadda doğulmuşam.

Daha sonra Qubernator əməlli-başlı əl-qol hərəkətləri edərək ingilis dilində danışmağa girişdi və mən də öz növbəmdə onun nə dediyini anlamaq üçün bütün fransız dili bacarığımı ortaya qoymalı oldum.

Elə onda da cənab Uilkins heyvanlarını qubernatora göstərmək üçün onu aşağı apardı. Bir az sonra hamımız nahar yeməyi üçün içərisi boğanaq olan yemək salonunda toplaşdıq. Qubernatorun arvadı da gəldi və kapitanın sağ tərəfində əyləşdirildi. Qubernator bizi bir-bir arvadı ilə tanış etdi. Qadın bizə hörmət əlaməti olaraq baş əydi. Iri cüssəli, ucaboy, sağlam bədənli bu qadının yəqin ki, təxminən 50-55 yaşı olardı. Əynində ciddi formalı qapa ipəkdən don vardı. Başına iri dairəvi şlyapa qoymuşdu. Cizgiləri aydın və qaydasında, bədəni gözoxşayan formada idi və prosessiyalarda iştirak edən əzəmətli qadınları xatırladırdı. Kolumbiya, yaxud da Britaniyada keçirilən vətənpərvər ruhlu nümayişlərə yaxşı yaraşardı. Sısqa, xırda ərinin yanında onlar sanki yanaşı dayanmış göydələnlə komanı xatırladırdılar. Əri də elə hey dil-boğaza qoymadan həvəslə danışır, nəsə məzəli bir şey deyəndə də arvadının dolğun üz cizgiləri yayılaraq sifətində çox xoş bir təbəssüm əmələ gətirirdi.

  • Que tu es bete, mon am[13]i, – qadın dedi. Sonra kapitana tərəf dönərək, – Siz ona heç əhəmiyyət verməyin. O, həmişə belədir, – deyə əlavə etdi.

Həqiqətən də yemək saatimiz çox əyləncəli keçdi və nahardan sonra günün istisini yatmaqla özlərindən uzaqlaşdırmaq məqsədilə hərə çəkilib öz kayutasına getdi. Bu, elə kiçik bir gəmi idi ki, burada tanış olduğum adamlarla kayutada qalmağı istisna etməklə hətta istəsəydim belə yenə rastlaşmaya bilməzdim. Bu adamlara qoşulmayan yeganə insan həmin o italyan tenor idi. O, heç kəslə kəlmə kəsməz, sadəcə mümkün qədər qıraqda əyləşərək öz gitarasını elə bəmdə dınqıldadırdı ki, notları eşitmək üçün qulaqlarını əməllicə şəkləmək lazım gəlirdi. Hələ də uzaqdan quru görününrdü, dənizsə badya dolu südü xatırladırdı. Ordan-burdan söhbət edə-edə günü yola verdik, naharımızı etdik, sonra isə yenə də göyərtədə ulduzların altında əyləşdik. O iki nəfər ticarətçi boğanaq salonda oturub piket[14] oynayırdı, ancaq Belçikalı polkovnik gəlib bizim kiçik dəstəmizə qoşuldu. O, utancaq və şişman bir adamdı. Ağzından dürr tükülürdü. Az keçmiş, çox güman ki, gecənin təsiri altında və zülmətdən daha da cəsarətlənən italyan tenor dənizlə yalqızlığından vəcdə gəlmiş halda öz gitarasının müşayiətilə əvvəlcə bəmdə, sonra isə musiqinin ovsununa düşərək daha bərkdən oxumağa başladı. Bu adamda həqiqi İtalyan boğazı vardı, ancaq makaron, zeytun yağı və gün işığının təsiri bütünlükdə bu səsə çökmüşdü. O, gəncliyimdə Piazzo San Ferdinandoda eşitdiyim neapolitan mahnıları, La Bohemedən[15], Traviatadan[16]Rigolettodan[17] bəzi hissələr oxudu. O, həyəcanla və yalançı titrəyişlə ifa edirdi və onun səsindəki titrəyişlər adama ortabab itlyan tenorunu xatırladırdı, ancaq həmin o xoş gecənin aydınlığında onun vurduğu bu boğazlar adamın üzündə incə təbəssüm oyadır, qəlbinə xoş bir məmnunluq hissi yayılır. O, təxminən bir saata qədər beləcə oxudu, biz hamımız ona qulaq kəsilmişdik. Sonra sakitləşdi, ancaq yerindən tərpənmədi; biz onun iri cüssəsini aydın səmanın fonunda görürdük.

Bir də gördüm ki, balacaboy fransız Qubernator iricüssəli arvadının əlindən tutub. Bu mənzərə gülməli gəlsə də eyni zamanda təsirli idi.

  • Bilirsinizmi ki, bu gün arvadımla tanışlığımızın ildönümüdür?, – deyə o dilləndi. Deyəsən sükut onu yamanca sıxmışdı, çünki mən hələ ömrümdə ondan gəvəzəsini görməmişdim. – Eyni zamanda bu, onun mənə hə cavabı verdiyi günün də ildönümüdür. Sizə təəccüblü gələcək, ancaq bu iki hadisə eyni gündə baş vermişdi.
  • Voyons, mon ami[18], xanımı dedi, – sən yəqin ki, dostlarımızın canını bu köhnə əhvalatla sıxmaq istəmirsən. Sən həqiqətən də dözülməz adamsan.

Lakin onun iri, ciddi sifətində bir təbəssüm vardı və səsinin tonundan hiss olunurdu ki, bu sözləri bir daha eşitmək onu sevindirərdi.

  • Axı bu, onları maraqlandıracaq, mon petit chou[19]. – Bu, onun arvadına müraciət forması idi və belə sısqa bir ərin iri cüssəli arvadını bu cür çağırması məzəli bir şey idi. – Elə deyilmi, monsieur?[20], – o, mənə tərəf döndü, – bu romantikadır. Belə bir gecədə romantika kimin xoşuna gəlməz ki?!

Qubernatoru inandırdım ki, məmnuniyyətlə onu dinləməyə hazırıq, Belçikalı polkovnik də bir daha fürsətdən istifadə edib nəzakət nümayiş etdirdi.

  • Bilirsiniz, bizim evliliyimiz sırf təmənnalı bir izdivacdır.
  • C’est vrai[21], xanımı təsdiq etdi, – Bunu inkar etmək səheflik olardı. Ancaq bəzən olur ki, sevgi evləndikdən sonra yaranır, əvvəl yox və elə belə olmağı daha yaxşıdır. Onda sevginin ömrü də uzun olur.

Bunları deyərkən Qubernatorun ehmalca arvadının əlini sıxdığı mənim nəzərimdən qaçmadı.

  • Bilirisiniz, mən dənizdə xidmət eləmişəm və istefaya çıxanda 49-u haqlamışdım. Güclü idim və enerji ilə dolu idim. Özümə bir məşğuliyyət tapmaq üçün əlləşirdim. Hər yerə baxdım, əlim yetən bütün imkanlardan istifadə etdim. Bəxtimdən bir dayıoğlum vardı; siyasi arenada müəyyən nüfuz sahibi idi. Elə demokratik hökumətin üstünlüklərindən biri budur ki, əgər kifayət qədər təsir dairəsinə və məziyyətlərə sahibsənsə, öz layiqli qiymətini alacaqsan. Əks təqdirdə diqqətdən kənarda qalacaqsan.
  • Sən çox təvazökarsan, mon pauvre am[22]i, – arvadı dedi.
  • Elə bir az keçmiş nazir özü məni müstəmləkə ölkələrinə göndərdi və oradakı ölkələrdən birində qubernator vəzifəsini təklif etdi. Məni göndərmək istədikləri yer ucqar və tək-tənha bir məkan idi, intəhası mən bütün ömrümü bu portdan o porta səyahət edə-edə keçirmişdim deyə belə bir vəziyyətin alınmağı məni heç də məyus etmədi. Təklifi sevinclə qəbul etdim. Nazir mənə yola düşmək üçün bir ay vaxt verdi. Mən də ona dedim ki, vur-tut bir neçə paltarı və 3-4 dənə kitabı olan yaşı ötmüş bir subay kişi üçün səfərə hazırlaşmaq elə də çox vaxt tələb etməyəcək.
  • Comment, mon liutenant[23], – o az qala çığırdı, – Siz subaysınız?
  • Əlbəttə, – cavab verdim, – Elə belə də qalmaq fikrindəyəm.
  • Belə olan halda mən deyəsən təklifimi geri götürməli olacam. Bu vəzifə üçün mütləq ailəli olmalısınız.
  • Danışılası uzun məsələdir, ancaq mahiyyəti bundan ibarətdir ki, bu vəzifədə məndən əvvəl olan subay imiş və rezidensiyasında da müxtəlif yerli qızlarla birlikdə yaşayırmış. Ağ adamların, zəmindarların, yüksək rütbəli şəxslərin xanımlarının aramsız şikayətlərindən sonra qərara alınıb ki, nğvbəti qubernator əxlaqı yerində mötəbər bir şəxs olmalıdır. Mən onu fikrindən daşındırmağa çalışdım. Mübahisə etdim. Ölkə qarşısındakı xidmətlərimi sadaladım, dayıoğlumun növbəti seçkilərdə nə kimi kömək edə biləcəyini vurğuladım. Xeyri olmadı. Sınan qoz deyilmiş. “Bəs çıxış yolum nədir?” deyə mən bir az hürkü içində soruşdum. “Evlənə bilərsən” nazir bildirdi. “Mais voyons, monsieur le ministre[24]. Mən heç bir qadın tanımıram. Qadınlarla elə də aram yoxdur. Yaşım da 49-u haqlayıb. Necə məndən bu şəkildə qadın tapmağımı gözləyə bilərsiniz?”. O da mənə “Bundan asan nə var ki?! Qəzetdə elan ver” dedi. Gözüm kəlləmə çıxdı; nə deyəcəyimi bilmədim. Nazir “Yaxşı, məsələ bitmiş hesab olunur. Əgər bir aya özünə arvad tapa bilsən, bu vəzifəyə gedə bilərsən. Ancaq arvad yoxdursa, onda iş də yoxdur. Vəssalam.” Üzümə gülümsədi, bu məsələ ona məzəli görünürdü. “Hə, reklam üçün hansı qəzeti fikirləşirsənsə, mən Fiqaro-nu məsləhət görürəm” deyə əlavə də etdi. Ürəyimdən daş asılmış kimi nazirin kabinetindən çıxdım. Onların məni təyin etmək istədikləri yeri tanıyırdım və bilirdim ki, mənim üçün yaşamağa münasibdir. Iqlimi pis deyildi. Rezidensiya da geniş və rahatdı. Qubernator olmaq arzusu xoşuma gəlirdi. Mənim hərbi-dəniz zabiti kimi təqaüdümü nəzərə almasaq elə də bir imkanım yox idi və bu işdə maaş yüksək olmasa da mənə bir köməyi olacaqdı. Qəfil bir qərar verdim. Fiqaro-nun redaksiyasına üz tutdum, bir elan mətni düzəltdim və qəzetdə yerləşdirilməsi üçün təqdim etdim. Ancaq sizə deyim ki, sonra Elisey düzənliyində gəzdiyim zaman ürəyim elə şiddətlə döyünürdü ki, heç gəmi qarət olunanda belə çırpınmamışdı.

Qubernator irəli əyilərək əlini mənalı bir tərzdə dizimin üstünə qoydu.

  • Mon cher mounsieur[25], inanmayacaqsınız, ancaq dörd min üç yüz yetmiş iki cavab gəldi mənə. Bu, bir təlatümlü selə bənzəyirdi. Məktubları hotelə daşımaq üçün taksi tutmalı oldum. Otağım başdan-başa məktublarla zəbt olunmuşdu. Mənimlə tənhalığımı paylaşmaq və qubernator arvadı olmaq istəyən dörd min üç yüz yetmiş iki qadın vardı! Başım gicəlləndi! Yeddidən yetmişə hər yaşda qadın vardı. Aralarında əsil-nəcabətli kökdən olan və yüksək mədəniyyətli qız uşaqları, həyatlarının hansısa bir dövründə ayaqları büdrəmiş, indi isə vəziyyətlərini düzəltmək istəyən subay xanımlar, ən ürəksızladıcı şəraitlərdə dünyasını dəyişmiş kişilərin dul arvadları vardı. Uşaqlı dul xaımlar da vardı ki, ahıl vaxtımda mənə həyan ola bilərdilər. Sarışından əsmərə, ucaboydan bəstəsoya, kökündən arığa qədər hər cürəsi vardı. Elələri vardı ki, 5 dildə mükəmməl danışırdı. Piano çalanlar da vardı. Eləsi vardı mənə öz sevgilərini təklif edirdilər, elələri də vardı ki, məndən bunu gözləyirdilər. Bir qismi isə mənə hörmətə bağlı dostluq iddiasında idi. Bəziləri kifayət qədər varlı xanımlardı. Digərlərinin isə parlaq gələcək planları vardı. Lap başımı itirmişdim. Beynimdə hər şey bir-birinə qarışmışdı. Axır səbir kasam doldu. Onu da deyim ki, mən çılğın insanam. Və ayağa durub bütün məktubları və şəkilləri döşəmənin üstünə ataraq tapdalamağa başladım. Var-gücümlə bağırdım: mən bunların heç birinə evlənməyəcəm. Tamam ümidsiz bir vəziyyətdə idim, mənə verilən möhlətin müddəti də azalmışdı, bu dörd min qadınla necə görüşüb münasibini seçəcəkdim. Əgər hamısı ilə də görüşə bilməsəm, bilirdim ki, ömrümün qalan hissəsini əzab çəkərək yaşayacam ki, bəlkə də məni həqiqətən xoşbərxt edə bilən yarımı o görüşə bilmədiklərimin içində əldən buraxdım. Nə isə, bu işin qulpunu buraxdım.

Bütün bu şəkillərdən, hər tərəfə səpələnmiş məktublardan iyrənmiş halda otağımdan çıxdım. Qüssəmi dağıtmaq üçün bulvara gedib Cafe de la Paix[26]-də oturdum. Elə bir az keçmişdi ki, bir də gördüm dostlarımdan biri yolla keçir. O, mənə başı ilə salam verib üzümə gülümsədi. Mən də gülümsəməyə çalışsam da ürəyimdən qara qanlar axırdı. Anladım ki, ömrümün qalan hissəsini officer de marine en retraite[27]  kimi Toulon[28], ya da Brestdə[29] qəpik-quruş olan təqaüdümlə başa burmalı olacam. Zut![30] Dostum ayaq saxladı və gəlib yanımda əyləşdi.

  • Nə olub, dənizdə gəmilərin batıb, mon cher? – o, məndən soruşdu, – Özü də kim-kim, sənin kimi şən bir adam! Bu nə sifətdir?!

Onun gəlişi lap yerinə düşdü; onsuz da ürəyimi boşaldası adam axtarırdım. Bütün başıma gələnləri ona danışdım. Uğunub getdi. O vaxtdan bəri çox fikirləşmişəm ki, bəlkə də bu hadisənin özündə nəsə məzəli bir şey var, ancaq sizi inandırım ki, o vaxt burada gülməli heç nə görmürdüm. Bunu sərt bir şəkildə dostuma bildirdim, onda o, özünü ələ alıb soruşdu:

  • Ancaq, dostum, sən həqiqətənmi evlənmək fikrindəsən?

Bax elə burada mən tamamilə özümdən çıxdım.

  • Sən əməlli-başlı ipləməsən!, – dedim, – Əgər mən evlənmək istəməsəydim, üstəlik də lap tez – iki həftənin içində, səncə mən heç vaxt ömrümdə görmədiyim qadınlardan gələn məktubları oxuyardımmı?
  • Sakitləş və mənə qulaq as, – o, cavab verdi, – Cenevrədə yaşayan bir xalaqızım var. Qız isveçrəlidir və respublikada böyük nüfuz sahibi olan bir ailənin qızıdır. Əxlaqına söz ola bilməz, yaşı münasibdir, qarıyıb evdə qalıb, çünki on beş il idi ki, şikəst anasına baxırdı, o da bu yaxınlarda vəfat etdi. Bu qız savadlıdır və pardessus le marche[31] çirkin də deyil.
  • Daha denən doşab alırsan bal çıxır ki!
  • Elə demirəm, ancaq o, yaxşı tərbiyə görmüş qızdır və sənin də mövqeyinə çox uyğun gələcək.
  • Bir şeyi unudursan. Axı onun nə marağı ola bilər ki, işini-gücünü, dostlarını, adət eləmiş olduğu həyatı atıb mənim kimi 49 yaşlı adama oxşamayan birinin dalınca düşüb avara-sərgərdan olsun.

Monsieur le Gouverneur[32] danışığına ara verərək elə canfəşanlıqla çiyinlərini atdı ki, başı onların arasında batıb qaldı. Bizə tərəf döndü.

  • Çirkinəm mən. Qəbul edirəm. Intəhası mənim eybəcərliyim insanlarda vəhşət və yaxud hörmət doğuran eybəcərlik deyil, əksinə, mənim kifirliyim gülüş yaradır. Və elə bu da eybəcərliklərin ən pisidir. Məni ilk dəfə görəndə adamlar qorxularından büzüşmürlər, yox, əksinə, şükür Allaha, gülməkdən uğunub gedirlər. Qulas asın görün nə deyirəm. Bax elə bu gün səhər hörmətli cənab Uilkins öz heyvanlarını mənə göstərəndə onun Persi adlı oranqutanı qollarını irəli uzatdı və əgər oturduğu qəfəsin dəmir barmaqlıqları olmasaydı məni nə vaxtsa itkin düşmüş qardaşını tapmışcasına bağrına basacaqdı. Hətta bir dəfə Parisdə Jardin des Plantes[33]də olanda mənə dedilər ki, bəs insanabənzər meymunlardan biri zooparkdan qaçıb. Mən də asta qaçan namərddir, üz tutdum çıxışa. Canımı qorxu almışdı ki, birdən heç cür onları inandıra bilmərəm və məni onunla səhv salıb götürüb oranqutanın qəfəsinə salarlar.
  • Voyons, mon ami[34], – arvadı astadan yavaş səslə dilləndi, – sən bu gün lap ağını çıxartdın. Mən demirəm ki, sən yunan allahları kimi yaraşıqlısan, heç düzünə qalsa sənin vəziyyətində bu, tamamilə lazımsız bir şeydir, amma sənin ləyaqətin var, taraz bir insansan, qadınlarla davranışında öz yerini bilənsən.
  • Əhvalatın arxasını deyim. Dostuma belə deyəndə o, cavab verdi. “Qadınıarın harada necə nə edəcəyini demək çətindir. Ancaq evlənmək məsələsinin özündə nəsə var ki, həmişə onları bu, özünə çəkir. Onun özündən soruşsan xəncərinin qaşı tökülməz ki. Ən azından qadına evlilik təklifi etmək ona kompliment demək kimi qəbul olunur. Uzaqbaşı yox deyəcək də.” Mən də qayıtdım ki, axı mən sənin xalanqızını heç tanımıram. Heç bilmirəm də necə gedib onunla tanış olaram. Evinə gedib qonaq otağına dəvət olunandan sonra deyə bilmərəm ki, “Voila[35], gəlmişəm sizə evlənmək təklif edim.” Fikirləşər ki, gicin biriyəm və qorxusundan bağırar. Həm də, mən xasiyyətcə çox çəkingən adamam və dünya dağısa da belə şey edə bilmərəm. “Mən sənə deyəcəm neyləmək lazımdır”dostum dedi. “Get Cenevrəyə və ona mənim adımdan bir qutu şokolad al apar. Mənim barəmdə xəbər eşitmək onu sevidirəcək, elə o səbəbdən səni də xoş qarşılayacaq. Bir az ordan-burdan söhbət edərsən. Yox, şayət, qız ürəyinə yatmasa, burda nə var ki, sağollaşıb çıxıb gedərsən. Bundan heç kimə zərər gəlməz. Əgər bəyənsən, onda lap yaxşı, mətləbi ona çatdırarsan və fikrinin ciddi olduğunu bildirərsən.” Tamam ümidsiz bir vəziyyətdə idim. Deyəsən heç ayrı çıxış yolum da qalmamışdı. Elə o dəqiqə mağazaya baş vurduq, yekə bir şokolad qutusu aldıq və elə həmin gecə qatarla Cenevrəyə yola düşdüm. Çatan kimi ona bir məktub yolladım ki, bəs məndə xalası oğlundan ona çatacaq hədiyyə var və onunla görüşərək şəxsən özünə təqdim etmək istərdim. Bir saatın içində ondan cavab gəldi ki, saat 4 üçün məni qəbul etməyə şad olardı. Arada yaranmış vaxt fasiləsini mən güzgünün qarşısında dayanaraq on yeddi dəfə qalstukumu açıb-bağlamaqla keçirdim. Saat 4-ü vuranda mən artıq onların qapısında hazır vəziyyətdə dayanmışdım və məni dərhal qonaq otağına dəvət etdilər. O, məni gözləyirdi. Xalası oğlu mənə onun elə də eybəcər olmadığını demişdi. Təsəvvür edin: qarşımda cavan, enfin[36] hələ də gənc, gözəl bədən quruluşu olan, Yunon[37] ləyaqətli, Venera[38] kimi cazibədar, danışığında Minevra[39] qədər ağıllı bir qadın görəndə necə çaşıb qaldım.
  • Sən lap şitini çıxartdın!, – xanımı dilləndi, – axı, indi buradakı cənablar bilirlər ki, sənin dediklərinə adamın inanmağı gəlmir.
  • And içirəm ki, mübaliğə etmirəm. Başımı elə itirmişdim ki, az qalmışdı əlimdəki şokolad qutusu yerə düşsün. Ancaq öz-özümə dedim: La garde meurt mais ne se rend pas[40]. Şokolad qutusunu ona uzatdım. Xalası oğlu haqda xəbərləri çatdırdım. Xoşrəftar idi. 15 dəqiqə söhbət etdik. Sonra öz-özümə dedim: Allons-y[41]. Və ona üz tutdum: “Mademoiselle[42], mən deməliyəm ki, təkcə şokolad qutusunu vermək üçün buraya gəlməmişəm”. O gülümsədi və vurğuladı ki, çox güman ki, məni Cenevrəyə gətirib çıxaran daha mühüm bir məsələ var. “Gəldim xahiş edim ki, mənə ərə gəlməklə məni bu şərəfə nail edəsiniz.” Diksindi. “Monsieur, siz dəli olmusunuz!”, dedi. “Yalvarıram sizə, məsələnin nə yerdə olduğunu bilmədən cavab verməyin” deyə onun sözünü kəsdim. Nəsə demək üçün ağzını açmağa macal tapmamış bütün əhvalatı ona ərz elədim. Ona Figaro qəzetinə verdiyim elan haqqıdnda danışdım. O qədər güldü ki, gözündən yaşlar axmağa başladı. Daha sonra təklifimi bir də təkrarladım. “Ciddisiniz?” deyə soruşdu. “Bundan daha ciddi olduğum yadıma gəlmir” dedim.
  • Təklifinizin göydəndüşmə olduğunu inkar edə bilməyəcəm. Ərə getmək haqda da düşünməmişdim, o yaşım da keçib daha; ancaq bununla belə deyim ki, sizin təklifiniz hər hansı bir qadının heç düşünmədən yox deyəcəyi bir şey də deyil. Canıma yağ kimi yayıldı. Düşünmək üçün mənə bir neçə gün möhlət verərsinizmi?, – dedi.
  • Mademoiselle, mənim halım lap acınacaqlıdır, – cavab verdim, – Heç vaxtım yoxdur. Əgər mənə ərə gəlməyəcəksinizsə, onda mən Parisə qayıtmalı və orada məni gözləyən on yeddi-on səkkiz min məktubu yenidən gözdən keçirməliyəm.
  • Axı, gün kimi aydındır ki, mən sizə elə bu dəqiqə cavab verə bilmərəm. 15 dəqiqə bundan qabaq mənim sizdə heç gözüm yox idi. Dostlarımla, ailəmlə məsləhətləşməliyəm.
  • Onların buna nə aidiyyatı var axı? Siz özünüz ağlı başında yetkin insansınız. Məsələni təxirə salmaq olmaz. Gözləyə bilmərəm. Hər şeyi sizə danışdım. Özünüz savadlı qadınsınız. Uzun-uzadı fikirləşmək bir an içərisində verilən qərara nə qədər təsir edə bilər ki?!
  • Hər halda siz məndən hə, yox cavabını elə bu dəqiqə verməyimi istəmirsiniz. Bu, lap ağ olardı.
  • Elə mənim istədiyim də budur da. Iki saatdan sonra mənim qatarım Parisə yola düşür.

O, düşüncəli bir tərzdə mənə baxdı.

  • Siz əməlli-başlı dəlisiniz! Həm öz təhlükəsizliyiniz, həm də başqalarının təhlükəsizliyi üçün sizi dəlixanaya salmaq lazımdır.
  • Yaxşı, bəs cavabınız nə olur? Hə, ya yox?

O, çiyinlərini çəkdi.

  • Mon Dieu[43], – o, bir dəqiqə dayandı, mənsə sanki iynə üstə oturmuşdum. – Hə!

Qubernator əlini arvadına tərəf yellədi.

  • Budur, indi siz onu görürsünüz. Iki həftənin içində evləndik və mən koloniyanın qubernatoru oldum. Mən doşab almışam, bal çıxıb, hörmətli cənablar, o, qızıl xasiyyətlidir, mində bir rast gəlinən qadındır. Onda kişi intellekti və qadın həssaslığı var. Bir sözlə qibtə olunası qadındır.
  • Yaxşı, dilini saxla, mon ami, – arvadı dilləndi, – məni də özün kimi gülünc vəziyyətə salma.

Qubernator belçikalı polkovnikə sarı döndü.

  • Siz subaysınız, mon colonel[44]? Əgər belədirsə, sizə ciddi-ciddi Cenevrəyə getməyi məsləhət görürəm. Ora ən cazibədar gənc xanımlaırn məskənidir (o, burada une pepiniere[45] sözünü işlətdi). Oradakı kimi zövcə heç yerdə tapmayacaqsınız. Həm də Cenevrə özü cazibədar bir şəhərdir. Bir dəqiqə belə itirmədən dərhal ora gedin. Mən sizə arvadımın bacısı qızı üçün məktub verərəm.

Bu əhvalatı yekunlaşdıran Qubernatorun zövcəsi oldu.

  • Bu faktdır ki, təmənnalı izdivacdan gözləntilərin çox olmur. Elə ona görə də məyus olma şansın da azalır. Bir halda ki, bir-birinizdən umacağınız şeylər yoxdur, onda narazıçılıq üçün də bir səbəb yoxdur. Mükəmməllik axtarmırsan, bir-birinizin qüsurlarına daha səbirlə yanaşırsınız. Ehtiras, şübhəsiz əla bir hissdir, ancaq evlilik üçün özül deyil. Voyez-vous[46], evlilikdə iki nəfərin xoşbəxtliyi üçün onlar bir-birlərinə hörmət etməlidirlər, cəmiyyətdə eyni mövqeyə sahib olmalıdırlar, maraqlı üst-üstə düşməlidir. Və əgər onlar ləyaqətli insanlardırsa və həm özü üçün yaşamaq, həm də digərini yaşatmağı arzulayırsa, onda onların xoşbəxt olmamaq üçün heç bir səbəbləri yoxdur.

Sözünə ara verdi.

  • Ancaq söz yox, mənim ərim çox, çox dəyərli bir insandır.

[1] Yüksək kişi səsi

[2] Cənab qubernator

[3] Tüklü it cinsi

[4] Müsyö, nə içmək istərdiniz?

[5] Şərab növü

[6] Spirtli içki növü

[7] Mən sirk sahibiyəm. Siz bizdə olmusunuz.

[8] Arvadımın kiçik oğlu

[9] Hə, hə.

[10] Hə, bir qədəh portoya etiraz etmərəm. Elə deyilmi?

[11] Məmnuniyyətlə

[12] Xanım, siz fransızca bilirsiniz?

[13] Əcəb zarafatcılsan, dostum.

[14] Kart oyunu

[15] Puççininin 4 pərdəli operası

[16] Verdinin 3 pərdəli operası

[17] Verdinin 3 pərdəli operası

[18] Doğrudan da dostum

[19] Balam (sevgi ilə müraciət mənasında)

[20] Cənab

[21] Doğrudan belədir

[22] Zavallı dostum

[23] Necə yəni, leytenant

[24] Necə olur axı, müsyö nazir

[25] Əziz cənab

[26] Parisdə ən məşhur kafelərdən biri hesab olunur

[27] Istefada olan hərbi-dəniz zabiti

[28] Fransanın cənubunda kiçik şəhər

[29] Fransanın şimal-qərbində şəhər

[30] Lənət şeytana!

[31] Hələ üstəlik

[32] Cənab Qubernator

[33] Bu, Fransada əsas Botanika bağlarından biridir. Hekayədə söhbət bu bağa məxsus olan zooparkdan gedir.

[34] Yaxşı görək sən də, dostum

[35] Hə, bax

[36] Bir sözlə

[37] Yupiterin arvadı və nikah ilahəsi

[38] Məhəbbət və gözəllik ilahəsi

[39] Müdriklik ilahəsi

[40] Qvardiya ölər, ancaq geri addım atmaz! (Vaterloo döyüşü zamanı deyilmiş bir cümlə – burada müəllif tərəfindən aforizm kimi istifadə olunmuşdur)

[41] Getdik, de gəlsin görək.

[42] Xanım qız

[43] Aman Allah

[44] polkovnik

[45] Gül bağçası

[46] Görürsünüz

  • ün yaşamaq, həm də digərini yaşatmağı arzulayırsa, onda onların xoşbəxt olmamaq üçün heç bir səbəbləri yoxdur.

Sözünə ara verdi.

Ancaq söz yox, mənim ərim çox, çox dəyərli bir insandır.

[2] Cənab qubernator