Uilyam Somerset Moem – Qürbət Diyarda

Təbiətimə görə gəzməyi sevən adamam. Intıhası mən bezdirici möhtəşəm tikililəri, ya da məni çox tez usandıran o gözəl mənzərələri görmək üçün səyahət etmirəm. Mən insanları görmək üçün dolaşıram. Məşhur, görkəmli insanları demirəm, onlardan, əksinə, uzaq dururam. Prezident və ya kralı görmək üçün heç özümü əziyyətə salıb küçənin bir tərəfindən o tərəfinə keçmərəm də. Yazıçını yazdığı əsərlərə görə, rəssamı isə çəkdiyi şəkillərə görə tanımaq mənə zövq verir. Ancaq mən barəsində qəribə əhvalatlar eşitdiyim hansısa bir missioneri görmək məqsədilə yüzlərlə liq[1] yol qət etmişəm. Olub ki, bir bilyard markeri[2] ilə tanışlığımı möhkəmləndirmək üçün düz iki həftə iyrənc bir oteldə yaşamağa qatlanmışam. Bir şeyi də qeyd etməliyəm ki, hər cür adama rast gəlsəm də onlar məni qətiyyən təəccübləndirmir, bircə daim rast gəldiyim və hər zaman da məni mat qoyan bir qisim insandan başqa; bunlar adətən kifayət qədər maddi vəsaiti olan, dünyanın az qala hər yerinə səpələnmiş və ağlagəlməz yerlərdə təkbaşına yaşayan yaşlı ingilis qadınlardır. Hansısa kiçik bir İtalyan şəhərində təpələrin üstündə tikilmiş bir villada yaşayan və o ətrafda tək olan bir ingilis xanım haqqında eşidəndə heç mat-məəttəl qalmayın. Hətta kimsə sizə Andalusiyada[3] bir hasienda[4] göstərib desə ki, orada uzun illərdir bir ingilis xanım yaşayır, buna da hazır olun. Ən təəccüblüsü o olar ki, Çinin hansısa bir şəhərində yaşayan yeganə ağ adamın işlə əlaqədar oralara yolu düşmüş missioner deyil, bir ingilis qadın olduğunu eşidirsən. Və yaxud öyrənirsən ki, bir başqası Cənub dənizlərindəki adalardan birində məskunlaşıb, ya da Cavanın[5] mərkəz əyalətlərindən birinin ən ucqar nöqtəsində bunqalosu olan digəri haqda xəbər alırsan. Bu qadınlar hamısı tənha həyat sürürlər, dost-tanışları, rəfiqələri yoxdur və yad adamlara da səmimi münasibət göstərmirlər. Aylarla özününkülərdən heç kəsin üzünü belə görmədiyi halda böyründən elə keçirlər ki, elə bil səni görmürlər. Əgər desəniz ki, siz də onlardan birisiniz, heç üzünüzə də baxmayacaqlar. Ancaq işdir şayət baxsalar, onda sizi gümüş çaynikdə dəmlənmiş çaya və qəşəng çini boşqabda arpa sıyığına qonaq edəcəklər. Sizinlə nəzakətlə rəftar edəcəklər, Kentdə keşişin evinə qonaq düşmüş bir insan kimi lütfkarlıq göstərəcəklər, ancaq çıxıb gedəndən sonra zərrə qədər də olsa bu tanışlığı davam etdirməyin marağında olmayacaqlar. Adama qəribə gəlir – görəsən bunları tanış-bilişdən belə uzaq salan və bütün təbii maraqlardan qaçaq edərək tək-tənha bir adaya sığınıb yaşamağa vadar edən amil nədir?! Yəni bu, onların axtarışında olduqları romantika, yoxsa azadlıqdır?

Lakin tanış olduğum və ya haqqında eşitdiyim (axı onlara varmağın çətin olduğunu artıq söyləmişdim) ingilis qadınlarından yadımda ən yaxşı qalanı Asiya Minorda[6] yaşayan yaşlı bir xanımdır. Yorucu səyahətdən sonra mən kiçik bir şəhərə düşmüşdüm. Hələ orada məşhur bir dağa çıxmaq niyyətim vardı. Məni orada dağın ətəyində namünasib tikilmiş bir otelə gətirdilər. Gecədən xeyli keçmiş qayıdıb gəldim və otelin qeydiyyat kitabında adımı yazdım və imza qoydum. Otağıma qalxdım. Hava soyuq olduğundan paltarımı dəyişən zaman tir-tir titrəyirdim. Elə o an qapı döyüldü və draqoman[7] içəri girdi.

  • Siqnora Nikkolini sizə salamlarını çatdırmağımı xahiş etdi, – dedi.

Və təəccübümə rəğmən o, mənə bir isitqac uzatdı. Minnətdarlıq edib götürdüm.

  • Bəs bu xanım Siqnora Nikkolini kimdir axı?, – deyə marağımı boğa bilmədim.
  • O, bu otelin sahibəsidir, – cavab verdi.

Draqomandan xahiş etdim ki, səmimi salamlarımı o xanıma yetişdirsin. Bundan sonra o, çıxıb getdi. Asiya Minorda yaşlı italyan bir xanımın sahibəlik etdiyi miskin bir oteldə belə bir isitqac ala biləcəyim ömrümdə ağlıma da gəlməzdi. Açığını deyim – bu, mənə ləzzət elədi (əgər müharibə mövzusu hamının ürəyini bu qədər vurmasaydı, sizə Flandersdə bombardman edilən bir qaladan altı nəfər kişinin həyatlarını riskə ataraq gedib isitqac gətirmələrini danışardım). Hə, səhərisi gün şəxsən minnətdarlığımı izhar etmək məqsədilə xanım Siqnora Nikkolinini görmək istədiyimi bildirdim. Onu gözləyərkən beynimi qurdalayaraq bu isitqacın italyanlar üçün nə anlama gəldiyini anlamağa çalışırdım. Elə o anda həmin xanım içəri girdi. Bəstəboy, dolu bədənli bir qadın idi. Cazibədar olmadığını deməzdin. Əynində qırağı krujeva ilə işlənmiş qara rəngli önlük, başında da güpürdən qara papaq vardı. Əllərini sinəsində çarpazlayaraq qapının ağzında ayaq üstə dayandı. Matım-qutum qurudu; çünki bu görkəmdə o, mənə böyük ingilis evlərində işləyən təsərrüfat işlərinə nəzarət edən qadınları xatırlatdı.

  • Siz məni görmək istəmisiniz, cənab?

Bəli, o, ingilis idi və elə o iki-üç kəlməsindən dərhal ondakı kokni[8] ləhcəsini tutdum.

  • Isitqaca görə sizə təşəkkür etmək istəyirdim, – deyə bir az duruxmuş halda cavab verdim.
  • Qeydiyyat kitabından sizin ingilis olduğunuzu öyrəndim, cənab. Mən həmişə ingilis centlmenlərinə isitqac göndərirəm.
  • Inanın, çox xoş oldu.
  • Mən uzun illər mərhum Lord Ormskirkin qulluğunda durmuşam. O, hara gedirsə getsin, mütləq özü ilə isitqac aparardı. Başqa bir istəyiniz varmı, cənab?
  • Hal-hazırda yox, təşəkkür edirəm, – dedim.

O, yüngülcə təzim edib çıxdı. Gözüm kəlləmə çıxmışdı; necə olmuşdu ki, belə məzəli yaşlı bir ingilis qadını buralara gəlib çıxıb, üstəlik də hələ Asiya Minorda otel sahibəsi olub. Onunla tanışlığı dərinləşdirmək elə də asan iş deyildi, çünki bu qadın öz yerini bilən bir adam idi və mənimlə məsafə saxlayırdı. Əbəs yerə əsilzadə ingilis ailəsində xidmət etməyibmiş. Ancaq mən də inadkar idim və axır ki, bir gün məni öz kiçik qonaq otağında bir fincan çaya dəvət etməyə razı sala bildim. Elə bu söhbətdən öyrəndim ki, o, bir vaxtlar xanım Ormskirkin qulluqçusu imiş və Siqnor Nikkolini (o, rəhmətlik ərini yalnız bu cür adlandırırdı) isə həmin evdə baş aşpaz olubmuş. Siqnor Nikkolini yaraşıqlı kişi imiş və uzun illər aralarında “qarşılıqlı anlaşma” hökm sürübmüş. Müəyyən qədər pul qənaət edib yığandan sonra evləniblər, işi buraxıblar və işlətmək üçün otel axtarışına çıxıblar. Bu oteli də elandan axtarıb tapıblar və Siqnor Nikkolini fikirləşib ki, elə bu gözəl yerdə qalıb həyatlarını davam etsinlər. Bu, təxminən otuz il bundan əvvəl baş verib, Siqnor Nikkolini isə artıq on beş ildir ki, dünyasını dəyişib. Dul qalmış qadın isə o vaxtdan bəri bircə dəfə də olsun İngiltərəyə baş çəkməyib. Ondan heç vətən üçün darıxıb-darıxmadığını soruşdum.

  • Deməzdim ki, getmək istəmirəm, hərçənd bilirəm ki, o vaxtdan bəri çox şeylər dəyişib. Ancaq ailəm başqa millətdən olan biri ilə ailə qurmağımı istəmirdi, mən də o vaxtdan onlardan küsülüyəm. Əlbəttə, burada çox şey mənim vətənimdəkindən fərqlidir, ancaq qəribə budur ki, həyatda hər şeyə alışırsan. Burada çox müxtəliflik var. Heç bilmirəm mən təzədən o yeknəsək London həyatını yaşaya bilərəm, ya yox.

Gülümsədim. Dediyi şeylər davranışı ilə tərs mütənasib idi. Olduqca ləyaqətli idi. Ağlasığmaz olan o idi ki, bu qadın otuz il bu cür vəhşi və mədəniyyətdən uzaq bir yerdə yaşaya-yaşaya öz ədəb-ərkanını belə qoruyub saxlaya bilib. Türk dilini bilmədiyimə, onun isə bu dildə olduqca rahat danışmasına baxmayaraq, mən əmin idim ki, o xanım elə türk dilində də ingilis dilindəki kimi səhv-sühvlə danışır. Düşünürəm ki, taleyin hər üzünü görmüş olsa da öz yerini bilən biri idi və elə işlədiyi vaxtlardakı səliqəsini, nizam-intizamını da qoruyub saxlamışdı, çünki onu heç nə ilə təəccübləndirmək mümkün deyildi. Həyatda baş verənlərə elə yanaşırdı ki, sanki elə belə də olmalıymış. Ingilis olmayan hər kəsə bir əcnəbi gözü ilə baxırdı. Belə hesab edirdi ki, əgər ingilis deyilsə, əcnəbidirsə, deməli ağıldan kəm birisidir və belələrinə güzəştə getmək lazımdır. İşçilərinə qarşı olduqca sərt davranırdı – bilmirdimi ki, böyük evlərdə baş xidmətçilər özlərindən kiçik olanlara öz zəhmlərini göstərməlidirlər? Elə bu səbəbdən də oteldə təmizlik və səliqə hökm sürürdü.

  •  Əlimdən gələni edirəm, – mən onu gördüyü işə görə təbrik edərkən dedi. Yenə də həmişə olduğu kimi mənimlə danışarkən ayaq üstə dayanaraq əllərini hörmətlə sinəsində çarpazlamışdı, – Əlbəttə, əcnəbilərdən bizə bərabər ola biləcəklərini gözləmək mənasızdır, ancaq mərhum Lord həmişə deyərdi ki, Parker, bu həyatda etməli olduğumuz şey çalışıb adi şeylərdən şedevr yaratmağı bacarmaqdır.

Ancaq ən böyük sürprizi bu qadın mənə oteldən ayrıldığım gün etdi.

  • Getməzdən qabaq oğlanlarımı görməyinizi istərdim, cənab.
  • Uşaqlarınızın olduğunu heç bilmirdim.
  • İşlə əlaqədar burada deyildilər, təzəcə səfərdən gəliblər. Onları görəndə heyrətə gələcəksiniz. Özüm onlara tərbiyə vermişəm və mən bu dünyadan köç edəndə iki qardaş əl-ələ verib bu oteli birlikdə idarə edəcəklər.

Elə söhbətimiz əsnasında içəri iki hündür, qarabuğdayı, iri gövdəli cavan oğlan daxil oldu. Analarının gözləri sevinclə parladı. Oğlanlar analarına doğru addımladılar, onu qucaqlayaraq marçıltı ilə öpdülər.

  • Onlar ingiliscə bilmirlər, cənab, ancaq az-maz başa düşürlər. Türkcə əla danışırlar, yunan və italyan dillərini də bilirlər.

Mən onun oğlanları ilə əl tutuşdum, sonra Siqnora Nikkolini onlara nəsə dedi, oğlanlar çıxıb getdilər.

  • Çox gözəl uşaqlarınız var, Siqnora, – dedim, – siz yəqin ki, onlarla fəxr edirsiniz.
  • Əlbəttə, fəxr edirəm, cənab, onlar yaxşı uşaqlardır. Hər ikisi yaxşıdır. Doğulduqları gündən mənə zərrə qədər əziyyət verməyiblər, özləri də Siqnor Nikkolinin canlı portretləridir.
  • Deməliyəm ki, heç kəsin ağlına da gəlməz ki, onların anaları ingilisdir.
  • Mən əslində onların əsl anaları deyiləm, cənab. Elə indicə onları öz analardan hal-əhval tutmaq üçün yanına göndərdim.

Onun bu sözlərindən lap karıxıb qaldım.

  • Bunlar Siqnor Nikkolinin o vaxtlar bu oteldə işləyən bir yunan qızından doğulan uşaqlarıdır. Mənim də uşağım olmadığına görə məmnuniyyətlə onları övladlığa götürdüm.

Deməyə söz tapmırdım.

  • Ümid edirəm ki, cənab, siz Siqnor Nikkolininin günahkar olduğunu düşünmürsünüz, – deyə o, qamətini düzəldərək əlavə etdi, – İstəməzdim ki, onun haqda pis fikrə düşəsiniz.

Yenidən əllərini qoynuna qoyaraq, qürur, ciddiyyət və məmnunluq qarışıq bir ifadə ilə son akkordunu vurdu:

  • Siqnor Nikkolini həyat eşqi güclü olan bir kişi idi.

Ingilis dilindən tərcümə edən:

Aygun  Rustam Aziz

EnglishTime.az

Qeydlər tərcüməçiyə məxsusdur.


[1] 3 milə bərabər uzunluq vahidi

[2] Bilyard oyunu zamanı xidmət göstərən və hesab aparan şəxs

[3] İspaniyanın cənubunda tarixi vilayət

[4] İspaniya və Latın Amerikasında plantasiya

[5] İndoneziyada ada

[6] Türkiyənin böyük bir hissəsini təşkil edən yarımada – Anadolunun başqa bir adı

[7] Dilmanc, tərcüməçi (Şərqdə onları belə adlandırırlar)

[8] Bu, londonlulalara zarafatla verilən addır.