Uilyam Somerset Moem – Neyl Makadam

Kapitan Bredon mehriban adam idi. Kualo Solordakı muzeyin kuratoru Anqas Manro yeni köməkçisi Neyl Makadamın Sinqapura gələndə Van Dayn mehmanxanasında bir neçə gün qalacağını deyəndə və bu müddət ərzində oğlandan muğayat olmasını ondan xahiş edəndə kapitan əlindən gələni edəcəyini söylədi. Kapitan Bredon “Sultan Əhməd” gəmisini idarə edirdi və Sinqapurda olanda qalmağa həmişə Van Dayn mehmanxanasını seçirdi. Arvadı yapon idi. Orada bir otaq tutmuşdu; bu, onun evi idi. Borneo sahili boyunca iki həftəlik səyahətdən qayıdanda əslən holland olan menecer ona Neylin artıq iki gündür ki, orada olduğunu söylədi. Oğlan mehmanxananın balaca, tozlu bağçasında oturub Straits Times qəzetinin köhnə saylarını oxuyurdu. Kapitan diqqətli bir nəzər yetirdikdən sonra ona yaxınlaşdı.

  • Siz Makadamsınız, elə deyilmi?

Neyl ayağa qalxdı, qulaqlarına qədər qızardı və utancaqlıqla cavab verdi:

  • Mənəm.
  • Mənim adım Bredondur. “Sultan Əhməd”in kapitanıyam. Siz gələn çərşənbə axşamı mənimlə gedəcəksiniz. Manro xahiş edib ki, sizdən göz-qulaq olum. Stenqah istəyirsiniz? Hər halda güman edirəm ki, indiyə qədər onun nə olduğunu artıq öyrənmisiniz?
  • Təşəkkür edirəm, ancaq mən içki içmirəm.

O, geniş yayılmış şotland ləhcəsində danışırdı.

  • Mən heç də sizi günahlandırmıram. Içki bu ölkədə çox yaxşı kişilərin evini yıxıb.

O, yerlilərdən olan çinli xidmətçini səslədi və özü üçün ikiqat viski və bir az da soda gətirilməsini sifariş etdi.

  • Buraya gələndən bəri nə işlə məşğul olmusunuz?
  • Ətrafı gəzib dolaşmışam.
  • Sinqapurda görməli elə bir şey yoxdur.
  • Ancaq mən belə deməzdim.

Əlbəttə, onun görəcəyi ilk iş muzeyə getmək idi. Burada onun öz yerlərində görmədiyi az şey var idi. Lakin vəhşi heyvanların, quşların, sürünənlərin və digər həşəratların məhz həmin ölkəyə aid olması faktı onu həyəcanlandırırdı. Orada bir bölmə var idi və növbəti üç il ərzində bu canlı varlıqlaırn onun işinə birbaşa aidiyyatı olduğundan Neyl onları diqqətlə tədqiq edirdi. Lakin ən həyəcanlandırıcı şey bayırda – yəni küçələrdə idi və əgər ciddi, ayıqbaşlı bir gənc olmasaydı sevinclə ucadan qəhqəhə çəkib gülərdi. Burada hər şey onun üçün yeni idi. Ayaqları sıyrılana kimi gəzirdi. Qələbəlik bir küçənin bir küncündə dayanır, rikşaların saldığı uzun cığıra və indakar addımlarla dirəklərin arası ilə qaçan adamlara maraqla baxırdı. Kanalın üzərindəki körpünün üstündə durur və konserv qutusundakı siyənək balıqları kimi bir-birinin yanında pazla bərkidilmiş sampanlara tamaşa edirdi. Viktoriya küçəsindəki çoxlu qəribə şeylərin satıldığı çin mağazalarına diqqətlə nəzər yetirirdi. Kök, yekəpər Bombey tacirləri mağazalarının qapısı ağzında dayanır, ipək saplar və müxtəlif zinət əşyalarını alması üçün elə hey bir ucdan səslənirdilər. O, həvəssiz-həvəssiz yol gedən Tamillərə, başlarında ağ araqçın olan və özlərini çəkən saqqallı ərəblərə baxırdı. Bu cür mənzərənin üzərindən günəş güclü parıltı ilə bərq vururdu. Neyl karıxıb qalmışdı. Düşündü ki, bu rəngarəng və həddindən artıq böyük dünyada öz yerini tapmaq üçün ona illər lazım olacaq.

Həmin gecə şam yeməindən sonra kapitan Bredon ondan şəhəri dolaşmaq istəyib-istəmədiyini soruşdu.

  • Nə qədər ki, buradasan, gərək bir az gözünü açıb həyata baxasan, – o dedi.

Onlar rikşaya oturdular və şəhərin çinlilər olna məhəlləsinə sürdülər. Dənizdə olduğu zaman heç vaxt içki içməyən kapitan bu dəfə də öz adətinə xilaf çıxmadı. O, özünü yaxşı hiss edirdi. Rikşalar küçənin bir tərəfində olan evin yanında dayandılar. Onlar irəli keçib qapını döydülər. Qapı açıldı, dar bir keçidlə hər tərəfi qırmızı plyuşla döşənmiş skamyaları olan böyük bir otağa girdilər. Orada milliyətcə fransız, italyan və amerikan olan bir neçə qadın oturmuşdu. Pianodan sanki güc-bəla ilə xoşagəlməz səs çıxır, bir neçə nəfər də ortada rəqs edirdi. Kapitan Bredon içki sifariş etdi. Dəvət gözləyən iki-üçü qadın onlara çağırıcı nəzərlərlə baxdılar.

  • Hə, cavan oğlan, bəyəndiyin biri varmı?, – deyə kapitan zarafatla soruşdu.
  • Yatmaq mənasında? Yox!
  • Getdiyin yerdə bilirsən ki, ağ dərili qızlar olmur.
  • Yaxşı, bildim.
  • Istəyirsən gedək yerli qadınlara baxaq?
  • Etirazım yoxdur.

Kapitan içkinin pulunu ödədi və onlar bir az gəzişdilər. Sonra başqa bir evə getdilər. Buradakılar balaca, zərif, çiçək kimi xırda əl və ayaqları olan, güllü ipəkdən kostyum geyinmiş çinli qızlar idilər. Lakin rənglənmiş üzləri sanki maskanı xatırladırdı. Gələnlərə istehzalı nəzərlərlə baxdılar. Bu qızlar qətiyyən insana bənzəmirdilər.

  • Səni buraya gətirdim, düşündüm ki, bu yeri görməlisən, – kapitan Bredon vəzifə borcunu yerinə yetirən adam ədası ilə dedi, – elə bircə nəzər salmaq özü hər şeydir. Nə səbəbə bilmirəm, onlar bizi bəyənmirlər. Hətta bəzi bu cür çin evlərində ağ dərili kişiyə içəri girməyə də icazə vermirlər. Dedikləri də budur ki, guya bizdən xoşagəlməz qoxu gəlir. Gülməlidir, elə deyil? Deyirlər ki, guya bizdən meyit iyi gəlir.
  • Bizdən?
  • Bizə yapon qızları verin, – kapitan dedi. – Onlar yaxşıdırlar. Bilirsən də, mənim arvadım da yapondur. Gəl gedək, səni yapon qızları olan bir yerə aparacağam. Əgər ora xoşuna gəlməsə, onda mən adımı dəyişərəm!

Onlar rikşalara əyləşdilər. Məkana çatanda düşüb qapını döydülər. Dolğun, orta yaşlı bir yapon qadını onları içəri – evə dəvət etdi. Yalnız xalçalarla döşənmiş qəşəng, təmiz bir otağa gətirdi. Kapitan və Neyl yerdə əyləşdilər. Bir az keçmiş balaca bir qız üzərində solğun rəngdə iki piyalə çay olan məcməyi ilə içəri girdi. Qız utancaq bir təzimlə piyalələri onlara təqdim etdi. Kapitan isə orta yaşlı qadınla danışırdı. Birdən o, Neylə baxaraq qaqqıltı ilə güldü, qadın bayıra çıxan uşağa nə isə dedi və ir qədər keçmiş otağa dörd qız daxil oldu. Çox qəşəng daranıb yığılmış qara, parıltılı saçları olan bu qızlar kimanoda elə gözəl görünürdülər ki; xırda, dolğun, yumru sifətli bu qızların gülümsəyən gözləri vardı. Onlar təzim etdilər və ədəb-ərkanla qonaqları salamladılar. Danışıqları lap quşların cəh-cəhini xatırladırdı. Sonra onlar hərəsi bir tərəfdə kapitanla Neylin dizi üstündə oturaraq onları əyləndirməyə başladılar. Bir az keçmiş kapitan artıq qolları ilə iki incə beldən tutmuşdu. Onlar da ki, heç dil boğaza qoymurdular. Çox şən idilər. Neylə elə gəldi ki, kapitanla əylənən qızlar onu lağa qoyurlar, çünki onların parıldayan gözləri çıltaq bir şəkildə Neylə tərəf döndü və bunu görcək oğlan qıpqırmızı oldu. Digər iki qız isə gülümsəyərək Neylə qısılmışdılar və yaponca elə danışırdılar ki, sanki oğlan onların dediyi hər sözü aydınca başa düşürdü. Elə xoşbəxt və səmimi görünürdülər ki, oğlan gülməyə məcbur oldu. Qızlar çox diqqətcil idilər. Piyaləni özləri elə uzatdılar ki, oğlan rahatca içə bilsin. Qızlar onun üçün siqaret yandırdılar və külü oğlanın üstünə düşmısin deyə onlardan biri balaca, incə əlini irəli uzatdı. Onlar Neyli hamar üzünü tumarlayır və maraqla iri, gənc əllərinə baxırdılar. Zalım qızları pişik balası kimi oynağan idilər.

  • Yaxşı, hansını istəyirsən, de görək?, – bir qədər sonra kapitan dilləndi, – Seçdin birini?
  • Sizi başa düşmürəm?!
  • Gözləyirəm ki, sən bir qərara gələsən. Mən də öz işimi bilim.
  • Ah, siz nə danışırsınız! Heç birini istəmirəm. Mən evə yatmağa gedirəm.
  • Niyə, nə olub axı? Hər halda qorxmursan, hə?
  • Yox, sadəcə olaraq belə şeyləri xoşlamıram. Ancaq sizin yolunuzun üstündə də durmayacağam. Özüm mehmanxanaya qayıdaram.
  • Əgər elə bir fikrin yoxdursa, onda bu, başqa məsələ. Mən sadəcə səni tək buraxmaq istəmirdim.

Kapitan orta yaşlı qadınla bir-iki kəlmə kəsdi və dediyi sözlər qızların Neylə təəccüblə baxmasına səsəb oldu. Qadın nə soruşdusa kapitan çiyinlərini çəkdi. Sonra qızlardan biri nəsə söz atdı və hamı gülüşdü.

  • O, nə deyir?, – Neyl soruşdu.
  • Sənə sataşır, – kapitan qımışdı.

Və qəribə bir maraqla Neylə baxdı. Bayaq nə isə deyərək onları güldürən qız indi birbaşa nəsə söz atdı. Oğlan bundan da heç nə anlamadı, ancaq qızın gözlərindəki istehza onun pörtməsinə səbəb oldu. Qaşlarını çatdı. Masqaraya qoyulmaqdan heç xoşu gəlmirdi. Qız isə nümayişkaranə bir şəkildə güldü və qolunu Neylin boynuna dolayaraq xəfifcə onu öpdü.

  • Gəl gedək, – kapitan dedi.

Mehmanxanaya çatanda Neyl daha marağını boğa bilmədi.

  • Nəyə gülürdülər elə?
  • Sənin bakirliyinə.
  • Mən burada gülməli elə bir şey görmürəm, – deyə Neyl özünün asta Şotlandiya ləhcəsi ilə dilləndi.
  • Bu, belədir ki?
  • Mmm… Hə.
  • Neçə yaşın var?
  • Iyirmi iki.
  • Yaxşı nəyi gözləyirsən?
  • Evlənməyimi.

Kapitan susdu. Pilləkanın lap yuxarısına çatanda əlini ona uzatdı. Oğlana “Gecən xeyrə qalsın” deyəndə gözlərində bir işartı vardı, lakin Neyl bunu sakit, səmimi və rahat bir nəzərlə qarşıladı.

Üç gün sonra onlar gəmi ilə yola düşdülər. Neyl yeganə ağ dərili sərnişin idi. Kapitan məşğul olanda o, ancaq mütaliə edirdi. Təzədən Ualeysin “Malay arxipelaqı”nı oxuyurdu. Bunu uşaq vaxtı oxumuşdu, ancaq indi bu kitabda yeni və hər şeyə üstün gələn bir maraq var idi. Kapitanın asudə vaxtında ya bric oynayır, ya da ki, göyərtədəki uzun kürsülərdə oturub siqaret çəkərək söhbət edirdilər.

Neyl kənd həkiminin oğlu idi və təbiət tarixi ilə maraqlandığı yadına gəlmir. Məktəbi bitirəndən sonra o, Edinburq universitetinə daxil oldu və təbiət elmləri üzrə bakalavr dərəcəsi aldı. Təsadüfən “Nature” (“Təbiət”) qəzetində Kualo Solordakı muzeyin mühafizinə assistent tələbi barədə elanı görəndə o, biologiya üzrə laborant işi axtarırdı. Muzeyin mühafizi Anqas Manro onun dayısı – Qlazqo taciri ilə birlikdə Edinburqda olmuşdular və dayısı məktub yazaraq ondan Neylə bir sınaq işi verməsini xahiş etmişdi. Neylin əsasən entemologiya ilə maraqlanmasına baxmayaraq o, əslində təlim görmüş taksidermist idi. Elə elanda da bunun əsas götürüldüyü açıq-aydın söylənilirdi. O, Neylin müəllimlərinin verdiyi sertifikatları da məktuba daxil etmişdi. Yeri gəlmişkən, hələ universitet illərində Neylin yaxşı futbol oynadığını da əlavə etmişdi. Bir neçə həftəədn sonra işə qəbul edilməsi ilə əlaqədar teleqram gəldi və beləliklə Neyl iki həftə sonra gəmi ilə oraya yola düşdü.

  • Manro necə adamdır? – Neyl soruşdu.
  • Yaxşı oğlandır. Hamının rəğbətini qazanıb burada.
  • Mən elmi jurnallarda onun məqalələrinə göz gəzdirmişəm. “İbis”in son sayında da bir məqaləsi vardı.
  • Bu barədə heç nə bilmirəm. Bircə bildiyim odur ki, arvadı rusdur. Burada da onu bir o qədər də bəyənmirlər.
  • Sinqapurda olanda ondan məktub aldım. Orada deyilirdi ki, götür-qoy edənə qədər onlar məni burada bir müddət qonaq edəcəklər.

Indi çayyuxarı üzürdülər. Çayın ağzında su üzərindəki dirəklərin üstündə balıqçıların kiçicik bir kəndi yerləşirdi. Sahildə palma və manqrov ağacları bitmişdi; bir az aralıda baltadəyməmiş meşənin qalın yaşıllığı uzanırdı. Bundan bir qədər də uzaqda mavi səmaya tünd kölgəsi düşən dağın nahamar konturu görünürdü. Bütün vücudunu saran həyəcandan ürəyi döyünən Neyl bu mənzərəni az qala gözləri ilə yeyirdi. Çaşıb qalmışdı. O, Konradı demək olar ki, əzbərdən bilirdi və sirrli-sehrli bir aləm görmək ümidində idi. Lakin hələ bu mavi səmaya hazır deyildi. Üfüqdəki balaca, ağ buludlar günəş işığında parıldayırdı. Meşədəki yamyaşıl ağaclar parlaq işıqda bərq vururdular. Çayın sahili boyunca adda-budda tavanı qamışla örtülmüş Malay evləri vardı və onlar meyvə ağaclarının arasında yerləşmişdi. Yerlilər daq-autlarda çayyuxarı avar çəkirdilər. Neylin evə qapanıb oturmaq fikri yox idi. Həmin o məhzun, lakin boşluq və sərbəstlik dolu parlaq səhər çağında da bu fikirdə idi. Bu ölkə ona isti qucaq açırdı. Ürəyinə dammışdı ki, burada xoşbəxt olacaq.

Kapitan Bredon körpüdən aşağıda dayanmış Neylə səmimi bir nəzər saldı. Dörd gün davam edən bu səyahət müddətində kapitan bu oğlana yamanca bənd olmuşdu. Doğrudan da o, içki içmirdi. Zarafat edəndə də bunu ciddi hal kimi qəbul etmirdi. Ancaq onun ciddiliyinin özündə də nə isə bir cazibə var idi. Burada hər şey onun üçün maraqlı və əhəmiyyətli görünürdü. Əlbəttə, elə buna görə də o, zarafatları gülməli hesab etmirdi. Amma hətta bu zarafatları başa düşməsə də gülürdü, çünki bunu ondan gözlədiklərini hiss edirdi. O gülürdü, çünki həyat gözəl idi. Deyilən hər xırda şeyə görə təşəkkür edirdi. Çox nəzakətli idi. Heç vaxt “xahiş edirəm”, “zəhmət olmasa” kəlmələrini işlətmədən nəzə istəməzdi və “çox sağ olun”u əsirgəməzdi. Üstəlik də yaraşıqlı oğlan idi; bunu heç kəs inkar edə bilməzdi.

Neyl başı açıq, əlləri dirəyin üstündə sahildən keçib gedənlərə baxaraq dayanmışdı. Ucaboy – 6.2 fut olardı, uzun, iri qolları və ayaqları, eyni çiyinləri və incə beli olan bir gənc idi. Onda nə isə cəzbedici bir oynaqlıq vardı, belə ki, hər an nəsə bir oyun çıxaracağını gözləyirdin. Özünəməxsus parıltısı olan şabalıdı, qıvrım saçları bəzən işığa düşəndə lap qızıl kimi işıldayırdı. Iri, mavi gözləri sevinclə parlayır, sahibinin şən xarakterini özlərində əks etdirirdilər. Burnu qısa, kobud, ağzı böyük, çənəsi sərt, üzü enli idi. Lakin ən heyrətləndirici əlamət dərisi idi: ağappaq, hamar, yanaqları da qızartlaq. Hər bir qadın bu cür dəriyə sahib olmasını yalnız arzu edə bilərdi. Hər səhər kapitan Bredon eyni zarafatı təkrarlayırdı:

  • Hə, cavan oğlan, bu gün üzünü qırxmısan?

Neyl əlini çənəsi boyunca sürtüb deyirdi:

  • Yox, lazımdır bəyəm?

Kapitan Bredon da həmişə buna gülərdi.

  • Lazımdır?! Yox, əşi, nəyinə lazımdır?! Sənin üzün onsuz da uşaq dərisi kimidir.

Hər dəfə də Neyl qıpqırmızı qızarırdı.

  • Mən həftədə bir dəfə üzümü təraş edirəm, – deyə o, bir dəfə qəti şəkildə cavab verdi.

Lakin onu adamlara bəyəndirən təkcə zahiri görünüşü deyildi. Onu müsahibinə sevdirən daha çox üzləşdiyi vəziyyətə qarşı göstərdiyi çeviklik, səmimiyyət  və ruh yüksəkliyi idi. Diqqət və əhəmiyyətlə yanaşdığı hər şeyə və ortaya çıxan hər məsələyə dair mübahisə aparmaq meylinə baxmayaraq, onda adama tamamilə qeyri-adi təsir bağışlayan qəribə bir sadəlik vardı. Kapitan, bax, bunu anlaya bilmirdi.

  • Maraqlıdır, bəlkə o, heç vaxt qadınla olmadığına görə belədir? – deyə o, öz-özünə deyirdi, – qəribədir, fikirləşirsən ki, qızlar özləri ona heç macal verməzdilər. Özü də belə yaraşıqlı bir oğlana.

“Sultan Əhməd” çayın döngəsinə yaxınlaşırdı, onu dolanıb keçdikdən sonra artıq Kualo Solor görünəcəkdi. Ancaq işi ilə əlaqədar vacib məsələlər kapitanın bu düşüncələrinə son qoydu. O, aşağı – maşın şöbəsinə xəng çaldı. Gəmi sürətini yarıya qədər azaltdı. Çayın sol sahilində ağ, təmiz və kiçik şəhərcik olan Kualo Solor uzanırdı, sol tərəfində isə hərbi istehkam və Sultan sarayı var idi. Bir az külək əsirdi və Sultanın bayrağı hündür bir ağacın başında əzəmətlə dalğalanırdı. Onlar çayın ortasında lövbər saldılar. Həkim və bir polis məmuru hökumət barkasında göyərtəyə yaxınlaşdılar. Onları ağ, parusin şalvar geyinmiş ucaboy, arıq bir kişi müşayiət edirdi. Kapitan taxta körpünün başında duraraq onlarla əl tutşdu. Sonra da sonuncu gələnə tərəf döndü.

  • Görürsən də, sənin ümid yerin olan bu gənci sağ-salamat gətirdim.

Və bunu deyib Neylə nəzər saldı.

  • Bu Manrodur.

Ucaboy arıq kişi əlini uzatdı və Neylə sınayıcı nəzərlə baxdı. Neyl qızararaq gülümsədi. Onun qəşəng dişləri vardı.

  • Xoş gördük, cənab.

Manro gözləri ilə xəfifcə gülümsədi. Yanaqları batıqdı, qırğı burnu və solğun dodaqları vardı. Gündə qapqara yanmışdı. Çox yorğun görünməyinə baxmayaraq üzünün mehriban ifadəsi var idi və bu, Neyldə ona qarşı dərin inam hissi yaratdı.

Kapitan onu həkim və polislə tanış edərək bir az içki içməyi təklif etdi. Masa arxasında əyləşdilər. Xidmətçi pivə şüşələrini gətirəndə Manro şlemini çıxardı. Neyl onun qısa vurulmuş saçlarının artıq çallaşmış olduğunu gördü. O, 40 yaşlarında sakit görünüşlü, hərəkətlərində təmkinli olan ziyalı görkəmli bir adam idi və bu da onu o balaca çevik həkimdən və son dərəcə təşəxxüslü olan polis məmurundan fərqləndirirdi.

  • Makadam içki içmir, – xidmətçi 4 stəkan pivə süzəndə kapitan dilləndi.
  • Daha yaxşı, – Manro dedi, – hər halda ümid edirəm ki, onu pis yollara çəkməyə çalışmamısan.
  • Sinqapurda buna cəhd elədim, – kapitan gözlərində parıltı ilə cavab verdi, – axı, görməli elə bir ciddi iş yox idi.

Pivəni içib qurtardıqdan sonra Manro Neylə tərəf döndü.

  • Yaxşı, nə deyirsən, sahilə çıxaqmı?

Neylin baqajını yerbəyer etmək Manronun xidmətçisinin öhdəsinə düşdü. Özləri isə sampana oturaraq quruya çıxdılar.

  • Birbaşa bunqaloya getmək istəyirsən, yoxsa əvvəlcə ətrafı gəzib dolaşaq? Yeməkdən qabaq hələ iki saat vaxtımız var.
  • Olmazmı elə birbaşa muzeyə gedək? – Neyl soruşdu.

Manronun gözləri güldü. Məmnun oldu. Neyl utancaq, Manro da təbiətinə görə qaradinməz olduğundan onlar sükut içində yol gedirdilər. Çayın yanında yerlilərin daxmaları var idi. Burada qədim həyat tərzinə xilaf çıxmayan Malayyalılar məskən salmışdılar. Bu adamlar sakitcə öz  işləri ilə məşğul idilər və onların qəlbə xoş gələn fəaliyyəti göz qabağında idi. Buradakı həyat riitminin doğum və ölüm, məhəbbət və bəşəriyyətə aid olan məsələlər hesab olunduğu hiss edilirdi.

Onlar bazara gəldilər. Işləyən, yemək yeyən, səs-küylə ucadan danışan çinlilərin qaynaşdığı mağazalarla dolu olan dar küçələrdə yaşamaq uğrunda yorulmadan sanki mübarizə aparan bir ruh hökm sürürdü.

  • Sinqapurdan sonra bu yerləri görmək o qədər də maraqlı deyil. Ancaq mənə elə gəlir ki, səfasına söz ola bilməz, – Manro dedi.

Neyldə olduğu kimi elə kəskin hiss olunmasa da Manro özü də ləhcə ilə danışırdı, ancaq hərdənbir Şotland dialektinə uyğun olaraq “r” səsini düzgün tələffüz etmirdi və bu da Neylin özünü rahat hiss etməsinə şərait yaradırdı. O, ingilislərin danışdığı ingilis dilinin süni olduğu fikrini hüç cür başından çıxarıb ata bilmirdi.

Muzey gözəl, daş binada idi və içəri daxil olanda Manro qeyri-ixtiyari olaraq qəddini düzəltdi. Qapıda dayanmış xidmətçi salamlaşdı və Manro ona malayyaca nəsə dedi, çox güman ki, Neylin kim olduğunu izah edirdi, çünki xidmətçi ona baxıb gülümsədi və yenidən salam verdi.

Içəri soyuq idi və küçənin parıltısından sonra içəridəki işıq xoş təsir bağışlayırdı.

  • Qorxuram ki, dilxor olasan, – Manro dedi, – lazım olan şeylərin hələ hamısı bizdə yoxdur. Pulun olmaması bizi belə pis vəziyyətdə qoyub. Əlimizdən gələni etmişik. Hər halda gərək bunu nəzərə alasan.

Neyl özünə əmin tərzdə suya atılan üzgüçü kimi qətiyyətlə içəri addım atdı. Nümunələr son dərəcə gözəl quraşdırılmışdı. Manro çalışmışdı ki, təlim keçdiyi qədər bütün bunları bəyəndirsin də. Quşlar, vəhşi heyvanlar, sürünənlər canlı həyat təsəvvürü yaratmaq məqsədilə öz təbii mühitlərində təqdim olunurdu. Neyl utancaqlığını yaddan çıxararaq böyük şövqlə danışırdı. Sayı-hesabı olmayan suallar yağdırırdı. Yaman həyəcanlı idi. Vaxtın necə ötdüyü hiss olunmurdu. Manro saata baxanda çox təəccübləndi. Nəhayət onlar rikşaya oturdular və bunqaloya gəldilər.

Manro gənc adamı qonaq otağına gətirdi. Bir qadın divanda uzanaraq kitab oxuyurdu və onların içəri girdiyini görəndə yavaşca ayağa qalxdı.

  • Bu, mənim arvadımdır. Deyəsən çox gecikmişik, Darya?
  • Eybi yoxdur, – o gülümsədi, – vaxtın nə əhəmiyyəti var ki?!

O, əlini – kifayət qədər iri olan əlini Neylə uzatdı və ona uzun, düşüncəli, lakin səmimi nəzər saldı. Sən yəqin ki, muzeyi ona göstərmisən?

O, orta boylu, 35 yaşlarında əsmər üzlü, açıq mavi gözləri olan bir qadındı. Ortadan ayrılıb boynunun arxasında yumrulanmış saçları səliqəliydi. Qeyri-adi görünən açıq qəhvəyi rəngi vardı. Iri almacıq sümükləri olan enli sifəti, çox ətli burnu vardı. Gözəl olduğunu deməzdin, ancaq asta hərəkətlərində nə isə şəhvanilik, davranışında isə bir laqeydlik sezilirdi ki, bu, yalnız qanmaz və kütbeyin adamların diqqətini çəkməzdi. Pambıq parçadan tikilmiş yaşıl rəngdə paltar geymişdi. Yüngülcə ləhcə hiss olunsa da ingilis dilində çox səlis danışırdı.

Onlar qəlyanaltı etmək üçün masa arxasına keçdilər. Neylin utancaqlığı yenidən özünə qayıtdı, ancaq Darya deyəsən bunun fərqinə varmadı. O, heç sıxılmadan sərbəst danışırdı. Neylə səyahəti haqıında və Sinqapurda nələr gördüyü barədə bir ucdan suallar yağdırırdı. Sonra Darya ona görüşəcəyi adamlar haqda danışdı. Həmin gün Manro onu Sultan burada olmadığına görə rezidəntə baş çəkmək üçün aparmalı idi, sonra isə kluba gedəcəkdilər. Orada Neyl hamını görəcəkdi.

  • Görərsən, sən burada çox məşhurlaşacaqsan, – Darya açıq mavi rəngli gözlərini diqqətlə Neylə dikərək dedi.

Neyldən daha sadəlövh olan hər hansı bir kişi dərhal hiss edərdi ki, qadın necə də diqqətlə onun boy-buxununa, həyəcan doğuran gəncliyinə, parlaq, qıvrım saçlarına və hamar dərisinə göz yetirir. Və əlavə etdi:

  • Onlar bizi o qədər də veclərinə almırlar.
  • Eh, Darya, boş şeydir. Sən də yaman hər şeyi ürəyinə salansan ha. Onlar ingilisdirlər, vəssalam.
  • Onlar Anqasın alimliyini gülməli, mənim rus olmağımı isə bayağı bir şey hesab edirlər. Əşi, heç vecimə də gəlmir. Axmaqdırlar da. Ən adi, ən dardüşüncəli, ən bayağı adamlardır ki, aralarında yaşamaq bədbəxtliyi mənə nəsib olub.
  • Sən də elə ilk gəldiyi gündən Makadamda ikrah hissi oyatma. O, buranın adamlarının mehriban və qonaqpərvər olduğunu görəcək.
  • Bəs sənin adın nədir? – Darya ondan soruşdu.
  • Neyl.
  • Mən səni elə belə də çağıracam. Sən də məni eləcə Darya çağırarsan. Çünki xanım Manro kimi müraciət edilməyindən zəndeyi-zəhləm gedir. Onda özümü lap nazir arvadı kimi hiss edirəm.

Neyl qızardı. Qadının ona belə tezliklə bu qədər yaxınlıq göstərməsi onu çaşdırdı. Darya isə yarımçıq qalmış sözünə davam etdi.

  • Adamların bəziləri o qədər də pis deyillər.
  • Onlar mütəxəssis kimi öz işlərini görürlər. Elə ona görə də buradadırlar, – Manro dedi.
  • Onlar güllə atırlar. Futbol, tennis, kriket oynayırlar. Onlarla aram sazdır. Qadınlar isə dözülməzdirlər. Qısqanc, kinli, üstəlik də tənbəl. Dünyadan xəbərləri yoxdur. Intellektual bir mövzudan söhbət salanda burunlarını sallayıb elə otururlar ki, guya sən əxlaqsız bir adamsan. Bir də axı, onlar nə haqda danışa bilərlər?! Onları heç nə maraqlandırmır. Cisim haqda danışanda səni əxlaqsız, ruh barədə söhbət salanda isə xırdaçı hesab edirlər.
  • Arvadımın dediklərini lap elə kəlməsi-kəlməsinə qəbul etmə, ha, – Manro özünəməxsus incə, dözümlü bir tərzdə gülümsədi, – buradakı cəmiyyət də Şərqdəki kimidir; nə çox ağıllı, nə də çox səfeh. Ancaq səmimi və mehriban. Elə bu, özü də az şey deyil.
  • Mənə adamların səmimi və mehriban olmaları lazım deyil. Mən onların daha diribaş və ehtiras dolu olmalarını istəyirəm. İstəyirəm ki, ümumiyyətlə insanlara maraq göstərsinlər. Cisim, ruh məsələlərinə cin-nahitdən, ya da karidən daha çox əhəmiyyət vermələrini istəyirəm. Incəsənətin, ədəbiyyatın onlar üçün bir məna kəsb etməsini istəyirəm.

O, qəflətən Neylə müraciət etdi:

  • Sənin ruhun varmı?
  • … Bilmirəm?… Daha doğrusu sizin nə demək istədiyinizi anlamadım.
  • Niyə sənə sual verəndə belə qızarırsan? Nə üçün ruhun olduğuna görə utanmalısan? Bu, insanda vacib olan bir şeydir. Gəl, elə onun haqqında danışaq. Səninlə maraqlanıram və bilmək istəyirəm.

Gözəl, lakin yad bir adamın onu bu sayaq ciddi-cəhdlə nəyəsə inandırmağa çalışması kobudluq kimi göründü. O, hələ ömründə bu cür adama rast gəlməmişdi. Ancaq ciddi bir gənc olduğuna görə sual veriləndə cavabı gecikdirməzdi. Onu daha çox çaşdıran Manronun da orada olması idi.

  • Mən sizin ruh dedikdə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Əgər siz müvəqqəti olaraq cismani bədənlə birlikdə müstəqil surətdə Allah tərəfindən yaradılan mücərrəd və ya mənəvi varlığı nəzərdə tutursunuzsa, onda mənim cavabım mənfidir. Mənə elə gəlir ki, insan şəxsiyyətinə bu cür möhkəm dualist baxış əlamətlərə sakit bir şəkildə baxanlar tərəfindən müdafiə edilə bilməz. Digər tərəfdən, əgər siz ruh dedikdə fərdin şəxsiyyəti kimi bildiyimiz şeyi yaradan fiziki elementlər cəmini nəzərdə tutursunuzsa, onda əlbəttə ki, mənim ruhum var.
  • Sən çox şirin, həm də yaraşıqlısan, – Darya gülümsədi, – Yox, mən ehtiraslı istəklə dolu olan ürəyi, bədəni, onun arzularını və içimizdəki sonsuzluğu nəzərdə tuturam. De görüm, səyahət vaxtı nə oxudun? Yoxsa elə ancaq tennis oynamaqla vaxt öldürdün?

Neyli onun cavabının məntiqsizliyi çaşdırdı. Qadının gözlərində təbəssüm, davranışında təbiilik olmasaydı Neyl bəlkə də özünü təhqir olunmuş hesab edərdi. Manro gənc adamın çaşqınlığına gülümsədi və güləndə burun deşiklərindən ağzının kənarlarına gedən cizgilər dərin qırışlara çevrildi.

  • Mən Konraddan çox oxumuşam.
  • Əyləncə üçün, yoxsa həqiqətən düşüncələrini təkmilləşdirməkdən ötrü?
  • Hər ikisi üçün. Mən ona məftunam.

Darya qollarını etiraz əlaməti olaraq qeyri-adi bir tərzdə qaldırdı.

  • Ax, o polyak! Başa düşmürəm, necə ola bilər ki, siz ingilislər bu uzundanışan hoqqabazın sözlərinə aldanmısınız?! O, bütünlükdə öz yurddaşlarının ciddiyyətsizliyidi; cümlələrindəki sözlərin axını, təmtəraqlı sözçülük, naqqallıq, dərinə nüfuz etmə xəstəliyi… Oxuyursan, oxuyursan, axırda əsərin məğzinin nə olduğuna gəlib çatanda çeynənmiş söz yığınından başqa nə görürsən?! Konrad qondarma paltar geyinib Viktor Hüqonun pyesini elan edən ikinci dərəcəli aktyora bənzəyir. Ilk beş dəqiqə deyəcəksin ki, hə, o, əsl qəhrəmandır, amma sonra bütün ruhun üsyana qalxır və qışqırırsan ki, yox, bütün bunlar saxtadır, yalandır.

O, elə ehtirasla danışırdı ki, Neyl hələ heç kəsi incəsənət və ya ədəbiyyat haqda danışarkən belə həyəcanlı görməmişdi. Qadının solğun yanaqları allanmış, gözləri par-par yanırdı.

  • Ab-havanı Konrad kimi anlayan yoxdur, – Neyl dedi. – Onu oxuyanda mən Şərqi duya bilirəm, görə bilirəm, hiss edə bilirəm.
  • Cəfəngiyyatdır. Şərq haqqında axı sən nə bilirsən? Kimdən soruşsan sənə deyəcək ki, o, çox kobud səhvlərə yol verib. Uzağa niyə gedirsən, elə Anqasdan soruş.
  • Əlbəttə, o, həmişə haqlı olmayıb, – Manro özünəməxsus təmkinli, düşüncəli bir tərzdə dilləndi. – Onun təsvir etdiyi Borneo bizim indi görüb-bildiyimiz Borneo deyil. Konrad Borneonu ancaq ticarət gəmisinin göyərtəsindən müşahidə eləyib və hətta gördüyü şeylər barədə də o qədər uzaqgörən müşahidəçi olmayıb. Ancaq nə olsun ki?! Başa düşmürəm axı nəyə görə fakt bədii ədəbiyyata mane olmalıdır? Ruhun qaranlıq, məşum, qeyri-real, qəhrəmanlıq dünyasını yaratmış olmaq, məncə, heç də zəif nailiyyət deyil.
  • Sən nə yaman sentimental imişsən mənim zavallı Anqasım! – Darya yenidən Neylə üzünü çevirdi. – Sən Turgenevi, Tolstoyu, Dostoyevskini oxumalısan!

Neyl Darya Manronun hərəkətlərindən bir şey kəsdirə bilmirdi. Tanışlığının ilk anından qadın onunla dərhal elə rəftar etməyə başladı ki, sanki bütün həyatı boyu ən yaxından tanıdığı bir adamdır. Bu, oğlanı lap karıxdırmışdı. Həm də çox qorxulu görünürdü. Biri ilə qarşılaşanda birinci onun intuisiyası işə düşməli idi. Özü səmimi oğlan idi, ancaq nə etmək lazım gəldiyini qərarlaşdırmadan bir addım o yan-bu yana atmağı xoşlamırdı. Əmin olmayınca heç kimə etibar etmək istəmirdi. Ancaq Daryanın yanında bu, mümkünmü idi? O, sanki zorla sənin etimadını qazanırdı. Darya əksəriyyətin gizli saxladığı duyğu və fikirləri qızıl parçalarını səxavətlə sağa-sola sovuran təki açıb tökürdü. O, Neylin tanıdığı, bildiyi adamlar kimi danışmır, onlar kimi hərəkət etmirdi. Dediyi sözlər heç vecinə də gəlmirdi. Insanın təbii vəzifələri haqqında elə danışırdı ki, bu söhbətlər Neyli həqiqətən utandırırdı. Bu da Daryanı əyləndiridi.

  • Ay aman, sən nə yaman dardüşüncəli adamsan! Burada ədəbsiz nə var ki? Işlətmə dərmanı qəbul etməyə hazırlaşıramsa niyə bunu elə beləcə də deməkdən çəkinməliyəm? Əgər sənin istədiyin şey mənim də könlümdən keçirsə, niyə bunu sənə elə beləcə söyləməməliyəm?
  • Nəzəri cəhətdən sizin haqlı olduğunuzu deyə bilərəm, – deyə Neyl həmişə olduğu kimi ağıl və düşüncə ilə cavab verdi.

Darya Neyli ata-anası, qardaşları, məktəb və universitet həyatı haqqında danışmağa vadar etdi. Özü barədə də az şey demədi. Dedi ki, atası müharibədə həlak olmuş general, anası isə Luçkov şahzadəsi imiş. Bolşeviklər hakimiyyəti ələ alanda onlar Şərqi Rusiyada olublar və oradan da Yokohamaya qaçıblar. Burada onlar qaçarkən xilas edib özləri ilə götürə bildikləri dəyərli incəsənət əşyaları və zinət şeylərini satmaqla miskin bir şəkildə yaşayıblar. Sonra Darya orada sürgündə olan bir adama ərə gedib. Ancaq onunla xoşbəxt olmadığından iki il sonra boşanıb. Anası ölüb və bir qəpiksiz qalan qız çörək pulunu bacardığı kimi qazanmağa məcbur olub. Bir Amerika yardımçı təşkilatı ona iş təklif eləyib. Missioner məktəbində dərs deyib, xəstəxanada işləyib. Müdafiəsziliyindən və yoxsulluğundan istıfadə edərək ondan yararlanmağa çalışan kişilər haqda danışanda isə Neyl özündən çıxdı, eyni zamanda da çaşıb qaldı.

  • Vəhşilər! – o bağırdı.
  • Əşi, elə bütün kişilər belədir, – Darya çiyinlərini çəkərək cavab verdi. Sonra isə hətta bir dəfə revolverin gücünə ləyaqətini necə qorumağını da danışdı. – And içdim ki, əgər o, bir addım da irəli ayaq atsa, onu öldürəcəm. Həqiqətən də əgər o, buna cəsarət etsəydi onu it kimi gəbərdəcəkdim.
  • Lənət olsun! – Neyl nifrət yağdırdı.

Elə Anqasla da Darya Yokohamada tanış olub. Anqas Yaponiyada məzuniyyət günlərini keçirirdi. Qadını onun səmimiyyəti, ləyaqəti, ədəb-ərkanı, nəzakəti, diqqətcil olmağı məftun eləyib. O, ticarətçi deyildi. Alim idi, elm də ki, incəsənətin süd qardaşı hesab olunur. O, Daryaya sakit həyat, təhlükəsizlik təklif edib. Darya Yaponiyadan bezmişdi. Borneo sirrlə dolu bir yer idi. Artıq beş il idi ki, evlidirlər.

Sonra Neylə mütaliə üçün rus yazıçılarının əsərlərini verdi. Bunlar “Atalar və oğullar”, “Anna Karenina” və “Karamazov qardaşları” əsərləri idilər.

  • Bu üç əsər bizim rus ədəbiyyatının zirvəsi hesab olunurlar. Onları oxu. Dünyada olan möhtəşəm romnlardır.

Digər yurddaşları kimi elə danışırdı ki, sanki dünyada başqa ədəbiyyat bu qədər əhəmiyyət kəsb eləmir və guya bir neçə roman, hekayə, əhəmiyyətsiz şeir və beş-altı yaxşı pyes dünyanın az miqdarda yaratdığı nə isə başqa bir şeydir. Neyl məftun olmuşdu.

  • Sən özün daha çox Alyoşaya oxşayırsan, Neyl! – o, xoş, səmimi gözlərlə ona baxdı. – Şübhəli və tədbirli, Şotland mətanəti olan, içindəki ruhun – mənəvi gözəlliyin üzə çıxmasına fürsət verməyən Alyoşasan.
  • Mən qətiyyən Alyoşaya bənzəmirəm, – deyə Neyl utancaqlıqla cavab verdi.
  • Sən özünün necə olduğunu bilmirsən. Özün haqda heç nə bilmirsən. Niyə təbiətşünas olmusan? Pula görə? Əgər Qlazqodakı əminin yanında işə düzəlsəydin bundan daha çox pul qazaan bilərdin. Hiss edirəm ki, səndə nə isə qəribə və fövqəladə bir şey var. Zossima ata Dmitrinin qarşısında diz çökdüyü kimi sənin qarşında diz çökə bilərdim.
  • Xahiş edirım, lazım deyil, belə deməyin, – deyə Neyl utancaqlıqıa cavab verdi.

Lakin Neylin oxuduğu roman, povestlər Daryanın ona daha az qəribə görünməsinə səbəb oldu. Kitablar Daryaya bu imkanı verirdilər. Və Neyl bu qadında rus bədii ədəbiyyatındakı əksər surətlər üçün adi xarakterik xüsusiyyətləri görüb tanıdı, hərçənd onun Şotlandiyada görüb tanıdığı qadınlar, anası, Qlazqodakı əmisinin qızları üçün bütün bunlar qeyri-adi xüsusiyyətlər idilər.

Artıq o, Daryanın bolluca çay içərək gecəyarısına qədər oturmasına, kitab oxumaq və siqaret çəkməklə demək olar ki, bütün günü divanda uzanmasına qətiyyən təəccüblənmirdi. Günlərlə dalbadal əlini ağdan-qaraya heç nəyə vurmadan otururdu. Bu qadında yorğunluqla çılğınlığın çox qəribə qarışığı hökm sürürdü. Çox zaman çiyinlərini çəkərək Şərq əhlindən olduğunu və Avropaya təsadüfən düşdüyünü söyləyirdi. Onda nə isə pişik hiyləgərliyinə bənzəyən bir məlahət var idi ki, bu da doğrudan da onun Şərq əhlindən olduğunu xəbər verirdi. Həddindən artıq səliqəsizdi və deyəsən qonaq otağı boyunca ora-bura dağılmış siqaret kötükləri , köhnə kağız-kuğuzlar, boş konserv qutuları onu heç də narahat etmirdi. Lakin Neyl onda Anna Kareninaya məxsus hansısa bir xüsusiyyətin olduğunu düşünürdü və o ürəksızladan məxluqa – Anna Kareninaya duyduğu acıma hissimi Daryaya qarşı duyurdu. Neyl onun dikbaşlığını anlamağa çalışırdı. Əlbəttə, bu, təbii idi ki, Darya Neylin yavaş-yavaş tanış olduğu cəmiyyətə mənsub olan qadınlara nifrət edirdi; çünki onlar adi idilər. Daryanın ağlı onlarınkından daha iti idi, daha geniş dünyagörünüşü vardı və bunlardan əlavə ona nə isə o cəmiyyətə mənsub qadınları onun yanında qeyri-adi bir şəkildə sönükləşdirən titrək bir həssaslıq xas idi. Darya onların etimadını, ya da sevgisini qazanmağa heç səy belə göstərmirid. Evdə saronq və ya bajuya bürünərək gəzməsinə baxmayaraq, Anqasla bayırda nahar etməyə gedəndə Darya çox gözəl geyinirdi. Lakin bu, bir az yersiz idi; iri döşlərini və böyük yançaqlarını nümayiş etdirməkdən zövq alırdı. Səhnəyə çıxan aktrisa kimi yanaqlarını boyayır, gözlərinə qara çəkirdi. Daryanın zahiri görünüşünə camaatın gülüş və həqarət dolu baxışlarla baxmasını görmək Neyli əsəbləşdirsə də ürəyində Daryanın özünü bu vəziyyətə salmasına təəssüf edirdi. Olduqca bəzək-düzəkli idi. Kim olduğunu bilməsəydin, elə düşünərdin ki, əxlaqsız birisidir. Hətta elə şeylər vardı ki, Neyl heç cür özünü bunlara alışdıra bilmirdi. Çox böyük iştahı vardı və oğlanı təəccüləndirirdi ki, o, Neyllə Anqasın birlikdə yediyindən də çox yemək yeyir.

Daryanın seks məsələlərini birbaşa, kəskin şəkildə müzakirə etməsinə də alışmaq asan deyildi. O, Neylin öz vətənində də, Edinburqda da olanda çoxlu qadınlarla eşq macərası yaşadığını ehtimal etmişdi. Onu həmin macəralar barədə təfsilatı ilə danışmağa məcbur edirdi. Şotlandlara məxsus bicliyi ona qadının bu cür zərbələrini dəf etməyə bir növ kömək edirdi və onun suallarından özünəməxsus bir ehtiyatla qaçırdı. Darya da onun belə qapalı olmağına gülürdü.

Bəzən Darya onu lap çaşdırırdı. Artıq o, bu qadının necə səmimiyyətlə ona məftun olduğunu söyləməsinə alışmışdı və Darya ona allahlar qədər yaraşıqlı olduğunu deyəndə heç tükü də tərpənmədi. Bu cür tərif onun ürəyinə yağ kimi yayıldı. Lakin dodaqlarında təbəssüm, oxşayıcı barmaqları olan iri, yumşaq əllərini Neylin saçlarında gəzdirəndə, hamar üzünü tumarlayanda, bu, heç onun xoşuna gəlməmişdi. Bütün bunlar onu çaşdırır və o, bu vəziyyətə nifrət edirdi.

Bir dəfə Darya su içmək istədi və stolun üstündə olan stəkana bir az su tökdü.

  • O, mənim stəkanımdır, – Neyl cəld dilləndi. – Elə indicə içmişəm.
  • Hə, nə olsun ki?! Hər halda sifilis xəstəliyinə tutulmamısan, elə deyilmi?
  • Yox, məsələn, mənim özümün başqalarının stəkanından içməkdən acığım gəlir.

Siqaret çəkmək məsələsində də Darya fərqlənirid. Bir dəfə, hələ lap təzə vaxtlarda, o, yenicə siqaret yandırmışdı və Darya onun böyründən keçəndə dedi:

  • Mən o siqareti istəyirəm.

O, siqareti oğlanın damağından aldı və özü sümürməyə başladı. Iki-üç qullab vurandan sonra siqareti geri qaytardı. Siqaretin kötüyü onun dodağının boyasından qızarmışdı və Neyl daha onu çəkmək istəmədi. Lakin onu tullayacağı təqdirdə qadının bunu kobudluq kimi anlayacağından çəkindi. Bu, əlbəttə onda ikrah hissi yaratdı. Darya tez-tez ondan siqaret istəyər və alanda deyərdi:

  • Zəhmət olmasa, mənim üçün onu alışdır.

O, siqareti yandırıb ona doğru uzadanda qadın ağzını elə açırdı ki, oğlan siqareti özü qoysun. Neyl özü siqaret çəkəndə kötüyün baş hissəsi həmişə bir az yaş olurdu. Və o, Daryanın bu cür siqareti necə ağzında saxlaya bilməsinə təəccüb edirdi. Bütün bunlar ədəbsizlik kimi görünürdü. Əmin idi ki, belə şeylər Manronun heç xoşuna gəlməz. Hətta bir iki-iki dəfə klubda olanda da Darya belə bir şey eləmişdi. Bu cür hallarda Neyl hiss edirdi ki, qıpqırmızı pörtüb. “Kaş onun belə xoşagəlməz hərəkətləri olmayaydı” deyə Neyl düşünürdü. O, bunları ruslara xas bir keyfiyyət kimi güman edirdi. Lakin heç kəs Daryanın yaxşı həmsöhbət olduğunu inkar edə bilməzdi. Onun söhbətləri həqiqətən şirnikdirici idi. “Bunu bir dəfə daddıqdan sonra iyrənc bir şey olduğunu düşündüyün şampana bənzətmək olar” deyə Neyl fikirləşərdi. Həm də bu qadının nitqi bolluca metaforalarla zəngindi.

Daryanın, haqqında danışa bilməyəcəyi mövzu yox idi. O, kişilər kimi danışmırdı; kişi ilə söhbət edəndə adətən onun daha sonra nə deyəcəyini hiss edirsən, ancaq Darya ilə bu, sadəcə mümkün deyildi. Onun intuisiyası da yaxşı işləyirdi. Sənə ideya verirdi. Dünyagörüşünü genişləndirir və həmsöhbətində müəyyən təsəvvür oyada bilirdi.

Neyl özünü əvvəllər olmadığı qədər çevik hiss edirdi. Ona elə gəlirdi ki, sanki dağın zirvəsində gəzir və ruhunun görüş dairəsi qeyri-məhduddur. Sərhədsizdir. Öz dünyagörüşü ilə Daryanın baxışlarının necə yüksək səviyyədə ünsiyyətdə olduğu haqda şübhələrinə son qoyanda Neyl müəyyən mənada arxayınçılıq hiss etdi.

Darya bir çox cəhətdən Neylin indiyə qədər rast gəlmiş olduğu ən ziyalı qadındı. Neyl özü təbiətən çox ehtiyatlı idi və nadir hallarda bilmədiyi şey haqqında fikir yürüdərdi. Bir də ki, burada başqa fikir ola da bilməzdi; axı, o, Anqas Manronun arvadı idi.

Darya haqda şübhələri nə olursa olsun, Manro barəsində bu cür fikirləri yox idi və Manroya duyduğu böyük məftunluq hissindən istifadə etməsəydi, bəlkə də daha az diqqət çəkərdi. Manronun yanında Neylin əli-qolu açılırdı, çəkinmirdi, özünü sərbəst hiss edirdi. Ona qarşı əvvəllər heç kəsə duymadığı şeylər vardı. Çünki o, ağlı başında, təmkinli, dözümlü adamdı. Neyl yaşa dolduqca məhz elə bu cür olmaq istərdi. O, az danışar, həm də danışığında sağlam düşüncə hökm sürərdi. Müdrik idi. Soyuq yumor hissinə malikdi. Və Neyl bunu duyurdu. Manro mehribandı, səbirli idi. Elə bir məziyyətə sahib bir adamdi ki, hər kəsin onunla sərbəst rəftar etməsini təsəvvür etmək qeyri-mümkündü. Ancaq o, nə təşəxxüslü, nə də iddialı görünürdü. Əksinə çox vicdanlı və tamamilə həqiqət tərəfdarı idi. Neyl ona həm bir insan, həm də bir alim kimi heyranlıq hissi bəsləyirdi. Yaradıcı fantaziyası vardı. Çox ehtiyatlı və həddən artıq çalışqandı. Tədqiqat işi ilə maraqlandığına rəğmən muzeydə öhdəsinə düşən işləri də vicdanla yerinə yetirirdi. Elə o vaxtlar daha çox həşəratlarla maraqlanır və partenogenetik çoxalmada onların səmərəliliyi haqda elmi məqalə də yazmaq fikrindəydi. Bir dəfə apardığı təcrübələrlə əlaqədar elə bir hadisə baş verdi ki, bunun Neylə çox böyük təsiri oldu.

Bir gün əsir götürülmüş balaca bir hibbon zəncirini qırmış, bütün sürfələri yemiş və beləliklə də Manronun əldə olan bütün dəlillərini məhv etmişdi. Neyl az qala ağlayırdı. Ancaq Manro hibbonu qucağına aldı və gülümsəyərək tumarladı.

  • Əla! Əla! – deyə Nyutondan sitat gətirərək dedi, – necə ziyanəvərlik elədiyindən yəqin ki, xəbərin yoxdur?!

O, mimikriyanı öyrənirdi və bu mübahisəli mövzu ilə əlaqədar bütün diqqətini çəkən marağını Neylə də təlqin etmişdi. Bu haqda ardı-arası kəsilmədən söhbət edirdilər. Anqasın dərin biliyinə heyran qalmışdı. Onun biliyi hərtərəfli idi və Neyl hətta öz cahilliyindən sıxılırdı da. Lakin onun həyəcanı o zaman daha sirayətedici oldu ki, Manro nümunə toplamaq üçün şəhər kənarına səyahət haqqında danışmağa başladı. Bu, əsl həyat idi. Ancaq nadir əldə edilən, hətta bəlkə yeni nümunələr tapmaq həyəcanı, mənzərə gözəlliyindən həzz almaq və təbiəti yaxından müşahidə etmək və hər şeydən əvvəl hərtərəfli azadlıq hissi ilə mükafatlandırılan ağır sınaq, çətinlik, çox zaman ehtiyac, bəzən isə təhlükə dolu bir həyat idi. Neyl əsasən işin məhz elə bu tərəfi ilə məşğul olurdu. Manro elmi işlə əlaqədar olduğundan həftələrlə evdən kənarda olması onun üçün müəyyən çətinlik törədirdi. Darya isə onu müşayiət etməkdən imtina edirdi. Çünki cəngəllikdən ağlasığmaz dərəcədə vahimələnirdi. Vəhşi heyvanlar, ilanlar, zəhərli həşəratlar onu dəhşətə gətirirdi. Manro dönə-dönə təkrar etsə də ki, heyvanlar onları incitməyən və ya qorxutmayan adama toxunmurlar, Darya yenə də özünün qeyri-adi qorxusunu dəf edə bilmirdi. O, arvadını tək qoyub getməyi də xoşlamırdı. Bu yerin adamlarını Darya heç sevmirdi və Manro dərk edirdi ki, özü burada olmayanda Darya üçün həyat dözülməz dərəcədə boş görünür. Lakin Sultan təbiətşünaslıqla dərindən maraqlanır və çox çalışırdı ki, bu muzeyi ölkənin faunasının tipik nümunəsinə çevirsin.

Bir ekspedisiya var idi ki, oraya Manro ilə Neyl birlikdə getməli idilər. Onlar aylarla bu ekspedisiya ilə bağlı planları müzakirə etmişdilər. Neyl buna o qədər böyük ümidlə baxırdı ki, hələ həyatında heç nəyə bu qədər ümid bəsləməmişdi.

Bu arada Neyl Malayyaca öyrənirdi və onlara məxsus dialektlərin də az bir hissəsinə yiyələndi; düşündü ki, gələcək səyahətlərində bütün bunların ona faydası ola bilər. Arabir tennis və futbol oynayırdı. Tez bir zamanda birlikdəki adamları da yaxından tanıdı. Futbol meydançasında Neyl elmə və rus ədəbiyyatına olan marağını unudur, oyundan həzz almağa çalışırdı. O, güclü, çevik və fəal idi. Oyun bitdikdən sonra yuyunub-yaxalanmaq, bir dilim limonla tonik içmək və başqaları ilə bütün bunları təhlil etmək çox xoşdu. Neylin axıracan Manrogildə qalması nəzərdə tutulmamışdı. Kualo Solordakı səyahətçilər üçün böyük bir mehmanxana vardı, lakin qayda beləydi ki, iki həftədən artıq qalmaq olmazdı və rəsmi yaşayış yeri olmayan subaylar evi öz aralarında bölüşdürürdülər. Neyl ora gələndə bir dənə də olsun boş yer qalmamışdı. Bir axşam, artıq Neyl təxminən dörd ay idi ki, gəlmişdi, bir partiya tennis oynadıqdan sonra oturub söhbət edən Uorinq və Conson adlı iki nəfər Neylə yoldaşlarından birinin köçdüyünü söylədilər və dedilər ki, əgər onlara qoşulmaq istəyərsə bundan çox məmnun olarlar. Bu uşaqlar futbol komandasında elə Neylin həmyaşıdlarıydılar və Neyl onların hər ikisini çox istəyirdi. Uorinq kömrükxanada, Conson isə polisdə işləyirdi. Neyl bunu eşitcək onların bu təkliifndən dördəlli yapışdı. Qiymətinin neçə olduğunu dedilər və köçmək üçün münasib vaxt da müəyyənləşdirdilər: iki həftə sonra.

Nahar zamanı Neyl Manrolara dedi:

  • Bu qədər vaxtı məni burada qonaq etməyiniz sizin tərfinizdən son dərəcə böyük bir alicənablıqdır. Yerinizi tutmaq məni yaman narahat edir. Vallah, xəcalət çəkirəm, başqa nə deyim?!
  • Bizim üçün sənin burada qalmağın olduqca xoşdur, – Darya dedi, – üzrxahlıq eləmənə ehtiyac yoxdur.
  • Yox, bundan sonra bu, daha belə davam edə bilməz.
  • Niyə də olmasın ki?! Maaşın azdır, əlində olanı da pansionata verməkdən sənə nə xeyir gələcək? Consonla Uorinqin yanında xiffətdən ölərsən. Səfehlər! Başlarında qrammafon oxutmaqla laqqırtı vurmaqdan savayı özgə heç nə yoxdur.

Əlbəttə, pul xərcləmədən qalmaq daha sərfəli idi. O, maaşının böyük bir hissəsini yığırdı. Qənaitcil idi, lüzum olmadıqca pul xərcləməzdi, ancaq həm də qürurlu idi, başqalarının hesabına yaşamağa davam edə bilməzdi. Darya sakit, diqqətli nəzərlərlə ona baxdı.

  • Anqasla mən sənə yaman öyrəşmişik. Mənə elə gəlir ki, sənsiz darıxarıq. Əgər bu, sənin üçün qürur məsələsidirsə, onda burada yaşadığın üçün kirayə haqqı ödəyə bilərsən. Onsuz da burada qalmağın bizə baha başa gəlmir. Ancaq əgər səni rahat edəcəksə, mən hansı xörəyi daha çox bəyəndiyini öyrənərəm, sən də yalnız onun pulunu ödəyərsən.
  • Evdə kənar adamın olması yəqin ki, narahatçılığa səbəb olur, – Neyl tərəddüdlə cavab verdi.
  • Orada sənin günün yaxşı keçməyəcək. Allah göstərməsin, yedikləri zir-zibildir.

Əlbəttə, Manroların evində yeməyə söz ola bilməzdi. Bir-iki dəfə bayırda yemək yemişdi. Hətta rezidentin iqamətgahında da yaxşı yemək yox idi. Darya öz xörəklərini bəyənir və aşbazı da tələblərə cavab verən səviyyədə saxlayırdı. Aşbazın hazırladıqlarını təam etmək ayrıca bir ləzzət idi. Daryanın borşunu dadmaq üçün beş mil yol getməyə dəyərdi. Ancaq hələ Manro öz sözünü deməmişdi.

  • Burada bizimlə qalsan şad olaram, – nəhayət o dilləndi, – çətin vəziyyətdə sənin burada olmağın daha münasibdir. Ortaya bir şey çıxanda, sən yanımda olsan, onu əlüstü müzakirə edə bilərik. Əlbəttə, Uorinq də, Conson da çox yaxşı oğlanlardı, ancaq bir az keçmiş özün görəcəksin ki, çox dardüşüncəli uşaqlardır.
  • Əgər belə məsləhətdirsə, onda qalmağıma məmnun olaram. Allah da şahiddir ki, daha bundan yaxşısını istəyə bilmərəm. Sadəcə olaraq, sizə maneçilik törətməkdən qorxurdum.

Səhərisi gün şıdırğı yağış yağdığından futbol və ya tennis oynamaq mümkün deyildi. Ancaq saat 6-ya yaxın Neyl makintoşunu geyinib kluba getdi. Kresloda oturub qəzet oxuyan rezidentdən başqa orada heç kəs yox idi. Rezidentin adı Trevelyan idi və demişdi ki, Bayronun dostlarından birinə qohumluğu çatır. O, ucaboy və kökdü, qısa vurulmuş ağ saçları olan və komik aktyorlarınkı kimi yekə, qırmızı sifətli bir adam idi. Özfəaliyyət tamaşalarını xoşlayır, həyasız hersoqları və zarafatcıl eşikağalarını oynamaqda püxtələşmiş tamaşaları bəyənirdi. Evlənməmişdi. Qızlarla gün keçirməyi deyəsən yamanca xoşlayırdı. Nahardan əvvəl mütləq cin-nahit içirdi. Bu mövqeyə Sultanla olan dostluğu sayəsində gəlib çatmışdı. Hər şeyin öz yolunda getməsini, heç kəsin problem yaratmamasını arzulayan laqeyd, arxayın, söhbət etməyi sevən, işə can yandırmayan biri idi. O qədər işinin mahir bilicisi hesab olunmasa belə oralarda müəyyən nüfuz sahibi idi. Çünki olduqca şən və qonaqpərvərdi. Bacarıqlı və çalışqan olsaydı da bundan daha rahat həyat qura bilməzdi. O, başını Neylə tərəf döndərib soruşdu:

  • Hə, cavan oğlan, həşəratların necədir?
  • Havaya qarşı yaman həssasdırlar, cənab, – deyə Neyl ciddiyyətlə cavab verdi.
  • Hi-hi-hi…

Bir neçə dəqiqə keçmiş Uorinq, Conson və Bişop adlanan başqa bir adam içəri girdi; o, dövlət mülki işində işləyirdi. Neyl bric oynamırdı. Ona görə də Bişop rezidentə yaxınlaşdı.

  • Istərdinizmi dördlük düzəldək, cənab? Bu gün klubda elə də çox adam yoxdur.

Rezident otaqdakılara bir göz gəzdirdi.

  • Mən razı. Məqaləni oxuyub qurtardım. Sizə qoşulacağam. Mənim üçün də kart kəs, payla. Beşcə dəqiqəyə gəlirəm.

Neyl həmin o üç nəfərin yanına getdi.

  • Ah, Uorinq, çox təşəkkür edirəm, ancaq təəssüf ki, sizin yanınıza köçə bilməyəcəyəm. Manrolar üz vurdular ki, onlarda qalım.

Uorinqin simasında açıq sezilən bir təbəssüm oynadı.

  • Sən bir işə bax ha!
  • Bu, onlar tərəfindən alicənablıqdır, deyilmi? Bunu az qala özlərinə borc hesab edirlər. Ona görə də yox deyə bilmədim.
  • Mən sənə nə demişdim?! – Bişop dilləndi.
  • Mən oğlanı günahlandırmıram, – Uorinq əlavə etdi.

Onların davranışında mübhəm bir şey sezilirdi ki, bu, qətiyyən Neylin xoşuna gəlmədi. Deyəsən, onlar məzələnirlər, axı?! Və adəti üzrə qızardı.

  • Lənət şeytana, siz axı nə demək istəyirsiniz? – o, az qala qışqırdı.
  • Əşi, sən də qurtar görək ey, – Bişop dedi. – Daryanı tanıyırıq da. Hər halda sən onun oynadığı ilk yaraşıqlı gənc deyilsən. Heç sonuncusu da olmayacaqsan.

Sözlər elə təzəcə onun ağzından çıxmışdı ki, Neylin sıxılmış yumruğu qığılcım kimi havaya qalxdı. Zərbə Bişopa necə dəydisə, o, daş kimi yerə sərildi. Conson Neylin üzərinə atılaraq onun belindən yapışdı. Çünki Neyl artıq özünü-sözünü bilmirdi.

  • Burax məni, – qışqırırdı. – Əgər o, sözünü geri götürməsə, onu öldürəcəm.

Bu mərəkədən çaş-baş qalan rezident ayağa qalxdı və ağır addımlarla onlara tərəf istiqamət aldı.

  • Bu nədir? Bu nədir? Lənət şeytana, bu nə oyundur çıxarırsınız?

Onlar özlərini itirdilər. Doğrudan da rezidentin orada olduğunu unutmuşdular. Axı, o, onlaırn böyüyü idi. Conson Neyli buraxdı, Bişop da özünü yığışdırdı. Rezident üzündə qəzəbli bir ifadə ilə Neylə tərəf dönüb onunla ciddi bir şəkildə danışmağa başladı.

  • Bu bə deməkdir? Sən idin də Bişopu vuran?
  • Bəli, cənab.
  • Nə səbəbə?
  • Çünki o qadın ləyaqətinə kölgə salan çox iyrənc bir söz atdı, – deyə Neyl kibrlə, ancaq qəzəbdən ağappaq ağarmış bir halda cavab verdi.

Rezidentin gözləri işıldadı, lakin üzündəki ciddiyyəti saxladı.

  • Hansı qadının?
  • Mən buna cavab verməkdən imtina edirəm. – Neyl başını arxaya ataraq və əzəmətli boy-buxununa görə özünü yığışdıraraq dilləndi.

Əgər rezident ondan iki düym hündür və daha da cüssəli olmasaydı, bu səhnə daha təsiredici olardı.

  • Axmaqlama!
  • Darya Manronun. – Conson dedi.
  • Bişop, sən Allah, nə demisən ki?
  • Dəqiq nə dediyim yadımda deyil. Dedim ki, o qadın burada çox gənc oğlanlarla yatağa atılıb. Eyni şeyi də Makadamla etmək fürsətini buraxmayacağını dedim.
  • Bu, əlbəttə, çox təhqiramiz bir eyhamdır. Yaxşı olardı ki, üzr istəyəsən və əl sıxasınız. Hər ikiniz!
  • Mən çox ağır zərbə yedim. Az qalır gözüm yerindən çıxsın. Həm də əgər həqiqəti dediyimə görə üzr istəyirəmsə, Allah vurmuşdu!
  • Hər halda özün də etiraf edirsən ki, dediyin sözlərin doğru olduğunu təsdiq etmək daha da təhqiramizdir. Sənin gözünə gəldikdə isə, tam qızarmamış bifşteks belə hallarda köməyə gəlir. Hərçənd sizin üzr istəməyinizi nəzakət formasında istədim, əslində isə bu, bir əmrdir! Hə, nəyi gözləyirsiniz?

Ortaya bir dəqiqəlik sükut çökdü. Rezident ədəbli görünürdü.

  • Dediyim sözlərə görə üzr istəyirəm, cənab, – Bişop qaşqabaqlı halda dilləndi.
  • Hə, indi də sən, Makadam.
  • Onu vurduğuma görə təəssüf edirəm, cənab. Mən də üzr istəyirəm.
  • Əlinizi sıxın görüm.

Hər ikisi təntənəli surətdə deyiləni elədilər.

  • Bu söhbətin daha artıq uzanmasını istəməzdim. Düşünürəm ki, burada hamı Manronun xətrini çox istəyir. Elə onun üçün də, bu, heç yaxşı düşməz. Sizin hamınızın dilinizi saxlaya biləcəyinizdən əmin ola bilərəmmi?

Onlar razılıq əlaməti olaraq başlarını tərpətdilər.

  • Indi isə gedin. Sən isə, Makadam, dayan. Bir-iki kəlmə sözüm var sənə deyiləsi.

Ikilikdə qlaanda rezident oturdu və bir siqar yandırdı. Birini də Neylə təklif etdi, lakin o, yalnız siqaretə üstünlük verirdi.

  • Sən yaman tez özündən çıxansan ha?! – Rezident təbəssümlə sözə başladı. – Mən öz işçilərimin ictimai yerlərdə bu cür oyunlar çıxarmalarını bəyənmirəm.
  • Xanım Manro mənim böyük dostumdur. Mənə qarşı hər zaman mehriban olub. Onun əleyhinə bir kəlmə belə eşitməyi arzulamıram.
  • Onda qorxuram ki, əgər buralarda bir az da çox qalsan, işini atıb getməli olacaqsan.

Neyl bir anlığa susdu. Ucaboy və qədd-qamətli bir gənc olan Neyl rezidentin qarşısında dayanmışdı, ciddi üzü səmimi görünürdü. Birdən başını kobudcasına arxaya atdı. O qədər həyəcanlı idi ki, hətta həmişəkindən daha güclü Şotlandiya ləhcəsində danışırdı.

  • Mən Manrolarla dörd aydır ki, bir dam altında yaşayıram. Şərəfimə and içə bilərəm ki, o heyvanın dediklərində zərrə qədər də olsun həqiqət deyilən şey yoxdur. Xanım Manro mənə qarşı qeyri-münasib saydığınız ədəbsizliyi etməyib. Heç vaxt! Nə sözlə, nə də bir hərəkətlə mənə beynində qeyri-əxlaqi fikir olduğu barədə kiçicik bir işarə belə verməyib. Həmişə mənə bir ana, ya da böyük bir bacı kimi yanaşıb.

Rezident ona istehzalı nəzər saldı.

  • Bunu eşitdiyimə çox şadam. Uzun müddət ərzində onun haqqında qulağıma çatan ən yaxşı sözdür.
  • Siz mənə inanırsınız, cənab, deyilmi?
  • Əlbəttə. Yəqin ki, sən onu düz yola qaytarmısan?!!

Rezident xidmətçini səslədi.

  • Ey, oradan mənə cin-nahit gətir! – Sonra yenidən Neylə tərəf döndü. – Bəsdir daha. Getmək istəyirsənsə, gedə bilərsən. Ancaq yadında saxla: dava-dalaş olmasın. Yoxsa qovulacaqsan!

Manronun bunqalosuna gələndə yağış artıq kəsmişdi, göyün üzü ulduzlardan par-par yanırdı. Bağda işıldaquşlar o yan-bu yana uçuşurdular. Torpaqdan xoş iyli qoxu qalxırdı. Hiss eləyirdin ki, sanki ayaq saxlayıb dayansan sıx, qalın bitki örtüyünün boy artımını belə duya bilərsən. Ətrafa çiçəklərin zərif və xoş rayihəsi yayılırdı. Manro verandada oturub bəzi qeydlərini makinada çap eləyir, Darya isə uzun kürsüdə yayxanaraq mütaliə ilə məşğul idi. Onun oturduğu kürsünün arxasındakı lampa onun saçını elə işıqlandırırdı ki, şəfəq kimi parıldayırdı. O, başını qaldırıb Neylə baxdı, oxuduğu kitabı yerə qoydu və gülümsədi. Çox səmimi təbəssüm idi.

  • Haralardaydın Neyl?
  • Kluba getmişdim.
  • Adam var idi oralarda?

Rahat və ailəvi bir mənzərə yaranmışdı. Daryanın davranışı elə sakit və qətiyyətli idi ki, buna rəğbət hissi ilə yanaşmamaq qeyri-mümkündü. Hər ikisi, hərəsinin başı öz işinə qarışmış halda elə mehriban, bir-birinə yaxınlıqları elə təbii görünürdü ki, heç kəs onların xoşbəxt olmadıqlarını təsəvvür belə edə bilməzdi. Neyl nə Bişopun dediklərinə, nə də rezidentin eyhamına inanırdı. Bu, nə isə ağlasığmaz bir şey idi. Bütün bunlar bir yana, axı, onlaırn Neyl barədəki şübhələri də əsassız idi. Belə olan halda onlaırn düşündükləri digər şeylərin doğru olduğunu güman etməyə əldə hansı əsas vardı ki?! Hamısı qaraürəkli adamlardır! Özləri iyrəncdirlər, ona görə də elə bilirlər ki, hamı elədir. Barmağının oynağı onu bir az incidirdi. Ancaq Bişopu vurduğuna peşman deyildi. Fikirləşirdi ki, bu ürəkbulandıran söhbəti uydurub ortaya salanı bircə tanısaydı, onda o adamın boynunu sındırardı.

Indi isə Manro bu qədər çox müzakirə etdikləri ekspedisiyanın gününü artıq təyin etdi və özünəməxsus ehtiyatlı bir tövrlə hazırlıqlara başladı ki, son anda unudulan bir şey olmasın. Planda mümkün qədər çox çayyuxarı getmək, sonra yolu cəngəllikdən salmaq və daha sonra az tanınan Maunt Hitamda[29] nümunə axtarışlarına çıxmaq nəzərdə tutulmuşdu. Onlar iki ay burada olmayacaqlarını ümid edirdilər. Yola düşəcəkləri gün yaxınlaşdıqca Manronun kefi kökəlir, az danışmağına, özünü sakit və mümkün qədər təmkinli aparmağına rəğmən gözlərindəki işıqdan, şən yerişindən bunu necə də səbirsizliklə gözlədiyini duymaq çətin deyildi.

Amma bir səhər muzeydə yaman həyəcanlı görünürdü.

  • Sənə yaxşı bir xəbərim var, – deyə apardıqları eksperimentə nəzər saldıqdan sonra Manro qəflətən Neylə tərəf dönüb dedi, – Darya da bizimlə gəlir!
  • Doğrudan?! Bu ki əladır!

Neyl çox sevindi. Bax, bu, lap yerinə düşdü.

  • Birinci dəfədir ki, onu özümlə getməyə razı sala bilmişəm. Həmişə deyib-dururdum ki, bu, onun xoşuna gələcək, ancaq heç vaxt mənə qulaq asmazdı. Qadınlar qəribə məxluqdurlar, vallah. Elə indi də mənimlə getməsini ondan istəməyi heç ağlıma da gətirməzdim. Birdən keçən gecə heç gözləmədiyim halda özü mənimlə getmək istədiyini dedi.
  • Buna çox sevindim, – Neyl dedi.
  • Onu təkbaşına uzun müddətə qoyub getmək fikri həmişə məni narahat edib. Indi istədiyimiz qədər orada qala bilərik.

Bir səhər tezdən içində Malayyalılar da olan dörd minikdə yola düşdülər. Əlavə olaraq özləri ilə xidmətçilər və dörd nəfər Dyaklı ovcular da götürdülər. Onlardan üçü çardağın altında, taxtın üstündə yanbayan uzandılar. Digər qayıqlarda isə çinli xidmətçilər və digər Dyaklılar qaldılar. Onlar düyü dolu çantalar, özləri üçün azuqə ehtiyatı, pal-paltar, kitab və iş üçün laızm olan başqa şeylər aparırdılar. Sivilizasiyalı şəhər həyatını geridə qoyub buralara gəlmək qəlbi riqqətə gətirir və valehedici bir təsir bağışlayırdı. Elə buna görə də onlar hamısı həyəcanlı idilər. Söhbətləşir, siqaret çəkir, mütaliə edirdilər. Çay olduqca sakit idi. Sonra otlu sahildə nahar da etdilər.

Qaş qaralırdı. Gecəni keçirmək üçün sahilə yan almaq lazım idi. Uzun bir evin yanında yatdılar və oranın Dyaklı sahibləri qonaqların gəlişini gözəl çıxışla, valehedici rəqslə qeyd etdilər. Səhərisi gün get-gedə daralan çay onlarda belə bir hiss yaradırdı ki, suyun kənarında sahili basmış naməlum, qeyri-adi yaşıllığa doğru getmək qorxulu deyil. Bu, Neylin ürəyini dağa döndərirdi. Bu, nə isə möcüzəli və məftunedici bir aləm idi. Üçüncü gün su daha dayaz, axın isə güclü olduğundan onlar daha yüngül qayıqlara mindilər. Lakin tezliklə axın elə gücləndi ki, artıq qayıqsürənlər avar çəkə bilmirdilər və uzun ağaclarla axına qarşı güclü və heyranlıq doğuran hərəkətlə mübarizə aparırdılar. Arabir çayın gur axan yerinə çatanda quruya çıxmalı, yükləri boşaltmalı və qayıqları çay daşları səpilmiş yollarla yedəyə alıb aparmalı olurdular. Beş gündən sonra elə bir yerə gəlib çıxdılar ki, daha ondan o yana gedə bilməzdilər. Orada hökumət bunqalosu vardı və ekskursiya üçün Manronun Daxili İşlər Nazirliyi ilə saziş bağladığı müddətdə iki gecə orada qaldılar. Manro baqajı daşımaq üçün yükdaşıyanlar və Maunt Hitama yetişəndə ev tikmək üçün adamlar verilməsini istəyirdi. Kənd başçısının yaxınlıqda olmasını görmək Manro üçün vacib idi. Ancaq onun Manronun yanına gəlməsini gözləməkdənsə, vaxta qənaət etmək məqsədilə özünün kənd başçısının yanına getməli olduğunu düşündü və gəldikləri günün səhərisi bir mühafizəçi və iki nəfər Dyaklı ilə dan yeri sökülməmiş oraya getdi. Bir-iki saata geri dönəcəyinə ümid edirdi.

Manronu yola salandan sonra Neylin ağlına bir az çimmək düşdü. Bunqalodan azacıq aralı bir nohur vardı. Suyu elə təmiz idi ki, hətta dibindəki qumun zərrəsini belə görə bilərdin. Çay özü isə dar idi və ağaclar onu tamamilə tactavan kimi örtmüşdü. Olduqca gözəl bir guşə idi. Bu, Neylə hələ uşaq olarkən çimdiyi Şotlandiya çaylarındakı nohurları xatırlatdı. Hər halda bu, nə isə başqa cür bir gözəllik idi. Burada romantik əhval-ruhiyyə, vəhşi, çılpaq təbiət səhnəsi hökm sürüdü və bütün bunlar da onda özünün belə izah etməyə çətinlik çəkdiyi qəribə hisslər yaradırdı. O, əlbəttə, bunları duymağa, anlamağa çalışırdı, ancaq nəzərə alaq ki, ondan daha yaşlı və daha təcrübəlilər belə bu cazibəni təhlil etməkdə çətinlik çəkmişlər. Bir suquzğunu əyilmiş bir budağın üstündə oturmuşdu, parlaq mavi rəngi büllur kimi şəffaf suda əks olunurdu. Neyl əynindəki saronq və bajunu çıxarıb ataraq suya cumanda suquzğunu bəzəkli qanadları bərq vura-vura uçub getdi.

Su bir elə də soyuq deyildi. Təzədən özünü şappıltı ilə suya atdı. Güclü qollarının, ayaqlarının hərəkəti onun özünə ləzzət edirdi. Üzür, yarpaqların arasından mavi səmaya baxır, oradan süzülən günəş şüaları isə suyun üzündə şəfəq saçırdı. Qəflətən bir hənirti duydu.

  • Bədənin necə də ağappaqdır, Neyl!

Nəfəsinin tıxandığını hiss etdiyindən o, cəld aşağı çökdü və başını çevirəndə Daryanın ona baxdığını gördü.

  • Qulaq as, əynimdə heç paltar yoxdur a!
  • Gördüm. Bu cür çimmək daha da gözəldir. Bir dəqiqə gözlə, mən də gəlirəm. Su elə ilıqdır ki!

Darya da saronq və baju geyinirdi. Neyl cəld başını yana çevirdi ki, Daryanı utandırmasın. Çünki gördü ki, o, artıq paltarını soyunur. Sonra suya atıldığını da eşitdi. Azacıq arxaya çəkilərək Daryanın ondan bir az uzaq məsafədə üzməsi üçün şərait yaratdı, ancaq qadın üzərək düz ona tərəf gəldi.

  • Suyun bədənə təması necə də xoşdur, elə deyilmi? – o soruşdu.

Daha sonra Dayra güldü, əli ilə suyu düz Neylin üzünə sıçratdı. Neyl çaşıb qaldı, bilmədi ki, hara baxsın. Bu cür şəffaf suda Daryanın tamamilə çılpaq olduğunu görməmək mümkün deyildi. Hələ ki, elə bir pis şey yox idi, ancaq Neyl sonradan sudan çıxmağın necə çətin olacağını düşündü. Darya isə deyəsən bundan yamanca xoşhallanmışdı.

  • Saçımın islanıb-islanmaması heç vecimə də deyil, – o dedi.

Darya arxasını çevirdi və güclü hərəkətlərlə düz lap nohurun ortasına üzdü. Sudan çıxmaq istəyəndə Neyl düşündü ki, ən yaxşısı üzünü yana çevirməkdi və Darya paltarını geyinəndən sonra gedər və Neyl özü də rahatlıqla quruya çıxardı. Ancaq deyəsən Darya vəziyyətin gərginləşdiyinin fərqinə varmırdı. Neylin ona lap acığı tutdu. Bu cür hərəkətə, axı ədəbsizlikdən başqa nə ad vermək olardı?! Darya isə onunla söhbətinə davam edirdi. Sanki hər ikisi qurudadırlar və əyinlərində də geyim var. Bu azmış kimi, o, hələ üstəlik Neylin diqqətini özünə çəkdi:

  • Saçlarım dəhşətli görünür?! Islananda lap siçovul quyruğuna oxşayır. Bir dəqiqə məni çiyinlərinlə saxla, mən də heç olmasa onları burub yığım.
  • Yox, qaydasındadır, – Neyl dedi, – qoy elə belə də qalsın.
  • Yaman acmışam, – bir az keçmiş Darya yenidən dilləndi. – Nə deyirsən, bəlkə qəlyanaltı edək?!
  • Əgər çıxıb paltarını geyinsən, mən də bir dəqiqəyə gəlirəm.
  • Yaxşı, oldu.

O, üzərək suyun kənarına yaxınlaşdı və Neyl ədəbli bir insan kimi üzünü yana çevirdi ki, Daryanı sudan lüt çıxarkən görməsin.

  • Qalxa bilmirəm! – Darya çığırdı. – Mənə kömək etməli olacaqsan.

Suya düşmək çox asan idi, amma sahil sudan xeyli yuxarıda yerləşdiyindən çıxmaq üçün ağacın budağından yapışıb qalxmaq lazım gəlirdi.

  • Bacarmaram. Əynimdə bir dənə də olsun platar yoxdur.
  • Bilirəm. Sən də Şotlandlığına salma da! Sahilə çıx, əlini mənə ver.

Nə etmək olardı?! Başqa yol idi. Neyl fırlanaraq yuxarı atıldı, sonra da Daryanı dalınca dartıb çıxartdı. Darya öz saronqunu Neylin paltarlarının yanına qoymuşdu. O, laqeydcəsinə saronqu qaldırdı və onunla bədənini qurulamağa başladı. Neylin də eyni şeyi etməkdən başqa çarəsi qalmadı, ancaq ədəb qaydalarını gözləyərək üzünü tamam başqa səmtə tutdu.

  • Sənin doğrudan da çox gözəl dərin var, – Darya dedi, – Lap qadın dərisi kimi hamar və ağdır. Həddi-buluğa çatmış kişi bədənində bu, çox qəribədir. Heç sinəndə də tük yoxdur.

Neyl saronqa büründü və qollarını bajunun içinə saldı.

  • Hazırsan?

Qəlyanaltı üçün sıyıq, yumurta və bekon, soyuq ət yeməyi və marmelad var idi. Neyl bir az qaşqabaqlı görünürdü. Qadın demək olar ki, əsl rus idi. Bu cür hərəkət etmək onun tərəfindən əsl səfehlikdi. Əlbəttə, bunda zərəli elə bir şey görünmürdü, ancaq camaatın onun haqqında olmayan şeylər düşünməsinə bir növ şərait yaradırdı. Ən pisi də o idi ki, Daryaya bu barədə eyham belə vura bilməzdin. O, sənə, əmin ol ki, gülərdi! Ancaq fakt budur ki, əgər Kualo Solordakı adamlardan ən azı biri onları tamamiləə çılpaq bir yerdə çimən görsə idi, buradakıları aralarında əxlaqa zidd bir şey olmadığına inandırmaq sadəcə mümkün olmazdı. Özünəməxsus bir mühakimə ilə Neyl bu fikirlə razılaşdı ki, doğrudan da o adamları inandırmaq çətindir. Bu, Darya tərəfindən çox pis bir hərəkət idi.  Onun axı Neyli bu vəziyyətə salmağa nə haqqı vardı?! Yazıq oğlan özünü lap axmaq yerində hiss eləmişdi. Nə deyirsən de, bu, əxlaqsızlıq idi.

Səhəri gün onlar xidmətçilər, mühafizəçilər və ovçularla birlikdə yola düşdülər. Uzun bir cərgə təşkil edən bu adamlar yük dolu səbəti bellərində daşıyırdılar. Cığır kolluq və hündür otların bitdiyi dağətəyi yerlərdən keçirdi. Hərdən çayın elə dar yerinə gəlib çatırdılar ki, onu bambukdan düzəldilmiş sıçıq-salxaq körpülərlə keçməli olurdular. Gün də yaman qızğın idi. Günortadan bir xeyli keçmiş gəlib bambuk meşəsinin kölgəliyinə çatdılar. Biçimli bir tərzdə boy atmış bambuklar inanılmaz dərəcədə uzundurlar və onların saldığı yaşıl işıq dəniz altındakı işıq kimi görünürdü. Nəhayət qarmaqarışıq kələfə bənzəyən, qalın görünən bitkilər içində bir-birinə dolaşan nəhəng ağaclar olan vəhşi bir meşəyə gəlib çıxdılar. Vahimə onları basmışdı. Yollarını meşənin yanından saldılar. Alatoranlıqda yollarına davam edir, arabir ağacların yarpaqları arasından günəş şüaları süzülürdü. Bir ins-cins görünmürdü, çünki cəngəllik sakinləri çox qorxaq olduqlarına görə ilk addım səsi eşidəndə qaçıb gözdən itirdilər. Hündür ağaclarda quşların civiltisi eşidilsə də, onlar güldən-gülə, çiçəkdən-çiçəyə qonaraq uçuşan quşlardan çəkinmirdilər. Daha sonra gecəni keçirmək üçün dayandılar. Yükdaşıyanlar budaqlardan döşəmə düzəldərək üzərinə su keçirməyən parça saldılar. Çinli aşpaz nahar hazırladı, yemək yedikdən sonra yuxuya getdilər.

Bu, Neylin cəngəllikdə keçirdiyi ilk gecə idi və nə qədər əlləşdisə yuxuya gedə bilmədi. Zülmət idi. Saysız-hesabsız həşəratların səs-küyü qulaqbatırıcı, böyük şəhərdəki nəqliyyatın hay-küyü kimi arasıkısilməzdi. Bir az keçmiş tamamilə sükut çökdü. Ancaq azacıq sonra qəflətən ilanın tutduğu meymunun bağırtısınımı, yoxsa ki, gücə quşunun belə tükürpədici səsinimi eşidəndə az qala yerindən sıçradı. Neyldə belə bir anlaşılmaz hiss vardı ki, sanki düşərgə tonqallarından bir az aralıda vəhşi bir mübarizə gedirdi və budaqlardan düzəldilmiş çarpayıdakı üç nəfər buna qarşı müdafiəsiz və təbiətin vəhşəti ilə üzbəüz tənha qalmışdı. Yanında uzanmış Manro dərin yuxuda idi.

  • Oyaqsan Neyl? – Darya pıçıltı ilə soruşdu.
  • Hə, nəsə olub ki?
  • Dəhşətlidir…
  • Hər şey qaydasındadır. Qorxulu bir şey yoxdur.
  • Buradakı sükut adamı vahiməyə salır. Kaş gəlməzdim.

Darya bir siqaret yandırdı.

Bir az mürgüləyən Neyl ağacdələnin taqqıltısına oyandı. Ağacdan-ağaca uçub qonan bu quşun xoş səsi tənbəli də məzələndirərdi. Artıq səhər açılmışdı. Tələm-tələsik yeməklərini yeyib yola çıxdılar. Budaqdan-budağa atılan hipponlar dan yeri söküləndə yarpaqların şehini yalayırdılar və çıxartıqları qəribə səslər lap quşların səsinə oxşayırdı. Hava işıqlaşdıqca Daryanın qorxusu da çəkilib gedir və yuxusuz gecə keçirməsinə baxmayaraq çevik və şən görünürdü.

Günortaüstü gəlib elə bir yerə çıxdılar ki, mühafizəçilərin dediyinə görə orada düşərgə salmaq yaxşı olardı. Manro burada ev qurmağı qərara aldı. Adamlar işə başladılar. Uzun bıçaqlarla palma yarpaqları və ağacları kəsərək tezliklə payalar üzərində ikiotaqlı koma ucaltdılar. Koma səliqəli, təmiz və yaşıl idi. Qoxusu da gözəldi.

Manrolar getdikləri hər yerdə özlərini evdəki kimi hiss edirdilər; kişi artıq buna vərdiş etmişdi, arvad da ki, uzun illər ərzində bütün dünyanı gəzmiş və harada olursa olsun özünü pişik kimi rahat hiss eləyirdi. Bir gün sonra onlar hər şeyi yerbəyer edərək, artıq oraya yerləşdilər. Müəyyən etdikləri qayda-qanun dəyişilməz idi. Hər səhər Manro və Neyl nümunə toplamaq üçün ayrılıqda evdən çıxırdılar.

Günorta gətirdikləri həşəratları qutulara yerləşdirməklə məşğul olurdular; kəpənəkləri kağız vərəqlərin və quş dərilərinin arasında yerləşdiridilər. Qaranlıq düşəndə isə gecə kəpənəkləri tuturdular. Darya komadakı işlərlə, qulluqçularla başını qatır, nəsə tikiş tikir, kitab oxuyur, çoxlu siqaret çəkirdi. Günlər şən, hərdən isə yeknəsək keçsə də cürbəcür hadisələrlə dolu idi. Neylin kefi kökdü. O, dağı hər tərəfdən tədqiq edirdi. Bir gün o, hansısa həşəratlar fəsiləsindən yeni bir nümunə tapdı. Manro onu Kunikulini Makadam adlandırdı. Bu, onun üçün bir şərəf idi. Neyl bu iyirmi iki yaşında dərk etdi ki, əbəs yerə yaşamayıb. Lakin ertəsi gün gürzənin onu sancmasından güclə canını qurtardı. Rəngi yaşıl olduğuna görə Neyl onu görməmişdi və yalnız yanında olan ovçunun səbəbinə həyatı qurtuldu. Ilanı öldürüb düşərgəyə gətirdilər. Darya tir-tir əsirdi. Onda vəhşi heyvanlara qarşı qarşısıalınmaz bir qorxu vardı və az qala əsəb sarsıntısı keçirdi. azacağından qorxaraq ömründə düşərgədən bir neçə yard uzağa getməzdi.

  • Manro heç sənə bir dəfə necə azdığını danışıb? – deyə bir dəfə axşam yeməyindən sonra birlikdə oturduqları zaman Darya Neyldən soruşdu.
  • Hə… Bu, o qədər də xoş bir şey deyildi, – Manro gülümsədi.
  • Neyl üçün danış da, Anqas.

O, bir az tərəddüd etdi. Bu, Manronun xatırlamaq istədiyi bir şey deyildi.

  • Bu, bir neçə il əvvəl olmuşdu. Kəpənək tutmaq üçün tor götürmüşdüm. Özümü elə xoşbəxt hiss edirdim. Bir xeyli getdikdən sonra axtardığım çox nadir nümunələr tapdım. Bir az sonra acdığımı hiss edib geri dönməyi qərara aldım. Gəzə-gəzə gəlirdim, birdən ağlıma gəldi ki, deyəsən mən tanıdığım yerlərdən çox uzaqlaşmışam. Qəflətən yerdə boş kibrit qutusu gözümə sataşdı. Geri qayıdanda özüm onu yerə atmışdım. Belə çıxdı ki, dövrə vurmuşam və elə bir saat əvvəl olduğum yerə gəlib çıxmışam. Yaman dilxor oldum. Ətrafa nəzər salaraq yenidən yol almağa başladım. Dəhşətli idi, məndən damcı-damcı tər tökülürdü. Düşərgə yerləşən istiqaməti az-çox bilirdim. Keçdiyim cığırdakı izlərə baxırdım ki, görüm həmin yollarımı gəlmişəm. Deyəsən, bir-iki iz tapdım və ümidlə irəlilədim. Üstəlik də bərk susamışdım. Ancaq budaqların üstündən keçərək bitkilərin arasından özümə yol açır, elə hey getməkdə davam edirdim. Birdən anladım ki, azmışam. Ola bilməzdi ki, düzgün istiqamətdə bu qədər yol gedim  və hələ də düşərgəyə çatmayım. Lap mat qalmışdım. Bircə onu bilirdim ki, nə olursa olsun təşvişə düşməməliyəm. Ona gərə də oturub düşdüyüm vəziyyəti götür-qoy etməyə başladım. Susuzluq da ki, məni tamam əldən salmışdı. Günortadan xeyli keçmişdi, uç-dörd saata qaranlıq düşəcəkdi. Hər halda gecəni cəngəllikdə keçirmək elə də arzuolunan bir şey deyil. Haqqında düşündüyüm yeganə şey çalışıb axını tapmaq idi. Əgər çay axını ilə getsəm, o, məni daha böyük axına, sonra da ki, gec-tez çaya aparıb çıxaracaqdı. Ancaq bu, mənim iki gün vaxtımı alacaqdı. Axmaqlığıma görə özümü lənətlədim. Təəssüf ki, əlimdən heç nə gəlmirdi, ona görə də yola davam etdim. Hər halda əgər çay tapsam, heç olmasa su da içə biləcəkdim. Tərslikdən su da qəhətə çıxmışdı. Hətta məni çaya aparıb çıxaracaq kiçik bir axın belə gözə dəymirdi. Artıq narahat olmağa başladım. Lap yorulana qədər veyil-veyil gəzdim. Meşədə çoxlu ov quşları və heyvanların olduğundan xəbərim vardı. Əgər kərgədana rast gəlsəm, işim bitəcəkdi. Məni dəli edən şey bu idi ki, düşərgədən heç on mil aralı olmadığımı bilirdim. Soyuqqanlılığımı qorumağa çalışdım. Hava tutulurdu, cəngəlliyin dərinliklərində isə artıq zülmət kimi qaranlıq düşürdü. Tüfəng götürmüş olsaydım, heç olmasa atəş açardım. Yəqin ki, düşərgədə mənim azdığımı anlayıb axtarışa çıxardılar. Meşəlik elə sıx idi ki, altı futdan uzağı görə bilmirdm. Bir az keçəndən sonra, bilmirəm əsəblərim pozulmuşdu, ya nəydi, məndə belə bir hiss yarandı ki, hansısa bir heyvan məni qarabaqara izləyir. Dayanırdım, o da dayanırdı. Yola davam edirdim, o da eynilə. Amma onu görə bilmirdim. Kolluqda da heç bir hənirti duyulmurdu. Hətta budağın sınmasını və ya yarpaqların arasından keçərkən onlara toxunmağımı belə eşitmirdim, ancaq o heyvanların necə sakit hərəkət etdiyini bilirdim, həm də əmin idim ki, nə isə oğrun-oğrun yeriyir. Ürəyim elə bərk döyünürdü ki, az qala yerindən çıxacaqdı. Ağlımı itirmək dərəcəsində idim. Bütün iradəmi toplayaraq özümü qaçmaqdan güclə saxlayırdım. Bilridim ki, belə eləsəm, yolu tamam itirəcəm. Bu dolaşıq yerlərlə iyirmi yard getməmişdən qabaq mən yəqin ki, artıq azmışdım. Uzansam, aşağı əyilsəm o heyvan üstümə atılacaqdı. Qaçmağa başlasam, Allah bilir hara gedib çıxardım. Özümü ələ almalı idim. Ağlamaq məni tutmuşdu. Bir tərəfdən də susuzluq əldən salmışdı. Həyatımda heç vaxt bu qədər çox qorxmamışdım. Inan mənə, əgər əlimdə revolver olsaydı, mütləq beynimə bir güllə çaxardım. Elə dəhşətli idi ki, bu günün bitməsini istəyirdim. Yorğunluqdan ayaqlarımı güclə sürüyürdüm. Mənə ağır yara vurmuş düşmənə belə olsa, o vaxt çəkdiyim dəhşətləri arzulamazdım. Birdən iki güllə səsi eşitdim. Az qala ürəyim dayandı. Məni axtarırdılar. Onda lap başımı itirdim. Var-gücümlə qışqıraraq səs gələn tərəfə qaçdım. Yıxıldım. Özümü ələ alaraq qalxdım. Yenə qaçdım. Qışqırırdım. Dedim indi ciyərlərim partlayacaq. Daha bir atəş açıldı. Lap yaxınlıqda. Yenə qışqırdım. Cavab səsləri eşitdim. Meşədə vurhavur salan adamlar vardı. Bir dəqiqə keçməmişdi ki, ovçular məni əhatəyə aldılar. Əllərimi sıxıb öpdülər. Sevincdən bağırırdılar. Mən də az qala ağlayacaqdım. Çox köməksiz bir vəziyyətdə idim. Içməyə nəsə verdilər. Düşərgədən cəmi-cümlətanı üç mil aralı idik. Geri qayıdanda hava lap qaralmışdı. Allaha and olsun, bu, mənə həyatım bahasına başa gələ biləcək bir təhlükə idi.

Daryanın bədənindən ürpərti keçdi.

  • Inan mənə, bir də cəngəllikdə azmaq istəməzdim.
  • Səni axtarıb tapmasaydılar nə olardı?
  • Nə?! Nə ola biləcəyini deyə bilərəm. Yəqin ki, ən əvvəl dəli olardım. Əgər ilan çalmasa, ya da kərgədana-zada rast gəlməsəydim də, kor-koranə, əldən düşüb yıxılana qədər yol gedərdim. Acından ölümcül hala düşərdim. Susuzluqdan məhv olardım. Vəhşi heyvanlara yem olardım. Qarışqalar sümüklərimi sümürərdilər.

Ortaya sükut çökdü.

Təxminən bir ay idi ki, Maunt Hitamda yaşayırdılar və elə oldu ki, Manronun təkidilə müntəzəm kinə qəbul etməsinə baxmayaraq Neyl qızdırma xəstəliyinə tutuldu. Elə də bərk tutmalar olmurdu, ancaq o, təəssüf hissi keçirirdi və müəyyən müddət yataqda qalmağa məcbur idi. Ona Darya qulluq edirdi. Neyl ona bu qədər əziyyət verdiyinə görə xəcalət çəkirdi, lakin Darya onun etirazlarına qulaq asmırdı. O, doğrudan da çox bacarıqlı qadın idi. Nəhayət, Neyl hər hansı bir çinli xidmətçinin görə biləcəyi işlərin Darya tərəfindən məhz onun üçün yerinə yetirilməsinə boyun əydi. O, bundan yaman təsirlənmişdi. Darya onun əl-ayağını da yuyurdu. Hərarəti yüksələndə bədənini soyuq su ilə silirdi. Və təsvirəgəlməz dərəcədə rahatlıq hiss etməsinə baxmayaraq Neyl lap özünü itirmişdi. Darya isə onun səhər və axşam bu sayaq yuyunmasında israr edirdi.

  • Yokahomadakı Britaniya xəstəxanasında olduğum altı ay ərzində hər halda ən azı xəstəyə necə qulluq etməyi öyrənmişəm, – deyə Darya gülümsədi.

Hər dəfə Neylə qulluq etdikdən sonra Darya onu dodaqlarından öpürdü. Bu, əlbəttə, çox xoş və səmimi bir hərəkət idi və Neylin xoşuna gəlirdi, amma elə bir ciddi əhəmiyyət vermirdi. Hətta bu mövzuya zarafatla yanaşaraq lap ağını çıxartdı. Heç ondan çıxmayan iş!

  • Xəstəxanadakı xəstələrini də belə öpürdün? – o soruşdu.
  • Nədir ki? Səni öpməyimi istəmirsən? – Darya güldü.
  • Yox, burada pis nə var ki?!
  • Hətta sənin sağalmanı tezləşdirər, – Darya söz atdı.

Bir dəfə Neyl onu yuxusunda gördü. Səksənərək oyandı. Başdan-ayağa tər içində idi. Ağrıları azalmış, hərarəti də düşmüşdü. Özünü yaxşı hiss edirdi. Lakin yuxuda gördüyü şey onu tamam utandırdı. Dəhşətə gəldi. Yuxuda belə olsa, bu cür fikirlər Neyli xəcalət çəkməyə məcbur etdi. Deyəsən, o, əxlaqsız bir vəhşidən fərqli deyilmiş, xəbəri yoxmuş!

Səhər açılırdı. Neyl qonşu otaqda Manronun artıq oyandığını eşitdi. Darya axşam gec yatmışdı, ona görə də Manro onu narahat etməmək üçün ayaqlarının ucunda yeriyirdi. Bu birisi otağa keçəndə Manro yavaşca səsləndi:

  • Salam. Oyanmısan?
  • Hə, artıq dönüş baş verdi. Indi özümü yaxşı hiss edirəm.
  • Əla. Ancaq hələ bu gün də yataqda qalmağın məsləhətdir. Sabah sapbasağlam olacaqsan.
  • Yeməyini qurtarandan sonra Ah Tanı yanıma göndər, yaxşı?
  • Oldu.

Sonra Neyl Manronun yola düşdüyünü eşitdi. Çinli xidmətçi Ah Tan gəldi və ondan yeməyə nə istədiyini soruşdu. Bir saata Darya da yuxudan durdu. “Sabahın xeyir” demək üçün Neylin otağına gəldi. Oğlan gördüyü yuxunun təsirindən hələ çıxmadığına görə onun üzünə baxmağa xəcalət çəkirdi.

  • Yeməyimi yeyim, sonra gəlib səni yuyunduracağam, – Darya dedi.
  • Yuyundum. Ah Tan kömək elədi.
  • Niyə?
  • Səni bir də əziyyətə salmaq istəmədim.
  • Yox əşi, heç bir əziyyəti-filan yoxdur. Mən bunu sevə-sevə edirəm.

Darya çarpayıya yaxınlaşdı, əyildi ki, onu öpsün, ancaq oğlan başını kənara çevirdi.

  • Eləmə.
  • Niyə axı?
  • Çünki bu, səfehlikdir.

Darya bir anlıq təəccüblə ona baxdı, daha sonra isə yüngülcə çiyinlərini çəkərək otaqdan çıxdı. Az sonra Neylin bir şey istəyib-istəməyəcəyini öyrənmək üçün yenidən otağa qayıtdı. O, isə özünü yatmışlığa vurdu. Darya nəvazişlə onun üçünü sığalladı.

  • Allah xatirinə, yalvarıram, belə eləmə! – Neyl az qala bağırdı.
  • Elə bildim ki, yatırsan. Bu gün sənə nə olub axı?
  • Heç nə.
  • Niyə mənə qarşı belə acıqlısan? Məgər səni incidəcək bir şey eləmişəm?
  • Yox!
  • De görüm onda nə olub axı?

O, çarpayının kənarında oturaraq Neylin əlindən tutdu. O isə üzünü yana çevirdi. Utandığından güclə danışırırdı.

  • Sən deyəsən mənim kişi olduğumu unudursan?! Elə rəftar edirsən ki, elə bil mən sənin üçün 12 yaşında bir oğlan uşağıyam.
  • Oho!

Neyl qəzəbdən qıpqırmızı oldu. Özünə də, Daryaya da acığı tutdu. Gərək bu qadın ədəb-ərkan qaydalarını gözləsin axı. Əsəbi halda döşəkağını didişdirdi.

  • Bunun sənin üçün heç bir əhəmiyyəti yoxdur, mənim üçün də elə olmalıdır. Mən sağalıb ayağa duranda da həmçinin. Necə yuxu görməsi insanın öz əlində deyil li?! Ancaq yuxular insanın təhtəlşüurunda baş verənlərin göstəricisidir.
  • Sən məni yuxunda görmüsən? Axı burada pis nə var ki?!

Neyl üzünü yana çevirib ona ötəri bir nəzər saldı. Daryanın gözləri parıldayırdı. Neyl isə çəkdiyi vicdan əzabından elə hüzünlü görünürdü ki, sanki dəryada gəmiləri qərq olmuşdu.

  • Sən kişiləri tanımırsan, – o dedi.

Darya dodaqaltı güldü. əyilərək qollarını onun boynuna doladı. Əynində saronqla bajudan qeyri heç nə yox idi.

  • Ah, əzizim, de görüm yuxuda nə gördün?

Neyl dəli kimi oldu. Kobudluqla onu özündən kənara itələdi.

  • Nə edirsən? Dəli olmisan, nədir?

Oğlan yerindən atıldı.

  • Məgər bilmirsən ki, sənə dəlicəsinə aşiqəm? – Darya dedi.
  • Sən nə danışırsan?

Neyl çarpayının bir tərəfində əyləşdi. O, doğrudan da karıxıb qalmış, nə edəcəyini bilmirdi. Darya isə utanmadan irişdi.

  • Bəs səncə mən niyə bu dəhşətli yerə gəlməyə razılıq verdim? Səninlə birilikdə olmağın xətrinə, ay mənim sevgilim! Bəyəm bilmirsən ki, mən cəngəllikdən necə qorxuram?! Hətta lap burada, komanın içində də ilan, əqrəb və ya başqa bir şeyin olacağından qorxuram. Sənə məftunam.
  • Mənimlə bu sayaq danışmağa sənin haqqın yoxdur, – deyə Neyl qaşqabaqla cavab verdi.

Dayra gülümsədi.

  • Bu qədər rəsmiyyətpərəst olma.
  • Gəl, buradan çıxaq.

Neyl verandaya tərəf addımladı. Darya da onun arxasınca. Kətildə əyləşdi. Darya isə onun qarşısında diz çökərək yerdə oturdu və onun əllərini tutmağa çalışdı, ancaq oğlan buna imkan vermədi.

  • Məncə sən dəli olmusan. Allahdan ümid edirəm ki, dediyin sözləri əslində nəzərdə tutmursan.
  • Tuturam. Dediyim hər bir kəlməni.

Neyli özündən çıxaran əsasən bu idi ki, Darya etdiyi etirafın necə də iyrənc olduğunu deyəsən heç dərk etmirdi.

  • Ərini unudursan!
  • Əşi, onun bura nə dəxli var ki?!
  • Darya?!
  • Indi Anqası düşünəcək halda deyiləm.
  • Sən nə qədər də əxlaqsızsan, – Neyl qaşları düyünlü halda astadan dilləndi.

Darya qaqqıldadı.

  • Çünki sənə vurulmuşam, ona görəmi? Əzizim, sən gərək bu qədər yaraşıqlı olmayaydın.
  • Allah xatirinə, gülmə!
  • Özümü saxlaya bilmirəm. Komik də olsa yenə də qəşəng görünürsən. Sənin ağ dərinin, parlayan dalğalı saçlarının dəlisiyəm. Səni sevirəm, çünki sən yaman rəsmiyyətcisən. Səni sevirəm, çünki sən şotlandsan, yumor hissin yoxdur. Sənin güclülüyünü sevirəm. Sənin gəncliyinin dəlisiyəm.

Daryanın gözləri işıqlandı və tez-tez nəfəs almağa başladı. Nəfəsi tıncıxdı. Birdən o dayandı və qəfil hərəkətlə Neylin yalın ayağını öpdü. Oğlan etiraz əlaməti kimi qışqıraraq ayağını cəld bir hərəkətlə geri çəkdi. Bu qəfil həyəcandan laxlayan kətili az qala yıxmışdı.

  • Ey, qadın, sən ağlını itirmisən. Heç utanmırsan?!
  • Yox!
  • Axı, məndən nə istəyirsən? – acıqla soruşdu.
  • Sevgi.
  • Sən məni nə hesab edirsən? Hansı kişilərdən hesab edirsən?
  • Başqaları kimi hər hansı bir kişi, – Darya sakit halda tövrünü pozmadan dedi.
  • Düşünürsən ki, Anqas Manronun mənə etdiyi bu qədər şeylərdən sonra mən onun arvadı ilə eşqbazlıq edəcək qədər əclafam? Ona hörmətim bütün tanıdığım adamlardan daha çoxdur. O, heyranedici bir insandir. Yüz sənin və mənim kimisinə dəyər. Ona xəyanət etməkdənsə özümü öldürərəm. Başa düşmürəm, necə ola bilər ki, sən mənim belə alçaq hərəkət edə biləcəyimi ağlına gətirə bilirsən?!
  • Ah, əzizim, belə cəfəng şeylər danışma. Bundan ona nə xələl gəlir ki?! Belə şeyləri faciə kimi qəbul etməməlisən. Həm də bütün bunlar bir yana, ömür çox qısadır. Ondan çəkə biləcəyimiz ləzzəti almırıqsa, bu, o deməkdir ki, biz axmağıq.
  • Bu cür danışmaqla yanlış olan şeylərə haqq qazandıra bilməzsən.
  • Bu haqda heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, bu, həddindən artıq mübahisəli bir məsələdir.

Neyl təəccüblə ona baxdı. Darya deyəsən hər şeyə çox soyuqqanlı və təmkinlə yanaşaraq, onun ayaqları altında yerdə oturmuşdu. Həm də görünürdü ki, bu vəziyyətdən ləzzət alır. Deyəsən, işin ciddiliyinin fərqinə varmırdı.

  • Sən bilirsənmi ki, klubda bir nəfəri sənin haqqında təhqiramiz söz söylədiyinə görə vurub yerə sərdim.
  • Kimi?
  • Bişopu.
  • Əclaf hərif! Nə deyirdi?
  • Deyirdi ki, sənin bir çoxları ilə eşq macərəların olub.
  • Bilmirəm, camaat niyə öz işi ilə məşğul olmur? Bir də ki, kimdir ey onların dediyini vecinə alan?! Mən səni sevirəm. Heç kəsi səni sevdiyim qədər sevməmişəm. Səndən ötrü dəli-divanəyəm.
  • Sakit ol! Sakit ol!
  • Qulaq as. Bu gecə Anqas yuxuya gedəndən sonra gizlicə sənin otağına gələcəyəm. O, daş kimi yatır. Qorxulu elə bir şey yoxdur.
  • Bunu eləməməlisən!
  • Axı, niyə də yox?!
  • Yox dedim, yox, yox!

Neyl çox qorxdu. Sonra Darya ayağa qalxdı və evə girdi.

Günorta Manro evə qayıtdı və axşamüstü həmişəki kimi öz işləri ilə məşğul oldular. Bəzən olduğu kimi, indi də Darya onlarla işləyirdi. Kefi yaman kök idi. Elə şən görünürdü ki, Manro onun burada yaşadığı həyatdan artıq zğvq aldığını güman edirdi.  

  • Heç də pis deyil, – deyə Darya razılaşdı, – bu gün özümü elə xoşbəxt hiss edirəm ki.

Darya Neylə sataşdı. Deyəsən, o, oğlanın sakit olduğunun və gözlərini ondan yayındırmağının fərqinə varmamışdı.

  • Neyl çox sakitdir, – Manro dedi, – məncə sən hələ də zəifsən.
  • Yox, nəsə çox danışmaq istəmirəm.

Əslində Neyl narahat idi. O, Daryanın hər şeyə qadir olduğuna əmindi. “İdiot” əsərində Nastasya Filipovanın əsəbi dəliliyini xatırladı, hiss etdi ki, Darya da soyuqqanlılığının çatışmazlığı üzündən eynilə belə edə bilər. O, bu qadının çinli xidmətçilərdən hər hansı birinə qəzəblənərək özündən çıxdığını az görməmişdi və bu cür hallarda tamamilə özünə nəzarəti itirdiyindən yaxşı xəbəri var idi. Müqavimət onu daha da qızışdırırdı. Istədiyi şeyi dərhal əldə etməyəndə qəzəbindən demək olar ki, lap ağlını itirmək dərəcəsinə gəlib çıxırdı. Xoşbəxtlikdən can atdığı hər hansı bir şeyə olan marağı eyni aniliklə də itib gedirdi. Və əgər onun diqqətini bir anlığa başqa bir yerə yönəldə bilsəydin hər şeyi unudurdu. Elə bu cür vəziyyətlərdə Neyl Manronun taktını daha çox bəyənirdi. Onun necə fəndgir, eyni zamanda incə bir bicliklə Daryanın acığını soyutduğunu görmək əyləndirici idi. Elə əslində Neylin qəzəbinin belə böyük olması Manronun səbəbinə idi. Düşünəndə ki, onu özünə həyat yoldaşı etmək üçün bu qadını çətinlik və məhrumiyyətlərdən çəkib çıxartmışdı, o zaman Manro müqəddəs bir insan sayıla bilərdi. Darya hər şeydə ona borclu idi. Manronun adı onu qoruyurdu. Onun səbəbinə hörmət sahibi olmuşdu. Bütün bunlara görə ən adi minnətdarlıq hissi kifayət idi ki, Darya həmin səhər etiraf etdiyi fikirləri özündə saxlasın. Kişilər üçün bu cür təkliflər etmək məqbul sayıla bilər, lakin qadınların belə şey etmələri ikrah doğurur. Neylin ləyaqəti təhqir olunmuşdu. Daryanın üzündə gördüyü ehtiras, hərəkətlərindəki ədəbsizlik onu hiddətləndirirdi.

Neyl bilmək istəyirdi ki, doğrudanmı Darya onun otağına gələcəyi barədə hədə-qorxunu həyata keçirəcək?! Inanmırdı ki, o, buna cəsarət edə bilə. Axşamüstü hamı yatmağa gedəndə Neyl o qədər dəhşətə gəlmişdi ki, yuxuya gedə bilmədi. Narahat halda ətrafı dinləyərək yatağa uzandı. Gecənin lal sükutunu bayquşun ardıcıl təkrar olunan yeknəsək səsi pozdu. Palma yarpaqlarından düzəldilmiş nazik divar arasından Manronun sakit-sakit nəfəs aldığı eşidilirdi. Birdən Neyl kiminsə gizlincə onun otağına girdiyini hiss etdi. Artıq nə edəcəyini qərara almışdı.

  • Sizsiniz, cənab Manro? – ucadan çağırdı.

Darya dayandı. Manro yuxudan ayıldı.

  • Otağımda kimsə var. Elə bildim sizsiniz.
  • Elə bir şey yoxdur, – Darya dedi, – mənəm, yata bilmirəm. Ona görə də fikirləşdim ki, verandaya çıxıb bir siqaret çəkim.
  • Elə bu? – Manro dedi, – Elə et ki, sənə soyuq olmasın.

Darya Neylin otağından keçib eşiyə çıxdı. Oğlan onun siqaret yandırdığını gördü. Bir qədər keçmiş geri qayıdaraq öz yatağına girdi.

Səhərisi gün Neyl onunla heç rastlaşmadı. Çünki o, oyanmamışdan qabaq oğlan artıq yola düşmüşdü və qərara gəldi ki, Manro evə dönməyincə o da evə girməsin. Qaranlıq düşən kimi onunla tək qalmaqdan canını qurtara bildi, ancaq sonra Manro bir neçə dəqiqəliyə kəpənək tələlərini yerbəyer etmək üçün aşağı düşdü.

  • Niyə keçən gecə Anqası yuxudan oyatdın? – deyə Darya yavaşca acıqlı bir pıçıltıyla soruşdu.

Neyl çiyinlərini çəkərək heç bir cavab vermədən gördüyü işə davam etdi.

  • Qorxdun?
  • Ədəb-ərkən haqqında mənim öz düşüncələrim var.
  • Bəsdir, sən Allah! Bu qədər xırdaçı olma.
  • Alçaq olmaqdansa elə xırdaçı olmaq yaxşıdır.
  • Sənə nifrət edirəm.
  • Onda məndən əl çək!

Darya cavab vermədi, ancaq ona tutarlı bir sillə vurdu. Neyl qızarsa da, bir kəlmə belə demədi. Manro qayıdıb gəldi və onlar sanki heç nə olmamış kimi işlərinə davam etdilər.

Yemək süfrəsi arxasında və axşamlar istisna olmaqla Darya sonrakı bir neçə gün ərzində Neyllə kəlmə kəsmədi. Qabaqcadan hazırlaşmadan onlar aralarındakı münasibətin gərginləşdiyini Manrodan gizlətmək üçün bütün güclərini toplamışdılar. Ancaq Daryanın düşüncəli sükutu aradan qaldırmaq üçün etdiyi cəhdlər Anqasdan azacıq ehtiyatlı adam üçün aydın olardı və hərdən o, Neyllə bir az kəskin danışmaqdan özünü saxlaya bilmirdi. Darya onu lağa qoyurdu və zarafatlarında adamın ləyaqətinə toxunan sözlər də işlətməkdən çəkinmirdi. O, Neyli necə yaralamağı bilirdi və asanlıqla zəif damarından tuturdu, amma oğlan bunu büruzə verməməyə çalışılrdı. O, təxmin etmişdi ki, özünü belə şən göstərəndə Dayra daha da qəzəblənir.

Bir gün yeməkdən əvvəl xeyli gecikməsinə baxmayaraq, Neyl Manronun hələ də evə dönmədiyinin şahidi oldu və buna çox təəccübləndi. Darya verandada matrasın üstündə uzanaraq qurtum-qurtum cin-nahit içir və siqaret çəkirdi. Ə-üzünü yumağa gedən müddətdə Darya hələ ki, ona heç bir söz demədi. Bir-iki dəqiqə sonra xidmətçi Neylin otağına gələrək yeməyin hazır olduğunu xəbər verdi. O, bayıra çıxdı.

  • Cənab Manro haradadır? – soruşdu.
  • Olmayacaq, – dedi Darya, – Anqas xəbər göndərdi ki, getdiyi yer çox maraqlıdır və axşama qədər orada qalacaq.

Həmin səhər Manro dağın lap yuxarılarına qalxmaq məqsədilə yola düşmüşdü. Aşağı qatlar o qədər də yaxşı nəticə vermirdi və Manronun belə bir fikri vardı ki, əgər yuxarılarda su ilə təchiz olunmuş daha yaxşı yer tapa bilsə düşərgəni oraya köçürərdilər.

Hər ikisi sükut içində yeməklərini yedilər. Yeyib qurtarandan sonra Neyl otağa girdi, şlemini və həşərat yığmaq üçün olan avadanlığı götürüb bayıra çıxdı. Adətən o, bu vaxtlar bayıra çıxmazdı.

  • Hara gedirsən?, – Darya qəflətən soruşdu.
  • Bayıra çıxıram.
  • Niyə?
  • Özümü elə də yorğun hiss eləmirəm. Evdə də görüləsi bir işim yoxdur.

Birdən Darya göz yaşlarına qərq oldu.

  • Necə mənə qarşı bu qədər mərhəmətsiz ola bilərsən? – o hönkürdü. – Ah, axı bu cür rəftar qəddarlıqdır.

Neyl yorğun baxışlı qəşəng, bir qədər də laqeyd üzünü ona tərəf çevirərək Daryaya baxdı.

  • Neyləmişəm ki?
  • Mənə qarşı kobud olmusan. Nə qədər pis olsam da bu qədər əzab-əziyyət çəkməyə layiq deyiləm. Sənin üçün dünyada bacardığım hər şeyi etmişəm. Heç rəvadırmı? De də, de görüm, nə vaxt sənin üçün nəyisə sevə-sevə eləməmişəm? Ah, mən necə də bədbəxtəm!

Neyl çətinliklə bir-iki addım atdı. Daryanın belə şeylər söyləməsi dəhşətli idi. O, bu qadına nifrət edir, həm də ondan qorxurdu, lakin hələ də ona qarşı əvvəllər hiss elədiyi hörmət hissi qalmışdı. Ona görə yox ki, o, qadın idi. Ona görə ki, o, Anqas Manronun arvadı idi!

Darya isə dayanmadan ağlayırdı. Işin tərsliyindən ovçular da səhər tezdən Manro ilə birgə getmişdilər. Düşərgədə üç nəfər çinli xidmətçilərdən başqa adam yox idi. Onlar da ki, yeməkdən sonra əlli yard aralıda yerləşən komalarında yatmışdılar. Burada onlar yalqız idilər.

  • Mən səni bədbəxt eləmək istəmirəm. Bütün bunlar səfehlikdir. Sənin kimi bir qadının mənim kimi bir oğlana aşiq olması, vallah, sənin tərəfindən mənasız, cəfəng bir şeydir. Mən özümü lap axmaq yerində hiss edirəm. Sən yəni özünə nəzarət edə bilmirsən?
  • Aman Allah! Özünə nəzarət! Sözə bax ha!
  • Demək istəyirəm ki, əgər məni vecinə alsaydın, mənim belə alçaqlıq etməyimi istəməzdin. Yəni sənin ərinin bizə qeyd-şərtsiz güvənməsi sənin üçün heç nədir? Elə onun adicə olaraq bizi burada tək qoyub getməsi az şey deyil. O, elə bir adamdır ki, heç milçəyi də incitməz. Əgər onun mənə olan etimadına xəyanət etsəm, özümə hörməti itirmiş olaram.

Darya birdən başını qaldırıb yuxarı baxdı.

  • Niyə sən elə düşünürsən ki, o, milçəyi də incitməz? Niyə? Görmürsən ki, bütün bu butulkalar, qəfəslər onun öldürdüyü heyvanlarla doludur?
  • Elmin xeyrinə. Bu, tamam başqa şeydir.
  • Ay səfeh! Ay axmaq!
  • Eybi yoxdur. Əgər axmağamsa, daha bundan artıq neyləyə bilərəm?! Sən mənim dərdimi çəkmə!
  • Elə bilirsən ki, mən sənə aşiq olmağı özüm istəyirdim?
  • Sən gərək utanasan!
  • Utanım? Səfehliyə bir bax da! Aman Allah, nə eləmişəm ki, indi də bu özündən müştəbeh eşşəkdən ötrü bu qədər əzab çəkirəm?!
  • Sən mənim üçün etdiyin şeylərdən danışırsan. Bəs Manro sənin üçün nə eləyib?
  • Manro, Manro! Lap canımı boğazıma yığdın ha!
  • Belə çıxır ki, mən heç də birinci deyiləm?

Daryanın təəccüblü etirafından bəri onun haqqında Kualo Solordakı adamların söylədikləri sözlərin doğru olması barədəki şübhələr Neylə bir an da olsun rahatlıq vermirdi. Onların bir kəlməsinə belə inanmamışdı. Elə indinin özündə də bu cür düşünə bilmirdi ki, Darya bu qədər əxlaqsız ola bilər. Anqas Manronun – bu dərəcədə sadəlövh və nəzakətli insanın illərdi illüziyalarla yaşadığını düşünmək qorxunc idi. Ola bilməzdi ki, Darya bu dərəcədə pozğun təbiətli bir qadın olsun. Ancaq o, Neylin sualını başqa cür başa düşdü. Nə deyəsən, atalar düz deyib – karın könlündəki. Göz yaşları arasından ona gülümsədi.

  • Əlbəttə, yox. Necə bu qədər səfeh ola bilərsən? Ah, əzizim, belə ciddi olma. Mən səni sevirəm.

Demək bütün onun haqda söylənilənlər doğru imiş. O, özünü inandırmağa çalışmışdı ki, Daryanın ona qarşı olan hissləri qeyri-adi bir şey idi, elə bir dəlilik idi ki, birlikdə mübarizə aparıb qarşısını ala bilərdilər. Ancaq Darya heç ağına-bozuna baxmırdı.

  • Qorxmursan ki, Manro bundan xəbər tutar?

O, daha ağlamırdı. Özü haqda danışmaqdan ləzzət alırdı və onda belə bir hiss yarandı ki, Neyldə özünə qarşı yeni maraq oyadaraq onu tovlayır.

  • Hərdən düşünürəm ki, görəsən bilirmi. Əlbəttə, ağlı ilə olmasa da ürəyi ilə hiss etməmiş deyil. Qadın və qadın həssaslığı barədə onun intuisiyası çox yaxşıdır. Şübhələndiyindən əmindim, çəkdiyi ağrılarda isə qəribə, mənəvi bir yüksəliş hiss eləmişəm. Məni həmişə maraqlandırıb ki, görəsən çəkdiyi ağrı-acılarda incə, sonsuz, izahedilməz bir ləzzət olduğunu özü görüb duyurmu?
  • Dəhşət! – Neylin artıq bu iddiaları dinləməyə səbri çatmadı, – Sənin üçün yeganə üzürlü səbəb o ola bilər ki, sən dəlisən.

Darya indi özünə daha çox əmin idi. Sırtıqcasına Neylə baxdı.

  • Səncə mən cazibədar deyiləm? Çox kişilər məni bəyəniblər. Yəqin ki, Şotlandiyada olanda sən heç də mənim qədər gözəl bədən quruluşuna malik olmayan onlarla qadınla olmusan?!

Darya sakit bir iftixarla qədd-qamətli, şəhvət sıçradan bədəninə nəzər saldı.

  • Mən heç vaxt qadınla olmamışam, – Neyl ciddi şəkildə dedi.
  • Niyə?

Darya elə təəccübləndi ki, eşitdiyinin qeyri-adiliyindən dik atıldı. Oğlansa çiyinlərini çəkdi. O, özünü məcbur edərək bu fikrin onda necə də ikrah yaratdığını və Edinburqda oxuyarkən dostlarının eşq əlaqələrinin necə iyrənc olduğu barədə düşündüyünü Daryaya danışa bilmirdi. O, öz bakirliyindən gizli bir sevinc duyurdu. Məhəbbət müqəddəs bir şeydir. Cinsi əlaqə deyilən şey onu dəhşətə salırdı. Neylə görə, bu, ancaq nəsil artırmaq üçündür.

Ancaq Darya tövşüyürdü, bütün bədəni tərpənməz halda dayanaraq gözlərini Neylə zilləmişdi. Birdən şadlıq və vəhşi bir arzu hiss olunan hönkürtü ilə diz çökərək oğlanın əlindən yapışdı və ehtirasla öpməyə başladı.

  • Alyoşa!, – deyə o, boğularaq qışqırırdı, – Alyoşa!

Sonra ucadan qışqıraraq bərkdən güldü və onun ayaqları altında qıvrılmağa başladı. Boğazından qəribə, insan səsinə oxşamayan səslər çıxırdı və bədəni elə titrəyirdi ki, sanki onu dalbadal elektrik cərəyanı vururdu. Neyl bunun isteriya və ya epilepsiya tutması olduğunu anlamırdı.

  • Bəsdir! – o qışqırdı, – Bəsdir!

O, Daryanı güclü qolları arasına alaraq kətildə oturtdu. Aralanıb getməyə çalışanda qadın buna imkan vermədi. Qollarını onun boynuna dolayaraq saxladı. Neylin üzünü öpüşlərə qərq etdi. Oğlan artıq bu vəhşi qadınıa əlbəyaxa mübarizə aparırdı. Üzünü kənara çevirdi. Əlini öz üzü ilə Daryanın üzü arasına sipər kimi qoydu. Darya qəflətən dişlərini batırdı. Ağrı dözülməz olduğundan Neyl heç düşünmədən ona qəfil, sarsıdıcı bir sillə vurdu və:

  • İblis! – deyə bağırdı.

Bu vəhşi zərbədən sonra Darya onu buraxdı. Neyl əlini tutaraq dişlərin açdığı yaraya baxdı. Ətli yerdən dişlənmişdi və yaradan qan axırdı. Daryanın gözləri pişik gözləri kimi parlayır, özünü çox çevik və fəal aparırdı.

  • Daha bəsdir! Mən gedirəm. – Neyl dedi.

Darya ayağa sıçradı.

  • Mən də səninlə gəlirəm!

Neyl şlemini geyindi və iş üçün lazım olan avadanlığı götürərək heç bir söz söyləmədən kəskin bir şəkildə çevrildi. Iri addımlarla üç pilləni tullanaraq aşağı endi. Darya da onun ardınca qaçdı.

  • Mən cəngəlliyə gedirəm, – oğlan dedi.
  • Gözüm aydın!

Varlığını saran bu şiddətli arzu ilə alışıb-yanan Darya cəngəlliklə bağlı qorxusunu tamamilə unutdu. Ilanlar, vəhşi heyvanlar nədənsə heç yadına da düşmədi. Üzünə çırpılan budaqlar, ayağına dolaşan yer bitkiləri vecinə gəlmirdi. Bir ay ərzində Neyl meşənin hər dəlmə-deşiyini öyrənmişdi və indi onun hər qarışını tanıyırdı. Qəzəblə öz-özünə dedi ki, Daryanı dalınca dartıb oralara gəlməyə məcbur edəcək. O, yolunu iri, cəld addımlarla meşənin qalın yerindən saldı. Darya arada büdrəməsinə baxmayaraq qərarlı bir şəkildə onu təqib edirdi. Qəzəbdən gözləri qızmış Neyl yıxıldı. Darya da onun dalınca yıxıldı. Darya nə isə danışır, Neyl isə artıq onu dinləmirdi. O, Neylə yalvarırdı ki, ona yazığı gəlsin. Taleyinə acıyırdı, özünü alçaldaraq ağlayır, elə hey sızlayırdı. Neyli özünə ram etməyə çalışırdı. Lap dəli qadınlara oxşayırdı. Nəhayət, Neyl şumlanmış kiçicik bir yerdə qəflətən dayandı və dönəndə Darya ilə üzbəüz qaldı.

  • Bu, mümkün deyil, – bağıraraq, – Bəsdir, canım boğazıma yığıldı, – deyə qışqırdı. – Anqas gələndə ona buradan getməyə məcbur qaldığımı söyləyəcəm. Sabah səhər Kualo Solora qayıdıb oradan da evə gedəcəyəm.
  • O, buna yol verməz. Çünki səni çox istəyir. Onun fikrincə sənin tayın-bərabərin yoxdur.
  • Gözüm aydın! Bir şey düşünüb taparam.
  • Nə?

Neyl Daryanı səhv başa düşdü:

  • Qorxmağına gərək yoxdur. Mən, əlbəttə, ona düzünü deməyəcəyəm. Əgər onun ürəyini bu cür qırmağa niyyətin varsa, onda bu, sənin öz işindir. Ancaq mən belə etməyəcəyəm.
  • Sən ki, ona az qala pərəstiş edirsən, elə deyil? Bu cür cansıxıcı, soyuq bir adama.
  • O, yüz sənin kimisinə dəyər.
  • Təsəvvür edirsənmi, necə də maraqlı alınar əgər mən ona desəm ki, sən buradan sənin təklifinə rədd cavabı verdiyimə görə gedirsən?

Neyl diksindi. Sözlərində ciddi olub-olmadığını yoxlamaq üçün diqqətlə onun üzünə baxdı.

  • Belə axmaq olma. Hər halda onun sənə inanacağını düşünmürsən, elə deyilmi? O, bilir ki, heç vaxt mənim ağlıma belə iyrənc bir fikir gələ bilməz.
  • Ah, əzizim, bu qədər əmin olma. Cücəni payızda sayarlar.

Darya əslində düşünmədən, sözlərinin fərqinə varmadan danışırdı. Sadəcə mübahisəni davam etdirməkdən başqa elə bir ayrı məqsədi yox idi. Ancaq görəndə ki, Neyl qorxdu, qəddarlıq hissi onu bu vəziyyəti təkrarlamağa sövq etdi.

  • Məndən aman gözləyirsən? Sən məni olmazın şəkildə alçaltmısan. And içirəm, əgər buradan getmək fikrindən daşınmasan, düz birbaşa Anqasın yanına gedib deyəcəm ki, sən onun burada olmadığından yararlanıb mənə təcavüz etməyə çalışmısan.
  • Mən bunu inkar edə bilərəm. Həm də bu, mənim dediklərimin əksinə sənin sözlərin olacaq.
  • Bəli, ancaq nəzərə al ki, mənim sözlərim keçərlidir. Dediklərimi sübut edə bilərəm.
  • Anlamadım, necə?
  • Mən qəsdən özümü yaralayaram. Sonra da sənin vurduğun sillənin yerini göstərərəm. Hələ sənin əlini demirəm.

Neyl qəfil əlinə nəzər saldı.

  • Bəlkə deyəsən, o dişləm izləri oraya necə düşüb?! Göydən? – Darya qətiyyətlə sözünə davam etdi.

O, gic kimi Daryaya baxdı. Rəngi tamam ağarmışdı. Zədə yerini və o şramın əmələ gəlməsini necə izah edə biləcəkdi?! Əgər özünü müdafiə edərkən buna məcbur olmuşdursa, həqiqəti deyə bilərdi. Burada nə vardı ki?! Ancaq Anqasın inanması üçün bu, yetərli idimi? Anqas arvadına pərəstiş edirdi. Ona görə də onun sözlərini əsas götürəcəkdi. Bu, Manronun mehribanlığı müqabilində necə böyük nankorluq və ona olan dərin inamının əvəzində necə iyrənc bir xəyanət kimi görünərdi! O, Neylin əclaf olduğunu düşünəcəkdi, əlbəttə ki, öz nöqteyi-nəzərindən çıxış edərək. Neyli dəhşətə gətirən də elə bu deyildimi? Istəmirdi ki, uğrunda canını belə verməyə hazır olduğu adam – Manro onun haqqında pis fikirləşsin. Zavallı oğlan özünü o qədər bədbəxt hiss elədi ki, nifrət etdiyi, kişiyə yaraşmayan göz yaşları onu boğdu. Darya artıq onun yenilməkdə olduğunu gördü. Çox sevindi. Nəhayət ki, ona çəkdirdiyi iztirabları geri qaytarmağa müvəffəq olurdu. Indi Neyl onun əlində idi. O, öz qələbəsindən olmazın həzz duyurdu və ürəyində çəkdiyi ağrı-acının arasında Neylin səfehliyinə gülürdü. Bax bu anda Darya heç özü də bilmirdi ki, ona qarşı hansı hissləri keçirir – sevirmi, yoxsa nifrət edir.

  • Hə, indi özünü yaxşı aparacaqsanmı? – Darya həyasızcasına soruşdu.

Neyl hönkürərək canını bu mənfur qadından xilas etmək məqsədilə yerindən götürüldü və bacardığı qədər sürətlə qaçmağa başladı. O, yaralı heyvan təki cəngəlliyə cumdu, hara getdiyinə baxmadan, nəfəsi kəsilənə qədər qaçdı. Nəhayət tövşüyərək dayandı. Əl yaylığını çıxararaq alnından axıb gözlərinə tökülən tər damlalarını sildi. Əldən düşmüşdü. Bir az dincəlmək üçün yerə oturdu.

  • Gərək elə edim ki, özüm buralarda azıb qalmayım, – öz-özünə dedi.

Bu, elə də böyük problem deyildi. Yaxşı idi ki, cib kompası vardı və hansı istiqamətə gedəcəyini bilirdi. Ufuldayaraq yorğun halda ayağa qalxdı. Yeriməyə başladı. Yola baxaraq miskin bir halda özündən nə edəcəyini soruşdu. Başa düşürdü ki, Darya dediyini edəcək. Hələ üç həftə də bu lənətə gəlmiş yerdə qalmalı olacaqdılar. Neyl dönməyə cəsarət eləmirdi. Buralarda qalmağa da cürəti çatmırdı. Beyni tamam qarmaqarışıq fikirlərlə dolu idi. Ancaq yenə də yeganə görə biləcəyi iş düşərgəyə qayıtmaq və bütün bu olanlar haqqında əməlli-başlı düşünmək idi. Təxminən 15 dəqiqə getdikdən sonra o, tanıdığı yerə gəlib çatdı. Bir saatdan sonra artıq evdə idi. Yorğun, bayqın halda özünü kətilin üstünə atdı. Onu düşündürən yalnız Anqas idi. Ürəyindən qara qanlar axırdı. Indi ona əvvəllər qaranlıq qalan bir çox şeylər aydınlaşmışdı. Bütün bunlar ona olanları anlaması sayəsində açıldı. Indi o, Kualo Solordakı qadınların Daryaya düşməncəsinə münasibətlərini və Anqasa qeyri-adi baxmalarının səbəbini anlayırdı. Bu adamlar Anqasla fərqli davranırdılar, nə isə qəribə bir yüngüllüklə. Neyl bunu Anqasın elm adamı olması ilı izah edirdi və düşünürdü ki, buradakı yerli əhali üçün bütün bunlar mənasız şeylərdir. Lakin indi bilirdi ki, onlar Anqasın halına acıyır, eyni zamanda da ona gülürdülər. Darya onu camaatın içində gülüş hədəfinə çevirərək rüsvay etmişdi. Əgər qadın ucbatından bu cür rəftara layiq olmayan bir adam vardısa, o da Anqas idi. Qəflətən Neylin nəfəsi təngidi və bütün vücudu əsdi. Birdən ağlına gəldi ki, Darya bu cəngəlliyi heç tanımır. Çəkdiyi ağrı-acılar içində Neyl çətin ki, haralara getdiklərinin fərqinə varmışdı. Birdən Darya evə gələn yolu tapa bilmədi? O, bundan dəhşətə gələrdi. Neylin yadına Anqasın bu meşədə azmağı barədə danışdığı o tükürpədici əhvalat düşdü. Ağlına gələn ilk fikir geri qayıdıb Daryanı tapmaq oldu və ayağa qalxdı. Sonra acı bir qəzəb onu bürüdü. Yox, qoy özü öz başının çarəsini qılsın. Heç kəs onu oraya getməyə məcbur etməmişdi ki. Özü könüllü getmişdi. O, mənfur qadın idi, qadınlıq adına ləkə idi və başına gələn hər bəlaya da layiqdir. Neyl qəzəbdən qaşları düyünlənmiş halda meydan oxurcasına başını dala atdı və əllərini sıxdı. Cəsarətləndi. Qərarını verdi. Anqas üçün daha yaxşı olardı ki, Darya bir də heç vaxt geri qayıtmasın. Əlləri əsirdi. Diqqətini gördüyü işə yönəltməyə cəhd göstərdi, ancaq tələyə düşmüş kəpənək kimi fikri başqa yerə uçub gedir, özünə nəzarət edə bilmirdi. Görəsən orada – cəngəllikdə nələr oldu? Neyl birdən yerindən götürülüb qaçanda Darya neylədi? Arabir özündən asılı olmayaraq Neyl başını qaldırıb yuxarı baxırdı. Darya hər an gəlib çıxa bilərdi. Bu, Allahın işi idi. O titrədi. Qara buludlar səmanı tutmuş, gecə düşürdü.

Hava təzəcə qaralmışdı ki, Manro gəlib çıxdı.

  • Lap elə vaxtında gəlmişəm, – o dedi, – deyəsən yaman tufan olacaq.

Onun kefi kök idi. O, bu gün su ilə təchiz olunmuş bir yaylaya rast gəlmişdi. Oradan dənizə də gözəl bir mənzərə açılırdı. Üstəlik 2-3 nadir rast gəlinən kəpənək və bir dənə də uçan dələ tapmışdı. Düşərgəni yeni tapdığı yerə köçürmək barədə çoxlu planları vardı. Hər tərəfdə heyvanların həyatına dair bir çox nişanələrə rast gəlmişdi.

Bir az keçmiş Manro ağır, uzunboğaz çəkmələrini çıxarmaq üçün evə girdi. Elə o dəqiqə də bayıra çıxdı.

  • Darya haradadır?

Neyl hərəkətlərinin təbii alınması üçün özünü bərk tutdu.

  • Məgər öz otağında deyil?
  • Yox. Yəqin bir şey üçün xidmətçilərin komasına gedib.

Anqas pillələri endi və bir neçə yard irəli getdi.

  • Darya! – o çağırdı. – Darya!

Heç bir cavab gəlmədi. O, xidmətçini səslədi.

Çinli xidmətçi qaçaraq gəldi və Anqas ondan Daryanın harada olduğunu soruşdu. Xidmətçinin xəbəri yox idi. Dedi ki, qəlyanaltıdan bəri onu görməyib.

  • Harada ola bilər axı bu? – Manro çaşqın halda geri qayıtdı.

Evin arxa hissəsinə keçib çağırmağa başladı. Bir nəticə hasil olmadı.

  • Ola bilməz ki, Darya bayıra çıxsın. Getməli bir yeri yoxdur. Neyl, sən onu axırıncı dəfə nə vaxt görmüsən?
  • Yeməkdən sonra mən nümunə toplamaq üçün bayıra çıxmışdım. Səhər heç bir şey tapmadım, ona görə də fikirləşdim ki, bəxtimi bir də sınayım, bəlkə bir şey alındı.
  • Qəribədir?!

Düşərgənin ətrafında baxmadıqları yer qalmadı. Manro düşündü ki, ola bilsin Darya haradasa bu yaxınlarda yerini rahatlayıb oturub və elə orada da yuxuya gedib.

  • Bizi bu sayaq qorxutmaqla heç də yaxşı iş görmür.

Hamı axtarış üçün toplaşdı. Manro artıq həyəcanlanmağa başlamışdı.

  • Ola bilməz ki, cəngəlliyə gəzintiyə çıxsın və azsın. Yanılmıramsa, biz buraya gələndən bəri Darya evdən 100 yard məsafədən artıq uzaqlaşmayıb.

Neyl Manronun gözlərindəki qorxunu sezdi və baxışlarını yerə dikdi.

  • Yaxşı olardı ki, hər yerə adam salaq və axtarışa başlayaq. Bir şey var ki, Darya çox da uzaqda ola bilməz. Özü yaxşı bilir ki, azanda ən ağıllı iş olduğun yerdə qalaraq adamların gəlib səni tapmasını gözləməkdir. Yazıq! Indi az qala ağlını itirəcək.

Onda Manro ovçuları səslədi və çinli xidmətçilərə də fənərləri gətirməyi tapşırdı. Işarə olaraq tüfəngdən bir atəş açdı. Biri Manronun, digəri isə Neylin rəhbərliyi altında iki hissəyə bölündülər və orada olduqları bir ay ərzində gediş-gəliş saldıqları iki əyri-üyrü cığırla getməyə başladılar. Belə qərara alındı ki, kim Daryanı birinci tapsa havaya dalbadal üç atəş açsın. Neyl üzündə ciddi və qərarlı bir ifadə ilə gedirdi. Onun vicdanı təmiz idi. Elə görünürdü ki, sanki əlində məhkəmə hökmü var. Əmin idi ki, Darya artıq heç vaxt tapılmayacaq.

Irəlidə bu iki dəstə rastlaşdılar. Manronun sifətinə baxmağa lüzum yox idi. O, çaşıb qalmışdı. Neyl özünü heç bir avadanlığı və ya köməkçisi olmadan sevdiyi bir adamın həyatını xilas etmək üçün qorxulu bir əməliyyat aparmağa məcbur edilən cərrah kimi hiss edirdi. Hər halda o, özünü möhkəm tutmalı idi.

  • Ola bilməz ki, o, bu qədər uzağa gedə bilsin, – Manro dedi, – geri qayıtmalı və evin bir mil ətrafını qarış-qarış gəzib axtarmalıyıq. Belə hərəkət ancaq onunla izah oluna bilər ki, ya Darya nədənsə çox qorxub, ya bayılıb, ya da ki, onu ilan vurub.

Neyl cavab vermədi. Yenidən yola düzəldilər. Gedə-gedə cığır salaraq özlərinə yol açırdılar. Ucadan çağırırdılar. Hərdənbir atəş açaraq cavab kəlməsini gözləyirdilər. Adamlar əllərində fənərlərlə irəlilədikcə gecə quşları hürkmüş halda qanadlarını şappıldadaraq uçurdular. Aradabir yaxınlaşdıqca hansısa bir heyvanın – maralmı, qabanmı, ya da ki, kərgədanın qaçıb getdiyini görürdülər. Qəflətən tufan qopdu. Bərk külək əsməyə başladı. Sonra da ağrı çəkən qadın bağırtısını xatırladan ildırım, qaranlığı yararaq şiddətli qasırğada iblis rəqqasələr kimi bir-birinin dalınca çaxan şimşək gecənin sakitliyini pozdu. Meşənin dəhşəti, sirri sanki açılırdı. Ildırım, iri dalğalarla əbədi sahillərə çırpılan kimi, qorxunc səslərlə gurultu gurultu dalınca çaxırdı. Bu qorxunc gurultu boşluqda elə hay-küy salırdı ki, sanki bu səsin ölçüsü və çəkisi var idi. Şiddətli yağış tökürdü. Qayalar, iri ağaclar dağdan üzü aşağı uçub gəlirdilər. Dəhşətli mərəkə qopmuşdu. Dyaklı ovçuların qorxudan damarlarında qanları donmuşdu və acıqlı ruhlar haqqında anlaşılmaz sözlər danışırdılar. Lakin Manro onları axtarışı davam etdirməyə məcbur edirdi. Bütün gecəni ildırım və şimşək çaxaraq yağış yağdı və səhər açılana qədər kəsilmədi. Başdan-ayağa islanmış halda soyuqdan titrəyərək, nəhayət ki, düşərgəyə qayıtdılar. Tamam əldən düşmüşdülər. Yeməklərini yeyib qurtarandan sonra Manro axtarışı davam etdirməyi düşündü. Ancaq bunun ümidsiz bir fikir olduğunu fikirləşdi. Bəli, onlar bir daha Daryanı görməyəcəkdilər. Manro üzgün bir halda kətilə çökdü. Üzündə yorğun, ağrılı bir ifadə var idi.

  • Ah, zavallı, zav

Kapitan Bredon mehriban adam idi. Kualo Solordakı muzeyin kuratoru Anqas Manro yeni köməkçisi Neyl Makadamın Sinqapura gələndə Van Dayn mehmanxanasında bir neçə gün qalacağını deyəndə və bu müddət ərzində oğlandan muğayat olmasını ondan xahiş edəndə kapitan əlindən gələni edəcəyini söylədi. Kapitan Bredon “Sultan Əhməd” gəmisini idarə edirdi və Sinqapurda olanda qalmağa həmişə Van Dayn mehmanxanasını seçirdi. Arvadı yapon idi. Orada bir otaq tutmuşdu; bu, onun evi idi. Borneo sahili boyunca iki həftəlik səyahətdən qayıdanda əslən holland olan menecer ona Neylin artıq iki gündür ki, orada olduğunu söylədi. Oğlan mehmanxananın balaca, tozlu bağçasında oturub Straits Times qəzetinin köhnə saylarını oxuyurdu. Kapitan diqqətli bir nəzər yetirdikdən sonra ona yaxınlaşdı.

  • Siz Makadamsınız, elə deyilmi?
    Neyl ayağa qalxdı, qulaqlarına qədər qızardı və utancaqlıqla cavab verdi:
  • Mənəm.
  • Mənim adım Bredondur. “Sultan Əhməd”in kapitanıyam. Siz gələn çərşənbə axşamı mənimlə gedəcəksiniz. Manro xahiş edib ki, sizdən göz-qulaq olum. Stenqah istəyirsiniz? Hər halda güman edirəm ki, indiyə qədər onun nə olduğunu artıq öyrənmisiniz?
  • Təşəkkür edirəm, ancaq mən içki içmirəm.
    O, geniş yayılmış şotland ləhcəsində danışırdı.
  • Mən heç də sizi günahlandırmıram. Içki bu ölkədə çox yaxşı kişilərin evini yıxıb.
    O, yerlilərdən olan çinli xidmətçini səslədi və özü üçün ikiqat viski və bir az da soda gətirilməsini sifariş etdi.
  • Buraya gələndən bəri nə işlə məşğul olmusunuz?
  • Ətrafı gəzib dolaşmışam.
  • Sinqapurda görməli elə bir şey yoxdur.
  • Ancaq mən belə deməzdim.

Əlbəttə, onun görəcəyi ilk iş muzeyə getmək idi. Burada onun öz yerlərində görmədiyi az şey var idi. Lakin vəhşi heyvanların, quşların, sürünənlərin və digər həşəratların məhz həmin ölkəyə aid olması faktı onu həyəcanlandırırdı. Orada bir bölmə var idi və növbəti üç il ərzində bu canlı varlıqlaırn onun işinə birbaşa aidiyyatı olduğundan Neyl onları diqqətlə tədqiq edirdi. Lakin ən həyəcanlandırıcı şey bayırda – yəni küçələrdə idi və əgər ciddi, ayıqbaşlı bir gənc olmasaydı sevinclə ucadan qəhqəhə çəkib gülərdi. Burada hər şey onun üçün yeni idi. Ayaqları sıyrılana kimi gəzirdi. Qələbəlik bir küçənin bir küncündə dayanır, rikşaların saldığı uzun cığıra və indakar addımlarla dirəklərin arası ilə qaçan adamlara maraqla baxırdı. Kanalın üzərindəki körpünün üstündə durur və konserv qutusundakı siyənək balıqları kimi bir-birinin yanında pazla bərkidilmiş sampanlara tamaşa edirdi. Viktoriya küçəsindəki çoxlu qəribə şeylərin satıldığı çin mağazalarına diqqətlə nəzər yetirirdi. Kök, yekəpər Bombey tacirləri mağazalarının qapısı ağzında dayanır, ipək saplar və müxtəlif zinət əşyalarını alması üçün elə hey bir ucdan səslənirdilər. O, həvəssiz-həvəssiz yol gedən Tamillərə , başlarında ağ araqçın olan və özlərini çəkən saqqallı ərəblərə baxırdı. Bu cür mənzərənin üzərindən günəş güclü parıltı ilə bərq vururdu. Neyl karıxıb qalmışdı. Düşündü ki, bu rəngarəng və həddindən artıq böyük dünyada öz yerini tapmaq üçün ona illər lazım olacaq.
Həmin gecə şam yeməindən sonra kapitan Bredon ondan şəhəri dolaşmaq istəyib-istəmədiyini soruşdu.

  • Nə qədər ki, buradasan, gərək bir az gözünü açıb həyata baxasan, – o dedi.
    Onlar rikşaya oturdular və şəhərin çinlilər olna məhəlləsinə sürdülər. Dənizdə olduğu zaman heç vaxt içki içməyən kapitan bu dəfə də öz adətinə xilaf çıxmadı. O, özünü yaxşı hiss edirdi. Rikşalar küçənin bir tərəfində olan evin yanında dayandılar. Onlar irəli keçib qapını döydülər. Qapı açıldı, dar bir keçidlə hər tərəfi qırmızı plyuşla döşənmiş skamyaları olan böyük bir otağa girdilər. Orada milliyətcə fransız, italyan və amerikan olan bir neçə qadın oturmuşdu. Pianodan sanki güc-bəla ilə xoşagəlməz səs çıxır, bir neçə nəfər də ortada rəqs edirdi. Kapitan Bredon içki sifariş etdi. Dəvət gözləyən iki-üçü qadın onlara çağırıcı nəzərlərlə baxdılar.
  • Hə, cavan oğlan, bəyəndiyin biri varmı?, – deyə kapitan zarafatla soruşdu.
  • Yatmaq mənasında? Yox!
  • Getdiyin yerdə bilirsən ki, ağ dərili qızlar olmur.
  • Yaxşı, bildim.
  • Istəyirsən gedək yerli qadınlara baxaq?
  • Etirazım yoxdur.
    Kapitan içkinin pulunu ödədi və onlar bir az gəzişdilər. Sonra başqa bir evə getdilər. Buradakılar balaca, zərif, çiçək kimi xırda əl və ayaqları olan, güllü ipəkdən kostyum geyinmiş çinli qızlar idilər. Lakin rənglənmiş üzləri sanki maskanı xatırladırdı. Gələnlərə istehzalı nəzərlərlə baxdılar. Bu qızlar qətiyyən insana bənzəmirdilər.
  • Səni buraya gətirdim, düşündüm ki, bu yeri görməlisən, – kapitan Bredon vəzifə borcunu yerinə yetirən adam ədası ilə dedi, – elə bircə nəzər salmaq özü hər şeydir. Nə səbəbə bilmirəm, onlar bizi bəyənmirlər. Hətta bəzi bu cür çin evlərində ağ dərili kişiyə içəri girməyə də icazə vermirlər. Dedikləri də budur ki, guya bizdən xoşagəlməz qoxu gəlir. Gülməlidir, elə deyil? Deyirlər ki, guya bizdən meyit iyi gəlir.
  • Bizdən?
  • Bizə yapon qızları verin, – kapitan dedi. – Onlar yaxşıdırlar. Bilirsən də, mənim arvadım da yapondur. Gəl gedək, səni yapon qızları olan bir yerə aparacağam. Əgər ora xoşuna gəlməsə, onda mən adımı dəyişərəm!
    Onlar rikşalara əyləşdilər. Məkana çatanda düşüb qapını döydülər. Dolğun, orta yaşlı bir yapon qadını onları içəri – evə dəvət etdi. Yalnız xalçalarla döşənmiş qəşəng, təmiz bir otağa gətirdi. Kapitan və Neyl yerdə əyləşdilər. Bir az keçmiş balaca bir qız üzərində solğun rəngdə iki piyalə çay olan məcməyi ilə içəri girdi. Qız utancaq bir təzimlə piyalələri onlara təqdim etdi. Kapitan isə orta yaşlı qadınla danışırdı. Birdən o, Neylə baxaraq qaqqıltı ilə güldü, qadın bayıra çıxan uşağa nə isə dedi və ir qədər keçmiş otağa dörd qız daxil oldu. Çox qəşəng daranıb yığılmış qara, parıltılı saçları olan bu qızlar kimanoda elə gözəl görünürdülər ki; xırda, dolğun, yumru sifətli bu qızların gülümsəyən gözləri vardı. Onlar təzim etdilər və ədəb-ərkanla qonaqları salamladılar. Danışıqları lap quşların cəh-cəhini xatırladırdı. Sonra onlar hərəsi bir tərəfdə kapitanla Neylin dizi üstündə oturaraq onları əyləndirməyə başladılar. Bir az keçmiş kapitan artıq qolları ilə iki incə beldən tutmuşdu. Onlar da ki, heç dil boğaza qoymurdular. Çox şən idilər. Neylə elə gəldi ki, kapitanla əylənən qızlar onu lağa qoyurlar, çünki onların parıldayan gözləri çıltaq bir şəkildə Neylə tərəf döndü və bunu görcək oğlan qıpqırmızı oldu. Digər iki qız isə gülümsəyərək Neylə qısılmışdılar və yaponca elə danışırdılar ki, sanki oğlan onların dediyi hər sözü aydınca başa düşürdü. Elə xoşbəxt və səmimi görünürdülər ki, oğlan gülməyə məcbur oldu. Qızlar çox diqqətcil idilər. Piyaləni özləri elə uzatdılar ki, oğlan rahatca içə bilsin. Qızlar onun üçün siqaret yandırdılar və külü oğlanın üstünə düşmısin deyə onlardan biri balaca, incə əlini irəli uzatdı. Onlar Neyli hamar üzünü tumarlayır və maraqla iri, gənc əllərinə baxırdılar. Zalım qızları pişik balası kimi oynağan idilər.
  • Yaxşı, hansını istəyirsən, de görək?, – bir qədər sonra kapitan dilləndi, – Seçdin birini?
  • Sizi başa düşmürəm?!
  • Gözləyirəm ki, sən bir qərara gələsən. Mən də öz işimi bilim.
  • Ah, siz nə danışırsınız! Heç birini istəmirəm. Mən evə yatmağa gedirəm.
  • Niyə, nə olub axı? Hər halda qorxmursan, hə?
  • Yox, sadəcə olaraq belə şeyləri xoşlamıram. Ancaq sizin yolunuzun üstündə də durmayacağam. Özüm mehmanxanaya qayıdaram.
  • Əgər elə bir fikrin yoxdursa, onda bu, başqa məsələ. Mən sadəcə səni tək buraxmaq istəmirdim.
    Kapitan orta yaşlı qadınla bir-iki kəlmə kəsdi və dediyi sözlər qızların Neylə təəccüblə baxmasına səsəb oldu. Qadın nə soruşdusa kapitan çiyinlərini çəkdi. Sonra qızlardan biri nəsə söz atdı və hamı gülüşdü.
  • O, nə deyir?, – Neyl soruşdu.
  • Sənə sataşır, – kapitan qımışdı.
    Və qəribə bir maraqla Neylə baxdı. Bayaq nə isə deyərək onları güldürən qız indi birbaşa nəsə söz atdı. Oğlan bundan da heç nə anlamadı, ancaq qızın gözlərindəki istehza onun pörtməsinə səbəb oldu. Qaşlarını çatdı. Masqaraya qoyulmaqdan heç xoşu gəlmirdi. Qız isə nümayişkaranə bir şəkildə güldü və qolunu Neylin boynuna dolayaraq xəfifcə onu öpdü.
  • Gəl gedək, – kapitan dedi.
    Mehmanxanaya çatanda Neyl daha marağını boğa bilmədi.
  • Nəyə gülürdülər elə?
  • Sənin bakirliyinə.
  • Mən burada gülməli elə bir şey görmürəm, – deyə Neyl özünün asta Şotlandiya ləhcəsi ilə dilləndi.
  • Bu, belədir ki?
  • Mmm… Hə.
  • Neçə yaşın var?
  • Iyirmi iki.
  • Yaxşı nəyi gözləyirsən?
  • Evlənməyimi.
    Kapitan susdu. Pilləkanın lap yuxarısına çatanda əlini ona uzatdı. Oğlana “Gecən xeyrə qalsın” deyəndə gözlərində bir işartı vardı, lakin Neyl bunu sakit, səmimi və rahat bir nəzərlə qarşıladı.
    Üç gün sonra onlar gəmi ilə yola düşdülər. Neyl yeganə ağ dərili sərnişin idi. Kapitan məşğul olanda o, ancaq mütaliə edirdi. Təzədən Ualeysin “Malay arxipelaqı”nı oxuyurdu. Bunu uşaq vaxtı oxumuşdu, ancaq indi bu kitabda yeni və hər şeyə üstün gələn bir maraq var idi. Kapitanın asudə vaxtında ya bric oynayır, ya da ki, göyərtədəki uzun kürsülərdə oturub siqaret çəkərək söhbət edirdilər.
    Neyl kənd həkiminin oğlu idi və təbiət tarixi ilə maraqlandığı yadına gəlmir. Məktəbi bitirəndən sonra o, Edinburq universitetinə daxil oldu və təbiət elmləri üzrə bakalavr dərəcəsi aldı. Təsadüfən “Nature” (“Təbiət”) qəzetində Kualo Solordakı muzeyin mühafizinə assistent tələbi barədə elanı görəndə o, biologiya üzrə laborant işi axtarırdı. Muzeyin mühafizi Anqas Manro onun dayısı – Qlazqo taciri ilə birlikdə Edinburqda olmuşdular və dayısı məktub yazaraq ondan Neylə bir sınaq işi verməsini xahiş etmişdi. Neylin əsasən entemologiya ilə maraqlanmasına baxmayaraq o, əslində təlim görmüş taksidermist idi. Elə elanda da bunun əsas götürüldüyü açıq-aydın söylənilirdi. O, Neylin müəllimlərinin verdiyi sertifikatları da məktuba daxil etmişdi. Yeri gəlmişkən, hələ universitet illərində Neylin yaxşı futbol oynadığını da əlavə etmişdi. Bir neçə həftəədn sonra işə qəbul edilməsi ilə əlaqədar teleqram gəldi və beləliklə Neyl iki həftə sonra gəmi ilə oraya yola düşdü.
  • Manro necə adamdır? – Neyl soruşdu.
  • Yaxşı oğlandır. Hamının rəğbətini qazanıb burada.
  • Mən elmi jurnallarda onun məqalələrinə göz gəzdirmişəm. “İbis”in son sayında da bir məqaləsi vardı.
  • Bu barədə heç nə bilmirəm. Bircə bildiyim odur ki, arvadı rusdur. Burada da onu bir o qədər də bəyənmirlər.
  • Sinqapurda olanda ondan məktub aldım. Orada deyilirdi ki, götür-qoy edənə qədər onlar məni burada bir müddət qonaq edəcəklər.
    Indi çayyuxarı üzürdülər. Çayın ağzında su üzərindəki dirəklərin üstündə balıqçıların kiçicik bir kəndi yerləşirdi. Sahildə palma və manqrov ağacları bitmişdi; bir az aralıda baltadəyməmiş meşənin qalın yaşıllığı uzanırdı. Bundan bir qədər də uzaqda mavi səmaya tünd kölgəsi düşən dağın nahamar konturu görünürdü. Bütün vücudunu saran həyəcandan ürəyi döyünən Neyl bu mənzərəni az qala gözləri ilə yeyirdi. Çaşıb qalmışdı. O, Konradı demək olar ki, əzbərdən bilirdi və sirrli-sehrli bir aləm görmək ümidində idi. Lakin hələ bu mavi səmaya hazır deyildi. Üfüqdəki balaca, ağ buludlar günəş işığında parıldayırdı. Meşədəki yamyaşıl ağaclar parlaq işıqda bərq vururdular. Çayın sahili boyunca adda-budda tavanı qamışla örtülmüş Malay evləri vardı və onlar meyvə ağaclarının arasında yerləşmişdi. Yerlilər daq-autlarda çayyuxarı avar çəkirdilər. Neylin evə qapanıb oturmaq fikri yox idi. Həmin o məhzun, lakin boşluq və sərbəstlik dolu parlaq səhər çağında da bu fikirdə idi. Bu ölkə ona isti qucaq açırdı. Ürəyinə dammışdı ki, burada xoşbəxt olacaq.
    Kapitan Bredon körpüdən aşağıda dayanmış Neylə səmimi bir nəzər saldı. Dörd gün davam edən bu səyahət müddətində kapitan bu oğlana yamanca bənd olmuşdu. Doğrudan da o, içki içmirdi. Zarafat edəndə də bunu ciddi hal kimi qəbul etmirdi. Ancaq onun ciddiliyinin özündə də nə isə bir cazibə var idi. Burada hər şey onun üçün maraqlı və əhəmiyyətli görünürdü. Əlbəttə, elə buna görə də o, zarafatları gülməli hesab etmirdi. Amma hətta bu zarafatları başa düşməsə də gülürdü, çünki bunu ondan gözlədiklərini hiss edirdi. O gülürdü, çünki həyat gözəl idi. Deyilən hər xırda şeyə görə təşəkkür edirdi. Çox nəzakətli idi. Heç vaxt “xahiş edirəm”, “zəhmət olmasa” kəlmələrini işlətmədən nəzə istəməzdi və “çox sağ olun”u əsirgəməzdi. Üstəlik də yaraşıqlı oğlan idi; bunu heç kəs inkar edə bilməzdi.
    Neyl başı açıq, əlləri dirəyin üstündə sahildən keçib gedənlərə baxaraq dayanmışdı. Ucaboy – 6.2 fut olardı, uzun, iri qolları və ayaqları, eyni çiyinləri və incə beli olan bir gənc idi. Onda nə isə cəzbedici bir oynaqlıq vardı, belə ki, hər an nəsə bir oyun çıxaracağını gözləyirdin. Özünəməxsus parıltısı olan şabalıdı, qıvrım saçları bəzən işığa düşəndə lap qızıl kimi işıldayırdı. Iri, mavi gözləri sevinclə parlayır, sahibinin şən xarakterini özlərində əks etdirirdilər. Burnu qısa, kobud, ağzı böyük, çənəsi sərt, üzü enli idi. Lakin ən heyrətləndirici əlamət dərisi idi: ağappaq, hamar, yanaqları da qızartlaq. Hər bir qadın bu cür dəriyə sahib olmasını yalnız arzu edə bilərdi. Hər səhər kapitan Bredon eyni zarafatı təkrarlayırdı:
  • Hə, cavan oğlan, bu gün üzünü qırxmısan?
    Neyl əlini çənəsi boyunca sürtüb deyirdi:
  • Yox, lazımdır bəyəm?
    Kapitan Bredon da həmişə buna gülərdi.
  • Lazımdır?! Yox, əşi, nəyinə lazımdır?! Sənin üzün onsuz da uşaq dərisi kimidir.
    Hər dəfə də Neyl qıpqırmızı qızarırdı.
  • Mən həftədə bir dəfə üzümü təraş edirəm, – deyə o, bir dəfə qəti şəkildə cavab verdi.
    Lakin onu adamlara bəyəndirən təkcə zahiri görünüşü deyildi. Onu müsahibinə sevdirən daha çox üzləşdiyi vəziyyətə qarşı göstərdiyi çeviklik, səmimiyyət və ruh yüksəkliyi idi. Diqqət və əhəmiyyətlə yanaşdığı hər şeyə və ortaya çıxan hər məsələyə dair mübahisə aparmaq meylinə baxmayaraq, onda adama tamamilə qeyri-adi təsir bağışlayan qəribə bir sadəlik vardı. Kapitan, bax, bunu anlaya bilmirdi.
  • Maraqlıdır, bəlkə o, heç vaxt qadınla olmadığına görə belədir? – deyə o, öz-özünə deyirdi, – qəribədir, fikirləşirsən ki, qızlar özləri ona heç macal verməzdilər. Özü də belə yaraşıqlı bir oğlana.
    “Sultan Əhməd” çayın döngəsinə yaxınlaşırdı, onu dolanıb keçdikdən sonra artıq Kualo Solor görünəcəkdi. Ancaq işi ilə əlaqədar vacib məsələlər kapitanın bu düşüncələrinə son qoydu. O, aşağı – maşın şöbəsinə xəng çaldı. Gəmi sürətini yarıya qədər azaltdı. Çayın sol sahilində ağ, təmiz və kiçik şəhərcik olan Kualo Solor uzanırdı, sol tərəfində isə hərbi istehkam və Sultan sarayı var idi. Bir az külək əsirdi və Sultanın bayrağı hündür bir ağacın başında əzəmətlə dalğalanırdı. Onlar çayın ortasında lövbər saldılar. Həkim və bir polis məmuru hökumət barkasında göyərtəyə yaxınlaşdılar. Onları ağ, parusin şalvar geyinmiş ucaboy, arıq bir kişi müşayiət edirdi. Kapitan taxta körpünün başında duraraq onlarla əl tutşdu. Sonra da sonuncu gələnə tərəf döndü.
  • Görürsən də, sənin ümid yerin olan bu gənci sağ-salamat gətirdim.
    Və bunu deyib Neylə nəzər saldı.
  • Bu Manrodur.
    Ucaboy arıq kişi əlini uzatdı və Neylə sınayıcı nəzərlə baxdı. Neyl qızararaq gülümsədi. Onun qəşəng dişləri vardı.
  • Xoş gördük, cənab.
    Manro gözləri ilə xəfifcə gülümsədi. Yanaqları batıqdı, qırğı burnu və solğun dodaqları vardı. Gündə qapqara yanmışdı. Çox yorğun görünməyinə baxmayaraq üzünün mehriban ifadəsi var idi və bu, Neyldə ona qarşı dərin inam hissi yaratdı.
    Kapitan onu həkim və polislə tanış edərək bir az içki içməyi təklif etdi. Masa arxasında əyləşdilər. Xidmətçi pivə şüşələrini gətirəndə Manro şlemini çıxardı. Neyl onun qısa vurulmuş saçlarının artıq çallaşmış olduğunu gördü. O, 40 yaşlarında sakit görünüşlü, hərəkətlərində təmkinli olan ziyalı görkəmli bir adam idi və bu da onu o balaca çevik həkimdən və son dərəcə təşəxxüslü olan polis məmurundan fərqləndirirdi.
  • Makadam içki içmir, – xidmətçi 4 stəkan pivə süzəndə kapitan dilləndi.
  • Daha yaxşı, – Manro dedi, – hər halda ümid edirəm ki, onu pis yollara çəkməyə çalışmamısan.
  • Sinqapurda buna cəhd elədim, – kapitan gözlərində parıltı ilə cavab verdi, – axı, görməli elə bir ciddi iş yox idi.
    Pivəni içib qurtardıqdan sonra Manro Neylə tərəf döndü.
  • Yaxşı, nə deyirsən, sahilə çıxaqmı?
    Neylin baqajını yerbəyer etmək Manronun xidmətçisinin öhdəsinə düşdü. Özləri isə sampana oturaraq quruya çıxdılar.
  • Birbaşa bunqaloya getmək istəyirsən, yoxsa əvvəlcə ətrafı gəzib dolaşaq? Yeməkdən qabaq hələ iki saat vaxtımız var.
  • Olmazmı elə birbaşa muzeyə gedək? – Neyl soruşdu.
    Manronun gözləri güldü. Məmnun oldu. Neyl utancaq, Manro da təbiətinə görə qaradinməz olduğundan onlar sükut içində yol gedirdilər. Çayın yanında yerlilərin daxmaları var idi. Burada qədim həyat tərzinə xilaf çıxmayan Malayyalılar məskən salmışdılar. Bu adamlar sakitcə öz işləri ilə məşğul idilər və onların qəlbə xoş gələn fəaliyyəti göz qabağında idi. Buradakı həyat riitminin doğum və ölüm, məhəbbət və bəşəriyyətə aid olan məsələlər hesab olunduğu hiss edilirdi.
    Onlar bazara gəldilər. Işləyən, yemək yeyən, səs-küylə ucadan danışan çinlilərin qaynaşdığı mağazalarla dolu olan dar küçələrdə yaşamaq uğrunda yorulmadan sanki mübarizə aparan bir ruh hökm sürürdü.
  • Sinqapurdan sonra bu yerləri görmək o qədər də maraqlı deyil. Ancaq mənə elə gəlir ki, səfasına söz ola bilməz, – Manro dedi.
    Neyldə olduğu kimi elə kəskin hiss olunmasa da Manro özü də ləhcə ilə danışırdı, ancaq hərdənbir Şotland dialektinə uyğun olaraq “r” səsini düzgün tələffüz etmirdi və bu da Neylin özünü rahat hiss etməsinə şərait yaradırdı. O, ingilislərin danışdığı ingilis dilinin süni olduğu fikrini hüç cür başından çıxarıb ata bilmirdi.
    Muzey gözəl, daş binada idi və içəri daxil olanda Manro qeyri-ixtiyari olaraq qəddini düzəltdi. Qapıda dayanmış xidmətçi salamlaşdı və Manro ona malayyaca nəsə dedi, çox güman ki, Neylin kim olduğunu izah edirdi, çünki xidmətçi ona baxıb gülümsədi və yenidən salam verdi.
    Içəri soyuq idi və küçənin parıltısından sonra içəridəki işıq xoş təsir bağışlayırdı.
  • Qorxuram ki, dilxor olasan, – Manro dedi, – lazım olan şeylərin hələ hamısı bizdə yoxdur. Pulun olmaması bizi belə pis vəziyyətdə qoyub. Əlimizdən gələni etmişik. Hər halda gərək bunu nəzərə alasan.
    Neyl özünə əmin tərzdə suya atılan üzgüçü kimi qətiyyətlə içəri addım atdı. Nümunələr son dərəcə gözəl quraşdırılmışdı. Manro çalışmışdı ki, təlim keçdiyi qədər bütün bunları bəyəndirsin də. Quşlar, vəhşi heyvanlar, sürünənlər canlı həyat təsəvvürü yaratmaq məqsədilə öz təbii mühitlərində təqdim olunurdu. Neyl utancaqlığını yaddan çıxararaq böyük şövqlə danışırdı. Sayı-hesabı olmayan suallar yağdırırdı. Yaman həyəcanlı idi. Vaxtın necə ötdüyü hiss olunmurdu. Manro saata baxanda çox təəccübləndi. Nəhayət onlar rikşaya oturdular və bunqaloya gəldilər.
    Manro gənc adamı qonaq otağına gətirdi. Bir qadın divanda uzanaraq kitab oxuyurdu və onların içəri girdiyini görəndə yavaşca ayağa qalxdı.
  • Bu, mənim arvadımdır. Deyəsən çox gecikmişik, Darya?
  • Eybi yoxdur, – o gülümsədi, – vaxtın nə əhəmiyyəti var ki?!
    O, əlini – kifayət qədər iri olan əlini Neylə uzatdı və ona uzun, düşüncəli, lakin səmimi nəzər saldı. Sən yəqin ki, muzeyi ona göstərmisən?
    O, orta boylu, 35 yaşlarında əsmər üzlü, açıq mavi gözləri olan bir qadındı. Ortadan ayrılıb boynunun arxasında yumrulanmış saçları səliqəliydi. Qeyri-adi görünən açıq qəhvəyi rəngi vardı. Iri almacıq sümükləri olan enli sifəti, çox ətli burnu vardı. Gözəl olduğunu deməzdin, ancaq asta hərəkətlərində nə isə şəhvanilik, davranışında isə bir laqeydlik sezilirdi ki, bu, yalnız qanmaz və kütbeyin adamların diqqətini çəkməzdi. Pambıq parçadan tikilmiş yaşıl rəngdə paltar geymişdi. Yüngülcə ləhcə hiss olunsa da ingilis dilində çox səlis danışırdı.
    Onlar qəlyanaltı etmək üçün masa arxasına keçdilər. Neylin utancaqlığı yenidən özünə qayıtdı, ancaq Darya deyəsən bunun fərqinə varmadı. O, heç sıxılmadan sərbəst danışırdı. Neylə səyahəti haqıında və Sinqapurda nələr gördüyü barədə bir ucdan suallar yağdırırdı. Sonra Darya ona görüşəcəyi adamlar haqda danışdı. Həmin gün Manro onu Sultan burada olmadığına görə rezidəntə baş çəkmək üçün aparmalı idi, sonra isə kluba gedəcəkdilər. Orada Neyl hamını görəcəkdi.
  • Görərsən, sən burada çox məşhurlaşacaqsan, – Darya açıq mavi rəngli gözlərini diqqətlə Neylə dikərək dedi.
    Neyldən daha sadəlövh olan hər hansı bir kişi dərhal hiss edərdi ki, qadın necə də diqqətlə onun boy-buxununa, həyəcan doğuran gəncliyinə, parlaq, qıvrım saçlarına və hamar dərisinə göz yetirir. Və əlavə etdi:
  • Onlar bizi o qədər də veclərinə almırlar.
  • Eh, Darya, boş şeydir. Sən də yaman hər şeyi ürəyinə salansan ha. Onlar ingilisdirlər , vəssalam.
  • Onlar Anqasın alimliyini gülməli, mənim rus olmağımı isə bayağı bir şey hesab edirlər. Əşi, heç vecimə də gəlmir. Axmaqdırlar da. Ən adi, ən dardüşüncəli, ən bayağı adamlardır ki, aralarında yaşamaq bədbəxtliyi mənə nəsib olub.
  • Sən də elə ilk gəldiyi gündən Makadamda ikrah hissi oyatma. O, buranın adamlarının mehriban və qonaqpərvər olduğunu görəcək.
  • Bəs sənin adın nədir? – Darya ondan soruşdu.
  • Neyl.
  • Mən səni elə belə də çağıracam. Sən də məni eləcə Darya çağırarsan. Çünki xanım Manro kimi müraciət edilməyindən zəndeyi-zəhləm gedir. Onda özümü lap nazir arvadı kimi hiss edirəm.
    Neyl qızardı. Qadının ona belə tezliklə bu qədər yaxınlıq göstərməsi onu çaşdırdı. Darya isə yarımçıq qalmış sözünə davam etdi.
  • Adamların bəziləri o qədər də pis deyillər.
  • Onlar mütəxəssis kimi öz işlərini görürlər. Elə ona görə də buradadırlar, – Manro dedi.
  • Onlar güllə atırlar. Futbol, tennis, kriket oynayırlar. Onlarla aram sazdır. Qadınlar isə dözülməzdirlər. Qısqanc, kinli, üstəlik də tənbəl. Dünyadan xəbərləri yoxdur. Intellektual bir mövzudan söhbət salanda burunlarını sallayıb elə otururlar ki, guya sən əxlaqsız bir adamsan. Bir də axı, onlar nə haqda danışa bilərlər?! Onları heç nə maraqlandırmır. Cisim haqda danışanda səni əxlaqsız, ruh barədə söhbət salanda isə xırdaçı hesab edirlər.
  • Arvadımın dediklərini lap elə kəlməsi-kəlməsinə qəbul etmə, ha, – Manro özünəməxsus incə, dözümlü bir tərzdə gülümsədi, – buradakı cəmiyyət də Şərqdəki kimidir; nə çox ağıllı, nə də çox səfeh. Ancaq səmimi və mehriban. Elə bu, özü də az şey deyil.
  • Mənə adamların səmimi və mehriban olmaları lazım deyil. Mən onların daha diribaş və ehtiras dolu olmalarını istəyirəm. İstəyirəm ki, ümumiyyətlə insanlara maraq göstərsinlər. Cisim, ruh məsələlərinə cin-nahitdən , ya da karidən daha çox əhəmiyyət vermələrini istəyirəm. Incəsənətin, ədəbiyyatın onlar üçün bir məna kəsb etməsini istəyirəm.
    O, qəflətən Neylə müraciət etdi:
  • Sənin ruhun varmı?
  • … Bilmirəm?… Daha doğrusu sizin nə demək istədiyinizi anlamadım.
  • Niyə sənə sual verəndə belə qızarırsan? Nə üçün ruhun olduğuna görə utanmalısan? Bu, insanda vacib olan bir şeydir. Gəl, elə onun haqqında danışaq. Səninlə maraqlanıram və bilmək istəyirəm.
    Gözəl, lakin yad bir adamın onu bu sayaq ciddi-cəhdlə nəyəsə inandırmağa çalışması kobudluq kimi göründü. O, hələ ömründə bu cür adama rast gəlməmişdi. Ancaq ciddi bir gənc olduğuna görə sual veriləndə cavabı gecikdirməzdi. Onu daha çox çaşdıran Manronun da orada olması idi.
  • Mən sizin ruh dedikdə nəyi nəzərdə tutduğunuzu bilmirəm. Əgər siz müvəqqəti olaraq cismani bədənlə birlikdə müstəqil surətdə Allah tərəfindən yaradılan mücərrəd və ya mənəvi varlığı nəzərdə tutursunuzsa, onda mənim cavabım mənfidir. Mənə elə gəlir ki, insan şəxsiyyətinə bu cür möhkəm dualist baxış əlamətlərə sakit bir şəkildə baxanlar tərəfindən müdafiə edilə bilməz. Digər tərəfdən, əgər siz ruh dedikdə fərdin şəxsiyyəti kimi bildiyimiz şeyi yaradan fiziki elementlər cəmini nəzərdə tutursunuzsa, onda əlbəttə ki, mənim ruhum var.
  • Sən çox şirin, həm də yaraşıqlısan, – Darya gülümsədi, – Yox, mən ehtiraslı istəklə dolu olan ürəyi, bədəni, onun arzularını və içimizdəki sonsuzluğu nəzərdə tuturam. De görüm, səyahət vaxtı nə oxudun? Yoxsa elə ancaq tennis oynamaqla vaxt öldürdün?
    Neyli onun cavabının məntiqsizliyi çaşdırdı. Qadının gözlərində təbəssüm, davranışında təbiilik olmasaydı Neyl bəlkə də özünü təhqir olunmuş hesab edərdi. Manro gənc adamın çaşqınlığına gülümsədi və güləndə burun deşiklərindən ağzının kənarlarına gedən cizgilər dərin qırışlara çevrildi.
  • Mən Konraddan çox oxumuşam.
  • Əyləncə üçün, yoxsa həqiqətən düşüncələrini təkmilləşdirməkdən ötrü?
  • Hər ikisi üçün. Mən ona məftunam.
    Darya qollarını etiraz əlaməti olaraq qeyri-adi bir tərzdə qaldırdı.
  • Ax, o polyak! Başa düşmürəm, necə ola bilər ki, siz ingilislər bu uzundanışan hoqqabazın sözlərinə aldanmısınız?! O, bütünlükdə öz yurddaşlarının ciddiyyətsizliyidi; cümlələrindəki sözlərin axını, təmtəraqlı sözçülük, naqqallıq, dərinə nüfuz etmə xəstəliyi… Oxuyursan, oxuyursan, axırda əsərin məğzinin nə olduğuna gəlib çatanda çeynənmiş söz yığınından başqa nə görürsən?! Konrad qondarma paltar geyinib Viktor Hüqonun pyesini elan edən ikinci dərəcəli aktyora bənzəyir. Ilk beş dəqiqə deyəcəksin ki, hə, o, əsl qəhrəmandır, amma sonra bütün ruhun üsyana qalxır və qışqırırsan ki, yox, bütün bunlar saxtadır, yalandır.
    O, elə ehtirasla danışırdı ki, Neyl hələ heç kəsi incəsənət və ya ədəbiyyat haqda danışarkən belə həyəcanlı görməmişdi. Qadının solğun yanaqları allanmış, gözləri par-par yanırdı.
  • Ab-havanı Konrad kimi anlayan yoxdur, – Neyl dedi. – Onu oxuyanda mən Şərqi duya bilirəm, görə bilirəm, hiss edə bilirəm.
  • Cəfəngiyyatdır. Şərq haqqında axı sən nə bilirsən? Kimdən soruşsan sənə deyəcək ki, o, çox kobud səhvlərə yol verib. Uzağa niyə gedirsən, elə Anqasdan soruş.
  • Əlbəttə, o, həmişə haqlı olmayıb, – Manro özünəməxsus təmkinli, düşüncəli bir tərzdə dilləndi. – Onun təsvir etdiyi Borneo bizim indi görüb-bildiyimiz Borneo deyil. Konrad Borneonu ancaq ticarət gəmisinin göyərtəsindən müşahidə eləyib və hətta gördüyü şeylər barədə də o qədər uzaqgörən müşahidəçi olmayıb. Ancaq nə olsun ki?! Başa düşmürəm axı nəyə görə fakt bədii ədəbiyyata mane olmalıdır? Ruhun qaranlıq, məşum, qeyri-real, qəhrəmanlıq dünyasını yaratmış olmaq, məncə, heç də zəif nailiyyət deyil.
  • Sən nə yaman sentimental imişsən mənim zavallı Anqasım! – Darya yenidən Neylə üzünü çevirdi. – Sən Turgenevi, Tolstoyu, Dostoyevskini oxumalısan!
    Neyl Darya Manronun hərəkətlərindən bir şey kəsdirə bilmirdi. Tanışlığının ilk anından qadın onunla dərhal elə rəftar etməyə başladı ki, sanki bütün həyatı boyu ən yaxından tanıdığı bir adamdır. Bu, oğlanı lap karıxdırmışdı. Həm də çox qorxulu görünürdü. Biri ilə qarşılaşanda birinci onun intuisiyası işə düşməli idi. Özü səmimi oğlan idi, ancaq nə etmək lazım gəldiyini qərarlaşdırmadan bir addım o yan-bu yana atmağı xoşlamırdı. Əmin olmayınca heç kimə etibar etmək istəmirdi. Ancaq Daryanın yanında bu, mümkünmü idi? O, sanki zorla sənin etimadını qazanırdı. Darya əksəriyyətin gizli saxladığı duyğu və fikirləri qızıl parçalarını səxavətlə sağa-sola sovuran təki açıb tökürdü. O, Neylin tanıdığı, bildiyi adamlar kimi danışmır, onlar kimi hərəkət etmirdi. Dediyi sözlər heç vecinə də gəlmirdi. Insanın təbii vəzifələri haqqında elə danışırdı ki, bu söhbətlər Neyli həqiqətən utandırırdı. Bu da Daryanı əyləndiridi.
  • Ay aman, sən nə yaman dardüşüncəli adamsan! Burada ədəbsiz nə var ki? Işlətmə dərmanı qəbul etməyə hazırlaşıramsa niyə bunu elə beləcə də deməkdən çəkinməliyəm? Əgər sənin istədiyin şey mənim də könlümdən keçirsə, niyə bunu sənə elə beləcə söyləməməliyəm?
  • Nəzəri cəhətdən sizin haqlı olduğunuzu deyə bilərəm, – deyə Neyl həmişə olduğu kimi ağıl və düşüncə ilə cavab verdi.
    Darya Neyli ata-anası, qardaşları, məktəb və universitet həyatı haqqında danışmağa vadar etdi. Özü barədə də az şey demədi. Dedi ki, atası müharibədə həlak olmuş general, anası isə Luçkov şahzadəsi imiş. Bolşeviklər hakimiyyəti ələ alanda onlar Şərqi Rusiyada olublar və oradan da Yokohamaya qaçıblar. Burada onlar qaçarkən xilas edib özləri ilə götürə bildikləri dəyərli incəsənət əşyaları və zinət şeylərini satmaqla miskin bir şəkildə yaşayıblar. Sonra Darya orada sürgündə olan bir adama ərə gedib. Ancaq onunla xoşbəxt olmadığından iki il sonra boşanıb. Anası ölüb və bir qəpiksiz qalan qız çörək pulunu bacardığı kimi qazanmağa məcbur olub. Bir Amerika yardımçı təşkilatı ona iş təklif eləyib. Missioner məktəbində dərs deyib, xəstəxanada işləyib. Müdafiəsziliyindən və yoxsulluğundan istıfadə edərək ondan yararlanmağa çalışan kişilər haqda danışanda isə Neyl özündən çıxdı, eyni zamanda da çaşıb qaldı.
  • Vəhşilər! – o bağırdı.
  • Əşi, elə bütün kişilər belədir, – Darya çiyinlərini çəkərək cavab verdi. Sonra isə hətta bir dəfə revolverin gücünə ləyaqətini necə qorumağını da danışdı. – And içdim ki, əgər o, bir addım da irəli ayaq atsa, onu öldürəcəm. Həqiqətən də əgər o, buna cəsarət etsəydi onu it kimi gəbərdəcəkdim.
  • Lənət olsun! – Neyl nifrət yağdırdı.
    Elə Anqasla da Darya Yokohamada tanış olub. Anqas Yaponiyada məzuniyyət günlərini keçirirdi. Qadını onun səmimiyyəti, ləyaqəti, ədəb-ərkanı, nəzakəti, diqqətcil olmağı məftun eləyib. O, ticarətçi deyildi. Alim idi, elm də ki, incəsənətin süd qardaşı hesab olunur. O, Daryaya sakit həyat, təhlükəsizlik təklif edib. Darya Yaponiyadan bezmişdi. Borneo sirrlə dolu bir yer idi. Artıq beş il idi ki, evlidirlər.
    Sonra Neylə mütaliə üçün rus yazıçılarının əsərlərini verdi. Bunlar “Atalar və oğullar”, “Anna Karenina” və “Karamazov qardaşları” əsərləri idilər.
  • Bu üç əsər bizim rus ədəbiyyatının zirvəsi hesab olunurlar. Onları oxu. Dünyada olan möhtəşəm romnlardır.
    Digər yurddaşları kimi elə danışırdı ki, sanki dünyada başqa ədəbiyyat bu qədər əhəmiyyət kəsb eləmir və guya bir neçə roman, hekayə, əhəmiyyətsiz şeir və beş-altı yaxşı pyes dünyanın az miqdarda yaratdığı nə isə başqa bir şeydir. Neyl məftun olmuşdu.
  • Sən özün daha çox Alyoşaya oxşayırsan, Neyl! – o, xoş, səmimi gözlərlə ona baxdı. – Şübhəli və tədbirli, Şotland mətanəti olan, içindəki ruhun – mənəvi gözəlliyin üzə çıxmasına fürsət verməyən Alyoşasan.
  • Mən qətiyyən Alyoşaya bənzəmirəm, – deyə Neyl utancaqlıqla cavab verdi.
  • Sən özünün necə olduğunu bilmirsən. Özün haqda heç nə bilmirsən. Niyə təbiətşünas olmusan? Pula görə? Əgər Qlazqodakı əminin yanında işə düzəlsəydin bundan daha çox pul qazaan bilərdin. Hiss edirəm ki, səndə nə isə qəribə və fövqəladə bir şey var. Zossima ata Dmitrinin qarşısında diz çökdüyü kimi sənin qarşında diz çökə bilərdim.
  • Xahiş edirım, lazım deyil, belə deməyin, – deyə Neyl utancaqlıqıa cavab verdi.
    Lakin Neylin oxuduğu roman, povestlər Daryanın ona daha az qəribə görünməsinə səbəb oldu. Kitablar Daryaya bu imkanı verirdilər. Və Neyl bu qadında rus bədii ədəbiyyatındakı əksər surətlər üçün adi xarakterik xüsusiyyətləri görüb tanıdı, hərçənd onun Şotlandiyada görüb tanıdığı qadınlar, anası, Qlazqodakı əmisinin qızları üçün bütün bunlar qeyri-adi xüsusiyyətlər idilər.
    Artıq o, Daryanın bolluca çay içərək gecəyarısına qədər oturmasına, kitab oxumaq və siqaret çəkməklə demək olar ki, bütün günü divanda uzanmasına qətiyyən təəccüblənmirdi. Günlərlə dalbadal əlini ağdan-qaraya heç nəyə vurmadan otururdu. Bu qadında yorğunluqla çılğınlığın çox qəribə qarışığı hökm sürürdü. Çox zaman çiyinlərini çəkərək Şərq əhlindən olduğunu və Avropaya təsadüfən düşdüyünü söyləyirdi. Onda nə isə pişik hiyləgərliyinə bənzəyən bir məlahət var idi ki, bu da doğrudan da onun Şərq əhlindən olduğunu xəbər verirdi. Həddindən artıq səliqəsizdi və deyəsən qonaq otağı boyunca ora-bura dağılmış siqaret kötükləri , köhnə kağız-kuğuzlar, boş konserv qutuları onu heç də narahat etmirdi. Lakin Neyl onda Anna Kareninaya məxsus hansısa bir xüsusiyyətin olduğunu düşünürdü və o ürəksızladan məxluqa – Anna Kareninaya duyduğu acıma hissimi Daryaya qarşı duyurdu. Neyl onun dikbaşlığını anlamağa çalışırdı. Əlbəttə, bu, təbii idi ki, Darya Neylin yavaş-yavaş tanış olduğu cəmiyyətə mənsub olan qadınlara nifrət edirdi; çünki onlar adi idilər. Daryanın ağlı onlarınkından daha iti idi, daha geniş dünyagörünüşü vardı və bunlardan əlavə ona nə isə o cəmiyyətə mənsub qadınları onun yanında qeyri-adi bir şəkildə sönükləşdirən titrək bir həssaslıq xas idi. Darya onların etimadını, ya da sevgisini qazanmağa heç səy belə göstərmirid. Evdə saronq və ya bajuya bürünərək gəzməsinə baxmayaraq, Anqasla bayırda nahar etməyə gedəndə Darya çox gözəl geyinirdi. Lakin bu, bir az yersiz idi; iri döşlərini və böyük yançaqlarını nümayiş etdirməkdən zövq alırdı. Səhnəyə çıxan aktrisa kimi yanaqlarını boyayır, gözlərinə qara çəkirdi. Daryanın zahiri görünüşünə camaatın gülüş və həqarət dolu baxışlarla baxmasını görmək Neyli əsəbləşdirsə də ürəyində Daryanın özünü bu vəziyyətə salmasına təəssüf edirdi. Olduqca bəzək-düzəkli idi. Kim olduğunu bilməsəydin, elə düşünərdin ki, əxlaqsız birisidir. Hətta elə şeylər vardı ki, Neyl heç cür özünü bunlara alışdıra bilmirdi. Çox böyük iştahı vardı və oğlanı təəccüləndirirdi ki, o, Neyllə Anqasın birlikdə yediyindən də çox yemək yeyir.
    Daryanın seks məsələlərini birbaşa, kəskin şəkildə müzakirə etməsinə də alışmaq asan deyildi. O, Neylin öz vətənində də, Edinburqda da olanda çoxlu qadınlarla eşq macərası yaşadığını ehtimal etmişdi. Onu həmin macəralar barədə təfsilatı ilə danışmağa məcbur edirdi. Şotlandlara məxsus bicliyi ona qadının bu cür zərbələrini dəf etməyə bir növ kömək edirdi və onun suallarından özünəməxsus bir ehtiyatla qaçırdı. Darya da onun belə qapalı olmağına gülürdü.
    Bəzən Darya onu lap çaşdırırdı. Artıq o, bu qadının necə səmimiyyətlə ona məftun olduğunu söyləməsinə alışmışdı və Darya ona allahlar qədər yaraşıqlı olduğunu deyəndə heç tükü də tərpənmədi. Bu cür tərif onun ürəyinə yağ kimi yayıldı. Lakin dodaqlarında təbəssüm, oxşayıcı barmaqları olan iri, yumşaq əllərini Neylin saçlarında gəzdirəndə, hamar üzünü tumarlayanda, bu, heç onun xoşuna gəlməmişdi. Bütün bunlar onu çaşdırır və o, bu vəziyyətə nifrət edirdi.
    Bir dəfə Darya su içmək istədi və stolun üstündə olan stəkana bir az su tökdü.
  • O, mənim stəkanımdır, – Neyl cəld dilləndi. – Elə indicə içmişəm.
  • Hə, nə olsun ki?! Hər halda sifilis xəstəliyinə tutulmamısan, elə deyilmi?
  • Yox, məsələn, mənim özümün başqalarının stəkanından içməkdən acığım gəlir.
    Siqaret çəkmək məsələsində də Darya fərqlənirid. Bir dəfə, hələ lap təzə vaxtlarda, o, yenicə siqaret yandırmışdı və Darya onun böyründən keçəndə dedi:
  • Mən o siqareti istəyirəm.
    O, siqareti oğlanın damağından aldı və özü sümürməyə başladı. Iki-üç qullab vurandan sonra siqareti geri qaytardı. Siqaretin kötüyü onun dodağının boyasından qızarmışdı və Neyl daha onu çəkmək istəmədi. Lakin onu tullayacağı təqdirdə qadının bunu kobudluq kimi anlayacağından çəkindi. Bu, əlbəttə onda ikrah hissi yaratdı. Darya tez-tez ondan siqaret istəyər və alanda deyərdi:
  • Zəhmət olmasa, mənim üçün onu alışdır.
    O, siqareti yandırıb ona doğru uzadanda qadın ağzını elə açırdı ki, oğlan siqareti özü qoysun. Neyl özü siqaret çəkəndə kötüyün baş hissəsi həmişə bir az yaş olurdu. Və o, Daryanın bu cür siqareti necə ağzında saxlaya bilməsinə təəccüb edirdi. Bütün bunlar ədəbsizlik kimi görünürdü. Əmin idi ki, belə şeylər Manronun heç xoşuna gəlməz. Hətta bir iki-iki dəfə klubda olanda da Darya belə bir şey eləmişdi. Bu cür hallarda Neyl hiss edirdi ki, qıpqırmızı pörtüb. “Kaş onun belə xoşagəlməz hərəkətləri olmayaydı” deyə Neyl düşünürdü. O, bunları ruslara xas bir keyfiyyət kimi güman edirdi. Lakin heç kəs Daryanın yaxşı həmsöhbət olduğunu inkar edə bilməzdi. Onun söhbətləri həqiqətən şirnikdirici idi. “Bunu bir dəfə daddıqdan sonra iyrənc bir şey olduğunu düşündüyün şampana bənzətmək olar” deyə Neyl fikirləşərdi. Həm də bu qadının nitqi bolluca metaforalarla zəngindi.
    Daryanın, haqqında danışa bilməyəcəyi mövzu yox idi. O, kişilər kimi danışmırdı; kişi ilə söhbət edəndə adətən onun daha sonra nə deyəcəyini hiss edirsən, ancaq Darya ilə bu, sadəcə mümkün deyildi. Onun intuisiyası da yaxşı işləyirdi. Sənə ideya verirdi. Dünyagörüşünü genişləndirir və həmsöhbətində müəyyən təsəvvür oyada bilirdi.
    Neyl özünü əvvəllər olmadığı qədər çevik hiss edirdi. Ona elə gəlirdi ki, sanki dağın zirvəsində gəzir və ruhunun görüş dairəsi qeyri-məhduddur. Sərhədsizdir. Öz dünyagörüşü ilə Daryanın baxışlarının necə yüksək səviyyədə ünsiyyətdə olduğu haqda şübhələrinə son qoyanda Neyl müəyyən mənada arxayınçılıq hiss etdi.
    Darya bir çox cəhətdən Neylin indiyə qədər rast gəlmiş olduğu ən ziyalı qadındı. Neyl özü təbiətən çox ehtiyatlı idi və nadir hallarda bilmədiyi şey haqqında fikir yürüdərdi. Bir də ki, burada başqa fikir ola da bilməzdi; axı, o, Anqas Manronun arvadı idi.
    Darya haqda şübhələri nə olursa olsun, Manro barəsində bu cür fikirləri yox idi və Manroya duyduğu böyük məftunluq hissindən istifadə etməsəydi, bəlkə də daha az diqqət çəkərdi. Manronun yanında Neylin əli-qolu açılırdı, çəkinmirdi, özünü sərbəst hiss edirdi. Ona qarşı əvvəllər heç kəsə duymadığı şeylər vardı. Çünki o, ağlı başında, təmkinli, dözümlü adamdı. Neyl yaşa dolduqca məhz elə bu cür olmaq istərdi. O, az danışar, həm də danışığında sağlam düşüncə hökm sürərdi. Müdrik idi. Soyuq yumor hissinə malikdi. Və Neyl bunu duyurdu. Manro mehribandı, səbirli idi. Elə bir məziyyətə sahib bir adamdi ki, hər kəsin onunla sərbəst rəftar etməsini təsəvvür etmək qeyri-mümkündü. Ancaq o, nə təşəxxüslü, nə də iddialı görünürdü. Əksinə çox vicdanlı və tamamilə həqiqət tərəfdarı idi. Neyl ona həm bir insan, həm də bir alim kimi heyranlıq hissi bəsləyirdi. Yaradıcı fantaziyası vardı. Çox ehtiyatlı və həddən artıq çalışqandı. Tədqiqat işi ilə maraqlandığına rəğmən muzeydə öhdəsinə düşən işləri də vicdanla yerinə yetirirdi. Elə o vaxtlar daha çox həşəratlarla maraqlanır və partenogenetik çoxalmada onların səmərəliliyi haqda elmi məqalə də yazmaq fikrindəydi. Bir dəfə apardığı təcrübələrlə əlaqədar elə bir hadisə baş verdi ki, bunun Neylə çox böyük təsiri oldu.
    Bir gün əsir götürülmüş balaca bir hibbon zəncirini qırmış, bütün sürfələri yemiş və beləliklə də Manronun əldə olan bütün dəlillərini məhv etmişdi. Neyl az qala ağlayırdı. Ancaq Manro hibbonu qucağına aldı və gülümsəyərək tumarladı.
  • Əla! Əla! – deyə Nyutondan sitat gətirərək dedi, – necə ziyanəvərlik elədiyindən yəqin ki, xəbərin yoxdur?!
    O, mimikriyanı öyrənirdi və bu mübahisəli mövzu ilə əlaqədar bütün diqqətini çəkən marağını Neylə də təlqin etmişdi. Bu haqda ardı-arası kəsilmədən söhbət edirdilər. Anqasın dərin biliyinə heyran qalmışdı. Onun biliyi hərtərəfli idi və Neyl hətta öz cahilliyindən sıxılırdı da. Lakin onun həyəcanı o zaman daha sirayətedici oldu ki, Manro nümunə toplamaq üçün şəhər kənarına səyahət haqqında danışmağa başladı. Bu, əsl həyat idi. Ancaq nadir əldə edilən, hətta bəlkə yeni nümunələr tapmaq həyəcanı, mənzərə gözəlliyindən həzz almaq və təbiəti yaxından müşahidə etmək və hər şeydən əvvəl hərtərəfli azadlıq hissi ilə mükafatlandırılan ağır sınaq, çətinlik, çox zaman ehtiyac, bəzən isə təhlükə dolu bir həyat idi. Neyl əsasən işin məhz elə bu tərəfi ilə məşğul olurdu. Manro elmi işlə əlaqədar olduğundan həftələrlə evdən kənarda olması onun üçün müəyyən çətinlik törədirdi. Darya isə onu müşayiət etməkdən imtina edirdi. Çünki cəngəllikdən ağlasığmaz dərəcədə vahimələnirdi. Vəhşi heyvanlar, ilanlar, zəhərli həşəratlar onu dəhşətə gətirirdi. Manro dönə-dönə təkrar etsə də ki, heyvanlar onları incitməyən və ya qorxutmayan adama toxunmurlar, Darya yenə də özünün qeyri-adi qorxusunu dəf edə bilmirdi. O, arvadını tək qoyub getməyi də xoşlamırdı. Bu yerin adamlarını Darya heç sevmirdi və Manro dərk edirdi ki, özü burada olmayanda Darya üçün həyat dözülməz dərəcədə boş görünür. Lakin Sultan təbiətşünaslıqla dərindən maraqlanır və çox çalışırdı ki, bu muzeyi ölkənin faunasının tipik nümunəsinə çevirsin.
    Bir ekspedisiya var idi ki, oraya Manro ilə Neyl birlikdə getməli idilər. Onlar aylarla bu ekspedisiya ilə bağlı planları müzakirə etmişdilər. Neyl buna o qədər böyük ümidlə baxırdı ki, hələ həyatında heç nəyə bu qədər ümid bəsləməmişdi.
    Bu arada Neyl Malayyaca öyrənirdi və onlara məxsus dialektlərin də az bir hissəsinə yiyələndi; düşündü ki, gələcək səyahətlərində bütün bunların ona faydası ola bilər. Arabir tennis və futbol oynayırdı. Tez bir zamanda birlikdəki adamları da yaxından tanıdı. Futbol meydançasında Neyl elmə və rus ədəbiyyatına olan marağını unudur, oyundan həzz almağa çalışırdı. O, güclü, çevik və fəal idi. Oyun bitdikdən sonra yuyunub-yaxalanmaq, bir dilim limonla tonik içmək və başqaları ilə bütün bunları təhlil etmək çox xoşdu. Neylin axıracan Manrogildə qalması nəzərdə tutulmamışdı. Kualo Solordakı səyahətçilər üçün böyük bir mehmanxana vardı, lakin qayda beləydi ki, iki həftədən artıq qalmaq olmazdı və rəsmi yaşayış yeri olmayan subaylar evi öz aralarında bölüşdürürdülər. Neyl ora gələndə bir dənə də olsun boş yer qalmamışdı. Bir axşam, artıq Neyl təxminən dörd ay idi ki, gəlmişdi, bir partiya tennis oynadıqdan sonra oturub söhbət edən Uorinq və Conson adlı iki nəfər Neylə yoldaşlarından birinin köçdüyünü söylədilər və dedilər ki, əgər onlara qoşulmaq istəyərsə bundan çox məmnun olarlar. Bu uşaqlar futbol komandasında elə Neylin həmyaşıdlarıydılar və Neyl onların hər ikisini çox istəyirdi. Uorinq kömrükxanada, Conson isə polisdə işləyirdi. Neyl bunu eşitcək onların bu təkliifndən dördəlli yapışdı. Qiymətinin neçə olduğunu dedilər və köçmək üçün münasib vaxt da müəyyənləşdirdilər: iki həftə sonra.
    Nahar zamanı Neyl Manrolara dedi:
  • Bu qədər vaxtı məni burada qonaq etməyiniz sizin tərfinizdən son dərəcə böyük bir alicənablıqdır. Yerinizi tutmaq məni yaman narahat edir. Vallah, xəcalət çəkirəm, başqa nə deyim?!
  • Bizim üçün sənin burada qalmağın olduqca xoşdur, – Darya dedi, – üzrxahlıq eləmənə ehtiyac yoxdur.
  • Yox, bundan sonra bu, daha belə davam edə bilməz.
  • Niyə də olmasın ki?! Maaşın azdır, əlində olanı da pansionata verməkdən sənə nə xeyir gələcək? Consonla Uorinqin yanında xiffətdən ölərsən. Səfehlər! Başlarında qrammafon oxutmaqla laqqırtı vurmaqdan savayı özgə heç nə yoxdur.
    Əlbəttə, pul xərcləmədən qalmaq daha sərfəli idi. O, maaşının böyük bir hissəsini yığırdı. Qənaitcil idi, lüzum olmadıqca pul xərcləməzdi, ancaq həm də qürurlu idi, başqalarının hesabına yaşamağa davam edə bilməzdi. Darya sakit, diqqətli nəzərlərlə ona baxdı.
  • Anqasla mən sənə yaman öyrəşmişik. Mənə elə gəlir ki, sənsiz darıxarıq. Əgər bu, sənin üçün qürur məsələsidirsə, onda burada yaşadığın üçün kirayə haqqı ödəyə bilərsən. Onsuz da burada qalmağın bizə baha başa gəlmir. Ancaq əgər səni rahat edəcəksə, mən hansı xörəyi daha çox bəyəndiyini öyrənərəm, sən də yalnız onun pulunu ödəyərsən.
  • Evdə kənar adamın olması yəqin ki, narahatçılığa səbəb olur, – Neyl tərəddüdlə cavab verdi.
  • Orada sənin günün yaxşı keçməyəcək. Allah göstərməsin, yedikləri zir-zibildir.
    Əlbəttə, Manroların evində yeməyə söz ola bilməzdi. Bir-iki dəfə bayırda yemək yemişdi. Hətta rezidentin iqamətgahında da yaxşı yemək yox idi. Darya öz xörəklərini bəyənir və aşbazı da tələblərə cavab verən səviyyədə saxlayırdı. Aşbazın hazırladıqlarını təam etmək ayrıca bir ləzzət idi. Daryanın borşunu dadmaq üçün beş mil yol getməyə dəyərdi. Ancaq hələ Manro öz sözünü deməmişdi.
  • Burada bizimlə qalsan şad olaram, – nəhayət o dilləndi, – çətin vəziyyətdə sənin burada olmağın daha münasibdir. Ortaya bir şey çıxanda, sən yanımda olsan, onu əlüstü müzakirə edə bilərik. Əlbəttə, Uorinq də, Conson da çox yaxşı oğlanlardı, ancaq bir az keçmiş özün görəcəksin ki, çox dardüşüncəli uşaqlardır.
  • Əgər belə məsləhətdirsə, onda qalmağıma məmnun olaram. Allah da şahiddir ki, daha bundan yaxşısını istəyə bilmərəm. Sadəcə olaraq, sizə maneçilik törətməkdən qorxurdum.
    Səhərisi gün şıdırğı yağış yağdığından futbol və ya tennis oynamaq mümkün deyildi. Ancaq saat 6-ya yaxın Neyl makintoşunu geyinib kluba getdi. Kresloda oturub qəzet oxuyan rezidentdən başqa orada heç kəs yox idi. Rezidentin adı Trevelyan idi və demişdi ki, Bayronun dostlarından birinə qohumluğu çatır. O, ucaboy və kökdü, qısa vurulmuş ağ saçları olan və komik aktyorlarınkı kimi yekə, qırmızı sifətli bir adam idi. Özfəaliyyət tamaşalarını xoşlayır, həyasız hersoqları və zarafatcıl eşikağalarını oynamaqda püxtələşmiş tamaşaları bəyənirdi. Evlənməmişdi. Qızlarla gün keçirməyi deyəsən yamanca xoşlayırdı. Nahardan əvvəl mütləq cin-nahit içirdi. Bu mövqeyə Sultanla olan dostluğu sayəsində gəlib çatmışdı. Hər şeyin öz yolunda getməsini, heç kəsin problem yaratmamasını arzulayan laqeyd, arxayın, söhbət etməyi sevən, işə can yandırmayan biri idi. O qədər işinin mahir bilicisi hesab olunmasa belə oralarda müəyyən nüfuz sahibi idi. Çünki olduqca şən və qonaqpərvərdi. Bacarıqlı və çalışqan olsaydı da bundan daha rahat həyat qura bilməzdi. O, başını Neylə tərəf döndərib soruşdu:
  • Hə, cavan oğlan, həşəratların necədir?
  • Havaya qarşı yaman həssasdırlar, cənab, – deyə Neyl ciddiyyətlə cavab verdi.
  • Hi-hi-hi…
    Bir neçə dəqiqə keçmiş Uorinq, Conson və Bişop adlanan başqa bir adam içəri girdi; o, dövlət mülki işində işləyirdi. Neyl bric oynamırdı. Ona görə də Bişop rezidentə yaxınlaşdı.
  • Istərdinizmi dördlük düzəldək, cənab? Bu gün klubda elə də çox adam yoxdur.
    Rezident otaqdakılara bir göz gəzdirdi.
  • Mən razı. Məqaləni oxuyub qurtardım. Sizə qoşulacağam. Mənim üçün də kart kəs, payla. Beşcə dəqiqəyə gəlirəm.
    Neyl həmin o üç nəfərin yanına getdi.
  • Ah, Uorinq, çox təşəkkür edirəm, ancaq təəssüf ki, sizin yanınıza köçə bilməyəcəyəm. Manrolar üz vurdular ki, onlarda qalım.
    Uorinqin simasında açıq sezilən bir təbəssüm oynadı.
  • Sən bir işə bax ha!
  • Bu, onlar tərəfindən alicənablıqdır, deyilmi? Bunu az qala özlərinə borc hesab edirlər. Ona görə də yox deyə bilmədim.
  • Mən sənə nə demişdim?! – Bişop dilləndi.
  • Mən oğlanı günahlandırmıram, – Uorinq əlavə etdi.
    Onların davranışında mübhəm bir şey sezilirdi ki, bu, qətiyyən Neylin xoşuna gəlmədi. Deyəsən, onlar məzələnirlər, axı?! Və adəti üzrə qızardı.
  • Lənət şeytana, siz axı nə demək istəyirsiniz? – o, az qala qışqırdı.
  • Əşi, sən də qurtar görək ey, – Bişop dedi. – Daryanı tanıyırıq da. Hər halda sən onun oynadığı ilk yaraşıqlı gənc deyilsən. Heç sonuncusu da olmayacaqsan.
    Sözlər elə təzəcə onun ağzından çıxmışdı ki, Neylin sıxılmış yumruğu qığılcım kimi havaya qalxdı. Zərbə Bişopa necə dəydisə, o, daş kimi yerə sərildi. Conson Neylin üzərinə atılaraq onun belindən yapışdı. Çünki Neyl artıq özünü-sözünü bilmirdi.
  • Burax məni, – qışqırırdı. – Əgər o, sözünü geri götürməsə, onu öldürəcəm.
    Bu mərəkədən çaş-baş qalan rezident ayağa qalxdı və ağır addımlarla onlara tərəf istiqamət aldı.
  • Bu nədir? Bu nədir? Lənət şeytana, bu nə oyundur çıxarırsınız?
    Onlar özlərini itirdilər. Doğrudan da rezidentin orada olduğunu unutmuşdular. Axı, o, onlaırn böyüyü idi. Conson Neyli buraxdı, Bişop da özünü yığışdırdı. Rezident üzündə qəzəbli bir ifadə ilə Neylə tərəf dönüb onunla ciddi bir şəkildə danışmağa başladı.
  • Bu bə deməkdir? Sən idin də Bişopu vuran?
  • Bəli, cənab.
  • Nə səbəbə?
  • Çünki o qadın ləyaqətinə kölgə salan çox iyrənc bir söz atdı, – deyə Neyl kibrlə, ancaq qəzəbdən ağappaq ağarmış bir halda cavab verdi.
    Rezidentin gözləri işıldadı, lakin üzündəki ciddiyyəti saxladı.
  • Hansı qadının?
  • Mən buna cavab verməkdən imtina edirəm. – Neyl başını arxaya ataraq və əzəmətli boy-buxununa görə özünü yığışdıraraq dilləndi.
    Əgər rezident ondan iki düym hündür və daha da cüssəli olmasaydı, bu səhnə daha təsiredici olardı.
  • Axmaqlama!
  • Darya Manronun. – Conson dedi.
  • Bişop, sən Allah, nə demisən ki?
  • Dəqiq nə dediyim yadımda deyil. Dedim ki, o qadın burada çox gənc oğlanlarla yatağa atılıb. Eyni şeyi də Makadamla etmək fürsətini buraxmayacağını dedim.
  • Bu, əlbəttə, çox təhqiramiz bir eyhamdır. Yaxşı olardı ki, üzr istəyəsən və əl sıxasınız. Hər ikiniz!
  • Mən çox ağır zərbə yedim. Az qalır gözüm yerindən çıxsın. Həm də əgər həqiqəti dediyimə görə üzr istəyirəmsə, Allah vurmuşdu!
  • Hər halda özün də etiraf edirsən ki, dediyin sözlərin doğru olduğunu təsdiq etmək daha da təhqiramizdir. Sənin gözünə gəldikdə isə, tam qızarmamış bifşteks belə hallarda köməyə gəlir. Hərçənd sizin üzr istəməyinizi nəzakət formasında istədim, əslində isə bu, bir əmrdir! Hə, nəyi gözləyirsiniz?
    Ortaya bir dəqiqəlik sükut çökdü. Rezident ədəbli görünürdü.
  • Dediyim sözlərə görə üzr istəyirəm, cənab, – Bişop qaşqabaqlı halda dilləndi.
  • Hə, indi də sən, Makadam.
  • Onu vurduğuma görə təəssüf edirəm, cənab. Mən də üzr istəyirəm.
  • Əlinizi sıxın görüm.
    Hər ikisi təntənəli surətdə deyiləni elədilər.
  • Bu söhbətin daha artıq uzanmasını istəməzdim. Düşünürəm ki, burada hamı Manronun xətrini çox istəyir. Elə onun üçün də, bu, heç yaxşı düşməz. Sizin hamınızın dilinizi saxlaya biləcəyinizdən əmin ola bilərəmmi?
    Onlar razılıq əlaməti olaraq başlarını tərpətdilər.
  • Indi isə gedin. Sən isə, Makadam, dayan. Bir-iki kəlmə sözüm var sənə deyiləsi.
    Ikilikdə qlaanda rezident oturdu və bir siqar yandırdı. Birini də Neylə təklif etdi, lakin o, yalnız siqaretə üstünlük verirdi.
  • Sən yaman tez özündən çıxansan ha?! – Rezident təbəssümlə sözə başladı. – Mən öz işçilərimin ictimai yerlərdə bu cür oyunlar çıxarmalarını bəyənmirəm.
  • Xanım Manro mənim böyük dostumdur. Mənə qarşı hər zaman mehriban olub. Onun əleyhinə bir kəlmə belə eşitməyi arzulamıram.
  • Onda qorxuram ki, əgər buralarda bir az da çox qalsan, işini atıb getməli olacaqsan.
    Neyl bir anlığa susdu. Ucaboy və qədd-qamətli bir gənc olan Neyl rezidentin qarşısında dayanmışdı, ciddi üzü səmimi görünürdü. Birdən başını kobudcasına arxaya atdı. O qədər həyəcanlı idi ki, hətta həmişəkindən daha güclü Şotlandiya ləhcəsində danışırdı.
  • Mən Manrolarla dörd aydır ki, bir dam altında yaşayıram. Şərəfimə and içə bilərəm ki, o heyvanın dediklərində zərrə qədər də olsun həqiqət deyilən şey yoxdur. Xanım Manro mənə qarşı qeyri-münasib saydığınız ədəbsizliyi etməyib. Heç vaxt! Nə sözlə, nə də bir hərəkətlə mənə beynində qeyri-əxlaqi fikir olduğu barədə kiçicik bir işarə belə verməyib. Həmişə mənə bir ana, ya da böyük bir bacı kimi yanaşıb.
    Rezident ona istehzalı nəzər saldı.
  • Bunu eşitdiyimə çox şadam. Uzun müddət ərzində onun haqqında qulağıma çatan ən yaxşı sözdür.
  • Siz mənə inanırsınız, cənab, deyilmi?
  • Əlbəttə. Yəqin ki, sən onu düz yola qaytarmısan?!!
    Rezident xidmətçini səslədi.
  • Ey, oradan mənə cin-nahit gətir! – Sonra yenidən Neylə tərəf döndü. – Bəsdir daha. Getmək istəyirsənsə, gedə bilərsən. Ancaq yadında saxla: dava-dalaş olmasın. Yoxsa qovulacaqsan!
    Manronun bunqalosuna gələndə yağış artıq kəsmişdi, göyün üzü ulduzlardan par-par yanırdı. Bağda işıldaquşlar o yan-bu yana uçuşurdular. Torpaqdan xoş iyli qoxu qalxırdı. Hiss eləyirdin ki, sanki ayaq saxlayıb dayansan sıx, qalın bitki örtüyünün boy artımını belə duya bilərsən. Ətrafa çiçəklərin zərif və xoş rayihəsi yayılırdı. Manro verandada oturub bəzi qeydlərini makinada çap eləyir, Darya isə uzun kürsüdə yayxanaraq mütaliə ilə məşğul idi. Onun oturduğu kürsünün arxasındakı lampa onun saçını elə işıqlandırırdı ki, şəfəq kimi parıldayırdı. O, başını qaldırıb Neylə baxdı, oxuduğu kitabı yerə qoydu və gülümsədi. Çox səmimi təbəssüm idi.
  • Haralardaydın Neyl?
  • Kluba getmişdim.
  • Adam var idi oralarda?
    Rahat və ailəvi bir mənzərə yaranmışdı. Daryanın davranışı elə sakit və qətiyyətli idi ki, buna rəğbət hissi ilə yanaşmamaq qeyri-mümkündü. Hər ikisi, hərəsinin başı öz işinə qarışmış halda elə mehriban, bir-birinə yaxınlıqları elə təbii görünürdü ki, heç kəs onların xoşbəxt olmadıqlarını təsəvvür belə edə bilməzdi. Neyl nə Bişopun dediklərinə, nə də rezidentin eyhamına inanırdı. Bu, nə isə ağlasığmaz bir şey idi. Bütün bunlar bir yana, axı, onlaırn Neyl barədəki şübhələri də əsassız idi. Belə olan halda onlaırn düşündükləri digər şeylərin doğru olduğunu güman etməyə əldə hansı əsas vardı ki?! Hamısı qaraürəkli adamlardır! Özləri iyrəncdirlər, ona görə də elə bilirlər ki, hamı elədir. Barmağının oynağı onu bir az incidirdi. Ancaq Bişopu vurduğuna peşman deyildi. Fikirləşirdi ki, bu ürəkbulandıran söhbəti uydurub ortaya salanı bircə tanısaydı, onda o adamın boynunu sındırardı.
    Indi isə Manro bu qədər çox müzakirə etdikləri ekspedisiyanın gününü artıq təyin etdi və özünəməxsus ehtiyatlı bir tövrlə hazırlıqlara başladı ki, son anda unudulan bir şey olmasın. Planda mümkün qədər çox çayyuxarı getmək, sonra yolu cəngəllikdən salmaq və daha sonra az tanınan Maunt Hitamda nümunə axtarışlarına çıxmaq nəzərdə tutulmuşdu. Onlar iki ay burada olmayacaqlarını ümid edirdilər. Yola düşəcəkləri gün yaxınlaşdıqca Manronun kefi kökəlir, az danışmağına, özünü sakit və mümkün qədər təmkinli aparmağına rəğmən gözlərindəki işıqdan, şən yerişindən bunu necə də səbirsizliklə gözlədiyini duymaq çətin deyildi.
    Amma bir səhər muzeydə yaman həyəcanlı görünürdü.
  • Sənə yaxşı bir xəbərim var, – deyə apardıqları eksperimentə nəzər saldıqdan sonra Manro qəflətən Neylə tərəf dönüb dedi, – Darya da bizimlə gəlir!
  • Doğrudan?! Bu ki əladır!
    Neyl çox sevindi. Bax, bu, lap yerinə düşdü.
  • Birinci dəfədir ki, onu özümlə getməyə razı sala bilmişəm. Həmişə deyib-dururdum ki, bu, onun xoşuna gələcək, ancaq heç vaxt mənə qulaq asmazdı. Qadınlar qəribə məxluqdurlar, vallah. Elə indi də mənimlə getməsini ondan istəməyi heç ağlıma da gətirməzdim. Birdən keçən gecə heç gözləmədiyim halda özü mənimlə getmək istədiyini dedi.
  • Buna çox sevindim, – Neyl dedi.
  • Onu təkbaşına uzun müddətə qoyub getmək fikri həmişə məni narahat edib. Indi istədiyimiz qədər orada qala bilərik.
    Bir səhər tezdən içində Malayyalılar da olan dörd minikdə yola düşdülər. Əlavə olaraq özləri ilə xidmətçilər və dörd nəfər Dyaklı ovcular da götürdülər. Onlardan üçü çardağın altında, taxtın üstündə yanbayan uzandılar. Digər qayıqlarda isə çinli xidmətçilər və digər Dyaklılar qaldılar. Onlar düyü dolu çantalar, özləri üçün azuqə ehtiyatı, pal-paltar, kitab və iş üçün laızm olan başqa şeylər aparırdılar. Sivilizasiyalı şəhər həyatını geridə qoyub buralara gəlmək qəlbi riqqətə gətirir və valehedici bir təsir bağışlayırdı. Elə buna görə də onlar hamısı həyəcanlı idilər. Söhbətləşir, siqaret çəkir, mütaliə edirdilər. Çay olduqca sakit idi. Sonra otlu sahildə nahar da etdilər.
    Qaş qaralırdı. Gecəni keçirmək üçün sahilə yan almaq lazım idi. Uzun bir evin yanında yatdılar və oranın Dyaklı sahibləri qonaqların gəlişini gözəl çıxışla, valehedici rəqslə qeyd etdilər. Səhərisi gün get-gedə daralan çay onlarda belə bir hiss yaradırdı ki, suyun kənarında sahili basmış naməlum, qeyri-adi yaşıllığa doğru getmək qorxulu deyil. Bu, Neylin ürəyini dağa döndərirdi. Bu, nə isə möcüzəli və məftunedici bir aləm idi. Üçüncü gün su daha dayaz, axın isə güclü olduğundan onlar daha yüngül qayıqlara mindilər. Lakin tezliklə axın elə gücləndi ki, artıq qayıqsürənlər avar çəkə bilmirdilər və uzun ağaclarla axına qarşı güclü və heyranlıq doğuran hərəkətlə mübarizə aparırdılar. Arabir çayın gur axan yerinə çatanda quruya çıxmalı, yükləri boşaltmalı və qayıqları çay daşları səpilmiş yollarla yedəyə alıb aparmalı olurdular. Beş gündən sonra elə bir yerə gəlib çıxdılar ki, daha ondan o yana gedə bilməzdilər. Orada hökumət bunqalosu vardı və ekskursiya üçün Manronun Daxili İşlər Nazirliyi ilə saziş bağladığı müddətdə iki gecə orada qaldılar. Manro baqajı daşımaq üçün yükdaşıyanlar və Maunt Hitama yetişəndə ev tikmək üçün adamlar verilməsini istəyirdi. Kənd başçısının yaxınlıqda olmasını görmək Manro üçün vacib idi. Ancaq onun Manronun yanına gəlməsini gözləməkdənsə, vaxta qənaət etmək məqsədilə özünün kənd başçısının yanına getməli olduğunu düşündü və gəldikləri günün səhərisi bir mühafizəçi və iki nəfər Dyaklı ilə dan yeri sökülməmiş oraya getdi. Bir-iki saata geri dönəcəyinə ümid edirdi.
    Manronu yola salandan sonra Neylin ağlına bir az çimmək düşdü. Bunqalodan azacıq aralı bir nohur vardı. Suyu elə təmiz idi ki, hətta dibindəki qumun zərrəsini belə görə bilərdin. Çay özü isə dar idi və ağaclar onu tamamilə tactavan kimi örtmüşdü. Olduqca gözəl bir guşə idi. Bu, Neylə hələ uşaq olarkən çimdiyi Şotlandiya çaylarındakı nohurları xatırlatdı. Hər halda bu, nə isə başqa cür bir gözəllik idi. Burada romantik əhval-ruhiyyə, vəhşi, çılpaq təbiət səhnəsi hökm sürüdü və bütün bunlar da onda özünün belə izah etməyə çətinlik çəkdiyi qəribə hisslər yaradırdı. O, əlbəttə, bunları duymağa, anlamağa çalışırdı, ancaq nəzərə alaq ki, ondan daha yaşlı və daha təcrübəlilər belə bu cazibəni təhlil etməkdə çətinlik çəkmişlər. Bir suquzğunu əyilmiş bir budağın üstündə oturmuşdu, parlaq mavi rəngi büllur kimi şəffaf suda əks olunurdu. Neyl əynindəki saronq və bajunu çıxarıb ataraq suya cumanda suquzğunu bəzəkli qanadları bərq vura-vura uçub getdi.
    Su bir elə də soyuq deyildi. Təzədən özünü şappıltı ilə suya atdı. Güclü qollarının, ayaqlarının hərəkəti onun özünə ləzzət edirdi. Üzür, yarpaqların arasından mavi səmaya baxır, oradan süzülən günəş şüaları isə suyun üzündə şəfəq saçırdı. Qəflətən bir hənirti duydu.
  • Bədənin necə də ağappaqdır, Neyl!
    Nəfəsinin tıxandığını hiss etdiyindən o, cəld aşağı çökdü və başını çevirəndə Daryanın ona baxdığını gördü.
  • Qulaq as, əynimdə heç paltar yoxdur a!
  • Gördüm. Bu cür çimmək daha da gözəldir. Bir dəqiqə gözlə, mən də gəlirəm. Su elə ilıqdır ki!
    Darya da saronq və baju geyinirdi. Neyl cəld başını yana çevirdi ki, Daryanı utandırmasın. Çünki gördü ki, o, artıq paltarını soyunur. Sonra suya atıldığını da eşitdi. Azacıq arxaya çəkilərək Daryanın ondan bir az uzaq məsafədə üzməsi üçün şərait yaratdı, ancaq qadın üzərək düz ona tərəf gəldi.
  • Suyun bədənə təması necə də xoşdur, elə deyilmi? – o soruşdu.
    Daha sonra Dayra güldü, əli ilə suyu düz Neylin üzünə sıçratdı. Neyl çaşıb qaldı, bilmədi ki, hara baxsın. Bu cür şəffaf suda Daryanın tamamilə çılpaq olduğunu görməmək mümkün deyildi. Hələ ki, elə bir pis şey yox idi, ancaq Neyl sonradan sudan çıxmağın necə çətin olacağını düşündü. Darya isə deyəsən bundan yamanca xoşhallanmışdı.
  • Saçımın islanıb-islanmaması heç vecimə də deyil, – o dedi.
    Darya arxasını çevirdi və güclü hərəkətlərlə düz lap nohurun ortasına üzdü. Sudan çıxmaq istəyəndə Neyl düşündü ki, ən yaxşısı üzünü yana çevirməkdi və Darya paltarını geyinəndən sonra gedər və Neyl özü də rahatlıqla quruya çıxardı. Ancaq deyəsən Darya vəziyyətin gərginləşdiyinin fərqinə varmırdı. Neylin ona lap acığı tutdu. Bu cür hərəkətə, axı ədəbsizlikdən başqa nə ad vermək olardı?! Darya isə onunla söhbətinə davam edirdi. Sanki hər ikisi qurudadırlar və əyinlərində də geyim var. Bu azmış kimi, o, hələ üstəlik Neylin diqqətini özünə çəkdi:
  • Saçlarım dəhşətli görünür?! Islananda lap siçovul quyruğuna oxşayır. Bir dəqiqə məni çiyinlərinlə saxla, mən də heç olmasa onları burub yığım.
  • Yox, qaydasındadır, – Neyl dedi, – qoy elə belə də qalsın.
  • Yaman acmışam, – bir az keçmiş Darya yenidən dilləndi. – Nə deyirsən, bəlkə qəlyanaltı edək?!
  • Əgər çıxıb paltarını geyinsən, mən də bir dəqiqəyə gəlirəm.
  • Yaxşı, oldu.
    O, üzərək suyun kənarına yaxınlaşdı və Neyl ədəbli bir insan kimi üzünü yana çevirdi ki, Daryanı sudan lüt çıxarkən görməsin.
  • Qalxa bilmirəm! – Darya çığırdı. – Mənə kömək etməli olacaqsan.
    Suya düşmək çox asan idi, amma sahil sudan xeyli yuxarıda yerləşdiyindən çıxmaq üçün ağacın budağından yapışıb qalxmaq lazım gəlirdi.
  • Bacarmaram. Əynimdə bir dənə də olsun platar yoxdur.
  • Bilirəm. Sən də Şotlandlığına salma da! Sahilə çıx, əlini mənə ver.
    Nə etmək olardı?! Başqa yol idi. Neyl fırlanaraq yuxarı atıldı, sonra da Daryanı dalınca dartıb çıxartdı. Darya öz saronqunu Neylin paltarlarının yanına qoymuşdu. O, laqeydcəsinə saronqu qaldırdı və onunla bədənini qurulamağa başladı. Neylin də eyni şeyi etməkdən başqa çarəsi qalmadı, ancaq ədəb qaydalarını gözləyərək üzünü tamam başqa səmtə tutdu.
  • Sənin doğrudan da çox gözəl dərin var, – Darya dedi, – Lap qadın dərisi kimi hamar və ağdır. Həddi-buluğa çatmış kişi bədənində bu, çox qəribədir. Heç sinəndə də tük yoxdur.
    Neyl saronqa büründü və qollarını bajunun içinə saldı.
  • Hazırsan?
    Qəlyanaltı üçün sıyıq, yumurta və bekon, soyuq ət yeməyi və marmelad var idi. Neyl bir az qaşqabaqlı görünürdü. Qadın demək olar ki, əsl rus idi. Bu cür hərəkət etmək onun tərəfindən əsl səfehlikdi. Əlbəttə, bunda zərəli elə bir şey görünmürdü, ancaq camaatın onun haqqında olmayan şeylər düşünməsinə bir növ şərait yaradırdı. Ən pisi də o idi ki, Daryaya bu barədə eyham belə vura bilməzdin. O, sənə, əmin ol ki, gülərdi! Ancaq fakt budur ki, əgər Kualo Solordakı adamlardan ən azı biri onları tamamiləə çılpaq bir yerdə çimən görsə idi, buradakıları aralarında əxlaqa zidd bir şey olmadığına inandırmaq sadəcə mümkün olmazdı. Özünəməxsus bir mühakimə ilə Neyl bu fikirlə razılaşdı ki, doğrudan da o adamları inandırmaq çətindir. Bu, Darya tərəfindən çox pis bir hərəkət idi. Onun axı Neyli bu vəziyyətə salmağa nə haqqı vardı?! Yazıq oğlan özünü lap axmaq yerində hiss eləmişdi. Nə deyirsən de, bu, əxlaqsızlıq idi.
    Səhəri gün onlar xidmətçilər, mühafizəçilər və ovçularla birlikdə yola düşdülər. Uzun bir cərgə təşkil edən bu adamlar yük dolu səbəti bellərində daşıyırdılar. Cığır kolluq və hündür otların bitdiyi dağətəyi yerlərdən keçirdi. Hərdən çayın elə dar yerinə gəlib çatırdılar ki, onu bambukdan düzəldilmiş sıçıq-salxaq körpülərlə keçməli olurdular. Gün də yaman qızğın idi. Günortadan bir xeyli keçmiş gəlib bambuk meşəsinin kölgəliyinə çatdılar. Biçimli bir tərzdə boy atmış bambuklar inanılmaz dərəcədə uzundurlar və onların saldığı yaşıl işıq dəniz altındakı işıq kimi görünürdü. Nəhayət qarmaqarışıq kələfə bənzəyən, qalın görünən bitkilər içində bir-birinə dolaşan nəhəng ağaclar olan vəhşi bir meşəyə gəlib çıxdılar. Vahimə onları basmışdı. Yollarını meşənin yanından saldılar. Alatoranlıqda yollarına davam edir, arabir ağacların yarpaqları arasından günəş şüaları süzülürdü. Bir ins-cins görünmürdü, çünki cəngəllik sakinləri çox qorxaq olduqlarına görə ilk addım səsi eşidəndə qaçıb gözdən itirdilər. Hündür ağaclarda quşların civiltisi eşidilsə də, onlar güldən-gülə, çiçəkdən-çiçəyə qonaraq uçuşan quşlardan çəkinmirdilər. Daha sonra gecəni keçirmək üçün dayandılar. Yükdaşıyanlar budaqlardan döşəmə düzəldərək üzərinə su keçirməyən parça saldılar. Çinli aşpaz nahar hazırladı, yemək yedikdən sonra yuxuya getdilər.
    Bu, Neylin cəngəllikdə keçirdiyi ilk gecə idi və nə qədər əlləşdisə yuxuya gedə bilmədi. Zülmət idi. Saysız-hesabsız həşəratların səs-küyü qulaqbatırıcı, böyük şəhərdəki nəqliyyatın hay-küyü kimi arasıkısilməzdi. Bir az keçmiş tamamilə sükut çökdü. Ancaq azacıq sonra qəflətən ilanın tutduğu meymunun bağırtısınımı, yoxsa ki, gücə quşunun belə tükürpədici səsinimi eşidəndə az qala yerindən sıçradı. Neyldə belə bir anlaşılmaz hiss vardı ki, sanki düşərgə tonqallarından bir az aralıda vəhşi bir mübarizə gedirdi və budaqlardan düzəldilmiş çarpayıdakı üç nəfər buna qarşı müdafiəsiz və təbiətin vəhşəti ilə üzbəüz tənha qalmışdı. Yanında uzanmış Manro dərin yuxuda idi.
  • Oyaqsan Neyl? – Darya pıçıltı ilə soruşdu.
  • Hə, nəsə olub ki?
  • Dəhşətlidir…
  • Hər şey qaydasındadır. Qorxulu bir şey yoxdur.
  • Buradakı sükut adamı vahiməyə salır. Kaş gəlməzdim.
    Darya bir siqaret yandırdı.
    Bir az mürgüləyən Neyl ağacdələnin taqqıltısına oyandı. Ağacdan-ağaca uçub qonan bu quşun xoş səsi tənbəli də məzələndirərdi. Artıq səhər açılmışdı. Tələm-tələsik yeməklərini yeyib yola çıxdılar. Budaqdan-budağa atılan hipponlar dan yeri söküləndə yarpaqların şehini yalayırdılar və çıxartıqları qəribə səslər lap quşların səsinə oxşayırdı. Hava işıqlaşdıqca Daryanın qorxusu da çəkilib gedir və yuxusuz gecə keçirməsinə baxmayaraq çevik və şən görünürdü.
    Günortaüstü gəlib elə bir yerə çıxdılar ki, mühafizəçilərin dediyinə görə orada düşərgə salmaq yaxşı olardı. Manro burada ev qurmağı qərara aldı. Adamlar işə başladılar. Uzun bıçaqlarla palma yarpaqları və ağacları kəsərək tezliklə payalar üzərində ikiotaqlı koma ucaltdılar. Koma səliqəli, təmiz və yaşıl idi. Qoxusu da gözəldi.
    Manrolar getdikləri hər yerdə özlərini evdəki kimi hiss edirdilər; kişi artıq buna vərdiş etmişdi, arvad da ki, uzun illər ərzində bütün dünyanı gəzmiş və harada olursa olsun özünü pişik kimi rahat hiss eləyirdi. Bir gün sonra onlar hər şeyi yerbəyer edərək, artıq oraya yerləşdilər. Müəyyən etdikləri qayda-qanun dəyişilməz idi. Hər səhər Manro və Neyl nümunə toplamaq üçün ayrılıqda evdən çıxırdılar.
    Günorta gətirdikləri həşəratları qutulara yerləşdirməklə məşğul olurdular; kəpənəkləri kağız vərəqlərin və quş dərilərinin arasında yerləşdiridilər. Qaranlıq düşəndə isə gecə kəpənəkləri tuturdular. Darya komadakı işlərlə, qulluqçularla başını qatır, nəsə tikiş tikir, kitab oxuyur, çoxlu siqaret çəkirdi. Günlər şən, hərdən isə yeknəsək keçsə də cürbəcür hadisələrlə dolu idi. Neylin kefi kökdü. O, dağı hər tərəfdən tədqiq edirdi. Bir gün o, hansısa həşəratlar fəsiləsindən yeni bir nümunə tapdı. Manro onu Kunikulini Makadam adlandırdı. Bu, onun üçün bir şərəf idi. Neyl bu iyirmi iki yaşında dərk etdi ki, əbəs yerə yaşamayıb. Lakin ertəsi gün gürzənin onu sancmasından güclə canını qurtardı. Rəngi yaşıl olduğuna görə Neyl onu görməmişdi və yalnız yanında olan ovçunun səbəbinə həyatı qurtuldu. Ilanı öldürüb düşərgəyə gətirdilər. Darya tir-tir əsirdi. Onda vəhşi heyvanlara qarşı qarşısıalınmaz bir qorxu vardı və az qala əsəb sarsıntısı keçirdi. azacağından qorxaraq ömründə düşərgədən bir neçə yard uzağa getməzdi.
  • Manro heç sənə bir dəfə necə azdığını danışıb? – deyə bir dəfə axşam yeməyindən sonra birlikdə oturduqları zaman Darya Neyldən soruşdu.
  • Hə… Bu, o qədər də xoş bir şey deyildi, – Manro gülümsədi.
  • Neyl üçün danış da, Anqas.
    O, bir az tərəddüd etdi. Bu, Manronun xatırlamaq istədiyi bir şey deyildi.
  • Bu, bir neçə il əvvəl olmuşdu. Kəpənək tutmaq üçün tor götürmüşdüm. Özümü elə xoşbəxt hiss edirdim. Bir xeyli getdikdən sonra axtardığım çox nadir nümunələr tapdım. Bir az sonra acdığımı hiss edib geri dönməyi qərara aldım. Gəzə-gəzə gəlirdim, birdən ağlıma gəldi ki, deyəsən mən tanıdığım yerlərdən çox uzaqlaşmışam. Qəflətən yerdə boş kibrit qutusu gözümə sataşdı. Geri qayıdanda özüm onu yerə atmışdım. Belə çıxdı ki, dövrə vurmuşam və elə bir saat əvvəl olduğum yerə gəlib çıxmışam. Yaman dilxor oldum. Ətrafa nəzər salaraq yenidən yol almağa başladım. Dəhşətli idi, məndən damcı-damcı tər tökülürdü. Düşərgə yerləşən istiqaməti az-çox bilirdim. Keçdiyim cığırdakı izlərə baxırdım ki, görüm həmin yollarımı gəlmişəm. Deyəsən, bir-iki iz tapdım və ümidlə irəlilədim. Üstəlik də bərk susamışdım. Ancaq budaqların üstündən keçərək bitkilərin arasından özümə yol açır, elə hey getməkdə davam edirdim. Birdən anladım ki, azmışam. Ola bilməzdi ki, düzgün istiqamətdə bu qədər yol gedim və hələ də düşərgəyə çatmayım. Lap mat qalmışdım. Bircə onu bilirdim ki, nə olursa olsun təşvişə düşməməliyəm. Ona gərə də oturub düşdüyüm vəziyyəti götür-qoy etməyə başladım. Susuzluq da ki, məni tamam əldən salmışdı. Günortadan xeyli keçmişdi, uç-dörd saata qaranlıq düşəcəkdi. Hər halda gecəni cəngəllikdə keçirmək elə də arzuolunan bir şey deyil. Haqqında düşündüyüm yeganə şey çalışıb axını tapmaq idi. Əgər çay axını ilə getsəm, o, məni daha böyük axına, sonra da ki, gec-tez çaya aparıb çıxaracaqdı. Ancaq bu, mənim iki gün vaxtımı alacaqdı. Axmaqlığıma görə özümü lənətlədim. Təəssüf ki, əlimdən heç nə gəlmirdi, ona görə də yola davam etdim. Hər halda əgər çay tapsam, heç olmasa su da içə biləcəkdim. Tərslikdən su da qəhətə çıxmışdı. Hətta məni çaya aparıb çıxaracaq kiçik bir axın belə gözə dəymirdi. Artıq narahat olmağa başladım. Lap yorulana qədər veyil-veyil gəzdim. Meşədə çoxlu ov quşları və heyvanların olduğundan xəbərim vardı. Əgər kərgədana rast gəlsəm, işim bitəcəkdi. Məni dəli edən şey bu idi ki, düşərgədən heç on mil aralı olmadığımı bilirdim. Soyuqqanlılığımı qorumağa çalışdım. Hava tutulurdu, cəngəlliyin dərinliklərində isə artıq zülmət kimi qaranlıq düşürdü. Tüfəng götürmüş olsaydım, heç olmasa atəş açardım. Yəqin ki, düşərgədə mənim azdığımı anlayıb axtarışa çıxardılar. Meşəlik elə sıx idi ki, altı futdan uzağı görə bilmirdm. Bir az keçəndən sonra, bilmirəm əsəblərim pozulmuşdu, ya nəydi, məndə belə bir hiss yarandı ki, hansısa bir heyvan məni qarabaqara izləyir. Dayanırdım, o da dayanırdı. Yola davam edirdim, o da eynilə. Amma onu görə bilmirdim. Kolluqda da heç bir hənirti duyulmurdu. Hətta budağın sınmasını və ya yarpaqların arasından keçərkən onlara toxunmağımı belə eşitmirdim, ancaq o heyvanların necə sakit hərəkət etdiyini bilirdim, həm də əmin idim ki, nə isə oğrun-oğrun yeriyir. Ürəyim elə bərk döyünürdü ki, az qala yerindən çıxacaqdı. Ağlımı itirmək dərəcəsində idim. Bütün iradəmi toplayaraq özümü qaçmaqdan güclə saxlayırdım. Bilridim ki, belə eləsəm, yolu tamam itirəcəm. Bu dolaşıq yerlərlə iyirmi yard getməmişdən qabaq mən yəqin ki, artıq azmışdım. Uzansam, aşağı əyilsəm o heyvan üstümə atılacaqdı. Qaçmağa başlasam, Allah bilir hara gedib çıxardım. Özümü ələ almalı idim. Ağlamaq məni tutmuşdu. Bir tərəfdən də susuzluq əldən salmışdı. Həyatımda heç vaxt bu qədər çox qorxmamışdım. Inan mənə, əgər əlimdə revolver olsaydı, mütləq beynimə bir güllə çaxardım. Elə dəhşətli idi ki, bu günün bitməsini istəyirdim. Yorğunluqdan ayaqlarımı güclə sürüyürdüm. Mənə ağır yara vurmuş düşmənə belə olsa, o vaxt çəkdiyim dəhşətləri arzulamazdım. Birdən iki güllə səsi eşitdim. Az qala ürəyim dayandı. Məni axtarırdılar. Onda lap başımı itirdim. Var-gücümlə qışqıraraq səs gələn tərəfə qaçdım. Yıxıldım. Özümü ələ alaraq qalxdım. Yenə qaçdım. Qışqırırdım. Dedim indi ciyərlərim partlayacaq. Daha bir atəş açıldı. Lap yaxınlıqda. Yenə qışqırdım. Cavab səsləri eşitdim. Meşədə vurhavur salan adamlar vardı. Bir dəqiqə keçməmişdi ki, ovçular məni əhatəyə aldılar. Əllərimi sıxıb öpdülər. Sevincdən bağırırdılar. Mən də az qala ağlayacaqdım. Çox köməksiz bir vəziyyətdə idim. Içməyə nəsə verdilər. Düşərgədən cəmi-cümlətanı üç mil aralı idik. Geri qayıdanda hava lap qaralmışdı. Allaha and olsun, bu, mənə həyatım bahasına başa gələ biləcək bir təhlükə idi.
    Daryanın bədənindən ürpərti keçdi.
  • Inan mənə, bir də cəngəllikdə azmaq istəməzdim.
  • Səni axtarıb tapmasaydılar nə olardı?
  • Nə?! Nə ola biləcəyini deyə bilərəm. Yəqin ki, ən əvvəl dəli olardım. Əgər ilan çalmasa, ya da kərgədana-zada rast gəlməsəydim də, kor-koranə, əldən düşüb yıxılana qədər yol gedərdim. Acından ölümcül hala düşərdim. Susuzluqdan məhv olardım. Vəhşi heyvanlara yem olardım. Qarışqalar sümüklərimi sümürərdilər.
    Ortaya sükut çökdü.
    Təxminən bir ay idi ki, Maunt Hitamda yaşayırdılar və elə oldu ki, Manronun təkidilə müntəzəm kinə qəbul etməsinə baxmayaraq Neyl qızdırma xəstəliyinə tutuldu. Elə də bərk tutmalar olmurdu, ancaq o, təəssüf hissi keçirirdi və müəyyən müddət yataqda qalmağa məcbur idi. Ona Darya qulluq edirdi. Neyl ona bu qədər əziyyət verdiyinə görə xəcalət çəkirdi, lakin Darya onun etirazlarına qulaq asmırdı. O, doğrudan da çox bacarıqlı qadın idi. Nəhayət, Neyl hər hansı bir çinli xidmətçinin görə biləcəyi işlərin Darya tərəfindən məhz onun üçün yerinə yetirilməsinə boyun əydi. O, bundan yaman təsirlənmişdi. Darya onun əl-ayağını da yuyurdu. Hərarəti yüksələndə bədənini soyuq su ilə silirdi. Və təsvirəgəlməz dərəcədə rahatlıq hiss etməsinə baxmayaraq Neyl lap özünü itirmişdi. Darya isə onun səhər və axşam bu sayaq yuyunmasında israr edirdi.
  • Yokahomadakı Britaniya xəstəxanasında olduğum altı ay ərzində hər halda ən azı xəstəyə necə qulluq etməyi öyrənmişəm, – deyə Darya gülümsədi.
    Hər dəfə Neylə qulluq etdikdən sonra Darya onu dodaqlarından öpürdü. Bu, əlbəttə, çox xoş və səmimi bir hərəkət idi və Neylin xoşuna gəlirdi, amma elə bir ciddi əhəmiyyət vermirdi. Hətta bu mövzuya zarafatla yanaşaraq lap ağını çıxartdı. Heç ondan çıxmayan iş!
  • Xəstəxanadakı xəstələrini də belə öpürdün? – o soruşdu.
  • Nədir ki? Səni öpməyimi istəmirsən? – Darya güldü.
  • Yox, burada pis nə var ki?!
  • Hətta sənin sağalmanı tezləşdirər, – Darya söz atdı.
    Bir dəfə Neyl onu yuxusunda gördü. Səksənərək oyandı. Başdan-ayağa tər içində idi. Ağrıları azalmış, hərarəti də düşmüşdü. Özünü yaxşı hiss edirdi. Lakin yuxuda gördüyü şey onu tamam utandırdı. Dəhşətə gəldi. Yuxuda belə olsa, bu cür fikirlər Neyli xəcalət çəkməyə məcbur etdi. Deyəsən, o, əxlaqsız bir vəhşidən fərqli deyilmiş, xəbəri yoxmuş!
    Səhər açılırdı. Neyl qonşu otaqda Manronun artıq oyandığını eşitdi. Darya axşam gec yatmışdı, ona görə də Manro onu narahat etməmək üçün ayaqlarının ucunda yeriyirdi. Bu birisi otağa keçəndə Manro yavaşca səsləndi:
  • Salam. Oyanmısan?
  • Hə, artıq dönüş baş verdi. Indi özümü yaxşı hiss edirəm.
  • Əla. Ancaq hələ bu gün də yataqda qalmağın məsləhətdir. Sabah sapbasağlam olacaqsan.
  • Yeməyini qurtarandan sonra Ah Tanı yanıma göndər, yaxşı?
  • Oldu.
    Sonra Neyl Manronun yola düşdüyünü eşitdi. Çinli xidmətçi Ah Tan gəldi və ondan yeməyə nə istədiyini soruşdu. Bir saata Darya da yuxudan durdu. “Sabahın xeyir” demək üçün Neylin otağına gəldi. Oğlan gördüyü yuxunun təsirindən hələ çıxmadığına görə onun üzünə baxmağa xəcalət çəkirdi.
  • Yeməyimi yeyim, sonra gəlib səni yuyunduracağam, – Darya dedi.
  • Yuyundum. Ah Tan kömək elədi.
  • Niyə?
  • Səni bir də əziyyətə salmaq istəmədim.
  • Yox əşi, heç bir əziyyəti-filan yoxdur. Mən bunu sevə-sevə edirəm.
    Darya çarpayıya yaxınlaşdı, əyildi ki, onu öpsün, ancaq oğlan başını kənara çevirdi.
  • Eləmə.
  • Niyə axı?
  • Çünki bu, səfehlikdir.
    Darya bir anlıq təəccüblə ona baxdı, daha sonra isə yüngülcə çiyinlərini çəkərək otaqdan çıxdı. Az sonra Neylin bir şey istəyib-istəməyəcəyini öyrənmək üçün yenidən otağa qayıtdı. O, isə özünü yatmışlığa vurdu. Darya nəvazişlə onun üçünü sığalladı.
  • Allah xatirinə, yalvarıram, belə eləmə! – Neyl az qala bağırdı.
  • Elə bildim ki, yatırsan. Bu gün sənə nə olub axı?
  • Heç nə.
  • Niyə mənə qarşı belə acıqlısan? Məgər səni incidəcək bir şey eləmişəm?
  • Yox!
  • De görüm onda nə olub axı?
    O, çarpayının kənarında oturaraq Neylin əlindən tutdu. O isə üzünü yana çevirdi. Utandığından güclə danışırırdı.
  • Sən deyəsən mənim kişi olduğumu unudursan?! Elə rəftar edirsən ki, elə bil mən sənin üçün 12 yaşında bir oğlan uşağıyam.
  • Oho!
    Neyl qəzəbdən qıpqırmızı oldu. Özünə də, Daryaya da acığı tutdu. Gərək bu qadın ədəb-ərkan qaydalarını gözləsin axı. Əsəbi halda döşəkağını didişdirdi.
  • Bunun sənin üçün heç bir əhəmiyyəti yoxdur, mənim üçün də elə olmalıdır. Mən sağalıb ayağa duranda da həmçinin. Necə yuxu görməsi insanın öz əlində deyil li?! Ancaq yuxular insanın təhtəlşüurunda baş verənlərin göstəricisidir.
  • Sən məni yuxunda görmüsən? Axı burada pis nə var ki?!
    Neyl üzünü yana çevirib ona ötəri bir nəzər saldı. Daryanın gözləri parıldayırdı. Neyl isə çəkdiyi vicdan əzabından elə hüzünlü görünürdü ki, sanki dəryada gəmiləri qərq olmuşdu.
  • Sən kişiləri tanımırsan, – o dedi.
    Darya dodaqaltı güldü. əyilərək qollarını onun boynuna doladı. Əynində saronqla bajudan qeyri heç nə yox idi.
  • Ah, əzizim, de görüm yuxuda nə gördün?
    Neyl dəli kimi oldu. Kobudluqla onu özündən kənara itələdi.
  • Nə edirsən? Dəli olmisan, nədir?
    Oğlan yerindən atıldı.
  • Məgər bilmirsən ki, sənə dəlicəsinə aşiqəm? – Darya dedi.
  • Sən nə danışırsan?
    Neyl çarpayının bir tərəfində əyləşdi. O, doğrudan da karıxıb qalmış, nə edəcəyini bilmirdi. Darya isə utanmadan irişdi.
  • Bəs səncə mən niyə bu dəhşətli yerə gəlməyə razılıq verdim? Səninlə birilikdə olmağın xətrinə, ay mənim sevgilim! Bəyəm bilmirsən ki, mən cəngəllikdən necə qorxuram?! Hətta lap burada, komanın içində də ilan, əqrəb və ya başqa bir şeyin olacağından qorxuram. Sənə məftunam.
  • Mənimlə bu sayaq danışmağa sənin haqqın yoxdur, – deyə Neyl qaşqabaqla cavab verdi.
    Dayra gülümsədi.
  • Bu qədər rəsmiyyətpərəst olma.
  • Gəl, buradan çıxaq.
    Neyl verandaya tərəf addımladı. Darya da onun arxasınca. Kətildə əyləşdi. Darya isə onun qarşısında diz çökərək yerdə oturdu və onun əllərini tutmağa çalışdı, ancaq oğlan buna imkan vermədi.
  • Məncə sən dəli olmusan. Allahdan ümid edirəm ki, dediyin sözləri əslində nəzərdə tutmursan.
  • Tuturam. Dediyim hər bir kəlməni.
    Neyli özündən çıxaran əsasən bu idi ki, Darya etdiyi etirafın necə də iyrənc olduğunu deyəsən heç dərk etmirdi.
  • Ərini unudursan!
  • Əşi, onun bura nə dəxli var ki?!
  • Darya?!
  • Indi Anqası düşünəcək halda deyiləm.
  • Sən nə qədər də əxlaqsızsan, – Neyl qaşları düyünlü halda astadan dilləndi.
    Darya qaqqıldadı.
  • Çünki sənə vurulmuşam, ona görəmi? Əzizim, sən gərək bu qədər yaraşıqlı olmayaydın.
  • Allah xatirinə, gülmə!
  • Özümü saxlaya bilmirəm. Komik də olsa yenə də qəşəng görünürsən. Sənin ağ dərinin, parlayan dalğalı saçlarının dəlisiyəm. Səni sevirəm, çünki sən yaman rəsmiyyətcisən. Səni sevirəm, çünki sən şotlandsan, yumor hissin yoxdur. Sənin güclülüyünü sevirəm. Sənin gəncliyinin dəlisiyəm.
    Daryanın gözləri işıqlandı və tez-tez nəfəs almağa başladı. Nəfəsi tıncıxdı. Birdən o dayandı və qəfil hərəkətlə Neylin yalın ayağını öpdü. Oğlan etiraz əlaməti kimi qışqıraraq ayağını cəld bir hərəkətlə geri çəkdi. Bu qəfil həyəcandan laxlayan kətili az qala yıxmışdı.
  • Ey, qadın, sən ağlını itirmisən. Heç utanmırsan?!
  • Yox!
  • Axı, məndən nə istəyirsən? – acıqla soruşdu.
  • Sevgi.
  • Sən məni nə hesab edirsən? Hansı kişilərdən hesab edirsən?
  • Başqaları kimi hər hansı bir kişi, – Darya sakit halda tövrünü pozmadan dedi.
  • Düşünürsən ki, Anqas Manronun mənə etdiyi bu qədər şeylərdən sonra mən onun arvadı ilə eşqbazlıq edəcək qədər əclafam? Ona hörmətim bütün tanıdığım adamlardan daha çoxdur. O, heyranedici bir insandir. Yüz sənin və mənim kimisinə dəyər. Ona xəyanət etməkdənsə özümü öldürərəm. Başa düşmürəm, necə ola bilər ki, sən mənim belə alçaq hərəkət edə biləcəyimi ağlına gətirə bilirsən?!
  • Ah, əzizim, belə cəfəng şeylər danışma. Bundan ona nə xələl gəlir ki?! Belə şeyləri faciə kimi qəbul etməməlisən. Həm də bütün bunlar bir yana, ömür çox qısadır. Ondan çəkə biləcəyimiz ləzzəti almırıqsa, bu, o deməkdir ki, biz axmağıq.
  • Bu cür danışmaqla yanlış olan şeylərə haqq qazandıra bilməzsən.
  • Bu haqda heç nə deyə bilmərəm. Mənə elə gəlir ki, bu, həddindən artıq mübahisəli bir məsələdir.
    Neyl təəccüblə ona baxdı. Darya deyəsən hər şeyə çox soyuqqanlı və təmkinlə yanaşaraq, onun ayaqları altında yerdə oturmuşdu. Həm də görünürdü ki, bu vəziyyətdən ləzzət alır. Deyəsən, işin ciddiliyinin fərqinə varmırdı.
  • Sən bilirsənmi ki, klubda bir nəfəri sənin haqqında təhqiramiz söz söylədiyinə görə vurub yerə sərdim.
  • Kimi?
  • Bişopu.
  • Əclaf hərif! Nə deyirdi?
  • Deyirdi ki, sənin bir çoxları ilə eşq macərəların olub.
  • Bilmirəm, camaat niyə öz işi ilə məşğul olmur? Bir də ki, kimdir ey onların dediyini vecinə alan?! Mən səni sevirəm. Heç kəsi səni sevdiyim qədər sevməmişəm. Səndən ötrü dəli-divanəyəm.
  • Sakit ol! Sakit ol!
  • Qulaq as. Bu gecə Anqas yuxuya gedəndən sonra gizlicə sənin otağına gələcəyəm. O, daş kimi yatır. Qorxulu elə bir şey yoxdur.
  • Bunu eləməməlisən!
  • Axı, niyə də yox?!
  • Yox dedim, yox, yox!
    Neyl çox qorxdu. Sonra Darya ayağa qalxdı və evə girdi.
    Günorta Manro evə qayıtdı və axşamüstü həmişəki kimi öz işləri ilə məşğul oldular. Bəzən olduğu kimi, indi də Darya onlarla işləyirdi. Kefi yaman kök idi. Elə şən görünürdü ki, Manro onun burada yaşadığı həyatdan artıq zğvq aldığını güman edirdi.
  • Heç də pis deyil, – deyə Darya razılaşdı, – bu gün özümü elə xoşbəxt hiss edirəm ki.
    Darya Neylə sataşdı. Deyəsən, o, oğlanın sakit olduğunun və gözlərini ondan yayındırmağının fərqinə varmamışdı.
  • Neyl çox sakitdir, – Manro dedi, – məncə sən hələ də zəifsən.
  • Yox, nəsə çox danışmaq istəmirəm.
    Əslində Neyl narahat idi. O, Daryanın hər şeyə qadir olduğuna əmindi. “İdiot” əsərində Nastasya Filipovanın əsəbi dəliliyini xatırladı, hiss etdi ki, Darya da soyuqqanlılığının çatışmazlığı üzündən eynilə belə edə bilər. O, bu qadının çinli xidmətçilərdən hər hansı birinə qəzəblənərək özündən çıxdığını az görməmişdi və bu cür hallarda tamamilə özünə nəzarəti itirdiyindən yaxşı xəbəri var idi. Müqavimət onu daha da qızışdırırdı. Istədiyi şeyi dərhal əldə etməyəndə qəzəbindən demək olar ki, lap ağlını itirmək dərəcəsinə gəlib çıxırdı. Xoşbəxtlikdən can atdığı hər hansı bir şeyə olan marağı eyni aniliklə də itib gedirdi. Və əgər onun diqqətini bir anlığa başqa bir yerə yönəldə bilsəydin hər şeyi unudurdu. Elə bu cür vəziyyətlərdə Neyl Manronun taktını daha çox bəyənirdi. Onun necə fəndgir, eyni zamanda incə bir bicliklə Daryanın acığını soyutduğunu görmək əyləndirici idi. Elə əslində Neylin qəzəbinin belə böyük olması Manronun səbəbinə idi. Düşünəndə ki, onu özünə həyat yoldaşı etmək üçün bu qadını çətinlik və məhrumiyyətlərdən çəkib çıxartmışdı, o zaman Manro müqəddəs bir insan sayıla bilərdi. Darya hər şeydə ona borclu idi. Manronun adı onu qoruyurdu. Onun səbəbinə hörmət sahibi olmuşdu. Bütün bunlara görə ən adi minnətdarlıq hissi kifayət idi ki, Darya həmin səhər etiraf etdiyi fikirləri özündə saxlasın. Kişilər üçün bu cür təkliflər etmək məqbul sayıla bilər, lakin qadınların belə şey etmələri ikrah doğurur. Neylin ləyaqəti təhqir olunmuşdu. Daryanın üzündə gördüyü ehtiras, hərəkətlərindəki ədəbsizlik onu hiddətləndirirdi.
    Neyl bilmək istəyirdi ki, doğrudanmı Darya onun otağına gələcəyi barədə hədə-qorxunu həyata keçirəcək?! Inanmırdı ki, o, buna cəsarət edə bilə. Axşamüstü hamı yatmağa gedəndə Neyl o qədər dəhşətə gəlmişdi ki, yuxuya gedə bilmədi. Narahat halda ətrafı dinləyərək yatağa uzandı. Gecənin lal sükutunu bayquşun ardıcıl təkrar olunan yeknəsək səsi pozdu. Palma yarpaqlarından düzəldilmiş nazik divar arasından Manronun sakit-sakit nəfəs aldığı eşidilirdi. Birdən Neyl kiminsə gizlincə onun otağına girdiyini hiss etdi. Artıq nə edəcəyini qərara almışdı.
  • Sizsiniz, cənab Manro? – ucadan çağırdı.
    Darya dayandı. Manro yuxudan ayıldı.
  • Otağımda kimsə var. Elə bildim sizsiniz.
  • Elə bir şey yoxdur, – Darya dedi, – mənəm, yata bilmirəm. Ona görə də fikirləşdim ki, verandaya çıxıb bir siqaret çəkim.
  • Elə bu? – Manro dedi, – Elə et ki, sənə soyuq olmasın.
    Darya Neylin otağından keçib eşiyə çıxdı. Oğlan onun siqaret yandırdığını gördü. Bir qədər keçmiş geri qayıdaraq öz yatağına girdi.
    Səhərisi gün Neyl onunla heç rastlaşmadı. Çünki o, oyanmamışdan qabaq oğlan artıq yola düşmüşdü və qərara gəldi ki, Manro evə dönməyincə o da evə girməsin. Qaranlıq düşən kimi onunla tək qalmaqdan canını qurtara bildi, ancaq sonra Manro bir neçə dəqiqəliyə kəpənək tələlərini yerbəyer etmək üçün aşağı düşdü.
  • Niyə keçən gecə Anqası yuxudan oyatdın? – deyə Darya yavaşca acıqlı bir pıçıltıyla soruşdu.
    Neyl çiyinlərini çəkərək heç bir cavab vermədən gördüyü işə davam etdi.
  • Qorxdun?
  • Ədəb-ərkən haqqında mənim öz düşüncələrim var.
  • Bəsdir, sən Allah! Bu qədər xırdaçı olma.
  • Alçaq olmaqdansa elə xırdaçı olmaq yaxşıdır.
  • Sənə nifrət edirəm.
  • Onda məndən əl çək!
    Darya cavab vermədi, ancaq ona tutarlı bir sillə vurdu. Neyl qızarsa da, bir kəlmə belə demədi. Manro qayıdıb gəldi və onlar sanki heç nə olmamış kimi işlərinə davam etdilər.
    Yemək süfrəsi arxasında və axşamlar istisna olmaqla Darya sonrakı bir neçə gün ərzində Neyllə kəlmə kəsmədi. Qabaqcadan hazırlaşmadan onlar aralarındakı münasibətin gərginləşdiyini Manrodan gizlətmək üçün bütün güclərini toplamışdılar. Ancaq Daryanın düşüncəli sükutu aradan qaldırmaq üçün etdiyi cəhdlər Anqasdan azacıq ehtiyatlı adam üçün aydın olardı və hərdən o, Neyllə bir az kəskin danışmaqdan özünü saxlaya bilmirdi. Darya onu lağa qoyurdu və zarafatlarında adamın ləyaqətinə toxunan sözlər də işlətməkdən çəkinmirdi. O, Neyli necə yaralamağı bilirdi və asanlıqla zəif damarından tuturdu, amma oğlan bunu büruzə verməməyə çalışılrdı. O, təxmin etmişdi ki, özünü belə şən göstərəndə Dayra daha da qəzəblənir.
    Bir gün yeməkdən əvvəl xeyli gecikməsinə baxmayaraq, Neyl Manronun hələ də evə dönmədiyinin şahidi oldu və buna çox təəccübləndi. Darya verandada matrasın üstündə uzanaraq qurtum-qurtum cin-nahit içir və siqaret çəkirdi. Ə-üzünü yumağa gedən müddətdə Darya hələ ki, ona heç bir söz demədi. Bir-iki dəqiqə sonra xidmətçi Neylin otağına gələrək yeməyin hazır olduğunu xəbər verdi. O, bayıra çıxdı.
  • Cənab Manro haradadır? – soruşdu.
  • Olmayacaq, – dedi Darya, – Anqas xəbər göndərdi ki, getdiyi yer çox maraqlıdır və axşama qədər orada qalacaq.
    Həmin səhər Manro dağın lap yuxarılarına qalxmaq məqsədilə yola düşmüşdü. Aşağı qatlar o qədər də yaxşı nəticə vermirdi və Manronun belə bir fikri vardı ki, əgər yuxarılarda su ilə təchiz olunmuş daha yaxşı yer tapa bilsə düşərgəni oraya köçürərdilər.
    Hər ikisi sükut içində yeməklərini yedilər. Yeyib qurtarandan sonra Neyl otağa girdi, şlemini və həşərat yığmaq üçün olan avadanlığı götürüb bayıra çıxdı. Adətən o, bu vaxtlar bayıra çıxmazdı.
  • Hara gedirsən?, – Darya qəflətən soruşdu.
  • Bayıra çıxıram.
  • Niyə?
  • Özümü elə də yorğun hiss eləmirəm. Evdə də görüləsi bir işim yoxdur.
    Birdən Darya göz yaşlarına qərq oldu.
  • Necə mənə qarşı bu qədər mərhəmətsiz ola bilərsən? – o hönkürdü. – Ah, axı bu cür rəftar qəddarlıqdır.
    Neyl yorğun baxışlı qəşəng, bir qədər də laqeyd üzünü ona tərəf çevirərək Daryaya baxdı.
  • Neyləmişəm ki?
  • Mənə qarşı kobud olmusan. Nə qədər pis olsam da bu qədər əzab-əziyyət çəkməyə layiq deyiləm. Sənin üçün dünyada bacardığım hər şeyi etmişəm. Heç rəvadırmı? De də, de görüm, nə vaxt sənin üçün nəyisə sevə-sevə eləməmişəm? Ah, mən necə də bədbəxtəm!
    Neyl çətinliklə bir-iki addım atdı. Daryanın belə şeylər söyləməsi dəhşətli idi. O, bu qadına nifrət edir, həm də ondan qorxurdu, lakin hələ də ona qarşı əvvəllər hiss elədiyi hörmət hissi qalmışdı. Ona görə yox ki, o, qadın idi. Ona görə ki, o, Anqas Manronun arvadı idi!
    Darya isə dayanmadan ağlayırdı. Işin tərsliyindən ovçular da səhər tezdən Manro ilə birgə getmişdilər. Düşərgədə üç nəfər çinli xidmətçilərdən başqa adam yox idi. Onlar da ki, yeməkdən sonra əlli yard aralıda yerləşən komalarında yatmışdılar. Burada onlar yalqız idilər.
  • Mən səni bədbəxt eləmək istəmirəm. Bütün bunlar səfehlikdir. Sənin kimi bir qadının mənim kimi bir oğlana aşiq olması, vallah, sənin tərəfindən mənasız, cəfəng bir şeydir. Mən özümü lap axmaq yerində hiss edirəm. Sən yəni özünə nəzarət edə bilmirsən?
  • Aman Allah! Özünə nəzarət! Sözə bax ha!
  • Demək istəyirəm ki, əgər məni vecinə alsaydın, mənim belə alçaqlıq etməyimi istəməzdin. Yəni sənin ərinin bizə qeyd-şərtsiz güvənməsi sənin üçün heç nədir? Elə onun adicə olaraq bizi burada tək qoyub getməsi az şey deyil. O, elə bir adamdır ki, heç milçəyi də incitməz. Əgər onun mənə olan etimadına xəyanət etsəm, özümə hörməti itirmiş olaram.
    Darya birdən başını qaldırıb yuxarı baxdı.
  • Niyə sən elə düşünürsən ki, o, milçəyi də incitməz? Niyə? Görmürsən ki, bütün bu butulkalar, qəfəslər onun öldürdüyü heyvanlarla doludur?
  • Elmin xeyrinə. Bu, tamam başqa şeydir.
  • Ay səfeh! Ay axmaq!
  • Eybi yoxdur. Əgər axmağamsa, daha bundan artıq neyləyə bilərəm?! Sən mənim dərdimi çəkmə!
  • Elə bilirsən ki, mən sənə aşiq olmağı özüm istəyirdim?
  • Sən gərək utanasan!
  • Utanım? Səfehliyə bir bax da! Aman Allah, nə eləmişəm ki, indi də bu özündən müştəbeh eşşəkdən ötrü bu qədər əzab çəkirəm?!
  • Sən mənim üçün etdiyin şeylərdən danışırsan. Bəs Manro sənin üçün nə eləyib?
  • Manro, Manro! Lap canımı boğazıma yığdın ha!
  • Belə çıxır ki, mən heç də birinci deyiləm?
    Daryanın təəccüblü etirafından bəri onun haqqında Kualo Solordakı adamların söylədikləri sözlərin doğru olması barədəki şübhələr Neylə bir an da olsun rahatlıq vermirdi. Onların bir kəlməsinə belə inanmamışdı. Elə indinin özündə də bu cür düşünə bilmirdi ki, Darya bu qədər əxlaqsız ola bilər. Anqas Manronun – bu dərəcədə sadəlövh və nəzakətli insanın illərdi illüziyalarla yaşadığını düşünmək qorxunc idi. Ola bilməzdi ki, Darya bu dərəcədə pozğun təbiətli bir qadın olsun. Ancaq o, Neylin sualını başqa cür başa düşdü. Nə deyəsən, atalar düz deyib – karın könlündəki. Göz yaşları arasından ona gülümsədi.
  • Əlbəttə, yox. Necə bu qədər səfeh ola bilərsən? Ah, əzizim, belə ciddi olma. Mən səni sevirəm.
    Demək bütün onun haqda söylənilənlər doğru imiş. O, özünü inandırmağa çalışmışdı ki, Daryanın ona qarşı olan hissləri qeyri-adi bir şey idi, elə bir dəlilik idi ki, birlikdə mübarizə aparıb qarşısını ala bilərdilər. Ancaq Darya heç ağına-bozuna baxmırdı.
  • Qorxmursan ki, Manro bundan xəbər tutar?
    O, daha ağlamırdı. Özü haqda danışmaqdan ləzzət alırdı və onda belə bir hiss yarandı ki, Neyldə özünə qarşı yeni maraq oyadaraq onu tovlayır.
  • Hərdən düşünürəm ki, görəsən bilirmi. Əlbəttə, ağlı ilə olmasa da ürəyi ilə hiss etməmiş deyil. Qadın və qadın həssaslığı barədə onun intuisiyası çox yaxşıdır. Şübhələndiyindən əmindim, çəkdiyi ağrılarda isə qəribə, mənəvi bir yüksəliş hiss eləmişəm. Məni həmişə maraqlandırıb ki, görəsən çəkdiyi ağrı-acılarda incə, sonsuz, izahedilməz bir ləzzət olduğunu özü görüb duyurmu?
  • Dəhşət! – Neylin artıq bu iddiaları dinləməyə səbri çatmadı, – Sənin üçün yeganə üzürlü səbəb o ola bilər ki, sən dəlisən.
    Darya indi özünə daha çox əmin idi. Sırtıqcasına Neylə baxdı.
  • Səncə mən cazibədar deyiləm? Çox kişilər məni bəyəniblər. Yəqin ki, Şotlandiyada olanda sən heç də mənim qədər gözəl bədən quruluşuna malik olmayan onlarla qadınla olmusan?!
    Darya sakit bir iftixarla qədd-qamətli, şəhvət sıçradan bədəninə nəzər saldı.
  • Mən heç vaxt qadınla olmamışam, – Neyl ciddi şəkildə dedi.
  • Niyə?
    Darya elə təəccübləndi ki, eşitdiyinin qeyri-adiliyindən dik atıldı. Oğlansa çiyinlərini çəkdi. O, özünü məcbur edərək bu fikrin onda necə də ikrah yaratdığını və Edinburqda oxuyarkən dostlarının eşq əlaqələrinin necə iyrənc olduğu barədə düşündüyünü Daryaya danışa bilmirdi. O, öz bakirliyindən gizli bir sevinc duyurdu. Məhəbbət müqəddəs bir şeydir. Cinsi əlaqə deyilən şey onu dəhşətə salırdı. Neylə görə, bu, ancaq nəsil artırmaq üçündür.
    Ancaq Darya tövşüyürdü, bütün bədəni tərpənməz halda dayanaraq gözlərini Neylə zilləmişdi. Birdən şadlıq və vəhşi bir arzu hiss olunan hönkürtü ilə diz çökərək oğlanın əlindən yapışdı və ehtirasla öpməyə başladı.
  • Alyoşa!, – deyə o, boğularaq qışqırırdı, – Alyoşa!
    Sonra ucadan qışqıraraq bərkdən güldü və onun ayaqları altında qıvrılmağa başladı. Boğazından qəribə, insan səsinə oxşamayan səslər çıxırdı və bədəni elə titrəyirdi ki, sanki onu dalbadal elektrik cərəyanı vururdu. Neyl bunun isteriya və ya epilepsiya tutması olduğunu anlamırdı.
  • Bəsdir! – o qışqırdı, – Bəsdir!
    O, Daryanı güclü qolları arasına alaraq kətildə oturtdu. Aralanıb getməyə çalışanda qadın buna imkan vermədi. Qollarını onun boynuna dolayaraq saxladı. Neylin üzünü öpüşlərə qərq etdi. Oğlan artıq bu vəhşi qadınıa əlbəyaxa mübarizə aparırdı. Üzünü kənara çevirdi. Əlini öz üzü ilə Daryanın üzü arasına sipər kimi qoydu. Darya qəflətən dişlərini batırdı. Ağrı dözülməz olduğundan Neyl heç düşünmədən ona qəfil, sarsıdıcı bir sillə vurdu və:
  • İblis! – deyə bağırdı.
    Bu vəhşi zərbədən sonra Darya onu buraxdı. Neyl əlini tutaraq dişlərin açdığı yaraya baxdı. Ətli yerdən dişlənmişdi və yaradan qan axırdı. Daryanın gözləri pişik gözləri kimi parlayır, özünü çox çevik və fəal aparırdı.
  • Daha bəsdir! Mən gedirəm. – Neyl dedi.
    Darya ayağa sıçradı.
  • Mən də səninlə gəlirəm!
    Neyl şlemini geyindi və iş üçün lazım olan avadanlığı götürərək heç bir söz söyləmədən kəskin bir şəkildə çevrildi. Iri addımlarla üç pilləni tullanaraq aşağı endi. Darya da onun ardınca qaçdı.
  • Mən cəngəlliyə gedirəm, – oğlan dedi.
  • Gözüm aydın!
    Varlığını saran bu şiddətli arzu ilə alışıb-yanan Darya cəngəlliklə bağlı qorxusunu tamamilə unutdu. Ilanlar, vəhşi heyvanlar nədənsə heç yadına da düşmədi. Üzünə çırpılan budaqlar, ayağına dolaşan yer bitkiləri vecinə gəlmirdi. Bir ay ərzində Neyl meşənin hər dəlmə-deşiyini öyrənmişdi və indi onun hər qarışını tanıyırdı. Qəzəblə öz-özünə dedi ki, Daryanı dalınca dartıb oralara gəlməyə məcbur edəcək. O, yolunu iri, cəld addımlarla meşənin qalın yerindən saldı. Darya arada büdrəməsinə baxmayaraq qərarlı bir şəkildə onu təqib edirdi. Qəzəbdən gözləri qızmış Neyl yıxıldı. Darya da onun dalınca yıxıldı. Darya nə isə danışır, Neyl isə artıq onu dinləmirdi. O, Neylə yalvarırdı ki, ona yazığı gəlsin. Taleyinə acıyırdı, özünü alçaldaraq ağlayır, elə hey sızlayırdı. Neyli özünə ram etməyə çalışırdı. Lap dəli qadınlara oxşayırdı. Nəhayət, Neyl şumlanmış kiçicik bir yerdə qəflətən dayandı və dönəndə Darya ilə üzbəüz qaldı.
  • Bu, mümkün deyil, – bağıraraq, – Bəsdir, canım boğazıma yığıldı, – deyə qışqırdı. – Anqas gələndə ona buradan getməyə məcbur qaldığımı söyləyəcəm. Sabah səhər Kualo Solora qayıdıb oradan da evə gedəcəyəm.
  • O, buna yol verməz. Çünki səni çox istəyir. Onun fikrincə sənin tayın-bərabərin yoxdur.
  • Gözüm aydın! Bir şey düşünüb taparam.
  • Nə?
    Neyl Daryanı səhv başa düşdü:
  • Qorxmağına gərək yoxdur. Mən, əlbəttə, ona düzünü deməyəcəyəm. Əgər onun ürəyini bu cür qırmağa niyyətin varsa, onda bu, sənin öz işindir. Ancaq mən belə etməyəcəyəm.
  • Sən ki, ona az qala pərəstiş edirsən, elə deyil? Bu cür cansıxıcı, soyuq bir adama.
  • O, yüz sənin kimisinə dəyər.
  • Təsəvvür edirsənmi, necə də maraqlı alınar əgər mən ona desəm ki, sən buradan sənin təklifinə rədd cavabı verdiyimə görə gedirsən?
    Neyl diksindi. Sözlərində ciddi olub-olmadığını yoxlamaq üçün diqqətlə onun üzünə baxdı.
  • Belə axmaq olma. Hər halda onun sənə inanacağını düşünmürsən, elə deyilmi? O, bilir ki, heç vaxt mənim ağlıma belə iyrənc bir fikir gələ bilməz.
  • Ah, əzizim, bu qədər əmin olma. Cücəni payızda sayarlar.
    Darya əslində düşünmədən, sözlərinin fərqinə varmadan danışırdı. Sadəcə mübahisəni davam etdirməkdən başqa elə bir ayrı məqsədi yox idi. Ancaq görəndə ki, Neyl qorxdu, qəddarlıq hissi onu bu vəziyyəti təkrarlamağa sövq etdi.
  • Məndən aman gözləyirsən? Sən məni olmazın şəkildə alçaltmısan. And içirəm, əgər buradan getmək fikrindən daşınmasan, düz birbaşa Anqasın yanına gedib deyəcəm ki, sən onun burada olmadığından yararlanıb mənə təcavüz etməyə çalışmısan.
  • Mən bunu inkar edə bilərəm. Həm də bu, mənim dediklərimin əksinə sənin sözlərin olacaq.
  • Bəli, ancaq nəzərə al ki, mənim sözlərim keçərlidir. Dediklərimi sübut edə bilərəm.
  • Anlamadım, necə?
  • Mən qəsdən özümü yaralayaram. Sonra da sənin vurduğun sillənin yerini göstərərəm. Hələ sənin əlini demirəm.
    Neyl qəfil əlinə nəzər saldı.
  • Bəlkə deyəsən, o dişləm izləri oraya necə düşüb?! Göydən? – Darya qətiyyətlə sözünə davam etdi.
    O, gic kimi Daryaya baxdı. Rəngi tamam ağarmışdı. Zədə yerini və o şramın əmələ gəlməsini necə izah edə biləcəkdi?! Əgər özünü müdafiə edərkən buna məcbur olmuşdursa, həqiqəti deyə bilərdi. Burada nə vardı ki?! Ancaq Anqasın inanması üçün bu, yetərli idimi? Anqas arvadına pərəstiş edirdi. Ona görə də onun sözlərini əsas götürəcəkdi. Bu, Manronun mehribanlığı müqabilində necə böyük nankorluq və ona olan dərin inamının əvəzində necə iyrənc bir xəyanət kimi görünərdi! O, Neylin əclaf olduğunu düşünəcəkdi, əlbəttə ki, öz nöqteyi-nəzərindən çıxış edərək. Neyli dəhşətə gətirən də elə bu deyildimi? Istəmirdi ki, uğrunda canını belə verməyə hazır olduğu adam – Manro onun haqqında pis fikirləşsin. Zavallı oğlan özünü o qədər bədbəxt hiss elədi ki, nifrət etdiyi, kişiyə yaraşmayan göz yaşları onu boğdu. Darya artıq onun yenilməkdə olduğunu gördü. Çox sevindi. Nəhayət ki, ona çəkdirdiyi iztirabları geri qaytarmağa müvəffəq olurdu. Indi Neyl onun əlində idi. O, öz qələbəsindən olmazın həzz duyurdu və ürəyində çəkdiyi ağrı-acının arasında Neylin səfehliyinə gülürdü. Bax bu anda Darya heç özü də bilmirdi ki, ona qarşı hansı hissləri keçirir – sevirmi, yoxsa nifrət edir.
  • Hə, indi özünü yaxşı aparacaqsanmı? – Darya həyasızcasına soruşdu.
    Neyl hönkürərək canını bu mənfur qadından xilas etmək məqsədilə yerindən götürüldü və bacardığı qədər sürətlə qaçmağa başladı. O, yaralı heyvan təki cəngəlliyə cumdu, hara getdiyinə baxmadan, nəfəsi kəsilənə qədər qaçdı. Nəhayət tövşüyərək dayandı. Əl yaylığını çıxararaq alnından axıb gözlərinə tökülən tər damlalarını sildi. Əldən düşmüşdü. Bir az dincəlmək üçün yerə oturdu.
  • Gərək elə edim ki, özüm buralarda azıb qalmayım, – öz-özünə dedi.
    Bu, elə də böyük problem deyildi. Yaxşı idi ki, cib kompası vardı və hansı istiqamətə gedəcəyini bilirdi. Ufuldayaraq yorğun halda ayağa qalxdı. Yeriməyə başladı. Yola baxaraq miskin bir halda özündən nə edəcəyini soruşdu. Başa düşürdü ki, Darya dediyini edəcək. Hələ üç həftə də bu lənətə gəlmiş yerdə qalmalı olacaqdılar. Neyl dönməyə cəsarət eləmirdi. Buralarda qalmağa da cürəti çatmırdı. Beyni tamam qarmaqarışıq fikirlərlə dolu idi. Ancaq yenə də yeganə görə biləcəyi iş düşərgəyə qayıtmaq və bütün bu olanlar haqqında əməlli-başlı düşünmək idi. Təxminən 15 dəqiqə getdikdən sonra o, tanıdığı yerə gəlib çatdı. Bir saatdan sonra artıq evdə idi. Yorğun, bayqın halda özünü kətilin üstünə atdı. Onu düşündürən yalnız Anqas idi. Ürəyindən qara qanlar axırdı. Indi ona əvvəllər qaranlıq qalan bir çox şeylər aydınlaşmışdı. Bütün bunlar ona olanları anlaması sayəsində açıldı. Indi o, Kualo Solordakı qadınların Daryaya düşməncəsinə münasibətlərini və Anqasa qeyri-adi baxmalarının səbəbini anlayırdı. Bu adamlar Anqasla fərqli davranırdılar, nə isə qəribə bir yüngüllüklə. Neyl bunu Anqasın elm adamı olması ilı izah edirdi və düşünürdü ki, buradakı yerli əhali üçün bütün bunlar mənasız şeylərdir. Lakin indi bilirdi ki, onlar Anqasın halına acıyır, eyni zamanda da ona gülürdülər. Darya onu camaatın içində gülüş hədəfinə çevirərək rüsvay etmişdi. Əgər qadın ucbatından bu cür rəftara layiq olmayan bir adam vardısa, o da Anqas idi. Qəflətən Neylin nəfəsi təngidi və bütün vücudu əsdi. Birdən ağlına gəldi ki, Darya bu cəngəlliyi heç tanımır. Çəkdiyi ağrı-acılar içində Neyl çətin ki, haralara getdiklərinin fərqinə varmışdı. Birdən Darya evə gələn yolu tapa bilmədi? O, bundan dəhşətə gələrdi. Neylin yadına Anqasın bu meşədə azmağı barədə danışdığı o tükürpədici əhvalat düşdü. Ağlına gələn ilk fikir geri qayıdıb Daryanı tapmaq oldu və ayağa qalxdı. Sonra acı bir qəzəb onu bürüdü. Yox, qoy özü öz başının çarəsini qılsın. Heç kəs onu oraya getməyə məcbur etməmişdi ki. Özü könüllü getmişdi. O, mənfur qadın idi, qadınlıq adına ləkə idi və başına gələn hər bəlaya da layiqdir. Neyl qəzəbdən qaşları düyünlənmiş halda meydan oxurcasına başını dala atdı və əllərini sıxdı. Cəsarətləndi. Qərarını verdi. Anqas üçün daha yaxşı olardı ki, Darya bir də heç vaxt geri qayıtmasın. Əlləri əsirdi. Diqqətini gördüyü işə yönəltməyə cəhd göstərdi, ancaq tələyə düşmüş kəpənək kimi fikri başqa yerə uçub gedir, özünə nəzarət edə bilmirdi. Görəsən orada – cəngəllikdə nələr oldu? Neyl birdən yerindən götürülüb qaçanda Darya neylədi? Arabir özündən asılı olmayaraq Neyl başını qaldırıb yuxarı baxırdı. Darya hər an gəlib çıxa bilərdi. Bu, Allahın işi idi. O titrədi. Qara buludlar səmanı tutmuş, gecə düşürdü.
    Hava təzəcə qaralmışdı ki, Manro gəlib çıxdı.
  • Lap elə vaxtında gəlmişəm, – o dedi, – deyəsən yaman tufan olacaq.
    Onun kefi kök idi. O, bu gün su ilə təchiz olunmuş bir yaylaya rast gəlmişdi. Oradan dənizə də gözəl bir mənzərə açılırdı. Üstəlik 2-3 nadir rast gəlinən kəpənək və bir dənə də uçan dələ tapmışdı. Düşərgəni yeni tapdığı yerə köçürmək barədə çoxlu planları vardı. Hər tərəfdə heyvanların həyatına dair bir çox nişanələrə rast gəlmişdi.
    Bir az keçmiş Manro ağır, uzunboğaz çəkmələrini çıxarmaq üçün evə girdi. Elə o dəqiqə də bayıra çıxdı.
  • Darya haradadır?
    Neyl hərəkətlərinin təbii alınması üçün özünü bərk tutdu.
  • Məgər öz otağında deyil?
  • Yox. Yəqin bir şey üçün xidmətçilərin komasına gedib.
    Anqas pillələri endi və bir neçə yard irəli getdi.
  • Darya! – o çağırdı. – Darya!
    Heç bir cavab gəlmədi. O, xidmətçini səslədi.
    Çinli xidmətçi qaçaraq gəldi və Anqas ondan Daryanın harada olduğunu soruşdu. Xidmətçinin xəbəri yox idi. Dedi ki, qəlyanaltıdan bəri onu görməyib.
  • Harada ola bilər axı bu? – Manro çaşqın halda geri qayıtdı.
    Evin arxa hissəsinə keçib çağırmağa başladı. Bir nəticə hasil olmadı.
  • Ola bilməz ki, Darya bayıra çıxsın. Getməli bir yeri yoxdur. Neyl, sən onu axırıncı dəfə nə vaxt görmüsən?
  • Yeməkdən sonra mən nümunə toplamaq üçün bayıra çıxmışdım. Səhər heç bir şey tapmadım, ona görə də fikirləşdim ki, bəxtimi bir də sınayım, bəlkə bir şey alındı.
  • Qəribədir?!
    Düşərgənin ətrafında baxmadıqları yer qalmadı. Manro düşündü ki, ola bilsin Darya haradasa bu yaxınlarda yerini rahatlayıb oturub və elə orada da yuxuya gedib.
  • Bizi bu sayaq qorxutmaqla heç də yaxşı iş görmür.
    Hamı axtarış üçün toplaşdı. Manro artıq həyəcanlanmağa başlamışdı.
  • Ola bilməz ki, cəngəlliyə gəzintiyə çıxsın və azsın. Yanılmıramsa, biz buraya gələndən bəri Darya evdən 100 yard məsafədən artıq uzaqlaşmayıb.
    Neyl Manronun gözlərindəki qorxunu sezdi və baxışlarını yerə dikdi.
  • Yaxşı olardı ki, hər yerə adam salaq və axtarışa başlayaq. Bir şey var ki, Darya çox da uzaqda ola bilməz. Özü yaxşı bilir ki, azanda ən ağıllı iş olduğun yerdə qalaraq adamların gəlib səni tapmasını gözləməkdir. Yazıq! Indi az qala ağlını itirəcək.
    Onda Manro ovçuları səslədi və çinli xidmətçilərə də fənərləri gətirməyi tapşırdı. Işarə olaraq tüfəngdən bir atəş açdı. Biri Manronun, digəri isə Neylin rəhbərliyi altında iki hissəyə bölündülər və orada olduqları bir ay ərzində gediş-gəliş saldıqları iki əyri-üyrü cığırla getməyə başladılar. Belə qərara alındı ki, kim Daryanı birinci tapsa havaya dalbadal üç atəş açsın. Neyl üzündə ciddi və qərarlı bir ifadə ilə gedirdi. Onun vicdanı təmiz idi. Elə görünürdü ki, sanki əlində məhkəmə hökmü var. Əmin idi ki, Darya artıq heç vaxt tapılmayacaq.
    Irəlidə bu iki dəstə rastlaşdılar. Manronun sifətinə baxmağa lüzum yox idi. O, çaşıb qalmışdı. Neyl özünü heç bir avadanlığı və ya köməkçisi olmadan sevdiyi bir adamın həyatını xilas etmək üçün qorxulu bir əməliyyat aparmağa məcbur edilən cərrah kimi hiss edirdi. Hər halda o, özünü möhkəm tutmalı idi.
  • Ola bilməz ki, o, bu qədər uzağa gedə bilsin, – Manro dedi, – geri qayıtmalı və evin bir mil ətrafını qarış-qarış gəzib axtarmalıyıq. Belə hərəkət ancaq onunla izah oluna bilər ki, ya Darya nədənsə çox qorxub, ya bayılıb, ya da ki, onu ilan vurub.
    Neyl cavab vermədi. Yenidən yola düzəldilər. Gedə-gedə cığır salaraq özlərinə yol açırdılar. Ucadan çağırırdılar. Hərdənbir atəş açaraq cavab kəlməsini gözləyirdilər. Adamlar əllərində fənərlərlə irəlilədikcə gecə quşları hürkmüş halda qanadlarını şappıldadaraq uçurdular. Aradabir yaxınlaşdıqca hansısa bir heyvanın – maralmı, qabanmı, ya da ki, kərgədanın qaçıb getdiyini görürdülər. Qəflətən tufan qopdu. Bərk külək əsməyə başladı. Sonra da ağrı çəkən qadın bağırtısını xatırladan ildırım, qaranlığı yararaq şiddətli qasırğada iblis rəqqasələr kimi bir-birinin dalınca çaxan şimşək gecənin sakitliyini pozdu. Meşənin dəhşəti, sirri sanki açılırdı. Ildırım, iri dalğalarla əbədi sahillərə çırpılan kimi, qorxunc səslərlə gurultu gurultu dalınca çaxırdı. Bu qorxunc gurultu boşluqda elə hay-küy salırdı ki, sanki bu səsin ölçüsü və çəkisi var idi. Şiddətli yağış tökürdü. Qayalar, iri ağaclar dağdan üzü aşağı uçub gəlirdilər. Dəhşətli mərəkə qopmuşdu. Dyaklı ovçuların qorxudan damarlarında qanları donmuşdu və acıqlı ruhlar haqqında anlaşılmaz sözlər danışırdılar. Lakin Manro onları axtarışı davam etdirməyə məcbur edirdi. Bütün gecəni ildırım və şimşək çaxaraq yağış yağdı və səhər açılana qədər kəsilmədi. Başdan-ayağa islanmış halda soyuqdan titrəyərək, nəhayət ki, düşərgəyə qayıtdılar. Tamam əldən düşmüşdülər. Yeməklərini yeyib qurtarandan sonra Manro axtarışı davam etdirməyi düşündü. Ancaq bunun ümidsiz bir fikir olduğunu fikirləşdi. Bəli, onlar bir daha Daryanı görməyəcəkdilər. Manro üzgün bir halda kətilə çökdü. Üzündə yorğun, ağrılı bir ifadə var idi.
  • Ah, zavallı, zavallı!…