Uilyam Somerset Moem – Fürsət

Birinci dərəcəli vaqona düşmüşdülər. Bəxtləri gətirdi, çünki özləri ilə bir xeyli şey götürmüşdülər – Albanın çemodanı, iri yol çantası, Annanın balaca çemodanı və şlyapa üçün qutu vardı. Ayrıca olaraq yük vaqonunda iki iri çemodanları da vardı. Onların içərisi tez-tez istifadə olunan şeylərlə doluydu, ancaq yüklərin qalan hissəsini Londona aparmaq üçün Alban nəqliyyat şirkətinin agentinə tapşırıq vermişdi. Onlar nəyi necə edəcəklərinə qərar verənə qədər həmin adam bu şeyləri saxlamalıydı. Çox əşyaları vardı: şəkillər, kitablar, Albanın Şərqdə toplamış olduğu əntiq şeylər, silahları və yəhərləri. Sondurahı birdəfəlik tərk etmişdilər. Alban, həmişə olduğu kimi, yükdaşıyana səxavətlə çay pulu verdi və sonra kioska gedərək bir xeyli qəzet aldı. O, New Statement, The Nation, The Tatler və the Sketch qəzetlərini, bir dənə də The London Mercury-nin son sayını götürdü. Təzədən vaqona qayıtdı və əlindəkiləri oturacağın üstünə tulladı.

  • Bir saatlıq yolumuz qalmışdı da, – Anna dedi.
  • Bilirəm. Ancaq bunları almaq ürəyimdən keçdi. Gör nə vaxtdır belə şeylər üçün acam. Nə yaxşı ki, sabah səhər sabahkı Times, The Express,  bir də The Mail qəzetlərini ala biləcəm.

Qadın cavab vermədi. Onlara tərəf gələn iki nəfəri – ər-arvadı görcək Alban üzünü çevirib baxdı. Onlar Sinqapurdan birlikdə gəldikləri yol yoldaşları idilər.

  • Necə oldu? Kömrükdən problemsiz keçdiniz?, – deyə Alban yol yoldaşlarına tərəf sevinclə qışqırdı.

Kişi özünü eşitməməzliyə vuraraq düz keçdi, arvadı isə cavab verdi:

  • Hə, siqaretləri tapmadılar.

Annanı görcək səmimiyyətlə gülümsədi və keçib getdi. Anna qızardı.

  • Qorxurdum ki, bura gəlmək istəyərlər, – Alban dilləndi, – əgər alınsa gəl buranı ancaq özümüzə saxlayaq.

Qadın maraqla ərinə baxdı.

  • Məncə narahatlığa əsas yoxdur, – deyə cavab verdi, – inanmıram ki, kimsə gəlib bura girsin.

Kişi bir siqaret yandırdı və vaqonun qapısı ağzında dayandı. Üzündə xoşbxt ifadə vardı. Qırmızı dənizi keçib kanala daxil olanda güclü külək başladı və kişilərin ağ parusin şalvarda kifayət qədər gözəgəlimli görünməyinə alışmış Anna indi onların daha isti paltar geyinərkən nə qədər dəyişildiklərini görəndə təəccübləndi. Bu paltarlarda onlar lap biədəb görünürdülər. Qalstukları pis gündə idi, köynəkləri də şalvarlarına uyğun gəlmirdi. Onlar flaneldən tikilmiş səliqəsiz şalvar və nimdaş gödəkcələr geyinmişdilər; gün kimi aydın idi ki, bu paltarlar elə mağazanın asılqanından çıxarılıb alınmışdı. Bəziləri isə serjdən tikilmiş mavi rəngdə pencəkdə idilər; onların da əyalət dərziləri tərəfindən tikildiyi gün kimi aydın idi. Sərnişinlərin əksəriyyəti Marseldə düşmüşdülər, bir qisim adam da Şərqdə uzun müddət qalandan sonra ya körfəzdən keçməyin onlara yaxşı olacağını düşünürdülər, ya da ki, elə Alban və Anna kimi qənaət xətrinə Tilberiyə qədər gəlmişdilər; indi onlardan bəziləri perronda gəzişirdilər. Bəzilərinin əynində tropik şlem vardı, bir qismi enli slyapa qoymuşdu, digərləri ağır şinel geyinmişdilər, yerdə qalanlarda isə formasız yumşaq şlyapa və yaxud kotelok vardı. Üstəlik bu papaqların tükləri heç də yaxşı daranmamışdı və onların başlarına görə ölçüləri də kiçik idi. Onları belə görmək adamı dəhşətə gətirirdi. Hamısı əyalətdən gələnə, ya da aşağı səviyyəli adamlara oxşayırdılar. Alban isə artıq əsl şəhər adamı kimi görünürdü. Onun qalın isti paltosunun üstündə zərrə qədər də olsun toz yoxdu. Başındakı homburq təptəzə idi. Ona baxanda heç deməzdin ki, bu adam üç ildir ki, öz vətənindən çox kənarda – əyalətdə yaşayıb. Yaxalığı düz boynunun üstündə otururdu, fulyardan tikilmiş qalstuku incə bir səliqə ilə bağlanmışdı. Ona baxdıqca Anna ərinin necə yaraşıqlı bir kişi olduğunu düşünməyə bilmirdi. Boyu altı futdan bir az aşağı olardı, ucaboydu, qədd-qamətliydi, paltarlarını səliqəli geyinirdi, geyindiklərinin biçimi də bədəninə yaxşı otururdu. Yüngülcə seyrəlmiş kürən saçları, mavi gözləri və erkən gənclik təravətini itirmiş sarışınlara məxsus sarımtıl üz rəngi vardı. Yanaqlarında qızartılıq yox idi. Uzun boğazı, yaraşıqlı baş forması, bir az da qabarıq qırtlağı vardı; ancaq onda heyranlıq doğuran şey üzünün yaraşıqlı olmağı deyil, onun alicənab görkəmi idi. Üz cizgilərinin hamar, burnunun düz formalı, qaşlarının enli olmağındandı ki, o, şəkillərdə həmişə yaxşı düşürdü. Heç şübhəsiz, şəkillərinə baxanda onun olduqca cazibədar bir kişi olduğunu deyərdin. Əslində lap elə də yaraşıqlı deyildi, ola bilsin ki, buna səbəb qaşlarının və kirpiklərinin solğun, dodaqlarının isə nazik olması idi, lakin onun çox ziyalı bir görkəmi vardı. Üzündə bir incəlik və şövq vardı ki, insanın içini titrədirdi. Düşünürdün ki, yalnız şair belə görkəmə malik olmalıdır. Elə ona görə də Anna onunla nişanlananda rəfiqələrinə onun Şelliyə bənzədiyini demişdi. Indi Alban mavi gözlərində təbəssüm arvadına tərəf döndü. Onun təbəssümü olduqca cazıbədar idi.

  • İngiltərəyə dönmək üçün necə də gözəl bir gündür!

Oktyabr ayı idi. La Manş boğazı ilə üzüyuxarı üzmüşdülər; boz səmanın altında dəniz də bozdu. Azacıq da olsa külək əsmirdi. Balıqçı qayıqları sakit suların üzərində sakitcə yırğalanırdılar, sanki tufan-çovğun onlarla olan köhnə düşmənçiliklərini unutmuşdular. Sahil yamyaşıl idi, lakin bu parlaq gözoxşayan yaşıllıq Şərq cəngəlliklərinin qalın, çılğın yaşıllığından tamamilə fərqli bir şey idi. Yanından keçib getdikləri qəsəbələr rahat və xoş təsir bağışlayırdılar. Sanki onlar sürgün düşmüşlərə səmimiyyətlə qucaq açmışdılar. Onların gəmisi Temza çayının mənsəbinə çatanda Esseks qraflığının yaşıl düzənliyini, azacıq sonra Kentiş sahillərində küləyin qəzəbinə tuş gəlmiş ağacların ortasında tənha bir şəkildə qaralan Çolk kilsəsini, ondan da o tərəfdə Kobham meşəliyini gördülər. Yüngülvari dumanda qırmızı rəngə boyanmış günəş bataqlıqda gözdən itdi, qaranlıq düşdü. Stansiyadakı qövsvari lampalar qaranlığın içinə işıq salırdılar. Pinti iş paltarlarında hay-küylə o tərəf-bu tərəfə hərəkət edən yükdaşıyanları, şlyapası görkəminə bir əzəmət qatan gombul stansiya rəisini görmək sevindirici bir hal idi. Stansiya rəisi fit çaldı və əlini yellədi. Alban vaqona addım atdı və küncdə Anna ilə üzbəüz oturacaqda özünə yer elədi. Qatar yola düşdü.

  • 7-yə 10 dəqiqə işləmiş Londona çatmalıyıq, – Alban dilləndi. – Saat yeddiyə qədər Cermin küçəsində olmalıyıq. Yuyunmaq və pal-paltarlarımızı dəyişmək üçün bir saat vaxtımız olacaq, 9-un yarısına şam yeməyi üçün Savoya çata bilərik. Bu gün, canım-gözüm, bir butulka şirin meyvə suyu və ləzzətli yemək bizi gözləyir; – astadan gülərək əlavə etdi, – eşitmişəm ki, Straudlar da, Mondilər də bu gün Trokaderoda görüş təyin ediblər.

Alban qəzetlərdən birini qaldıraraq Annadan baxmaq istəyib-istəmədiyini soruşdu. Anna cavabında başını yellədi.

  • Yorğunsan?, – kişi gülümsədi.
  • Yox.
  • Həyəcanlısan?

Dillənmək istəmədiyindən qadın sadəcə olaraq xəfifcə gülümsündü. Alban qəzetlərə nəzər salmağa başladı. Elə ilk olaraq naşirlərin reklamlarından başladı. Arvadı başa düşdü ki, bildikləri şeyləri bir də gözdən keçirmək ərinə nə qədər zövq verir. Eyni qəzetləri Sondurahda olanda almışdılar, hamısı altı həftə bundan qabaqkılar idilər və hərçənd o qəzetlərin sayəsində onlar dünyada baş verən və hər ikisini maraqlandıran şeylərdən xəbərdar qalırdılar, bu, onlara sürgün olduqlarını xatırladırdı. Bu birisilər isə çapdan təzəcə çıxmışdılar. Iyləri də fərqli idi. Onlarda yeni çapdan çıxmış qəzetlərə məxsus xüsusi bir xışıltı vardı ki, bu da yaman şirnikləndirici idi. O, bu qəzetlərin hamısını birnəfəsə oxumaq istəyirdi. Anna pəncərədən bayıra baxdı. Ətrafı qaranlıq bürümüşdü. Bayır o qədər aydın görünmürdü, ancaq vaqonun işıqları şüşədə əks olunurdu. Lakin tez bir zamanda qəsəbə göründü, daha sonra o, oradakı kiçik, yoxsul evləri gördü və onlar neçə mil beləcə uzanıb gedirdilər. Ara-sıra ya o, ya da bu evin pəncərəsində işıqlar yanırdı, bacalar səmanın fövqündə məyus bir görüntü cızırdılar. Barkinqi ötdülər, sonra İsthəm və Bromlindən keçdilər. Gülünc bir şey idi, ancaq perronda stansiyanın adını görmək Annanı həyəcanlandırdı. Və budur Stepniyə çatdılar. Alban əlindəki qəzetləri yerə qoydu.

  • Indi ora çatmağımıza 5 dəqiqə qalıb.

O, şlyapasını başına qoydu və yükdaşıyanın taxçaya qoyduğu əşyaları aşağı düşürtdü. Gözlərində parıltı vardı, Annaya baxdı və  dodaqları dartıldı. Anna onun güç-bəla ilə hisslərinə hakim olduğunu anladı. Alban da pəncərədən bayıra baxdı; tramvaylar, avtobuslar və yükdaşıyan furqonlarla dolu olan gur işıqlandırılmış küçələrə nəzər yetirdilər. Buralar adamlarla qaynaşırdılar. Izdihama bir bax sən! Bütün mağazalarda işıqlar yanırdı. Səkinin qırağında arabalarını saxlamış küçə satıcılarını gördülər.

  • London!, – Alban dedi.

O, arvadının əlini tutdu və xəfifcə sıxdı. Təbəssümü o qədər şirin idi ki, Anna özünü cavab verməyə borclu hesab etdi. Çalışdı ki, bunu zarafata salsın.

  • Bütün bunlar sənə məzəli gəlmir ki?
  • Elə həyəcanlıyam; başım çıxmır ki, ağlamaq istəyirəm, yoxsa ürəyim bulanır.

Bu da Fençörç küçəsi. Alban pəncərəni aşağı endirib əli ilə yükdaşıyana işarə etdi. Qatarın əyləci xırçıldadı və o, nəhayət dayandı. Bir yükdaşıyan qapını açdı və Alban yükləri bir-birinin ardınca ona ötürməyə başladı. Daha sonra özü vaqondan tullandı və özünəməxsus nəzakətli bir şəkildə əlini Annaya uzadaraq onun da perrona düşməsinə yardım etdi. Yükdaşıyan arabasını gətirmək üçün gedərkən onlar da qalaq-qalaq yığılmış yükün yanında dayandılar. Alban gəmidə onlarla birlikdə olan iki nəfər sərnişinə böyürlərindən keçərkən əl yellədi. Həmin kişi soyuqqanlı bir halda başı ilə cavab verdi.

  • Nə yaxşı ki, biz daha bu cür xoşagəlməz tiplərlə mədəni davranmağa məcbur olmayacağıq, – deyə Alban rahatlıqla etiraf etdi.

Anna ötəri olaraq ərinə nəzər saldı. Həqiqətən onu anlamaq müşkül məsələ idi. Yükdaşıyan da öz arabası ilə gəlib çıxdı, yüklər arabaya yığıldı və ər-arvad da çemodanlarını götürmək üçün onun dalına düşdülər. Alban arvadının qolundan yapışaraq yüngülcə sıxdı.

  • Londonun qoxusuna bir bax! Vallah, bu, möhtəşəm bir şeydir.

Bütün bu səs-küy, insanların ora-bura vurnuxmaları, onları itələyərək keçən adamlar hamısı Albanı sevindirirdi. Qövsvarı lampaların parıltısı və onların saldığı tünd kölgələr onun qəlbini riqqətə gətirirdi. Bayıra çıxdılar, yükdaşıyan isə taksi dalınca getdi. Avtobuslara və onlaırn yaratdığı qarmaqarışıqlığı nizamlayan polislərə baxdıqca Albanın gözləri işıldayırdı. Üzünün ifadəsindən vəcdə gəldiyini oxumaq çətin deyildi. Taksi gəldi. Yük bir tərəfə topalanaraq sürücünün böyründə yerləşdirildi. Alban yükdaşıyana yarım krona verdi və taksi yerindən tərpəndi. Qreys-çörç küçəsini keçdilər. Kannon küçəsinə çatanda isə tıxaca düşdülər. Alban bərkdən güldü.

  • Nə oldu?, – Anna soruşdu.
  • Heç, sadəcə olaraq çox həyəcanlıyam.

Sahil boyu irəliləyirdilər. Oralarda nisbətən sakitlik hökm sürürdü. Taksilər və maşınlar yanlarından şütüyüb keçirdilər. Tramvayların zəng səsləri qulağa o qədər xoş gəlirdi ki. Vestminister körpüsü tərəfdə Parlament Meydanını da keçdilər və yollarına Müqəddəs Ceyms Parkının sakit yaşıllığı boyunca davam etdilər. Onlar Cermin küçəsindəki bir oteldə otaq tutmuşdular. Qapıçı onları yuxarı apardı, xidmətçi də yüklərini daşıdı. Bu, qoşa çarpayısı və hamamı olan bir otaq idi.

  • Pis deyil, – Alban dedi, – qalmağa mənzil, ya da bir ev tapana qədər karımıza gələr.

Saatına baxdı.

  • Bura bax, əzizim, gör nə deyirəm, əgər ikimiz bu şeyləri yerbəyer eləməyə başlasaq, əminəm ki, dava-dalaş düşəcək. Onsuz da o qədər çox vaxtımız var ki.  Həm də sənin üst-başını səliqəyə salmağın, geyinib-gecinməyin məndən uzun çəkir. Mən özüm yır-yığış edərəm. Indi istəyirəm kluba gedim görüm mənim üçün məktub-filan varmı. Mənim smokinqim çemodandadır. Duş qəbul edib əynimi geyinməyimə 20 dəqiqə bəs edəcək. Razısan?
  • Hə, normaldır.
  • Bir saata qayıdıram.
  • Lap yaxşı.

Alban həmişə özü ilə gəzdirdiyi kiçik darağı cibindən çıxarıb uzun kürən saçlarında gəzdirdi. Sonra şlyapasını başına qoydu. Güzgüdə özünə nəzər saldı.

  • Hamamı sənin üçün yandırım?
  • Yox, işində ol sən.
  • Yaxşı. Hələlik.

Alban otaqdan çıxdı. O, gedəndən sonra Anna paltarlarını yığdığı çantanı və şlyapa qutusunu götürüb iri çemodanın üzərinə qoydu. Sonra xidmətçini çağırmaq üçün zəngi çaldı. Şlyapasını çıxartmadan əyləşərək bir siqaret yandırdı. Xidmətçi zəngə cavab verəndə ondan yükdaşıyan çağırmasını xahiş etdi. Yükdaşıyan gəldi. Anna yükləri ona göstərdi.

  • Hələlik zəhmət olmasa bunları götürün və aşağıya aparın. Sonra nə eləmək lazım olduğunu sizə deyərəm.
  • Oldu, xanım.

Anna ona bir florin verdi. Yükdaşıyan çemodanı və digər çantaları götürüb bayıra çıxdı və arxasınca qapını örtdü. Bir neçə göz yaşı axıb yanaqlarından süzüldü. Ancaq Anna özünü ələ alaraq göz yaşlarını sildi və üzünü pudraladı. Cəsarətli olmalıydı. Nə yaxşı Albanın ağlına kluba getmək gəldi. Bu, işləri daha asanlaşdırırdı. Həm də götür-qoy etmək üçün Annaya vaxt verirdi.

Indi, neçə həftədən bəri qərarlaşdırdığı işləri görmək, deməli olacağı o dəhşətli şeyləri söyləmək vaxtının yetişdiyi bir zamanda canına vic-vicə düşdü. Ürəyi qopdu. Albana nə demək istədiyini artıq dəqiq bilirdi. Bu barədə çoxdan bir qərara gəlmişdi. Eyni sözləri bəlkə yalan olmasın yüz dəfə öz-özünə demişdi; Sinqapurdan başlayan səyahət zamanı hər gün ən azından üç-dörd dəfə bunları təkrarlayırdı, ancaq yenə də hər şeyi çaş-baş salacağından qorxurdu. Mübahisə olacağından da çəkinirdi. Dava-dalaş barədə düşünəndə artıq ürəyi bulanmağa başlayırdı. Hər halda özünü toparlamaq üçün nə yaxşı ki, bir saat vaxtı vardı. Bilirdi ki, Alban onu ürəksiz, zalım, düşüncəsiz adlandıracaq. Ancaq Annanın əlindən daha heç nə gəlmirdi.

  •  Yox, yox, yox!, – bərkdən qışqırdı.

Dəhşətdən bədənindən ürpərti keçdi. Qəflətən özünü yenidən bunqaloda oturmuş gördü. Bütün bu şeylər başlamazdan öncə o, məhz bunqaloda oturmuşdu.

Qəlyanaltı vaxtına az qalırdı, iki-üç dəqiqəyə Alban da ofisdən qayıdacaqdı. Ərinin geniş verandası olan belə səliqəli bir otağa gələcəyini düşünəndə sevincindən az qalırdı qanad çalıb uçsun. Bu veranda onlar üçün həm də qonaq otağı qismində istifadə olunurdu. Anna bilirdi ki, burada 18 ay qaldıqlarına baxmayaraq Alban hələ də arvadının yaratdığı səliqə-səhmandan doymurdu. Gün işığının qarşısını jalüzilər kəsmişdi. Onların arasından ürkəkcə süzülən günəş şüaları otağa soyuq bir sükut çökdürmüşdü. Anna evini sevən, onunla fəxr edən bir qadın idi. Ərinin işi ilə əlaqədar tez-tez məkan dəyişdirdiklərinə və haradasa nadir hallarda uzun müddət qaldıqlarına rəğmən hər dəfə o, yaşadıqları evin rahat və gözoxşayan olması üçün şövqlə qollarını çırmalayırdı. Yeni dekorasiya formaları fikirləşib tapmaq ona zövq verən bir iş idi. Anna olduqca müasir, yeniliyi qəbul edən qadındı. Evlərinə gələn qonaqları orada əlavə bər-bəzək əşyalarının olmaması təəccübləndirirdi. Onlar Annanın pərdələrinin rənginə heyran qalırdılar və incə ustalıqla Mari Lorensin və Qogenin divarlara vurulmuş gümüşü çərçivələrdə olan rəngli reproduksiyalarının orijinal olmadıqlarını ayırd edə bilmirdilər. Başa düşürdü ki, onlardan yalnız bir neçəsi bu şeyləri bəyənir, ancaq Port Vallesdən və Pembertondan olan bəzi mədəni xanımlar onların qəribə, süni və yersiz olduğu qənaətində idilər. Ancaq bu, Annanın rahatlığını pozmurdu. Eybi yoxdur, yavaş-yavaş öyrənərlər. Bu qeyri-adilik onların özlərinə də yaxşı idi. Indi Anna işindən məmnun qalmış bir rəssamın arxayıncasına dərindən nəfəs almasına bənzər bir xatircəmliklə dönüb ətrafına nəzər saldı. Parlaq bir görünüş vardı. Artıq-əskik şeylər yoxdu. Rahatlıq hökm sürürdü. Bütün bunlar sanki insanın ruhunu təzələyir, həvəs oyadırdı. Içərisində sarı çiçəklər olan üç böyük vaza otaqdakı rəng koloritini tamamlayırdı. Bir anlığa nəzərləri kitablarla dolu olan kitab şkafına yönəldi; koloniyadakıları çaş-baş qoyan növbəti bir şey elə məhz bu kitablar idi. Həm qəribə, həm də əksəriyyət üçün “ağır” olan kitablar idilər. Anna onlara elə mehribanlıqla baxdı ki, sanki onlar canlı idilər. Sonra pianoya da göz gəzdirdi. Hansısa musiqi əsərinin not kağızları hələ də pianonun üzərində qalmışdı; deyəsən Debussidən idi. Həmin gün ofisə getməzdən əvvəl Alban bu əsəri ifa etmişdi.

Albanın Daktara rəis təyin edilməyi barədə xəbər çıxanda bütün rəfiqələri Annanın halına acımışdılar, çünki bu, Sondurahda ən ucqar əyalətlərdən biri idi. Bu məkanın hökumət idarəsinin yerləşdiyi şəhərlə nə teleqraf, nə də telefon əlaqəsi vardı. Amma ora Annanın ürəyinə yaman yatdı. Bir müddət orada qaldılar və Anna ümid edirdi ki, Albanı məzuniyyətə buraxandan sonra hələ əlavə bir il də qalacaqlar. Bura ingilis qraflığı boyda bir rayon idi, uzun sahil xətti vardı, dəniz isə xırda-xırda adalardan ibarətdi. Rayonun içərisindən enli, dolanbac bir çay axırdı və hər iki tərəfindən uzanan təpələr sıx, baltadəyməmiş meşə ilə örtülmüşdü. Çayın yuxarı tərəflərində yerləşən stansiya sıra ilə düzülmüş Çin mağazaları və kokos ağaclarının arasında yerləşən kiçik bir kənddən ibarət idi. İnzibati İdarə, rəisin bunqalosu, məmur şöbələri, kazarmalar hamısı bu səmtdə idi. Çaydan bir neçə mil yuxarıdıkı kauçuk plantasiyasının direktoru, çayın qollarından birinin üzərində yerləşən ağac tikintisi ilə məşğul olan düşərgənin hər ikisi holland olan meneceri və köməkçisi onların yeganə qonşuları idilər. Kauçuk plantasiyasının barkası ayda iki dəfə çayyuxarı-çayaşağı üzürdü və ətraf aləmlə yeganə ünsiyyət vasitəsi idi. Oralarda tək-tənha olmalarına baxmayaraq bundan bezmirdilər. Bir dəqiqə belə boş vaxtları olmurdu. Sübh açılandan atlar onları gözləyirdi. Nə qədər ki, səhər açılmayıb, hava təmiz idi və cəngəlliyin içərisindəki cığırlarda tropik gecənin sirri hələ də hökm sürürdü, onlar at çapırdılar. Sonra qayıdaraq duş qəbul edir, paltarlarını dəyişir, səhər yeməyi yeyirdilər. Alban bundan sonra ofisə gedirdi. Anna isə səhəri məktub yazmaq və işləməklə başa vururdu. O, elə gəldiyi ilk gündən bu ölkəyə vurulmuşdu. Danışıq dilini mənimsəmək bir az ağır zəhmət bahasına başa gəlmişdi. Yerlilərdən eşitdiyi eşq, qısqanclıq və ölüm barədə əhvalatlar onun təxəyyülünü daha da canlandırmışdı. Ona o qədər də uzaq keçmişdə baş verməyən məhəbbət hekayələri danışırdılar. Anna bu tanımadığı insanların söylədikləri əfsanələrin, rəvayətlərin dərinliyinə varırdı. Alban da, Anna da çox mütaliə edirdilər. Onların bu yerlər üçün kifayət qədər böyük görünən kitabxanaları vardı, hər həftə isə yeni kitablar gəlməkdə davam edirdi. Tək-tük diqqətəlayiq kitab olardı ki, onların gözündən yan qaçsın. Alban piano çalmağı çox sevirdi. Həvəskar bir pianoçu kimi o, gözəl ifa edirdi. Vaxtilə bu işlə ciddi məşğul olmuşdu və musuqini yaxşı duyma qabiliyyəti vardı. O, musiqini asanlıqla qavrayırdı və böyründə əyləşərək yeni bir musiqi parçasını çalarkən onu dinləmək Annaya ləzzət verirdi. Ancaq ən böyük zövqü rayonu gəzib-dolaşarkən alırdılar. Bəzən olurdu ki, iki həftəliyə evdən uzaqlaşır, oraları səyahət edirdilər. Prahu ilə çayaşağı üzür, onunla bir adadan digərinə keçir, dənizdə çimir, balıq tutur, su dayazlaşana qədər üzüyuxarı avar çəkirdilər. Çayın hər iki sahilində olan ağaclar bir-birlərinə o qədər yaxın məsafədə idilər ki, onların arasından səmanı nazik zolaqlar şəklində görürdün. Belə yerlərdə avarçəkənlər qayıqları itələyərək irəli sürürdülər, Albanla Anna isə gecəni orada yaşayan yerli adamların evində keçirirdilər. Çayda çimirdilər, su o qədər təmiz və şəffaf idi ki, günəşin şəfəqləri altında dibindəki qum dənələrinin parıldadığını görə bilirdin. O qədər gözoxşayan, sakit və qələbəlikdən uzaq bir yer idi ki, ömrünün sonuna qədər orada qalmaq istərdin. Hərdən elə də olurdu ki, günlərlə cəngəllik cığırları ilə uzun-uzadı yol gedər, çadırda yatar, onların zəhləsini tökən ağcaqanadlara və qanlarını soran zəlilərə rəğmən orada olduqları hər anın ləzzətini çıxarardılar. Insan başqa harada bundan daha dərin və ləzzətli yuxu yatar ki?! Və bütün bu əyləncələrdən sonra evə dönmək həvəsi baş qaldırırdı; evdə şəraitin verdiyi rahatlıq, vətəndən gələn məktublar, qəzet-jurnallar, kitablar və əlbəttə ki, piano onları gözləyirdi.

Alban piano arxasında əyləşir, barmaqları səbirsizliklə pianonun dilləri üzərində rəqs edir və o, Stravinski, Ravel, Darius Miyodan kompozisiyalar ifa edirdi. Annaya elə gəlirdi ki, Alban yaşadıqlarından da bu musiqi parçalarına nələrsə qatırdı: bu musiqidə cəngəlliyin gecə səsləri, səhər şəfəqinin çayda əksi, ulduzlu gecələr, meşə göllərinin saflığı duyulurdu.

Hərdən elə olurdu ki, günlərlə şıdırğı yağış tökürdü. Onda Alban çin dilini öyrənirdi. Istəyirdi ki, yaşadıqları yerin çinli əhalisi ilə öz dillərində ünsiyyət qura bilsin, Anna isə əvvəllər vaxt çatdırıb görə bilmədiyi min dənə xırım-xırda işlərlə məşğul olurdu. Belə günlər onları daha da bir-birlərinə yaxınlaşdırırdı. Danışmağa o qədər mövzu tapırdılar ki. Hətta hərə ayrıca öz işi ilə məşğul olanda belə bir-birlərinə bu qədər yaxın ola bildiklərinə sevinirdilər. Onlar çox gözəl cütlük idilər. Yağış onları evə qapanıb dörd divar arasında qalmağa məhkum edəndə də özlərini iki bədən bir can hesab edirdilər.

Aradabir Port Vallesə yolları düşürdü. Fərqli bir şey idi, ancaq Anna evinə dönməyə sevinirdi. Heç vaxt orada özünü tam rahat hiss etmirdi. Anlayırdı ki, orada gördükləri adamlar Albana rəğbət bəsləmirlər. Onlar çox sadə, orta təbəqəyə mənsub, maraqlı həyatları olmayan əyalət insanları idilər, Alban və Annada maraq doğura biləcək elə dərin zəkaya sahib deyildilər, dar düşüncəli və qaba idilər. Ancaq həyatının müəyyən bir qismini onlarla ünsiyyətdə keçirdiyin bir halda  onların Albana qarşı bu qeyri-sağlam münasibətləri üzücü idi.  Deyirdilər ki, o, özündən razıdır. Alban həmişə onlarla xoşrəftar idi, intəhası Anna bilirdi ki, onun bu səmimiyyəti yerli adamları özündən çıxarırdı. Alban onlarla qaynayıb-qarışmağa çalışanda deyirdilər ki, özünü çəkir, bu adamlarla zarafatlaşanda isə düşünürdülər ki, onların hesabına əylənir.

Bur dəfə Hökumət Evində qalmışdılar. Qubernatorun arvadı xanım Hənninin Annaya rəğbəti vardı və elə orada olan zaman bu barədə ona bildirdi. Ola bilsin Qubernator arvadına başa salmışdı ki, Annaya bu barədə ipucu versin.

  • Bilirsiniz, əzizim, təəssüf ki, sizin əriniz adamlarla isinişməyə belə can atmır. O, çox ağıllı adamdır. Sizcə o, özünün bu adamlardan üstün olduğunu bildirməsə daha yaxşı olmazdımı? Ərim mənə bu barədə dünən dedi. Deyir ki, Alban Torelin administrasiyada ən savadlı gənc olduğunu bilirəm, ancaq o, mənim özümün belə hər kəsdən daha çox əsəblərimə toxunur. Mən Qubernatoram, ancaq mənimlə danışanda elə görünür ki, elə bil məni axmaq yerinə qoyur.

Bu məsələnin ən pis tərəfi o idi ki, Anna ərinin Qubernator haqqında aşağı fikirdə olduğunu bilirdi.

  • O, özünün üstün olduğunu göstərmək istəmir, – Anna gülümsünərək cavab verdi. – O, doğrudan da lovğa insan deyil. Məncə burada günahkar onun zahiri görkəmidir – düz burnu və iri almacıq sümükləri ona belə görünüş verir.
  • Bilirsiniz də, onu klubda da sevmirlər. Hətta ona Persi-Pudra Yastığı ləqəbi qoyublar.

Anna pərt oldu. Onsuz da əvvəllər də bu haqda eşitmişdi və yaman hirslənmişdi. Indi isə gözləri yaşla doldu.

  • Məncə, bu, çox böyük haqsızlıqdır.

Xanım Hənni Ananın əlini tutaraq nəvazişlə sıxdı.

  • Əzizim, özünüz bilirsiniz ki, mən sizin xətrinizə dəymək istəmirəm. Sizin ərinizin parlaq gələcəyi var. Ancaq daha sadə olsa, məsələlər də bu qədər qəlizləşməz. Məsələn, o, niyə futbol oynamır?
  • Çünki bu, onun xoşladığı bir şey deyil. Onunku tennisdir.
  • Ancaq heç də elə görünmür. Belə təəssürat yaranır ki, guya burada onunla oynamağa layiq birisi yoxdur.
  • Axı doğrudan yoxdur!, – Anna sancdı.

Alban həqiqətən də əla tennis oynayırdı. Ingiltərədə keçirilmiş bir çox turnirlərdə oynamışdı və Anna bilirdi ki, tennis meydançasında o yekəpər, cəsarətli kişiləri məğlub etmək ona necə amansız bir zövq verir. Onların ən yaxşılarını belə axmaq vəziyyətinə qoya bilərdi. Tennis meydançasında Alban bir Allah bilir, nələr edirdi və Anna bilirdi ki, hərdən bu zövqü yaşamadan keçinə bilmirdi.

  • O, özünü camaata sevdirmək istəyir, elə deyilmi?, – xanım Hənni soruşdu.
  • Belə deyil. Inanın mənə, Albanın heç ağlına da gəlmir ki, onu sevmirlər. O ki, həmişə hamı ilə mehriban və səmimi davranır.
  • Elə oun ən xoşagəlməz tərəfi də budur da, – xanım Hənni soyuqqanlılıqla cavab verdi.
  • Bilirəm ki, buranın əhalisi bizi elə də çox sevmirlər,- Anna azacıq gülümsəyərək dedi, – Mən çox üzr istəyirəm, ancaq bundan artığını edə bilmərik.
  • Yox, əzizim, sizdən söhbət getmir, – xanım Hənni az qala çığırdı. – sizə burada heyrandırlar. Elə sizin səbəbinizə onlar sizin ərinizə dözürlər. Ah, əzizim, sizi necə sevməmək olar?!
  • Məni niyə sevdiklərini anlamıram, – Anna dedi.

Amma bu sözləri deyəndə səmimi deyildi. O, qəsdən mehriban, zərif qadın rolu oynayırdı, əslində isə içində bu, onu əyləndirirdi. Onlar Albanı ona görə sevmirdilər ki, o, fərqli biri idi, incəsənətlə və ədəbiyyatla maraqlanırdı. Onların isə belə şeylərdən başları çıxmırdı, ona görə də belə şeyləri kişiyə yaraşmayan bir şey kimi qəbul edirdilər. Albanı sevmirdilər, çünki onun qabiliyyəti onlarınkından artıq idi. Albanı sevmiridlər, çünki o, onlardan daha yaxşı tərbiyə almışdı. Fikirləşirdilər ki, Alban üstündür. O, həqiqətən də üstün idi. Ancaq onalrın fikirləşdiyi mənada yox. Annanı isə həzm edə bilirdilər, çünki Anna adi bir qadın idi, gözəlliyi-zadı yox idi. Bu, Annanın öz şəxsi fikri idi, amma əslində çirkin-filan deyildi. Hətta lap çirkin kimi qəbul etsək də bu çirkinliyin özündə nəsə cəlbedici bir şey vardı. Belə deyək də – o, sanki kiçik bir meymundu, ancaq çox şirin və mehriban bir meymun. Gözəl əndamı vardı. Bu, onun ən qabarıq cəhəti idi. Bir də gözləri. Annanın çox iri, tünd şabalıdı, sulu və parıltılı gözləri vardı. Bu gözlərdən həmişə sevinc yağırdı, bəzən onlarda incə bir qayğıkeşlik oxuyardın. Əsmər idi, qıvrım qapqara saçları vardı, dərisi qarabuğdayı idi. Kiçik, ətli, iri deşikləri olan burnu vardı. Ağzı isə süfətinə görə böyük idi. Amma özü çox gözüaçıq və oynaq idi. Saatlarla oturub səmimi maraqla kolonoyadakı qadınlarla onların ərləri, qulluqçuları, İngiltərədəki uşaqları haqda söhbətlər edir, ona müxtəlif əhvalatlar danışan adamlara diqqətlə qulaq asırdı. Halbuki bu əhvalatları əvvəllər min dəfə eşitmişdi. Hamı onun yaxşı həmsöhbət olduğunu düşünürdü. Ancaq bilmirdilər ki, təklikdə olanda o, bu adamların hamısını ələ salıb gülür. Heç ağıllarına da gəlməzdi ki, Anna onları dardüşüncəli, bayağı, özlərindən razı hesab edər. Bu adamlar Şərqi bəyənmirdilər, çünki bu yerlərə öz vulqar baxışları ilə baxırdılar. Romantika, incə hisslər bu insanlar üçün qapılarının astanasında dayanıb sədəqə gözləyən qarayaxa dilənçi təki təpiklə vurulub çölə atılmalı bir şey idi. Anna isə onlar kimi deyildi. Tez-tez öz-özünə Landorun şeirindən bir misranı təkrarlayırdı:

  • Təbiəti sevmişəm, təbiətdən sonra incəsənəti sevmişəm.

Xanım Hənni ilə söhbtətini düşündü, ancaq bütövlükdə götürəndə bu, onun elə də vecinə deyildi. Intəhası bilmirdi bu barədə Albana desin, ya yox. Həmişə ona qəribə gəlirdi ki, necə olur Alban camaatın ona münasibətini hiss etmir. Ancaq bir tərəfdən də qorxurdu ki, əgər desə, Alban bundan daha da sıxılacaqdı.

Alban klubdakı adamların ona qarşı soyuqluğunu hiss etmirdi. Alban onları utandırırdı deyə onlar özlərini rahat hiss etmirdilər. Onun gəlişi orada narahatçılığa səbəb olurdu, ancaq o, özü bütün bunların fərqinə varmayaraq hamı ilə sərbəst və səmimi davranırdı. Məsələ bunda idi ki, o, bu insanların nə hisslər keçirdiyini qəribə də olsa anlamaq iqtidarında deyildi. Düzünə qalsa elə Annanın özü və onların Londondakı dostları da yuxarı təbəqəyə mənsub insanlardı, lakin Alban anlamaq istəmirdi ki, buradakı koloniyada yaşayanlar, hökumətdə işləyənlər, zəmindarlar, onların arvadları və başqaları da insan idilər, onların da hissləri vardı. Alban üçün bu insanlar şahmat oyununda piyada kimi bir şey idilər. Onlarla birlikdə gülür, zarafatlaşır və özünü olduqca təmkinli aparırdı. Anna buna rişxəndlə yanaşaraq deyirdi ki, Alban kiçik oğlanları gəzməyə aparıb onları əyləndirmək üçün dəridən-qabıqdan çıxan hazırlıq məktəbinin müəlliminə oxşayır.

Anna fikirləşirdi ki, bütün bunları ərinə desə heç də yaxşı düşməz. Çünki o, heç vaxt olmadığı kimi görünə bilməyəcəkdi. Annada isə bu, xoşbəxtlikdən yaxşı alınırdı. Yaxşı, bəs onda bu adamlarla nə etmək olardı?! Bu koloniyadakılar hamısı aşağı səviyyəli məktəbi bitirib gələnlər idilər, heç bir həyat məktəbi görməmişdilər. Əlli yaşında belə bu adamların ağlı, düşüncəsi, dünyagörüşü hələ həyatda heç nə görməmiş yeniyetmə oğlanınkından fərqlənmirdi. Əksərityyəti içkinin küpünə girirdi. Mütaliəni sevmirdilər. Heç bir ambisiyaları yox idi, bir-birlərindən fərqlənmək istəmirdilər. Onlar üçün ən yüksək tərif “sadəcə bomba oğlan” olmaq idi. Əgər mənəviyyat, daxili dünya ilə maraqlanırsansa, o zaman bu insanların təbirincə desək xırdaçı, özünü çəkən bir adam təsiri bağışlayırdın. Paxıllıq, qısqanclıq onları yeyib-dağıdırdı. Qadınlar isə – bu bədbəxtlər – bir-birlərini didib-çəkişdirirdilər. Buradakı cəmiyyət ən kiçik ingilis şəhərindəki əyalətdən belə daha geri qalmış bir yer idi. Insanları riyakar və kinli idilər. Nə olsun ki, Alban onların zövqünə uyğun deyildi?! Onlar Albanı qəbul etməyə məcbur idilər, çünki o, qabiliyyətli, bacarıqlı biri idi. Alban ağıllı idi, həyat eşqi açıb-daşırdı. Heç kəs deyə bilməzdi ki, o, işinin öhdəsindən gəlmir. Indiyə qədər olduğu bütün işlərdə, vəzifələrdə özünü çox gözəl doğrultmuşdu. Özünəməxsus həssaslıq və təxəyyülü ilə buradakı ab-havanı duyurdu, onların dilini anlayırdı. Hələ heç kəs indiyə qədər bu insanları bir iş görməyə sövq edə bilməmişdi; Albanda isə bu, əla alınırdı. Dilləri öyrənməkdə fitri istedad sahibi idi. Bütün yerli şivələrdə danışa bilirdi. O, təkcə hökumət məmurlarının danışdığı dili deyil, eyni zamanda bu dilin incəliklərini də əxz eləmişdi və hərdənbir yeri düşəndə o dəbdəbəli ifadələrdən istifadə edərək yerli hökumət nümayəndələrinin gözünə girməyi bacarmış və özünə hörmət qazanmışdı. Yaxşı təşkilatçılıq qabiliyyəti vardı. Məsuliyyətdən qorxmazdı. Vaxtı çatanda Rezidentliyə iddia edə bilərdi. Ingiltərədə onun müəyyən əlaqələri vardı. Atası müharibədə həlak olmuş briqada generalı olmuşdu və var-dövləti olmasa da çox nüfuzlu, sözükeçən dostları vardı. Onlar haqqında səmimi bir rişxəndlə danışırdı.

  • Demokratik hökumətin ən böyük üstünlüyü odur ki, – o deyirdi, – əgər lazım olan məziyyətlərə sahibsənsə və sənin üçün söz deyə bilən biri varsa, əmin ola bilərsən ki, öz layiqli yerini tutacaqsan.

Alban administrasiyadakı məmurların arasında ən bacarıqlısı idi, bu da onun gələcəkdə qubernator olma şansını artırırdı. O zaman, Anna düşündüyü kimi, Albanda camaatın bəyənmədiyi o üstünlük manerası lap yerinə düşəcəkdi. Onda onu başçı kimi qəbul edəcəkdilər. Alban da özünə hörmət və itaət etdirə biləcəkdi. Annanın öncədən gördüyü bu şeylər gözlərini qamaşdırmırdı. Bunu haqq etdikləri bir şey kimi qəbul edirdi. Alban Qubernator olmağa sevinərdi. Elə Anna da qubernator arvadı olmağı çox istəyərdi. Qarşıda əcəb imkanlar açılacaqdı! Onlar – hökumət məmurları, zəmindarlar – hamısı qoyun kimi şeylər idilər. Əgər Hökumət İdarəsi özü mədəniyyət ocağına çevrilsə, insanlar da bu axına qoşulacaqdılar. Bir halda ki, qubernatorun xoşuna ziyalılar gəlir, təhsil və savad dəbə minəcəkdi. Anna və Alban birlikdə o yerin incəsənətinin qayğısına qalacaq, keçmişin itib-batmaqda olan abidələrini yığıb yaşadacaqdılar. Ölkə tarixində görünməmiş bir inkişaf başlayacaqdı. Onlar bu işə qol qoysalar, bunu qaydasında və gözəl bir şəkildə edəcəkdilər. Tabeçiliyində olanlara öz ölkələrini sevməyi və bu romantik milli xüsusiyyətlərə maraq göstərməyi öyrədəcəkdilər. Albanla Anna onlara musiqinin nə olduğunu başa salacaqdılar. Ədəbiyyatı yayacaqdılar. Gözəllik yaradacaqdılar. Bəli, qızıl era başlayacaqdı.

Qəflətən Albanın ayaq səslərini eşitdi. Xəyallarından oyandı. Bütün bunlar hələ uzaq gələcəyə aid idi. Hələlik isə Alban sadəcə olaraq Dairə Rəisi idi və hal-hazırda əhəmiyyət kəsb edən şey bu idi. Albanın hamama keçdiyini və bədəninə su tökdüyünü eşitdi. Bir dəqiqə sonra o, içəri girdi. Əyninə köynək və şortik geyinmişdi. Saçları hələ də islaq idi.

  • Qəlyanaltı hazırdır?, – soruşdu.
  • Hə.

Alban piano arxasına keçərək səhər çaldığı musiqi parçasını bir də təkrarladı. Musiqinin ahəngdar notları havanın bürküsünü sanki soyudurdu. Insanın xəyalına nəhəng ağacları, qəşəng fəvvarəsi və psevdo-klassik heykəllər düzülmüş çığırları olan bağça gəlirdi. Alban incə bir həssaslıqla ifa edirdi. Xidmətçi oğlan içəri girib yeməyin hazır olduğunu bildirdi. Alban piano arxasından qalxaraq Annaya əlini uzatdı. Beləcə əl-ələ tutuşaraq yemək otağına daxil oldular. Punkah tənbəl-tənbəl fırlanaraq havanı sərinlədirdi. Anna stola bir nəzər saldı. Əlvan süfrə və naxışlı boşqablar göz oxşayırdı.

  • Bu gün işdə maraqlı bir şey olub?, – Anna soruşdu.
  • Yox, elə bir şey olmayıb. Camışla bağlı məsələ vardı. Hə, bir də Prinndən xəbər gəlmişdi ki, mən bir onlara baş çəkim. Bəzi avaralar orada ağacları pis günə qoyurlar. O da xahiş edir ki, gedim görüm nə məsələdir.

Prinn çayın yuxarı tərəfindəki kauçuk plantasiyasının meneceri idi. Aradabir Alban arvadı ilə gedib onlarda bir gecə qalırdı. Hərdən isə dəyişiklik xətrinə elə Prinn özü bu ailəyə baş çəkir, birlikdə nahar edir, Dairə Rəisinin bunqalosunda gecələyirdi. Hər ikisi bu adamı bəyənirdi. O, 35 yaşlarında olardı, qırmızısifət idi, üzündə dərin qırışları və qapqara saçları vardı. Heç təhsili yox idi, ancaq bununla belə şən, asan yola gedən və bu ailənin həqiqətən səmimiyyətlə qəbul etdiyi bir insan idi. Əvvəl-əvvəl yaman utancaq idi. Şərqdə xəbərlər bir göz qırpımında yayılır. Hələ Alban və Anna oralara gəlməmişdən xeyli əvvəl Prinn artıq eşitmişdi ki, gələn Dairə Rəisi və arvadı oxumuş, savadlı adamlardır. Onlarla necə davranacağını kəsdirə bilmirdi. Heç deyəsən özünün xəbəri yox imiş ki, onda çatışmayan keyfiyyətləri ört-basdır edə bilən bir xüsusiyyət – məlahət var ki, Alban az qala qadın həssaslığı ilə bundan daha tez təsirlənirdi. Alban Prinnin güman etdiyindən də yaxşı idi, Anna isə bir başqa aləmdi. Alban onun üçün pianoda rəqtaym ifa etmişdi, halbuki heç Qubernatorun özü üçün bunu etməzdi. Onunla domino da oynayırdı. Alban ilk dəfə Anna ilə bu rayonu səyahətə çıxanda Prinnə gecəni onlarda qalacağını demişdi. O zaman Prinn özünə borc bilmişdi ki, onlara yerli bir qadınla yaşadığı və ondan iki uşağı olduğu barədə xəbərdarlıq etsin. Əlindən gələni edəcəkdi ki, onları Annanın gözündən uzaq tutsun, amma heç cür alınmadı, çünki onları göndərməyə yeri yox idi. O zaman Alban buna ancaq gülmüşdü.

  • Anna qətiyyən elə qadın deyil. Onları gizlətməyi ağlına belə gətirmə. O, uşaqları çox sevir.

Anna doğrudan da bu utancaq, xırda, gülərüz qadına tez isinişdi və az keçməmiş sevinə-sevinə artıq onun uşaqlarıyla oynayırdı. Anna onunla uzun-uzun məhrəm söhbətlər edirdi. Uşaqlar Annaya məftun idilər. Onlara Port Vallesdən qəşəng oyuncaqlar gətirirdi. Prinn onun bu təmkinini, səbrini koloniyada olan digər ağ dərili qadınların sifətlərindəki turşuluqla müqayisə edəndə mat qalırdı. Onlara olan sevgi və minnətdarlıq hissini bilmirdi necə çatdırsın.

  • Əgər bütün oxumuşlar sizin kimidirsə, onda mənə elə belələrini verin də, – hər zaman deyirdi.

Bu yaxşı insanların gələn il buraları birdəfəlik tərk edib gedəcəklərini düşünəndə dəhşətə gəlirdi. Hələ o yeni gələn Dairə Rəisi evli olsa, arvadı bütün bunlara nə deyəcək; fikirləşməyəcəkmi ki, özünün tək yaşamamağı cəhənnəm, hələ bir yerli qadın özünə arvad edib, üstəlik də ona bu qədər bağlanıb.

Ancaq axır vaxtlar plantasiyada yaman narazılıq olurdu. Orada işləyənlər kommunizm ideyalarına yoluxmuş çinlilər idilər. Yola gəlmirdilər. Alban onlardan neçəsini törətdikləri müxtəlif cinayətlərə görə məcbur qalıb məsuliyyətə cəlb etmişdi.

  • Prinn deyir ki, cəzalarını çəkib qurtaran kimi  hamısını yığıb Çinə göndərəcək, əvəzində cavalılardan gətizdirəcək, – Alban dedi, – Əminəm ki, düzgün hərəkət edir. Onlar daha üzüyoladırlar.
  • Səncə elə ciddi bir problem olmaz ki?
  • Yox, əlbəttə, yox. Prinn öz işini bilir, həm də ki, ağlına bir şey düşdüsə, mütləq edəcək. O, belə şeylərə dözməz. Üstəlik də arxasında mən, polsilər durduqca inanmıram ki, kimsə oyun çıxardıb ortalığı qarışdırsın, – sonra gülümsəyərək əlavə etdi, – lap, velvet əlcəkdə dəmir ələ oxşayır.

Elə təzəcə ağzından bu sözlər çıxmışdı ki, qəfil qışqırıq səsləri eşidildi. Haray-həşir qopdu, dalınca da ayaq səsləri gəldi. Bərkdən səslər və bağırtılar eşidilməyə başladı.

  • Tuan! Tuan!
  • Lənət şeytana, nə məsələdir?

Alban stuldan sıçradı və cəld özünü verandaya atdı. Anna da dalınca. Pilləkənin aşağısında yerlilərdən bir dəstə adam vardı. Serjant, üç ya dörd polis, qayıqçılar, bir də ki, kamponqdan bir neçə kişi dayanmışdılar.

  • Nə olub?, – Alban onlara tərəf baxıb soruşdu.

Üç-dörd nəfər birdən dilləndi. Serjant onları qırağa itələdi. Alban köynəkdə və xaki şortikdə olan birisinin yerdə uzandığını gördü. Qaçaraq pillələri aşağı endi. Bu adam Prinnin köməkçisi idi. Metis idi. Şortiki qana bulaşmışdı, üzünün və başının da bir tərəfində qan laxtalanıb qurumuşdu. Huşsuz vəziyyətdə idi.

  • Yuxarı gətirin, – Anna qışqırdı.

Alban əmr verdi. Adamı yuxarı qaldırıb verandaya gətirdilər. Döşəməyə uzatdılar, Anna onun başının altına balış qoydu. Su və dərman qabını gətirməyi tapşırdı.

  • Ölüb?, – Alban soruşdu.
  • Yox.
  • Ən yaxşısı ona bir qədəh brendi verməkdir.

Qayıqçılar pis xəbərlə gəlmişdilər. Çinli işçilər qəfil qalxmış və menecerin idarəsinə hücum ediblərmiş. Prinni öldürüblər, onun meneceri Oukli isə gec-bəla ilə canını qurtarıb. Üsyançılar idarəyə girib oranı talan edəndə Oukli onların üstünə gedibmiş. Prinnin cəsədini pəncərədən tulladıqlarını görəndə isə dabanına tüpürüb qaçmağa üz qoyubmuş. Çinlilərdən onu görən olub və dalınca düşüblər. O da çaya doğru qaçıb, intəhası katerə tullananda yaralanıb. Üsyançılar çatana qədər kateri işə salmaq mümkün olub və bunlar da bacardıqları qədər çayaşağı üzməyə müvəffəq olublar. Oradan aralananda idarə binalarından alov qalxdığını görüblər. Heç şübhəsiz, işçilər yana bilən nə varsa hamısına od vurublarmış.

Oukli inildədi və gözlərini açdı. O, balacaboy, qarabuğdayı, yastı üz cizgiləri olan, sıx, qalın saçlı bir adamdı. O yerin insanlarına mənsub iri qara gözlərində dəhşət vardı.

  • Hər şey qaydasındadır, – Anna onu sakitləşdirdi, – burada etibarlı yerdəsiniz.

Zavallı dərindən nəfəs alıb gülümsədi. Anna onun üzünü yudu və tamponla yaralarını sildi. Başındakı yara elə də qorxulu deyildi.

  • Danışa bilirsiniz?, – Alban soruşdu.
  • Bir az gözlə, – Anna müdaxilə etdi, – ayağına da baxmalıyıq.

Alban serjanta göstəriş verdi ki, verandaya yığılmış adamları bayıra çıxarsın. Anna onun şortikinin bir ayağını çırdı. Parça qurumuş yaraya yapışmışdı.

  • Nə qədər qan itirmişəm, – Oukli dilləndi.

Dərin yara deyildi. Albanın bacarıqlı əlləri qanaxmanı dayandırdı. O, yaraya tampon qoyub bintlə sarıdı. Serjantla polis Ouklini qaldırıb divana uzatdılar. Alban ona brendi və soda verdi. Bir az keçmiş o, özündə bir az güc hiss edərək danışmağa başladı. Lakin qayıqçıların dediklərindən artıq heç bir şey bilmirdi. Prinn ölmüş, plantasiyaya da od vurulmuşdu.

  • Bəs o qız, uşaqları? Onlar necə oldular?, – Anna soruşdu.
  • Xəbərim yoxdur.
  • Aman Allah, Alban!
  • Polisi ayağa qaldırmalıyam. Dəqiq əminsiniz ki, Prinn öldürülüb?
  • Bəli, cənab. Öz gözlərimlə gördüm.
  • Üsyançıların silahları varmı?
  • Bilmirəm cənab.
  • Necə yəni bilmirəm?! – Alban əsəbi halda qışqırdı. – Prinnin silahı vardı, elə deyilmi?
  • Bəli, cənab.
  • Plantasiyada daha çox olmalı idi silah. Sizdə necə varmı? Baş mühafizəçidə də vardı!

O, bu dəfə cavab vermədi. Alban ona sərt bir nəzər saldı.

  • Orada o lənətə gəlmiş çinlilərdən neçə adam var?
  • Yüz əlli

Annaya qəribə gəldi ki, niyə Alban bu qədər sual verir. Axı bununla onlar vaxt itirirdilər. Ən vacib iş o işçiləri çayın yuxarısına yığmaq, cəld qayıqları hazırlamaq və polisləri silahla təmin etmək idi.

  • Neçə nəfər polisiniz var, cənab?, – Oukli soruşdu.
  • Səkkiz, bir nəfər də serjant.
  • Olar mən də gəlim? Mən də gəlsəm 10 nəfər olarıq. Mənə elə gəlir ki, problem olmaz, yaram da sarınıb.
  • Mən getmirəm!, – Alban cavab verdi.
  • Alban, getməlisən!, – Anna qışqırdı. O, qulaqlarına inana bilmədi.
  • Boş-boş danışma. Insan dəli olmalıdır ki, ora getsin. Ouklidən onsuz da fayda yoxdur. Belə yarayla bir-iki saata onun hərarəti qalxacaq. Yolda bizə yük olacaq. Bizdə 9 silah var. Onlar isə 150 nəfərdirlər. Tüfəngləri da var, hər cür silah-sursatları da.
  • Haradan bilirsən?
  • Gün kimi aydındır: əgər onlar hazırlıqlı olmasaydılar ömründə belə bir işə qol qoymazdılar. Ora getmək axmaqlıqdır.

Annanın ağzı açıq qaldı. Ouklinin gözlərindən çaşqınlıq oxundu.

  • Yaxşı, bəs nə eləmək fikrindəsən?
  • Hər halda, nə yaxşı ki, katerimiz var. Canlı qüvvə və silah-sursat göndərilməsi xahişi ilə kateri Port Vallesə göndərəcəm.
  • Axı onların bura gəlib çıxması ən azı iki gün vaxt aparacaq.
  • Yaxşı, neyləyək?! Prinn onsuz da ölüb, plantasiyanı da külə döndəriblər. Bu dəqiqə durub getsək əlimizdən heç nə gəlməz. Kəşfiyyat məqsədilə buranın adamlarından kimisə göndərərəm ki, bilək görək üsyançılar nə edirlər.

O, Annaya baxaraq mehribanlıqla gülümsündü.

  • İnan mənə, canım-gözüm, bu dələduzlar tezliklə cəzalarını alacaqlar.

Oukli ağzını açdı ki, nəsə desin, ancaq deyəsən cəsarəti çatmadı. Necə olmasa, o, adi bir metis idi, Alban isə hökumət adamı idi. Ancaq onun gözləri Annanı gəzdi və qadına elə gəldi ki, onun baxışlarında vicdandan irəli gələn bir çağırış vardı.

  • Axı iki günə onlar daha dəhşətli vəhşiliklər törədə bilərlər, – o qışqırdı, – nə bilmək olar ki, onlar daha nələrə qadirdirlər?!
  • Nə eləyiblərlə, əvəzini artıqamasilə ödəyəcəklər! Sənə söz verirəm.
  • Ah, Alban, sən belə əlini-əlinin üstünə qoyub otura bilməzsən! Yalvarıram, özün get məsələni araşdır.
  • Belə sadəlövh olma. Səncə mən səkkiz polis və bir serjantla üsyanı yatıra bilərəm? Heç belə risk eləməyə ixtiyarım da yoxdur mənim. Qayıqla getməli olacağıq. Görəsən bizi görməzlər ki?! Çayın sahillərində bitmiş lalanqlar bizi ört-basdır edər. Biz irəlilədikcə adda-budda atəş açacaqlar. Başqa yolumuz yoxdur.
  • Mən fikirləşirəm ki, əgər biz iki gün heç nə eləməsək, onlar bunu bizim tərəfimizdən zəiflik və qorxaqlıq kimi qiymətləndirəcəklər, cənab, – Oukli nəhayət dilləndi.
  • Lazım olanda sizin fikrinizi öyrənəcəm, – Alban qaşqabaqla cavab verdi. – Gördüyüm qədəriylə siz özünüz təhlükə anında hər şeyi qoyub qaçmısınız. Belə ağır vəziyyətdə sizin mənə nə kimi kömək edə biləcəyinizə inana bimirəm.

Oukli pərt oldu. Daha bir də ağzını açmadı. Gözlərində narahat ifadə ilə elə hey irəli baxırdı.

  • Mən idarəyə gedirəm, – Alban dedi. – Qısa bir raport yazıb dərhal katerlə yola salacam.

Daha sonra Alban bayaqdan bəri hələ də pilləkənin başında ayaq üstə tərpənməz dayanmış serjanta tapşırıq verdi. Serjant rəsmi təzim etdi və çıxdı. Alban şlemini götürmək üçün kiçik zala girdi. Anna da cəld onun dalınca içəri addımladı.

  • Alban, Allah xatirinə, bir dəqiqə mənə qulaq as, – deyə pıçıldadı.
  • Sənin xətrinə dəymək istəmirəm, əzizim, ancaq həqiqətən vaxtım yoxdur. Yaxşı olardı ki, gedib öz işlərinlə məşğul olasan.
  • Belə heç nə eləməmək olmaz, Alban. Sən getməlisən. Nə olursa olsun.
  • Sənin başın xarab olub!, – Alban acıqlandı.

O, heç əvvəllər Annaya belə qəzəblənməmişdi. Anna onu saxlamaq üçün əlindən yapışdı.

  • Axı mən sənə deyirəm ki, ora getməklə mən təkbaşına bu vəziyyəti düzəldə bilməyəcəm.
  • Yox, sən bilmirsən. O qadın, Prinnin uşaqları – hamısı orada qalıb. Onları xilas etmək üçün əlimizdən gələni etməliyik. Icazə ver, mən də səninlə gedim. Onlar o yazıqları öldürəcəklər. 
  • Onları yəqin ki, artıq öldürüblər.
  • Aman Allah, nə yaman daşürəklisənmiş! Əgər onları qurtarmaq üçün azacıq da olsa bir şans varsa, bu, sənin borcundur.
  • Mənim borcum ağlı başında bir insan kimi hərəkət etməkdir. Öz həyatımı və polisləri hansısa bir yerli qadına və onun metis biclərinə görə riskə ata bilmərəm ki. Sən məni gic yerinə qoymusan?!
  • Hamı sənin qorxaq olduğunu deyəcək.
  • Kimlər?
  • Koloniyadakılar.

Alban etinasızcasına güldü.

  • Tüpürüm onların fikrinə!

Anna ona uzun sınayıcı bir nəzər saldı. Səkkiz il idi ki, onlar evli idilər və Anna ərinin sifətinin hər ifadəsinə, ağlındakı hər fikrə bələd idi. Indi onun mavi gözlərinə elə zənnlə baxırdı ki, sanki onlar açıq pəncərə idilər. Birdən qadının rəngi ağappaq oldu. Ərinin əlini buraxdı, dönüb getdi. Daha bir kəlmə artıq-əskik danışmadan birbaşa verandaya qayıtdı. Balaca eybəcər meymun sifətinə oxşayan üzündə dəhşət oxunurdu.

Alban isə idarəyə getdi, baş verənlər barədə qısa bir xülasə yazdı və artıq bir neçə dəqiqə sonra kater çayaşağı üzərək məktubu aidiyyatı olan yerə aparırdı.

Növbəti iki gün lap acı bağırsaq kimi uzandı. Qaçıb canını qurtaran yerlilər plantasiyadan xəbərlər gətirirdilər. Ancaq onların danışdıqları həyəcan və qorxu dolu əhvalatlardan həqiqətən nələr baş verdiyi haqda düz-əməlli bir məlumat almaq olmurdu. Nə qədər qan tökülmüşdü. Baş nəzarətçi də öldürülmüşdü. Elə hey bir ucdan dəhşət və vəhşət dolu xəbərlər gəlirdi. Anna Prinnin arvadı və uşaqları haqqında heç bir məlumat ala bilmirdi. Onların aqibəti barədə fikirləşəndə canına vicvicə düşürdü. Alban yerlilərdən mümkün qədər xeyli adam yığmışdı. Hamısı da nizə və qılıncla silahlandırılmışdı. Bütün qayıqları səfərbəyliyə götürmüşdülər. Vəziyyət doğrudan ciddi idi, ancaq Alban təmkinini itirməmişdi. Hiss edirdi ki, əldən gələn həe şey edilib və hər şeyi öz axarına buraxmaqdan savayı bir şey qalmayıb. O, rəsmi olaraq öz işini yerinə yetirirdi. Pianoda yenə də əsərlər ifa edirdi. Səhər tezdən Anna ilə at sürürdülər. Alban bu səkkiz illik izdivacları dövründə ilk dəfə Anna ilə aralarında yaranan ciddi fikir ayrılığını deyəsən unutmuşdu. Belə düşünürdü ki, Anna onun qərarının doğru olduğuna əmin olub. Yenə də həmişə olduğu kimi arvadı ilə zarafatlaşır, səmimi və xoş münasibət göstərirdi. Üsyankarlar barədə söz düşəndə isə istehza ilə deyirdi ki, vaxtı çatanda onlar hamısı öz layiqli cəzalarını alacaqlar və dünyaya gəldiklərinə peşman olacaqlar.

  • Onlara nə edəcəklər ki?, – Anna soruşdu.
  • Oho! Onlar edam olunacaqlar, – iyrənmiş kimi çiyin atdı, – edam mərasimlərində iştirak etməkdən zəhləm gedir. O səhnələr ürəyimi bulandırır.

Oukliyə yazığı gəlirdi. Ona Anna qulluq edirdi. Ola bilsin ki, qəzəbli anında onun qəlbinə dəydiyi üçün indi peşmançılıq hissi keçirdirdi və yenə də öz adətinə xilaf çıxmayaraq nəzakətli davranmağa başlamışdı.

Üçüncü gün günorta vaxtı evdə oturub nahar sonrası qəhvə içərkən Albanın həssas qulaqları onların evinə tərəf yaxınlaşan katerin səsini aldı. Elə məhz həmin an içəri qaçaraq daxil olan polis hökumət katerinin göründüyünü xəbər verdi.

  • Axır ki!, – Alban bərkdən dedi.

Bir anda sıçrayıb bayıra atıldı. Anna jalüzilərdən birini azca aralayıb çay tərəfə baxdı. səs indi daha bərkdən gəlirdi. Heç bir an keçmədi ki, kater də göründü. Alban körpüdə dayanmışdı. O, prahuya oturdu və kater lövbər atan kimi ora mindi. Anna Oukliyə yardım məqsədilə hərbi qüvvə göndərildiyini dedi.

  • Bəs onlar hücuma keçəndə Rəis özü də orada iştirak edəcək?, – Oukli Annadan soruşdu.
  • Təbii  ki, – Anna soyuqqanlılıqla dilləndi.
  • Nə bilim?!

Onun bu sözlərindən Anna özünü birtəhər hiss etdi. Son iki gündə o, canını dişinə tutub ağlamamağa çalışırdı. Cavab vermədi. Eləcə dönüb otaqdan çıxdı.

On beş dəqiqə sonra Alban üsyançıları yatırmaq üçün iyirmi nəfərlik dəstə ilə buraya göndərilmiş polis kapitanı ilə birlikdə bunqaloya girdi. Kapitan Strətton balacaboy, kürən bığları  və əyri ayaqları olan qırmızısifət bir kişi idi. Çox səmimi və işə can yandıran adam idi. Anna onunla Port Vallesdə tez-tez qarşılaşmışdı.

  • Hə, xanım Torel, yaman cəncəl məsələdir, – deyə o, Annaya əl uzadıb görüşərkən uca səslə sevincək dedi, – bax budur, öz ordumla mən buradayam. Hamısında ruh yüksəkliyi var, döyüşə də hazırdılar. Uşaqlar, qalxın yuxarı. Bu komada içməyə bir şeyiniz var?
  • Boy!], – Anna gülümsünərək xidmətçini çağırdı.
  • Sərin və bir az spirtli bir şey olsun. Sonra da planlarımızı müzakirə edərik.

Onun səsindəki gümrahlıq rahatladıcı idi və fəlakət başlayan gündən bəri bunqaloya çökmüş o məşum təlaşı dağıtdı. Xidmətçi məcməyi əlində otağa daxil oldu. Strətton özünə stenqah düzəltdi. Alban baş verənlər barədə ona məlumat verdi. Hər şeyi olduğu kimi aydın, qısa və dəqiq təsvirlə izah etdi.

  • Sizə heyran qaldığımı deməliyəm, – Strətton bildirdi, – sizin yerinizdə mən olsaydım yəqin ki, yanımda olan səkkiz adamı da götürüb təkbaşına o ziyankarların üstünə hücuma getməkdən özümü saxlaya bilməzdim.
  • Mən belə bir riski gözə almağın yolverilməz olduğunu düşündüm.
  • Hə də, təhlükəsizlik birinci gəlir, dost, elə deyilmi?!, – Strətton sevinclə dedi, – Çox şadam ki, getməmisiniz. Yumruqlarımızı işə salmaq üçün elə də çox imkan yaranmır. Hər şeyi öz üzərinizə götürüb bizə heç nə qoymasaydınız, bax, bu pis olardı.

Kapitan Strətton birbaşa çay yuxarı qalxıb qəflətən hücuma keçməyin tərəfdarı idi, amma Alban bu addımı atmağı məsləhət görmədi. Yaxınlaşan katerin səsi üsyançıları duyuq sala bilərdi. Çayın qırağında bitmiş hündür otlar onları gizlədirdi, katerlərdən düşmək isə çətin olacaqdı, çünki üsyançılar hamısı silahlı idilər. Özlərini göz görə-görə oda atmaq ağılsızlıq olardı. Zarafat deyildi – qarşılarında əllərini hər şeydən üzmüş yüz əlli nəfər insan vardı və asanlıqla pusquya düşə bilərdilər. Alban öz variantını təklif etdi. Strətton diqqətlə onu dinlədi. Aradabir başını yelləyərək təsdiq edirdi. Heç şübhəsiz bu, ağlabatan plan idi. Belə variant onlara imkan verirdi ki, üsyançılara arxadan hücum etsinlər. Bu, onlar üçün heç gözləmədikləri bir şey olacaqdı və heç bir itki vermədən onların hamısını ələ keçirə biləcəkdilər. Belə planı qəbul etməmək axmaqlıq olardı.

  • Yaxşı, bəs özünüz niyə bunu etmədiniz?, – Strətton soruşdu.
  • Səkkiz adam və bir serjantla?

Strətton buna cavab vermədi.

  • Hər halda pis fikir deyil və biz bu barədə razılaşarıq. Xeyli vaxtımız var, ona görə də, xanım Torel, icazənizlə mən bir duş qəbul edim.

Günəş batanda kapitan Strətton və onun yanındakı iyirmi nəfər, Albanla polislər və topladığı yerli adamlar yola düşdülər. Zülmət gecə idi, ay da görünmürdü. Dallarınca ağacdan yonulmuş qayıqları sürüyüb aparırdılar. Müəyyən məsafə qət etdikdən sonra təklif olundu ki, bütün silahlar qayıqlara doldurulsun. Çox səssiz olmalıydılar ki, üsyançılar duyuq düşməsinlər. Katerlə üç saat getdikdən sonra qayıqlara oturdular və sükut içində axınla avar çəkərək irəlilədilər. Geniş plantasiyanın qırağına yaxınlaşıb qayıqlardan endilər. Bələdçilər onları elə bir dar cığırla apardılar ki, iki-iki getmək mümkün deyildi. Bu yoldan çoxdan idi ki, istifadə olunmamışdı və yerimək çətin idi. Iki dəfə çayın dayaz yerindən keçməli oldular. Bu cığır onları dolanbac yollarla da olsa düz işçilərin yaşadıqları yerin böyrünə gətirib çıxardı, ancaq qərara gəldilər ki, səhər açılana qədər onlara yaxınlaşmasınlar. Strətton dayanmaq əmri verdi. Soyuq gecədə xeyli gözləməli oldular. Nəhayət gecə yavaş-yavaş aydınlığa bürünməyə başladı. Doğrudur, hələ heç ağacların gövdələri tam görünmürdü, ancaq alatoranlıqda dumanlı da olsa seçilirdilər. Strətton arxası ağaca tərəf oturmuşdu. Pıçıltı ilə serjanta əmr verdi və iki-üç dəqiqəyə dəstə yenidən hərəkət etdi. Qəfildən qarşılarına yol çıxdı. Dörd-dörd düzülüb irəli davam etdilər. Sübh açıldı və hələ də tutqun havada ətrafdakı şeylər solğun-solğun görünməyə başladı. Pıçıltı ilə verilmiş əmr dəstəni dayanmağa məcbur etdi. Işçilərin yaşadıqları yer artıq görünürdü. Ins-cins səsi gəlmirdi. Dəstə yenidən yavaş-yavaş irəlilədi, bir də dayandı. Gözləri parıldayan Strətton Albana baxıb gülümsədi.

  • Bu əclafları yatan yerdə yaxaladıq.

Cəld adamları sıraya düzdü. Hamı tüfənglərini doldurdu. Strətton irəli çıxaraq əlini qaldırdı. Karabinlər onların evlərinə tuşlanmışdı.

  • Atəş!

Ətrafı açılan yaylım atəşlərinin gurultusu bürüdü. Qəfildən dəhşətli haray-həşir qopdu, çinlilər silahlarını sağa-sola yelləyərək atəş aça-aça bayıra cumdular, lakin onların önündə yumruq göstərərək var səsi ilə böyürən ağ dərili bir adam vardı. Albanın heyrətdən ağzı açıq qaldı

  • Lənət şeytana, bu kimdir belə?, – Strətton bağırdı.

Xaki şalvar və sinqlet geyinmiş yekəpər, zırpı bir kişi qaça bildiyi qədər sürətlə onların üstünə gəlirdi. Hər iki yumruğunu onlara göstərərək bağırırdı:

  • Smerige flikkers! Verlockte ploerten!
  • Aman Allah, bu ki, Van Hasseldtdır, – Alban dedi.

Bu adam təxminən iyirmi mil aralıda çayın ən iri mənsəbində yerləşmiş ağac materialları düşərgəsinin milliyətcə hiolland olan meneceri idi.

  • Lənət şeytana, siz nə edirsiniz?, – deyə onlara çatan kimi fısıldayaraq çığırdı.
  • Lənət şeytana, bəs sizin burada nə işiniz var?, – Strətton suala sualla cavab verdi.

Kapitan çinlilərin hər tərəfə səpələndiyini görüb öz adamlarına onları əhatəyə almaq göstərişini verdi. Sonra təzədən Van Hasseldta tərəf döndü.

  • Bu nə deməkdir?
  • Nə deməkdir?! Nə deməkdir?!, – holland qəzəblə bağırdı, – Elə mən də bunun nə demək olduğunu bilmək istəyirəm də! Siz öz lənətə gəlmiş polislərinizlə gəlib buranı güllə-baran edirsiniz. Nə demək istəyirsiniz? Təlim məşqləri keçirirsiniz?! Güllə mənə dəyə bilərdi. Axmaqlar!
  • Bəlkə siqaret çəkəsiniz?, – Strətton təklif etdi.
  • Siz necə gəlib bura çıxmısınız, Van Hasseldt?, – Alban bir də soruşdu, – Bunlar Port Vallesdən üsyanı yatırmaq üçün göndərilmiş qüvvədir.
  • Necə gəldim? Gəzə-gəzə. Sizcə başqa necə gələ bilərdim ki?! Üsyanı görüm zibilə qalsın. Yatırdım da mən o üsyanı. Əgər buna görə gəlmisinizsə, öz lənətə gəlmiş polislərinizi də götürüb qayıda bilərsiniz. Güllə düz başımın yanından sıyrılıb keçdi.
  • Heç nə anlamıram, – Alban dedi.
  • Anlamalı heç bir şey yoxdur burada. – Hələ də qəzəbi soyumamış Van Hassaldt təntiyə-təntiyə sözünə davam etdi, – İşçilərdən bəziləri mənim üstümə gəldilər ki, bəs çinlilər yığışıb Prinni öldürüblər, idarəsini də yandırıblar. Mən də köməkçimi, baş mühafizəçini, bir də mənimlə qalan holland dostumu götürüb bura gəldim ki, baxım görüm nə məsələdir.

Kapitan Strəttonun gözləri bərələ qaldı.

  • Necə yəni, heç nə olmamış kimi gəzməyə gedircəsinə durub gəzə-gəzə bura gəlmisiniz?, – deyə soruşdu.
  • Mən neçə illərdir ki, bu ölkədə yaşayıram. Hər halda elə fikirləşmirsiniz ki, mən yüz-iki yüz çinlinin qabağından qorxub qaçaram. Onlar özləri qoxularından sarılarını udmuşdular. Biri cəsarət edib mənə tərəf bir güllə atdı. Mən də bir atəş ilə beynini dağıtdım onun. Qalanları təslim oldular. Başçılarının əl-qollarını bağlatdım. Bu səhər sizin dalınızca qayıq göndərəcəkdim ki, gəlib təslim alasınız.

Strətton düz bir dəqiqə gözlərini bərəldib ona baxdı, baxdı və qəfildən uğunub özündən getdi. Gözlərindən yaş gələnə qədər güldü. Holland menecer acıqlı-acıqlı ona baxdı, birdən özü də qəhqəhə ilə gülməyə başladı. Güldükcə yekə qarnı yırğalanaır, bədənindəki piylər qalxıb-düşürdü. Albansa qaşqabaqla bu mənzərəni izləyirdi. Yamanca hirslənmişdi.

  • Yaxşı, bəs Prinnin arvadı və uşaqları necə oldular?, – deyə soruşdu.
  • Onlar sağ-salamatdılar.

Bu, onu göstərdi ki, Annanın isteriyasının təsirinə qapılmamaqla Alban necə düzgün iş görübmüş. Əlbəttə, uşaqlara heç nə olmamışdı. Albanın ağlına onsuz da pis bir şey gəlmirdi.

Van Hasseldt və onunla gələn adamlar öz düşərgələrinə yola düşdülər. Onların dalınca da Strətton tələm-tələsik öz iyirmi adamını götürüb Port Vallesə qayıtdı. Alban və onun serjantı ilə polislərinə də yaranmış məsələni həll etmək qaldı. Alban Qubernatora çatdırmaq üçün qısa bir məlumat hazırlayıb Strəttona verdi. Onsuz da onun görüləsi nə qədər işi qalmışdı. Deyəsən bir xeyli buralarda qalmalı olacaqdı. Ancaq bir halda ki, plantasiyadakı bütün evlər kül olmuş və Alban da məcburən buradakı işçilərin daxmalarında qalmalı olacaqdı, onda yaxşı olardı ki, Anna onu evdə gözləsin. Bu barədə bildirmək üçün Alban ona yazılı kağız da göndərdi. Sevinirdi ki, Prinnin zavallı sevgilisi barədə ona xoş xəbər çatdıra bildi. Ilkin sorğu-sual aparmaq üçün təxirə salmadan iş başına keçdi. Bir xeyli şahidi dindirdi. Bir həftə keçmiş dərhal Port Vallesə getmək barədə göstəriş aldı. Bu xəbəri gətirən katerlə yola düşməli idi. Yolüstü Annanı görə bilmək üçün bir saatdan da az vaxtı vardı. Bir az dilxor idi.

  • Başa düşmürəm məni ora-bura sürüməkdənsə, Qubernator niyə imkan vermir ki, öz işimi öz bildiyim kimi həll edim? Bu, lap namünasib alındı.
  • Nəyi qoyub, nəyi axtarırsan? Guya hökumət öz tabeliyində olanların rahatlığının dərdini çəkir?!, – Anna gülümsündü.
  • Buna bürokratiya deyirlər. Səni də özümlə aparardım əzizim, ancaq inan mənə bir dəqiqə belə artıq qala bilməyəcəm. Gərək əlimdə olan dəlilləri mümkün qədər tez Məhkəmə Zalına çatdırım. Mənə elə gəlir ki, bu cür bir ölkədə ədaləti bir an belə vaxt itirmədən bərpa etmək lazımdır.

Port Vallesə aparan kater gələndə limandakı polislərdən biri Albana dedi ki, limanın rəisindən ona çatacaq kiçik bir məktub var. Əslində məktub Qubernatorun katibindən idi və orada deyilirdi ki, Əlahəzrət Qubernator mümkün qədər tez Albanı görmək istəyir. Səhər saat 9 idi. Alban kluba getdi, duş qəbul edib üzünü qırxdı, sonra da təmiz parusin şalvar geyinərək saçlarını səliqə ilə daradı. Bir rikşa çağırıb Qubernatorun idarəsinə sürdürdü. Ora çatan kimi onu dərhal katibin otağına apardılar. Katib onunla əl tutuşaraq görüşdü.

  • Əlahəzrət cənablarına burada olduğunuzu deyim, – o dedi, – xahiş edirəm əyləşin.

Katib otaqdan çıxdı, az keçməmiş qayıtdı.

  • Əlahəzrət cənabları bir dəqiqəyə sizi qəbul edəcək. Etiraz etmirsiniz mən burada öz məktublarımla məşğul olum?

Alban gülümsədi. Bu katib elə də qılıqlı adam deyildi. Bir siqaret yandıraraq gözləməyə başladı və öz düşüncələrinə daldı. Işin ilkin hissəsini çox yaxşı yerinə yetirmişdi. Maraqlı idi. Bir az keçmiş növbətçi gəlib Qubernatorun onu qəbul etməyə hazır olduğunu bildirdi. Alban yerindən qalxdı və onun dalınca Qubernatorun otağına keçdi.

  • Sabahınız xeyir, Torel.
  • Sabahınız xeyir, cənab.

Qubernator böyük bir stolun arxasında əyləşmişdi. Başı ilə Albana işarə edərək əyləşməsi üçün yer göstərdi. Qubernator başdan-ayağa boz rəngdə idi: saçları, sifəti, gözləri. Sanki uzun müddət günəşin altında qalmış və rəngi boğulmuşdu. O, otuz il idi ki, bu ölkədə işləyirdi və vəzifə pilləsində aşağıdan başlayaraq gəlib bu yüksək mövqeyə çatmışdı. Yorğun və əzgin görünürdü. Hətta səsi belə bomboz çıxırdı. Albanın ona rəğbəti vardı, çünki sakit təbiətli bir insandı. Alban onu elə də ağıllı adam olduğunu düşünmürdü, ancaq bu adam nəyi olmasa da yaşadığı ölkə barədə olduqca zəngin məlumata malik idi və onun böyük təcrübəsi savadı əvəz edə bilirdi. Qubernator bir kəlmə demədən düz bir dəqiqə gözlərini Albanın süfətinə zilləyib baxdı. Albanın onun nəyə görəsə çaşqın bir vəsiyyətdə olduğunu düşündü. Az qala birinci olaraq sözə özü başlayacaqdı.

  • Dünən Van Hasseldti gördüm, – Qubernator qəfil dilləndi.
  • Bəli, cənab?
  • Plantasiyada baş verənlər barədə və bununla əlaqədar nə kimi tədbirlər gördüyünüz haqda mənə zəhmət olmasa danışın.

Alban ağılla düşünən təmkinli bir adam idi. O, faktları ardıcıllıqla danışaraq hər şeyi dəqiqliklə çatdırdı. Sözlərini ehtiyatla seçərək səlis danışırdı.

  • Sizin sərəncamınızda bir nəfər serjant və səkkiz polis vardı. Nə üçün dərhal onları da götürüb hadisə yerinə getmədiniz?
  • Mən bu riski gözə ala bilməzdim.

Qubernatorun boz sifətində zəif bir təbəssüm dolaşdı.

  • Əgər bu hökumətin məmurları yolverilməz risklər etməkdən çəkinsəydilər, onda o, heç vaxt Britaniya İmperiyasının əyalətinə çevrilməzdi.

      Alban dillənmədi. Mənasız sözlər danışan adama nə deyəsən ki?!

  • Sizi bu addımı atmağa sövq edən səbəbləri bilməyi çox istərdim.

Alban heç tövrünü belə pozmadan izah etdi. O, etdiyi hərəkətin düzgünlüyünə zərrə qədər də şübhə etmirdi. Bayaq dediklərini bir də təkrarladı, lakin bu dəfə lap təfərrüatlara vardı. İlk növbədə Annaya o zaman söylədiyi şeyləri də əlavə etdi. Qubernator diqqətlə onu dinləyirdi.

  • Van Hasseldt, onun yanında işləyən menecer, dostu və yerli əhalidən olan keşikçisi görünür ki, bu məsələnin öhdəsindən bacarıqla gəliblər, – Qubernator dedi.
  • Onun sadəcə olaraq bəxti gətirib. Ancaq bu, onun ağıllı olduğunu təsdiqləmir. Onun elədiyi hərəkətə birmənalı olaraq dəlilik demək olar.
  • Özünüzün eləməli olduğunuz işləri hansısa bir holland zəmindara gördürməklə hökuməti necə gülünc bir vəziyyətə saldığınızı dərk edirsinizmi?
  • Xeyr, cənab.
  • Bütün koloniyada özünüzü də gülüş obyektinə çevirmisiniz.

Alban gülümsədi.

  • Mən belə şeylərə toxam; fikirləri məni qətiyyən maraqlandırmayan insanların gülüşü də vecimə deyil.
  • Hökumət rəsmisinin üstünlüyü onun nüfuzundan çox asılıdır. Təəssüf ki, əgər bu rəsmi insan qorxaqlıq adlanan biabırçı bir vəziyyətə düşübsə, o zaman onun nüfuzu zədələnmiş sayılır. 

Alban qızardı.

  • Bununla nə demək istədiyinizi tam olaraq anlamadım, cənab.
  • Mən bu məsələni dərindən araşdırmışam. Kapitan Strətton, Oukli, zavallı Prinnin köməkçisi ilə – hamısı ilə görüşmüşəm. Van Hassaldtı da görmüşəm. Indi də sizin necə özünüzü müdafiə etməyinizə qulaq asdım.
  • Mən özümə bəraət qazandırmıram, cənab.
  • Sözümü kəsməyin. Mən düşünürəm ki, siz bu hadisəni düzgün qiymətləndirməməklə kobud səhvə yol vermisiniz. Belə məlum olur ki, burada risk çox az imiş, amma yenə də nə olursa olsun, siz bu riskə getməliydiniz. Belə məsələlərdə cəldlik və qətiyyət nümayiş etdirmək zəruridir. Sizi polisdən yardım istəməyə, hələ üstəlik də onlar gələnə qədər əlinizi əlinizin üstünə qoyub oturmağa vadar edən səbəbi araşdırmaq fikrim yoxdur. Hər halda, təəssüf ki, indiki vəziyyətdə mən sizin administrasiyada faydalı ola biləcəyinizi düşünmürəm.

Alban heyrətlə ona baxdı.

  • Bəs siz özünüz necə, belə bir vəziyyətdə riskə gedərdinizmi?, – deyə soruşdu.
  • Mütləq.

Alban çiyinlərini çəkdi.

  • Inanmırsınız?, – Qubernator bağırdı.
  • Əlbəttə inanıram, cənab. Ancaq icazə verin sözümü deyim: əgər siz bu hadisələr zamanı öldürülmüş olsaydınız, o zaman koloniya düzəldilməsi mümkün olmayan bir itki verəcəkdi.

Qubernator barmaqları ilə stolu döyəclədi. Pəncərədən bayıra baxdı, sonra yenə nəzərlərini Albana çevirdi. Sərt danışmadı.

  • Məncə siz xasiyyətinizə görə buralara xas olan kobud və nizamsız həyata uyğun adam deyilsiniz, Torel. Mənim məsləhətimə qulaq asın və öz vətəninizə qayıdın. Əminəm ki, tezliklə öz qabiliyyətinizə görə sizə uyğun olan daha yaxşı bir iş tapa biləcəksiniz.
  • Bağışlayın, cənab, ancaq nə demək istədiyinizi anlamıram.
  • Yetər, Torel! Siz ki səfeh deyilsiniz. Mən sizin işinizi asanlaşdırıram. Həm arvadınızın, həm də sizin öz xətriniz üçün istəmirəm ki, qorxaq kimi hərəkət etdiyinizə görə sizi administrasiyadan qovsunlar. Mən sizə işdən öz xahişinizlə getmək imkanı verirəm.
  • Çox sağ olun, cənab. Mən bu təklifinizi qəbul etməyə hazır deyiləm. Əgər istefa etsəm, onda bu, o deməkdir ki, mən öz səhvimi qəbul edirəm, sizin də ittihamlarınız özünü doğrultmuş olur. Mən ki, bunu qəbul etmirəm.
  • Necə sizə xoşdur. Mən bu məsələni diqqətlə araşdırmışam və dediklərimə heç bir şübhəm yoxdur. Sizi administrasiyadan uzaqlaşdırmağa məcburam. Bütün lazımi sənədləri alacaqsınız. Bu arada işə qayıdın və işləri sizin yerinizə təyin olunan məmura təhvil verin.
  • Lap yaxşı, cənab, – deyə Alban gözlərində sevinclə cavab verdi, –  nə zaman iş başına qayıtmağımı istəyirsiniz?
  • Dərhal.
  • Etiraz etmirsiniz ki, əvvəlcə kluba gedib qəlyanaltı edim?

Qubernator təəccüblə ona baxdı. Əsəbi olsa da Albana bir heyranlıq duydu.

  • Qətiyyən. Torel, mən çox təəssüf edirəm ki, bu xoşagəlməz hadisə ucbatından hökumətimiz sizin kimi öz işinə canla-başla yanaşan, mədəni, ziyalı, gələcəkdə daha yüksək vəzifəyə layiq ola bilən bir məmurdan məhrum olmağa məcburdur.
  • Əlahəzrət, güman edirəm, Şilleri oxumur. Yəqin ki, siz onun bu məşhur misraları ilə tanış deyilsiniz: “mit der dummheit kämpfen fir Götter selbst vergens“.
  • Bunun mənası nədir?
  • Hərfi tərcümə etsək təxminən belə məna verir: “Allahlar özləri belə səhefliyə qarşı əbəs yerə vuruşurlar.”
  • Sağlıqla qalın.

Başını dik tutaraq, dodaqlarında təbəssüm Alban Qubernatorun idarəsindən çıxdı. Qubernator da insan idi və bir az keçmiş sırf marağından dolayı katibindən Albanın həqiqətən də həmin gün kluba gedib-getmədiyini soruşdu.

  • Əcəb möhkəm əsəbləri var ha!

Alban heç özünü sındırmadan kluba girdi və barda dayanmış bir neçə nəfərə qoşuldu. Həmişəki kimi yenə də onlarla həminki qayğısız, səmimi tonla danışmağa başaldı. O, daim belə edirdi ki, insanlar özlərini rahat hiss etsinlər, sıxılmasınlar. Bu adamlar Strətton qayıdıb gələndən bəri Albanı müzakirə edirdilər, ona rişxənd edir və dalınca gülürdülər. Onun təkəbbürünə nifrət edənlər hamısı – belələrinin sayı isə olduqca çox idi – sevinirdilər ki, artıq Albanın qüruru sınıb. Ancaq indi onu burada görəndə karıxıb qaldılar, onu belə şən, gülərüz görəndə isə lap çaş-baş oldular.

Aralarından bir nəfər bunun səbəbini çox gözəl bilsə də Albandan niyə Port Vallesə gəldiyini soruşdu.

  • Hə, mən plantasiyada baş verən qiyama görə gəlmişdim. Əlahəzrət məni görmək istəyirdi. Bu barədə fikirlərimiz üst-üstə düşmür. Bu qoca eşşək məni işdən çıxartdı. Təzə Dairə Rəisi gələn kimi İngiltərəyə qayıdacam.

Bir anlığa araya durğunluq çökdü. Digərlərinə nisbətən daha mədəni olan birisi dilləndi:

  • Çox təəssüf edirəm.

Alban çiyinlərini çəkdi.

  • Bilirsiniz, əzizim, səfeh adamla nə edəsən ki?! Ən yaxşısı odur ki, qoyasan özü öz qazanında bişsin.

Qubernatorun katibi bütün bunları özlüyündə saf-çürük edib lazım olan məqamları Qubernatora çatdırdı. O isə öz növbəsində gülümsədi.

  • Cəsarət qəribə şeydir. Onun yerinə olsaydım kluba gedib camaatın üzünə çıxmaqdansa başıma bir güllə çaxardım.  

Iki həftədən sonra Annanın min bir əziyyət bahasına düzəldib ərsəyə gətirdiyi bütün bəzək-düzəkləri yeni gələn Dairə Rəisinə satıb yerdə qalan şeylərini çemodanlara və çantalara yığdılar və Sinqapura gedən paraxoda minmək üçün Port Vallesə gəldilər. Keşişin arvadı onları gecə qonaq qalmağa dəvət etsə də Anna razı olmadı. Təkidlə otelə getməyi istədi. Elə gəldikləri vaxtdan heç bir saat keçməmişdi ki, Qubernatorun arvadından kiçik bir məktub aldı. O, Annanı evlərinə çay içməyə dəvət edirdi. Getdi. Xanım Hənni evdə tək idi. Ancaq az keçməmiş Qubernator da gəldi. O, belə alındığı üçün Annadan üzr istədi.

  • Belə düşündüyünüzə görə təşəkkür edirəm, – Anna şən-şən gülümsədi, – ancaq düşünməyin ki, mən bunu ürəyimə salıram. Mən tamamilə Albanın tərəfindəyəm. Məncə o, çox düzgün hərəkət etdi. Etiraz etsəniz də deməliyəm ki, siz ona qarşı haqsızlıq etdiniz.
  • Inanın mənə, həqiqətən də belə addım atmağa məcbur oldum.
  • Gəlin bu barədə heç danışmayaq, – Anna dedi.
  • İngiltərəyə qayıtdıqdan sonra nə kimi planlarınız var?, – Xanım Hənni maraqlandı.

Anna rahatlıqla bu barədə danışmağa başladı. Elə bil bu dünyada heç dərdi yoxmuş. Elə görünürdü ki, sanki vətənə qayıtdıqıarına görə kefi kökdür. Şən idi, zarafat edirdi. Onlarla sağollaşanda Qubernatora da, arvadına da onlara göstərdiyi nəvaziş və mehribanlığa görə təşəkkür etdi. Qubernator onu qapıya qədər ötürdü.

Səhəri gün şam yeməyindən sonra onlar təmiz, rahat və kiçik bir gəmi ilə yola düşdülər. Keşiş və arvadı onları ötürməyə gəlmişdilər. Kayutaya keçəndə oradakı koykalardan birinin üstündə böyük bir bağlama gördülər. Albana göndərilmişdi. Açanda içindən nəhəng bir pambıq topası çıxdı.

  • Baho! Maraqlıdır görəsən bunu kim göndərib?, – Alban gülərək dedi, – Əzizim, bu, çox güman ki, sənin üçündür.

Anna göndərilən şeyə ani nəzər saldı. Rəngi ağappaq oldu. Heyvanlar! Necə belə amansız olmaq olar?!

Hiss etdiklərini büruzə verməməyə çalışaraq özünü gülümsəməyə məcbur etdi.

  • Nə yaman yekədir. Heç mən ömrümdə belə pudra pambığı görməmişəm.

Ancaq gəmi hərəkətə başlayan kimi Anna kayutadan çıxaraq qəzəblə onu gəmidən dənizə tulladı.

Indi isə, Sondurah onlardan doqquz min mil uzaqda idi və artıq Londona qayıtmışkən, bu barədə düşünərkən Anna yumruğunu sıxdı. Nə olursa olsun, bu, ən pis bir şey idi. Albana belə bir şeyin göndərilməsi iyrənc bir qabalığa işarə idi! Nə qədər mənasız, murdar bir qəzəb idi! Görəsən onların yumor hissi elə budurmu?! Hələ heç nə Annanı bu qədər incitməmişdi, elə indi də hiss edirdi ki, güclü iradəsi sayəsində özünü hönkür-hönkür ağlamaqdan saxlaya bilir. Qəfildən diksindi; qapı açıldı və Alban içəri girdi. Anna o gedəndən bəri oturduğu yerdən tərpənməmişdi.

  • Salam. Bəs niyə paltarını dəyişməmisən?, – Dönüb ətrafına baxdı. – Heç çemodanları da açmamısan ki.
  • Yox.
  • Axı niyə?
  • Heç açmaq fikrim də yoxdur. Mən burada qalmayacaqm. Mən gedirəm. Səndən ayrılıb gedirəm.
  • Sən nə danışırsan?
  • Indiyə qədər birtəhər dözdüm. Qərara gəlmişdim ki, bura gələnə qədər bunu etməliyəm. Dişimi dişimə sıxdım, mümkün olduğundan da artıq çəkdim, ancaq daha canım boğazıma yığılıb. Nə lazım idisə onu etdim. Indi də bir halda ki, Londona gəlib çatmışıq, mən artıq gedə bilərəm.

Alban dəhşət içində ona baxdı.

  • Sən dəli olmusan, Anna?!
  • Off ay Allah, bu, nədir mən çəkirəm?! Sinqapura gedəndə oradakı bütün zabitlər, hətta çinli stüardüssalar hamısı bilirdi. Hələ Sinqapurun özündə, oteldə adamların bizə necə baxmaları, onların bizə olan hüsn-rəğbətinə dözməyə məcbur qalmağım, onların nəyisə düz eləməmələri, sonra da buna görə pərt olmaları… aman Allah, onları öldürərdim mən! Sonra bu acı bağırsaq kimi uzanan yol… Gəmidə elə adam yox idi ki, bunları bilməsin. Onların sənə olan nifrəti, mənə göstərdikləri nəvaziş… Sən isə fil qulağında yatmısan elə bil, özündən razı, arxayın, heç nə görmürdün, heş nə duymurdun. Nə qədər gönüqalınmışsan! Sənin onlarla söhbətləşməyini görəndə ürəyim bulanırdı. Səviyyəsiz görünənlər biz idik! Elə bil özün elə şərait yaradırdın ki, səni yerində otuzdursunlar. Necə belə utanmaz olmaq olar?!

Annanın ağzından od püskürürdü. Indi bir halda ki, bu qədər özünü məcbur edib laqeydlik və qürur maskası taxmışdı, daha səbir kasasının dolduğunu görüb bütün təmkin və səbrini bir kənara atmışdı. Sözlər onun ağzından qarşısıalınmaz bir dalğa ilə tökülürdü.

  • Canım-gözüm, axı bunlar hamısı cəfəng şeylərdir, – Alban gülümsünərək mehribanlıqla dedi, – Sən əsəbiləşmisən, özün də çox tez özündən çıxansan. Elə ona görə də ağlına bu cür mənasız fikirlər gəlir. Niyə mənə deməmisən? Kənddən şəhərə gələn adamlar olur ha, elə bilirlər ki, hamı onlara baxır, sən lap onlar kimisən. Kimin bizimlə nə işi vardı ki?! Lap elə olsa belə, nə dəxli var ey?! Axmaqların dediyi sözlər üçün narahat olmağa dəyərmi?! Sən ki, ağıllı qadınsan. Yaxşı, lap olsun, nə gəvəzələyirdilər ki?
  • Sənin işdən qovulduğunu deyirdilər.
  • Hə nə olsun, düzdür də.
  • Deyirdilər ki, qorxaqsan.
  • Axı nə olsun?!
  • Nə olsun, nə olsun! Deməli dedikləri şeylər doğru imiş də!

Alban bir anlığa diqqətlə arvadına baxdı. Dodaqları dartıldı.

  • Sən niyə belə fikirləşirsən ki?, – deyə acı-acı soruşdu.
  • Mən bunu sənin gözlərdindən oxudum, elə o xəbər gələn günü. Yadındadır, sən plantasiyaya getməkdən boyun qaçırdın, şlemini götürmək üçün zala keçəndə mən də hələ sənin dalınca gəldim. Yalvardım ki, gedəsən. Mən düşündüm ki, təhlükə nə olursa olsun, sən ora getməliydin. Ancaq elə o anda sənin gözlərində o qorxunu sezdim. Dəhşətdən özümə gələ bilmirdim.
  • Gərək nə qədər axmaq olardım ki, həyatımı mənasız bir şeyə görə riskə atardım. Niyə də atmalıydım axı?! Şəxsən məni narahat edən qorxulu bir şey də yox idi arada. Cəsarət axmaqların əsas məziyyətidir. Mənim üçünsə əhəmiyyət kəsb eləmir.
  • Necə yəni səni narahat edən qorxulu bir şey yox idi?! Sən nə danışırsan? Əgər bu doğrudursa, onda belə çıxır ki, sənin bütün həyatın başdan-ayağa saxtakarlıq imiş. Sən inandığın hər şeyi, birlikdə mübarizə apardığımız bütün dəyərləri bada verdin. Sən hamımızın başını aşağı elədin. Biz özümüzə zirvələrdə yer tutmuşduq, özümüzü onların hamısından üstün hesab edirdik, çünki biz ədəbiyyatı, incəsənəti, musuqini sevirdik, biz paxıllıq, qısqanclıq və bayağı dedi-qodularla dolu bir həyat sürməyi özümüzə ar bilirdik, biz mənəvi şeylərdən zövq alırdıq, biz gözəllik aşiqiydik… Bu, bizim  ruhumuzun qidası idi. Nə oldu bəs?! Onlar bizə gülür, bizi ələ salırdılar. Dözə bilmirdim. Cahillər və adilər onların anlamadıqları şeylərə maraq göstərənlərə təbii olaraq nifrət edirlər. Bizim isə heç nə vecimizə deyildi. Biz onları özülyümüzdə filister adlandırırdıq. Onları görməyə gözümüz yox idi. Və buna haqqımız da çatırdı. Özümüzə onunla bəraət qazandırırdıq ki, biz onlardan yaxşıyıq, hörmətliyik, ağıllıyıq və cəsarətliyik. Sən isə daha yaxşı, daha mötəbər, daha cəsarətli olmadın. Belə bir böhranlı vəziyyətdə sən qamçı görmüş it kimi quyruğunu qısıb qaçdın. Elə bir vaxt idi ki, heç kimin qorxaqlıq etməyə haqqı da yox idi. Indi onların bizi görməyə gözləri yoxdur və düz də edirlər. Bizə və dəyər verdiyimiz hər şeyə nifrət edirlər onlar! Indi onlar lap rahatlıqla deyə bilərlər ki, incəsənət də, gözəllik də cəfəngiyyatdan başqa bir şey deyilmiş. Lazım olan məqamlarda bizim kimi insanlar hər şeyi atıb qaçmağa hazır olurlar. Onlar həmişə arxalarını bizə çevirib getmək fürsətini güdüblər, sən də bu imkanı onlara verdin. Deyə bilərlər ki, həmişə dördgözlə bunun nə vaxt olacağını gözləyiblər. Bu, onların qələbəsidir. Həmişə dəli olurdum ki, onlar səni “Pudra Pambığı” adlandırırlar. Bilirdin bunu?
  • Əlbəttə bilirdim. Düzdür, xoşuma gəlməsə də, vecimə də deyildi.
  • Gülməlidir, ancaq zənni onları aldatmadı.
  • Sən demək istəyirsən ki, bütün bu vaxt ərzində sən məndən bunları gizlətmisən? Sənin belə şey edəcəyin ağlıma gəlməzdi.
  • Hamı sənə qarşı gələn vaxt mən səni pis vəziyyətdə qoya bilməzdim ki! Buna görə hətta özümlə fəxr edirəm. Nə olursa olsun, and içmişdim ki, səni tək qoymayacam. İngiltərəyə gələnə qədər. Ancaq bu, mənim üçün bir izturab idi.
  • Sən daha məni sevmirsən?
  • Sevmək? Sənin kölgənə də nifrət edirəm.
  • Anna!
  • Allah şahiddir ki, mən səni necə sevirdim. Düz səkkiz il sənin ayağın dəyən torpağı öpməyə belə hazır idim. Sən mənim üçün hər şey idin. Sənə Allaha inandığım kimi inanırdım. Ancaq həmin gün sənin gözlərindəki o qorxunu sezəndə və mənə deyəndə ki, yandan tutma qadına və onun metis körpələrinə görə həyatını riskə atmazsan, mən sarsıldım. Elə bil ürəyimi dartıb qopardılar və tapdaladılar. Elə bununla da oradaca mənim məhəbbətimi, sonra da Albanı – özünü öldürdün. Elə məhv etdin ki, bir də çətin ayağa dursun. O vaxtdan bəri hər dəfə sən məni öpəndə üzümü çevirməkdən özümü zorla saxlayırdım. Bunun ardını düşünəndə isə qusmağım gəlir. Sənin təkəbbüründən, sənin o qorxunc gönüqalınlığından zəndeyi-zəhləm gedir. Bu, bir anlıq zəiflik olsaydı və sən də sonradan buna görə xəcalət çəksəydin, mən bəlkə də səni bağışlaya bilərdim. Düzdür, bu, acizlik olardı mənim tərəfimdən, ancaq sənə olan sevgim o qədər böyük idi ki, sənə yalnız yazığım gələrdi və üstündən keçib gedərdim. Ancaq səndə heç utanma hissi yoxdur. Indi mən artıq heç nəyə inanmıram. Sən vur-tut səfeh, təşəxxüslü, şit bir ədəbazsan! Sənin kimi saxta, riyakar birinin arvadı olmaqdansa kaş aşağı səviyyəli, lakin insanlıqdan məhrum olmayan bir zəmindarın arvadı olardım.

Alban cavab vermədi. Tədricən sifətində bir təlaş oxunmağa başladı. Üzünün yaraşıqlı, hamar cizgiləri əyildi və o, qəfildən hönkürməyə başladı. Anna çığırdı:

  • Lazım deyil, Alban, lazım deyil, belə eləmə!
  • Ah, əzizim, necə mənə qarşı belə amansız ola bilərsən?! Mən sənə məftunam. Sənin xoşuna gəlmək üçün canımı qurban edərəm. Sənsiz yaşaya bilmərəm.

Anna sanki zərbələrdən qorunurcasına əllərini qabağa uzatdı.

  • Yox, yox, Alban, mənə təsir göstərməyə çalışma. Alınmayacaq. Mən getməliyəm. Daha səninlə qala bilmərəm. Bu, qorxunc bir şey olardı. Mən bütün bu olanları heç vaxt unuda bilmərəm. Düzünü deməliyəm, sənə nifrət edirəm, iyrənirəm səndən.

Alban onun ayaqlarına düşüb dizlərinə sarıldı. Nəfəsi təngimiş halda Anna ayağa sıçradı, Albanın başı boş stulun üstünə düşdü. O, yanğılı-yanğılı hönkürür, boğazından qorxunc səslər çıxırdı. Annanın gözlərindən yaş sel kimi axdı, bu dəhşətli, tükürpədici hönkürtünü eşitməmək üçün əllərini qulaqlarına tutub kor kimi səndələyə-səndələyə qapıya cumdu və özünü bayıra atdı.