Uilyam Somerset Moem – Ana

Həyətdə dava səsləri eşidən iki-üç nəfər adam otaqlarından çıxıb qulaq kəsildilər.

  • Təzə kiryənişindir, – bir qadın dedi, – əşyalarını gətirən yükdaşıyanla dava edir.

Bura Seviliyanın ən kələ-kötür kvartalı olan La Makarenanın xəlvət küçələrindən birində yerləşən, ortasında həyəti olan iki mərtəbədən ibarət çoxmənzilli bir ev idi. Otaqlar fəhlələrə və İspaniyada dolu olan xırda məmur işçilərə – poçtalyonlara, polislərə, yaxud da tramvay bələdçilərinə açıq idi və bu yer uşaqlarla qaynaşırdı. Orada iyirmi ailə vardı. Bütün vaxtı elə hey dalaşırdılar, barışırdılar; uca səslə boşboğazlıq edirdilər; lazım gələndə bir-birlərinə yardımları da toxunurdu; çünki Andalusiyalılar mehriban təbiətli insanlar idilər və ümumilikdə götürəndə bir-birlərini yaxşı yola verirdilər. Bir otaq vardı ki, orada müəyyən müddət heç kim qalmırdı. Bir qadın onu həmin səhər kirayə götürmüşdü və bir saat sonra da özünün gücü çatan qədər  əski-üskülərini daşıyıb gətirmişdi. Qalan şeylər də qalleqoya[1] yüklənmişdi – Qalisiyalılar İspaniyanın ümumi yükdaşıyanları idilər.

Ancaq dava getdikcə lap qızışırdı. Yuxarıda ikinci mərtəbədə olan iki qadın bir söz belə ötürməmək dərdindən eyvandan aşağı boylanmışdılar.

Onlar təzə gələnin ciyiltili səslə söyüş yağdırdığını, kişinin isə qaşqabaqlı halda onun sözünü kəsdiyini eşitdilər. Hər iki qadın bir-birini dümsüklədi.

  • Pulumu verməyincə buradan gedən deyiləm, – o, hey təkrarlayırdı.
  • Axı mən sənin pulunu artıq ödəmişəm. Özün dedin ki, bu işi üç riala görəcəksən.
  • Xeyr! Siz mənə dörd söz verdiniz.

Onların yersiz öcəşdikləri məbləğ iki pens yarımdan da az idi.

  • O iki-üç dənə şeyi yerindən tərpətməyə dörd rial? Sən dəli olmusan!

Qadın onu itələdi.

  • Pulumu verməyincə heç yerə gedən deyiləm, – o isə təkrarladı.
  • Sənə bir penni artıq verərəm.
  • Götürməyəcəm.

Mübahisə getdikcə qızışırdı. Qadın yükdaşıyanın üstünə bağırdı və söydü. Yumruğunu onun sifətinin qarşısında yellədi. Axırda oğlanın səbir kasası doldu.

  • Of! Yaxşı, bir pennini ver, mən gedim. Nahaq sənin kimi ifritəyə vaxtımı hədər yerə sərf edirəm.

Qadın pulu ödədi, oğlan isə döşəyi yerə tullayaraq çıxıb getdi. Gedərkən qadın onun dalınca iyrənc bir söz də işlətdi. Şeylərini dartıb içəri salmaq üçün otağından çıxdı və eyvandakı iki qadın onun sifətini gördülər.

  • Carai, nə kinli sifəti var! Lap adamöldürənə oxşayır.

O anda bir qız pilləkənla yuxarı qalxdı və anası ona səsləndi:

  • Gördün onu, Rozaliya?
  • Qalleqodan onun haradan gəldiyini soruşdum, o deyir ki, yükü Trianadan gətirib. Qadın ona dörd rial verəcəyini deyib, sonra da ödəməkdən boyun qaçırıb.
  • Sənə onun adını dedi?
  • Bilmir. Ancaq Tianada hamı onu La Kaçirra çağırırmış.

Unutmuş olduğu boğçanı götürmək üçün o cəncəl qadın bir də göründü. Eyvanda dayanıb arsız-arsız onu müşahidə edən qadınlara nəzər saldı, lakin heç nə demədi. Rozaliya üşəndi.

  • Bu qadın məni qorxudur.

La Kaçirra qırx yaşında, haldan düşmüş, çox arıq, qırğı caynağına bənzər sürsümüklü əlləri və barmaqları olan qadındı. Batıq ovurdları vardı, dərisi qırışmış və saralmışdı. Solğun, qalın dodaqları olan ağzını açanda yırtıcı heyvanınkına bənzəyən dişlərini göstəriridi. Saçları qara və pırtlaşıq idi. Onlara səliqəsiz düyün vururdu və elə görünürdü ki, guya çiyinləri üzərindən tökülür, hər qulağının üstündən də bir çəngə düz saç sallanırdı. Çuxurda yerləşmiş iri, qara gözləri qeyzli bir şəkildə parıldayırdı. Sifətində elə bir zalım ifadə vardı ki, heç kim yaxınlaşıb onunla söhbət etməyə cəsarət etmirdi. Tamamilə özünə qapanmışdı. Qonşuların marağınını cəlb etmişdi. Yoxsul olduğunu bilirdilər, çünki paltarları yaman gündə idi. Hər səhər saat 6-da evdən çıxır, bir də gecə qayıdırdı. Ancaq onun necə çörək pulu qazandığını öyrənə bilməmişdilər. Onda onlar həmin evdə yaşayan polisi sorğu-sual üçün sıxışdırdılar.

  • Özü sükutu pozmayınca, mənim onunla heç bir işim yoxdur, – o dedi.

Ancaq Sevilyada qalmaqal sürətlə yayılır və bir neçə gündən sonra yuxarı otaqda yaşayan bənna belə bir xəbər gətirdi ki, Trianada yaşayan bir dostu onun hekayətini bilir. La Kaçirra bir ay əvvəl həbsxanadan çıxıbmış və yeddi ilini orada keçiribmiş – qətl üstündə. Trianada ev tutbmuş, lakin nə baş verdiyini öyrənən uşaqlar ona daş atmağa başlamış və təhqiramiz adlarla çağırırmışlar. Qadınsa pis sözlərlə və hücumlarla cavab qaytararkən həmin yerə elə bir çaxnaşma salıbmış ki, axırda ev yiyəsi ona xəbərdarlıq edib. Ev yiyəsini və onu qovanların hamısına lənət yağdıraraq, bir səhər La Kaçirra qəfildən qeyb olub.

  • Yaxşı, bəs o, kimi öldürüb?, – Rozaliya sual verdi.
  • Deyirlər ki, sevgilisi imiş, – bənna cavab verdi.
  • Dünyasında inanmaram ki, onun sevgilisi olmuş olsun, – Rozaliya rişxəndli gülüşlə dedi.
  • Ah, müqəddəs Mariya!, – Rozaliyanın anası Pilar çığırdı, – ümid edirəm ki, bizlərdən kiminsə axırına çıxmaz. Mən dedim ki, üzdən o, qatilə oxşayır.

Tir-tir titrəyən Rozaliya əlini sinəsinə vurub xaç çevirdi. Elə bu vaxt La Kaçirra gündəlik işindən qayıtdı və söhbət edənlərin üzərinə qəfil pərişanlıq çökdü. Onlar sanki bir-birlərinə qısılırmışcasına bir hərəkət etdilər və həyəcanla azğın gözlü bu qadına baxdılar. Qadın deyəsən onların bu sükutunda nəsə məşum bir şey hiss etdi və onlara ani, şübhəli bir nəzər yetirdi. Söhbətə başlamaq üçün polis ona axşamın xeyir dedi.

  • Buena sera[2], – qadın qaşqabaqla cavab verdi və cəld otağına keçərək qapını çırpıb örtdü.

Onlar qapının içəridən kilidləndiyini eşitdilər. Acıqlı, qaşqabaqlı gözlər hamının üzərinə bir ölgünlük sərmişdi və onlar zərərli ovsun altında imiş kimi pıçııltı ilə danışdılar.

  • İçində bir şeytan var, – Rozaliya dedi.
  • Çox sevinirəm ki, bizi qorumaq üçün sən varsan, Manuel, – anası da polisə baxaraq əlavə etdi.

Lakin deyəsən La Kaçirranın problem yaratmaq fikri yox idi. Özünə qapalı haıda öz yolu ilə gedər, heç kimlə bir kəlmə kəsməz və yaxınlıq kimi göstərilən hər hansı bir cəhdə qısa rabitəsiz cavablar verirdi. O, hiss etmişdi ki, qonşular onun sirrindən – qətldən və uzun müddətli həbs həyatından agahdırlar; və sifət cizgiləri daha da sərtləşir, dərində yerləşmiş gözlərindəki ifadə daha da amansız olurdu. Amma tədricən onun səbəb olduğu təşviş sovuşub getdi. Hətta gəvəzə Pilar da həyətdə cəmləşmiş qrupun arasından aradabir keçib gedən bu səssiz sısqa fiqura əhəmiyyət vermirdi.

  • Cəsarətlə deyə bilərəm ki, türmə onun başını xarab edib. Deyirlər ki, çox vaxt belə olur.

Bir gün elə bir hadisə baş verdi ki, dedi-qodunu təzələdi. Cavan bir oğlan rejaya – evin giriş tərəfinin dəmir çərçivəli qapısına yaxınlaşdı və Antoniya Sançesi xəbər aldı. Həyətdə oturub yubka yamayan Pilar başını qaldırıb qızına baxdı və çiyinlərini çəkdi:

  • Burada bu adda adam yaşamır, – dedi.
  • Əlbəttə yaşayır, – gənc adam cavab verdi. – Qısa fasilədən sonra, – Ona La Kaçirra da deyirlər, – əlavə etdi.
  • Hə, bildim, – Rozaliya darvazanı açdı və qapıya işarə etdi, – Oradadır.
  • Təşəkkür edirəm.

Cavan oğlan onun üzünə gülümsədi. Qız gözəl idi, üzünün qəşəng rəngi və gözəl, cəsarətli gözləri vardı. Parlaq qara saçlarına bir qırmızı qərənfil taxmışdı. Dolu döşləri vardı, gilələri köynəyinin altından qabarırdı.

  • Səni doğan anaya halal olsun, – oğlan çeynənmiş ifadə işlətdi.
  • Vaya Usted con Dios[3], Allah köməyin olsun, – Pilar cavab verdi.

Oğlan ötüb keçərək qapını döydü. Hər iki qadın maraqla onun dalınca baxdılar.

  • Kim ola bilər bu?, – Pilar sual verdi, – heç əvvəllər La Kaçirranın yanına gələn olmayıb.

Qapıya çıxan olmadı və o, yenidən qapını döydü. La Kaçirranın “kimdir” deyə qıcırtılı səsi eşidildi.

  • Madre!, – o qışqırdı, – Ana!

Bir bağırtı gəldi. Qapı şaqqıltı ilə açıldı.

  • Karrito!

Qadın qollarını onun boynuna dolayıb çılğınlıqla öpməyə başladı. Ona nəvaziş göstərərək hər iki əli ilə oğlanın sifətini sevgi ilə tumarladı. Bu səhnəni seyr edən ana və qızının ömründə ağıllarına da gəlməzdi ki, o qadın belə incə hisslərə sahibmiş. Nəhayət sevinc hönkürtüləri ilə o, oğlanı öz otağına dartıb apardı.

  • Oğlu imiş, – Rozaliya təəccüblə dilləndi, – haradan bilmək olardı! Belə alicənab birisi onun oğlu olsun.

Karritonun üzü arıq idi, ağ, hamar dişləri vardı; saçları çox qısa vurulmuşdu, gicgah hissədə qırxılmış və əsil Andalusiya yaraşığı vermək məqsədilə saç düzümü edilmişdi. Vaxtından qabaq cücərmiş saqqalının kölgəsi şabalıdı dərisinin altından göyümtül rəngə çalırdı. Və heç şübhəsiz ki, təmtəraq sevən idi. Onda dəbdəbəli geyimə qarşı bir milli sevgi hissi vardı, şalvarı qıçlarına yapışmışdı. Qısa gödəkcəsi və büzmə köynəyi təptəzə idi, sanki bu dəqiqə asılqandan çıxarıb geyinmişdi. Başında enli şlyapa vardı.

Nəhayət La Kaçirranın otağının qapısı açıldı və oğlunun qolundan yapışmış halda qapıda göründü.

  • Gələn bazar yenə gələcəksən?, – soruşdu.
  • Əgər gəlməyimə mane olan bir şey olmasa mütləq gələcəm.

Oğlan Rozaliyaya nəzər saldı, anasına xeyirli gecə arzuladıqdan sonra qıza da baş əydi.

  • Vaya Usted con Dios!, – qız dedi.

Rozaliya onun üzünə gülümsədi və tünd gözlərini süzdürdü. La Kaçirra bu baxışı tutdu; və hüdudsuz sevincini bulud kimi sifətindən silib aparan bir qaşqabaq üzünü qaraltdı. Bu gözəl qıza acıqlı bir şəkildə mısmırıq salladı.

  • Oğlunuzdur?, – gənc oğlan gedəndən sonra Pilar soruşdu.
  • Bəli, oğlumdur, – La Kaçirra otağına tərəf dönərək qaba bir halda cavab verdi.

Heç nə onu yumşalda bilməzdi, hətta qəlbi fərəhdən riqqətə gəlsə belə yenə də dostluq cəhdlərini qətiyyətlə rədd etdi.

  • Yaraşıqlı oğlandır, – Rozaliya dedi və növbəti iki-üç gün ərzində oğlan onun xəyalından çıxmadı.

La Kaçirranın oğluna olan sevgisi dəhşətli bir şey idi. Bu dünyada onun varı-yoxu bircə oğlu vardı və anası onu elə coşğun, qısqanc bir məhəbbətlə sevirdi ki, əvəzində də mümkün olmayan bir bağlılıq tələb edirdi. Istəyirdi ki, oğlu üçün həyatda hər şey o olsun. Oğlanın işinə görə birlikdə qalmaq imkanı yox idi və oğlundan ayrı yaşarkən onun oralarda anasız nə edəcəyini təsəvvürünə gətirmək ona iztirab verirdi. Onun qadınlara nəzər salmasına dözə bilmirdi və oğlunun hansısa bir qıza mehribanlıq göstərə bilməsi fikri belə onu içindən qovurub yandırırdı. Seviliyada ən geniş yayılmış əyləncə uzun müddət davam edən eşq oyunları idi ki, burada qız gecəni yarıya qədər dəmir barmaqlıqlarla qorunan pəncərənin qırağında oturar, ya da qapının ağzında dayanar, sevgilisi də küçədən öz məftunluğunu izhar edərdi. Bu cür yaraşıqlı bir gəncin qadın təbəssümündən zövq ala biləcəyindən agah olan La Kaçirra oğlandan həyatında novia, yəni sevgilisi olub-olmadığını soruşurdu və o, bilirdi ki, oğlu bütün axşamı işdə olduğunu sübut etmək üçün and içəndə belə yalan danışır. Lakin onun inkar etmələri anasına sonsuz sevinc bəxş edirdi.

Rozaliyanın təhrikedici təbəssümünü və Karritonun da ona eyni şəkildə cavab verməsini görəndə cinləri başına vurdu. O, əvvəllər öz qonşularına nifrət edirdi, çünki onlar xoşbəxt idilər, o isə biçarə zavallı idi; çünki onlar onun sirrini bilirdilər; indi isə o, onlara daha çox kin bəsləyirdi, artıq dəlicəsinə təsəvvür edirdi ki, onlar oğlunu ondan almaq üçün plan qururlar. O biri həftənin bazar günü gunorta vaxtı La Kaçirra otağından çıxıb həyəti keçərək qapının azında dayandı. Bu, elə qəribə bir davranış idi ki, hətta qonşular buna irad tutdular.

  • Bilmirsən niyə o oradadır?, – Rozaliya gülüşünü boğaraq dedi. – Əziz-xələf oğlu gəlir, o da istəmir ki, biz onu görək.
  • Nə, yəni fikirləşir ki, biz onu yeyərik?!

Karrito gəlib çıxdı, anası onu dartıb cəld öz otağına apardı.

  • Oğlunu elə qısqanır ki, elə bil sevgilisi-zaddı, – Pilar mızıldandı.

Rozaliya bağlı qapıya baxaraq bir də güldü, parıldayan gözlərində bir dəcəllik vardı. Ağlına gəldi ki, Karrito ilə bir-iki kəlmə kəsmək necə də əyləncəli bir şey olardı. La Kaçirranın bundan necə qeyzlənəcəyini düşünəndə ağ dişləri parıldadı. Darvazanın ağzında özünə yer edib dayandı, belə ki, ana-bala çıxanda onunla rastlaşmamış keçə bilməsinlər. Ancaq La Kaçirra qızı görcək oğlunun o biri böyrünə keçdi ki, Karrito heç ona gözucu da nəzər yetirə bilməsin. Rozaliya çiyinlərini çəkdi.

  • Sən məni belə asanlıqıa məğlub edə bilməzsən, – qız düşündü.

Növbəti bazar, La Kaçirra darvazanın ağzında özünə yer edənə qədər Rozaliya küçəyə çıxdı və oğlanın hansı səmtdən gələ biləcəyini ehtimal edərək o istiqamətdə gəzişməyə başladı. Elə bir dəqiqə keçmişdi ki, Karritonu gördü və saymazyana şəkildə yoluna davam etdi.

  • Salam!, – oğlan ayaq saxlayaraq dilləndi.
  • Hə, sənsən?! Mən də fikirləşirdim ki, sən mənimlə danışmaqdan çəkinirsən.
  • Mən heç nədən çəkinmirəm, – oğlan lovğalıqla cavab verdi.
  • Anandan başqa!

Qız ayaq saxlamırdı, sanki oğlanın onu rahat buraxmasını istəyirdi, ancaq yaxşı bilirdi ki, o, ömründə belə şey eləməz.

  • Hara gedirsən?, – Karrito soruşdu.
  • Bunun sənə bir isti-soyuğu var ki, Karrito? Get ananın yanına, oğlum, yoxsa o, səni döyər! Anan yanında olanda mənim üzümə baxmağa belə qorxursan.
  • Boş sözdür!
  • Yaxşı, vaya Usted con Dios! Mənim işlərim var.

Oğlan müticəsinə uzaqlaşdı. Rozaliya öz-özünə güldü. La Kaçirra oğlunu yola salan vaxtı Rozaliya bir də həyətdə göründü.  Bu dəfə Karrito xəcalətindən cəsarətlənərək ayaq saxladı və ona gecən xeyrə qalsın dedi.  La Kaçirra qəzəbindən qıpqırmızı oldu.

  • Gəl Karrito, – qıcırtılı səslı çığırdı, – nə gözləyirsən?

Karrito çıxıb getdi, qadın isə danışmaq istəyirmişcəsinə Rozaliyanın qarşısına keçdi, lakin aşkar bir cəhdlə özünü yığışdırdı və öz qaranlıq, sakit otağına çəkilib getdi.

Bir neçə gün sonra Seviliyanın müqəddəs hamisi sayılan San İsidoranın şərəfinə ziyafət keçirmək və bayramı qeyd etmək məqsədilə bənna və bir-iki nəfər başqaları həyətə Çin fənərləri düzmüşdülər. Bunlar aydın yay gecəsində gözəlcə şölələnirdilər. Par-par yanan ulduzlar səmanı bürümüşdü. Evin sakinləri həyətin ortasında yığışmış, stullarda əyləşmişdilər. Qadınlar isə, hətta bəziləri körpələrini əmizdirərək kağızdan düzəldilmiş kiçik yelpiklərlə özlərini yelləyir, ortalığı qarışdıran hər hansı böyük bir uşağa acıqlanmaqla öz fasiləsiz söhbətlərinə ara verirdilər. Gündüzün nəfəskəsici boğanağından sonra axşamın sərinliyi adama ləzzət edirdi. Öküz yarışında olanlar orada iştirak etmək şərəfindən məhrum olanlara bu barədə danışırdılar. Onlar məşhur matador Belmantonun göstərdiyi şücaəti təfərrüatına qədər təsvir etdilər. Onların xəyalında oyunun hər məqamı getdikcə fərqli və rəngarəng forma alır, belə təsəvvür oyanırdı ki, sanki Seviliyanın tarixində hələ heç vaxt bundan daha yaxşı korrida[4] olmayıb. La Kaçirradan savayı hər kəs orada idi və onun otağında tək yanan şamın şöləsi görünürdü.

  • Bəs oğlu hanı?
  • Oradadır, – Pilar cavab verdi, – Bir saat bundna əvvəl ora keçdiyini görmüşəm.
  • Yəqin ki, özü üçün əylənir, – Rozaliya gülərək dilləndi.
  • Eh, La Kaçirranı düşünmə, – başqa biri dedi, – Gəl bir rəqs edək, Rozaliya.
  • Hə, hə, – onlar qışqırışdılar, – hə, nə gözləyirsən, gəl görək. Oyna görək.

Ispaniyada rəqs etməyi və rəqs edənlərə tamaşa etməyi çox sevirlər. Uzun illər öncə deyirdlər ki, ispan qadınları rəqs etmək üçün doğulublar.

Stullar dərhal dövrələmə düzüldü. Bənna və tramvay konduktoru gedib öz gitaralarını gətirdilər. Rozaliya kastanetlərini[5] götürüb baqşa bir qızın qabağına düşərək oynamağa başladı.

Musiqini eşidəndə Karrito darısqal otaqda qulaqlarını şəklədi. 

  • Oynayırlar, – o dedi. Qollarını, ayaqlarını gicişmə tutdu.

O, pərdə arxasından baxdı və Çin fənərlərinin işığında bir qrup adamı gördü. Iki qız rəqs edirdi. Rozaliya özünün bazar günləri geyinilən paltarlarını geyinmiş və adətə görə əməllicə ənlik-kirşanlanmışdı. Gözoxşayan bir qərənfil saçlarının arasından özünü göstərirdi. Karritonun ürəyi möhkəmcə döyünməyə başladı. Ispaniyada məhəbbət çox tez alovlanır və ilk dəfə o qızla söhbət etdiyi gündən bəri oğlan bu cazibədar qızı neçə dəfə xəyalından keçirmişdi. Ayağa qalxıb qapıya doğru  hərəkət edti.

  • Neyləyirsən?, – La Kaçirra sual verdi.
  • Gedib onların rəqsinə tamaşa etmək istəyirəm. Heç vaxt istəmirsən ki, mən kefimi açan şeylər eləyim.
  • Sənin dərdin Rozaliyanı görməkdir!

Anası onun qabağını kəsmək istəyəndə oğlan onu kənara itələdi və rəqs edənlərə tamaşa edən qrupa yaxınlaşdı. La Kaçirra onun dalınca bir-iki addım atdı, ancaq sonra qaranlıqda yarıgörünməz qalmış vəziyyətdə qəzəbindən dişi bağırsağını kəsərək ayaq saxladı. Rozaliyanın gözü oğlanı aldı.

  • Mənə baxmaqdan qorxmursan ki?, – böyründən keçərkən pıçıldadı.

Rəqs onu bütün qayğılardan uzaqlaşdırmışdı və qızın La Kaçirradan heç bir qorxusu qalmamışdı. Rəqs melodiyası sona çatanda Rozaliyanın partnyoru özünü stula yıxdı, qız isə iri addımlarla Karritonun üzərinə yeriyib başını arxaya ataraq düz onun qarşısında dimdik dayandı və bu cəld hərəkətdən sinəsi atlandı.

  • Əlbəttə, sən necə rəqs etməyi belə bilmirsən!, – dedi.
  • Əlbəttə ki, bilirəm!
  • Olsun! Onda göstər görək nə bilirsən.

Qız təhrikedici bir tərzdə gülümsədi, ancaq oğlan hələ də tərəddüd içində idi. Çiyinləri üzərindən qanrılıb anasına baxdı, qaranlıqda onu görməkdən daha çox hiss etdi demək daha düzgün olardı. Rozaliya bu baxışı və onun mənasını tutdu.

  • Çəkinirsən?
  • Nədən çəkinməliyəm ki?, – oğlan çiyinlərini ataraq soruşdu.

Karrito rəqs meydançasına doğru addımladı. Gitaraçalanlar gitaralarını dınqıldatdılar, tamaşaçılar Ole rəqsinə uyğun olaraq ara-sıra yüksək səslər çıxarmaqla ritmi tutaraq əl çalmağa başladılar. Bir qız yaxınlaşaraq Karriotya bir cüt kastanet  verdi və cütlük rəqsə başladı. Hər ikisi sanki qaranlıqda ilan varmış kimi bir fısıltı eşitdilər, Rozaliya isə indi heç nəyin fərqinə varmayaraq  kölgələrin arasından sezilən və ağappaq ağarmış bir bənizə baxaraq güldü. La Kaçirra tərpənmirdi. O, rəqsin hərəkətlərini, vücudların necə yırğalanmasını, dolaşıq addımları izləyirdi. O, Rozaliyanın cazibəli bir şəkildə irəli əyilməsini və Karritonun əlindəki kastanetləri bir-birinə şappıldadaraq qızın belinə sarılarkən üzündəki gülüşü gördü. Qadının gözləri alovlanan kömür təki parıldadı və o, gözlərinin dərinliyində bir yanğı hiss etdi. Lakin heç kim onun orada olduğunu sezmədi və qadın hiddətindən inildədi. Rəqs sona çatdı, Rozaliya alqışlardan məmnun halda gülümsünərək Karritoya çox gözəl rəqs etdiyini söylədi.

La kaçirra özünü otağa saldı və qapını arxadan kilidlədi. Karrito gəlib qapını açdırmağa çalışanda anasından cavab gəlmədi.

  • Yaxşı, onda mən evə gedəcəm, – dedi.

Yenə onun ürəyindən qara qanlar axdı, lakin buna rəğmən yenə də dillənmədi. Oğlu onun həyatında sahib olduğu, ürəkdən sevdiyi yeganə varlıqdı; ancaq ondan zəhləsi də gedirdi. Həmin gecəni yuxuya gedə bilmədi, yalnız oğlunun ondan oğurlandığını dəli kimi düşünərək yerində uzanmışdı. Səhər tezdən işə də getmədi, ancaq oturub Rozaliyanı gözlədi. Nəhayət ki, axşamkı şənlikdən yorğun bir halda qız bayıra çıxdı və qəfildən La Kaçirra ilə üzbəüz gəldi.

  • Sən mənim oğlumdan nə istəyirsən?
  • Nə demək istəyirsiniz?!, – Rozaliya sifətinə təəccüblü ifadə verərək cavab verdi.

La Kaçirranın bütün bədəni əsdi, əlini dişlədi ki, bəlkə belə az da olsa əsəblərini cilovlaya bilsin.

  • Aha! Sən mənim nə demək istədiyimi yaxşı bilirsən. Sən onu məndən oğurlayırsan!
  • Sənə elə gəlir ki, oğlun mənə lazımdır? Onu məndən uzaq tut. Əgər o, özü hər yerə gəlib arxamca sürünürsə, mən nə edə bilərəm?
  • Yalan deyirsən!
  • Özündən soruş! – Rozaliyanın səsində elə bir nifrət vardı ki, La Kaçirra özünü güclə saxladı. – Məni görmək üçün küçədə dayanıb bir saat gözləyir. Niyə götürüb özünə saxlamırsan?
  • Yalan deyirsən! Yalan deyirsən! Sən özün onun yolu üstünə çıxırsan!
  • Əgər mənə sevgili lazım olsaydı, heç xahiş eləməyə ehtiyac olmazdı, özləri gələrdilər. Qatilin oğlu isə mənə heç lazım deyil.

Bundan sonra hər şey La Kaçirra üçün lap qarma-qarışıq hala gəldi. Qan beyninə sıçradı və gözlərinə sağıldı. Rozaliyanın üstünə cumub onun saçından dartıb çəkdi. Qızdan şiddətli bir qışqırıq çıxdı və onun əindən qurtulmağa cəhd etdi, ancaq qəflətən yoldan keçən bir adam onları araladı.

  • Əgər Karritodan əl çəkməsən, səni öldürəcəm!, – La Kaçirra bağırdı.
  • Xox! Qorxdum! Bacarırsansa özün onu məndən uzaq tut! Sən lap səfehsən, görmürsənmi ki, o, mənim üçün ölür!
  • Di haydı, çıx get, – kişi dilləndi, – Ona cavab vermə, Rozaliya!

La Kaçirranın boğazından nəriltiyə bənzər bir səs çıxdı, sanki vəhşi heyvanı öz ovundan aralamışdılar və özünü küçəyə saldı.

Lakin rəqs Karritonu dəli-divanə etmişdi. Səhərisi gün də ancaq qızın qırmızı dodaqlarını fikirləşirdi. Qızın gözlərindəki parıltı ürəyinə işıq salmış və onu məftun etmişdi. Oğlan dəlicəsinə bu qızı arzulayırdı. Gecə düşəndə gəzə-gəzə Makarenaya gəldi və bir də özünü qızın evinin yanında gördü. Sütunlu eyvanın qaranlıq hissəsində dayanıb qız həyətdə görününcüyə qədər orada gözlədi. Həyətin o biri başında anasının təkcənə şölələnən işığı yanırdı.

  • Rozaliya!, – o, asta səslə çağırdı.

Rozaliya təəccüb dolu qışqırığını içində boğaraq başını geri çevirdi.

  • Bu gün sənin burada nə işin var?, – qız ona doğru irəliləyərək pıçıltı ilə soruşdu.
  • Səndən ayrı qala bilmədim.
  • Niyə?, – qız gülümsədi.
  • Çünki səni sevirəm.
  • Xəbərin var ki, anan bu səhər az qala məni öldürmüşdü?

Və andaluziyalıların xasiyyətinə uyğun bəzək-düzəklə qız baş verənləri nəql etdi, ancaq bununla belə La Kaçirranl özündən çıxardan rişxəndlə dediyi son kəlməni dilə gətirmədi.

  • Onun cinləri həmişə təpəsindədir, – Karrito dedi, sonra da hap-gopçuluqla əlavə etdi, – ona deyəcəm ki, sən mənim sevgilimsən.
  • Hə, lap sevinər, – Rozaliya istehza ilə cavab verdi.
  • Onda sabah rejaya tərəf gələrsən?
  • Bəlkə də, – qız dedi.

Oğlan astadan güldü, çünki qızın səsinin tonundan bildi ki, gələcək. Evə qayıdarkən indi həmişəkindən daha artıq bir təkəbbürlə yeriyirdi. Səhərisi gün o, gələndə qız artıq orada onu gözləyirdi, Seviliyada bütün sevgililərin etdiyi kimi saatlarla aralarında dəmir darvaza bir-birinin nəfəsində qızınaraq söhbətləşdilər və bir dəfə də olsun Karritonun ağlına gəlmədi ki, bu, lazımsız bir maneə idi. Rozaliyadan onu sevib-sevmədiyini soruşanda qız sevirmişcəsinə ah çəkdi. Onlar bir-birlərinin gözlərində qaynayan ehtirası görməyə çalışırdılar. O gündən sonra Karrito hər gecə oraya gedirdi.

Bütün bu sevgi görüşlərindən anasının xəbər tuta biləcəyindən ehtiyatlanaraq növbəti bazar günü Karrito anasını görməyə getmədi. Biçarə qadın ürək ağrısı ilə onu gözləyirdi. O, dizi üstə düşərək onu bağışlaması üçün oğluna yalvarmağa belə hazır idi, ancaq sonra Karrito gəlməyincə ona nifrət etdi. Hətta onu ayaqları altında ölmüş belə gormək istərdi. Düşünəndə ki, oğlunu görmək üçün hələ bir həftə də gözləməlidir, ürəyindən lap qara qanlar axdı.

Həftə keçdi, ancaq o, yenə görünmədi. Qadın artıq bu vəziyyətə dözə bilmirdi. Ah, bu əzablar, iztirablar! O, oğlunu heç bir sevgilinin onu sevə bilməyəcəyi qədər sevirdi. Öz-özünə deyirdi ki, bu, yalnız Rozaliyanın işidir və bu qız haqda fikirləşəndə, qəzəbdən ürəyi partlayırdı. Axır ki, Karrito cəsarətini toplayıb bir gün anasını ziyarətə gəldi, lakin anası onu çox gözləmişdi. Sanki qadının məhəbbəti ölmüşdü. Oğlan anasını öpmək istəyəndə qadın onu itələdi.

  • Əvvəlki günlər niyə gəlmədin?
  • Sən qapını üzümə çırpdın. Mən də fikirləşdim ki, yəqin məni istəmirsən!
  • Elə bu? Başqa bir səbəbin yox idi ki?
  • Işlərim çox idi. – o, çiyinlərini çəkərək dedi.
  • Işlərin çox idi?! Sənin kimi veyil-veyil gəzənin nə işi? Nə iş görürdün ki? Rozaliyanı gəlib görmək istəsəydin heç başın qarışıq olmazdı.
  • Sən niyə ona əl qaldırmısan?
  • Haradan bilirsən? Görmüsən ki, onu?, – La Kaçirra oğluna tərəf iri adım atdı, gözləri parıldadı, – O, mənə qatil dedi.
  • Hə, nə olsun ki?
  • Nə olsun ki?!, – anası elə çığırdı ki, həyətdə hamı onun səsini eşitdi. – Həm də ki, əgər mən qatiləmsə, bu, sənə görə belə oldu. Düzdür, mən Pepe Santini öldürdüm. Çünki o, səni döyürdü. Sənə görə mən yeddi il türmədə yatdım. Yeddi il! Ancaq sən, səfeh, elə bilirsən ki, sən onun vecinəsən. Düşünürsən ki, saatlarla sənin üçün qapının ağzında gözləyir.
  • Bilirəm, – Karrito dişlərini ağardaraq cavab verdi.

La Kaçirra acıqlı başlamışdı. O, oğluna çaşqın bir nəzər saldı və hər şeyi anladı. Keçirdiyi ağrı və hiddətdən nəfəsi təngidi. Əlini ürəyinə tutdu, sanki dözülməz bir ağrı çəkirdi.

  • Deməli hər gecə rejaya gəlirsən, ancaq məni görməyə bir dəfə də gəlməmisən? Bu, nə qəddarlıqdır! Bu dünyada sənin üçün eləmədiyim heç nə qalmayıb! Sənə elə gəlirdi ki, mən Pepe Santini sevirdim? Onun sillə-şapalağına ona görə dözürdüm ki, sənə bir parça çörək verə bilim. Səni də döyməyə başlayanda mən onun canını aldım. Aman Allah! Mən həmişə ancaq sənun üçün yaşamışam! Sənin fikrin olmasaydı, mən o yeddi ili həbsxanada çürüməkdənsə, ölərdim.
  • Özünə gəl, qadın! Bir az ağlın olsun! Mənim iyirmi yaşım var. Nə gözləyirsən? Rozaliya olmasa bir başqası olacaqdı.
  • Sən heyvansan! Nifrət edirəm sənə! Rədd ol burdan!

O, dəli kimi oğlanı qapıya doğru itələdi. Karrito çiyinlərini çəkdi.

  • Yoxsa elə bilirsən burada qalmaq üçün gözüm atır?!

Oğlan özündən razı halda həyətdən keçib gedərək dəmir darvazanı arxasınca çırpdı. La Kaçirra öz kiçik otağında elə hey o baş-bu başa var-gəl etdi. Saatlar elə gec keçirdi. Bir xeyli pəncərənin qarşısında dayanaraq hər an açılmağa hazır olan vəhşi heyvanın qorxunc sakitliyi ilə bayıra baxdı. Ürəyini çəkən ürpənmiş narahatçılığını basaraq tam hərəktsiz dayanmışdı. Rejada kiminsə gəlməsinə işarə olaraq əl çalındı və La Kaçirra dörd gözlə ağır-ağr nəfəs alaraq bayıra baxdı. Qəzəbindən gözləri az qala yerindən çıxacaqdı. Ancaq aşağıdakı adam bənna idi. Xeyli gözlədi, Rozaliyanın anası Pilar içəri daxil oldu və pilləkanlarla asta-asta öz otağına qalxdı. La Kaçirra nəfəsini tıxayan dözülməz hissi səngitmək üçün əlini boğazına apardı. Hələ gözləyirdi. Aradabir bədənindən bütün vücudunu saran qəribə bir ürpənti keçirdi.

Axır ki! Kimsə əlləri ilə yüngülcə qapını döydü və yuxarıdan bir səs gəldi:

  • Kimdir?
  • Sakit!

La Kaçirra Rozaliyanın səsini tanıdı. Bir qalibiyyət təntənəsi ilə nəfəs aldı. Yuxarıdan qapı açıldı və Rozaliya rahat və yüngül addımla həyətdən keçərək içəri girdi. Hər hərəkətindən məmnunluq oxunurdu. Elə ayağını təzəcə pilləkana qoymağa hazırlaşırdı ki, La Kaçirra irəli atılaraq onu saxladı. Qadın onun qolundan yapışdı, qız ha çabaladısa özünü xilas edə bilmədi. 

  • Nə istəyirsən?, – Rozaliya dedi, – imkan ver keçim.
  • Mənim oğlumla nə işin var sənin?
  • Qoy keçim, yoxsa qışqıracam!
  • Siz doğrudan hər gecə rejada görüşürsünüz?
  • Ana, kömək elə! Antonio!, – Rozaliya cingiltili səslə çığırdı.
  • Cavab ver mənə!
  • Yaxşı, olsun. Əgər düzünü bilmək istəyirsənsə, deyim. O, mənimlə evlənəcək. O, məni sevir – və mən də, mən də onu bütün varlığımla sevirəm, – Özünü onun sərt caynağından qurtarmağa çalışaraq La Kaçirranı daha da qeyzləndirdi, – elə bilirsən ki, bizə əngəl ola bilərsən? Bəlkə elə bilirsən o, səndən qorxur? O, sənə nifrət edir, özü deyib mənə. Deyir ki, kaş heç türmədən çıxmayaydın.
  • O, özü bunu deyib?!

La Kaçirra geri addım atdı. Rozlaiya imkandan istifadə etdi.

  • Hə, özü belə deyib. Hələ bundan da artığını dedi. Sənin Pepe Santini öldürdüyünü deyib. Yeddi il türmədə yatdığını da deyib. Deyirdi ki, kaş ölərdin.

Rozaliya sözləri zəhərlə püskürürdü, görəndə ki, zavallı qadın sanki vurulan zərbələrdən kiçilirmiş kimi biçarə bir vəziyyətə düşüb cingilitili səslə güldü.

  • Sən hələ fəxr eləməlisən ki, mən qatilin oğluna ərə getməkdən imtina etmirəm.

Sonra da La Kaçirranı itələyərək pilləkana atlandı. Lakin bu hərəkət birdən-birə qadını dirçəltdi, o, bu qorxunc rişxənddən başını tamam itirdi və vəhşi qəzəbdən doğan bir bağırtı ilə Rozaliyanın üstünə atıldı, onun çiyinlərindən tutaraq üzüaşağı sürüdü. Rozaliya dönərək qadının sifətinə zərbə endirdi. La Kaçirra sinəsində gizlətdiyi bıçağı dartıb çıxartdı və söyüş söyərək onu düz qızın boğazına sapladı. Rozaliyadan qulaqbatırıcı qışqırtı qopdu.

  • Ana, o, məni öldürdü.

Rozaliya pilləkanın aşağısına yıxıldı və orada daşların üstündə büzüşüb qaldı. Həmin yerdə kiçik qan gölməçəsi əmələ gəldi.

Tükürpədici qışqırığa 6-7 qapı açıldı və insanlar La Kaçirranı tutmaq üçün irəli cumdular. Ancaq o, divara söykənərək onlarla qarşı-qarşıya dayandı; üzündə elə vəhşət dolu bir ifadə vardı ki, heç kəs ona yaxınlaşmağa cürət etmədi. Bir anlıq tərəddüd yarandı və Pilar bağırtı ilə eyvandan aşağı qaçdı. Bir anlığa hamının diqqəti yayındı. La Kaçirra fürsətdən istifadə edərək irəli atılıb qaçdı. Otağına çataraq qapını örtüb arxadan kilidlədi.

Birdən-birə həyət adamla doldu. Pilar yüksəkdən qorxunc ağlaşma ilə özünü qızının üstünə saldı və heç kim onu oradan qopara bilmirdi. Kimsə həkim dalınca qaçdı, başqa biri isə polisə getdi. Insanlar küçədən axışıb gələrək qapının ağzında toplaşdılar. Həkim əlində qara çanta içəri tələsdi. Polis gələndə bir xeyli adam birdən həyəcanla nə baş verdiyini izah etməyə başladılar. Onlar La Kaçirranın otağına işarə etdilər, polis qapını sındırıb içəri daxil oldu. Içəridə mərəkə qopdu və onlar La Kaçirranın əllərini qandallamış vəziyyətdə bayıra çıxdılar. Izdiham irəli yeridi, lakin polislər qadını əhatəyə aldı və qılınclarının qını ilə insanların qabağını aldılar. Amma adamlar yumruqlarını yellədərək, La Kaçirraya lənətlər yağdırdılar. O, isə onlara nifrətlə baxdı. Heç bir cavab vermədi. Gözləri zəfər təntənəsi ilə alışıb yanırdı. Polislər onu həyətin içərisindən keçirib apardılar və Rozaliyanın sərildiyi yerdən keçdilər.

  • O ölüb?, – La Kaçirra soruşdu.
  • Bəli, – həkim təmkinlə cavab verdi.
  • Allaha şükürlər olsun!, – dedi.

[1] Ispan sözü olub yükdaşıyan anlamına gəlir.

[2] Ispanca “Axşamınız xeyir” deməkdir.

[3] İspanca “Allah köməyin olsun” mənasını verir.

[4] İspan milli tamaşasıdır. Öküz döyüşdürülür.

[5] Dəmirdən düzəldilmiş və barmaqlara keçirdilərək ispan, Latın Amerikası və sair ölkələrdə rəqs zamanı bir-birinə sürtüşdürülərək cingiltili səs çıxaran alət

Həyətdə dava səsləri eşidən iki-üç nəfər adam otaqlarından çıxıb qulaq kəsildilər.

  • Təzə kiryənişindir, – bir qadın dedi, – əşyalarını gətirən yükdaşıyanla dava edir.

Bura Seviliyanın ən kələ-kötür kvartalı olan La Makarenanın xəlvət küçələrindən birində yerləşən, ortasında həyəti olan iki mərtəbədən ibarət çoxmənzilli bir ev idi. Otaqlar fəhlələrə və İspaniyada dolu olan xırda məmur işçilərə – poçtalyonlara, polislərə, yaxud da tramvay bələdçilərinə açıq idi və bu yer uşaqlarla qaynaşırdı. Orada iyirmi ailə vardı. Bütün vaxtı elə hey dalaşırdılar, barışırdılar; uca səslə boşboğazlıq edirdilər; lazım gələndə bir-birlərinə yardımları da toxunurdu; çünki Andalusiyalılar mehriban təbiətli insanlar idilər və ümumilikdə götürəndə bir-birlərini yaxşı yola verirdilər. Bir otaq vardı ki, orada müəyyən müddət heç kim qalmırdı. Bir qadın onu həmin səhər kirayə götürmüşdü və bir saat sonra da özünün gücü çatan qədər  əski-üskülərini daşıyıb gətirmişdi. Qalan şeylər də qalleqoya yüklənmişdi – Qalisiyalılar İspaniyanın ümumi yükdaşıyanları idilər.

Ancaq dava getdikcə lap qızışırdı. Yuxarıda ikinci mərtəbədə olan iki qadın bir söz belə ötürməmək dərdindən eyvandan aşağı boylanmışdılar.

Onlar təzə gələnin ciyiltili səslə söyüş yağdırdığını, kişinin isə qaşqabaqlı halda onun sözünü kəsdiyini eşitdilər. Hər iki qadın bir-birini dümsüklədi.

  • Pulumu verməyincə buradan gedən deyiləm, – o, hey təkrarlayırdı.
  • Axı mən sənin pulunu artıq ödəmişəm. Özün dedin ki, bu işi üç riala görəcəksən.
  • Xeyr! Siz mənə dörd söz verdiniz.

Onların yersiz öcəşdikləri məbləğ iki pens yarımdan da az idi.

  • O iki-üç dənə şeyi yerindən tərpətməyə dörd rial? Sən dəli olmusan!

Qadın onu itələdi.

  • Pulumu verməyincə heç yerə gedən deyiləm, – o isə təkrarladı.
  • Sənə bir penni artıq verərəm.
  • Götürməyəcəm.

Mübahisə getdikcə qızışırdı. Qadın yükdaşıyanın üstünə bağırdı və söydü. Yumruğunu onun sifətinin qarşısında yellədi. Axırda oğlanın səbir kasası doldu.

  • Of! Yaxşı, bir pennini ver, mən gedim. Nahaq sənin kimi ifritəyə vaxtımı hədər yerə sərf edirəm.

Qadın pulu ödədi, oğlan isə döşəyi yerə tullayaraq çıxıb getdi. Gedərkən qadın onun dalınca iyrənc bir söz də işlətdi. Şeylərini dartıb içəri salmaq üçün otağından çıxdı və eyvandakı iki qadın onun sifətini gördülər.

  • Carai, nə kinli sifəti var! Lap adamöldürənə oxşayır.

O anda bir qız pilləkənla yuxarı qalxdı və anası ona səsləndi:

  • Gördün onu, Rozaliya?
  • Qalleqodan onun haradan gəldiyini soruşdum, o deyir ki, yükü Trianadan gətirib. Qadın ona dörd rial verəcəyini deyib, sonra da ödəməkdən boyun qaçırıb.
  • Sənə onun adını dedi?
  • Bilmir. Ancaq Tianada hamı onu La Kaçirra çağırırmış.

Unutmuş olduğu boğçanı götürmək üçün o cəncəl qadın bir də göründü. Eyvanda dayanıb arsız-arsız onu müşahidə edən qadınlara nəzər saldı, lakin heç nə demədi. Rozaliya üşəndi.

  • Bu qadın məni qorxudur.

La Kaçirra qırx yaşında, haldan düşmüş, çox arıq, qırğı caynağına bənzər sürsümüklü əlləri və barmaqları olan qadındı. Batıq ovurdları vardı, dərisi qırışmış və saralmışdı. Solğun, qalın dodaqları olan ağzını açanda yırtıcı heyvanınkına bənzəyən dişlərini göstəriridi. Saçları qara və pırtlaşıq idi. Onlara səliqəsiz düyün vururdu və elə görünürdü ki, guya çiyinləri üzərindən tökülür, hər qulağının üstündən də bir çəngə düz saç sallanırdı. Çuxurda yerləşmiş iri, qara gözləri qeyzli bir şəkildə parıldayırdı. Sifətində elə bir zalım ifadə vardı ki, heç kim yaxınlaşıb onunla söhbət etməyə cəsarət etmirdi. Tamamilə özünə qapanmışdı. Qonşuların marağınını cəlb etmişdi. Yoxsul olduğunu bilirdilər, çünki paltarları yaman gündə idi. Hər səhər saat 6-da evdən çıxır, bir də gecə qayıdırdı. Ancaq onun necə çörək pulu qazandığını öyrənə bilməmişdilər. Onda onlar həmin evdə yaşayan polisi sorğu-sual üçün sıxışdırdılar.

  • Özü sükutu pozmayınca, mənim onunla heç bir işim yoxdur, – o dedi.

Ancaq Sevilyada qalmaqal sürətlə yayılır və bir neçə gündən sonra yuxarı otaqda yaşayan bənna belə bir xəbər gətirdi ki, Trianada yaşayan bir dostu onun hekayətini bilir. La Kaçirra bir ay əvvəl həbsxanadan çıxıbmış və yeddi ilini orada keçiribmiş – qətl üstündə. Trianada ev tutbmuş, lakin nə baş verdiyini öyrənən uşaqlar ona daş atmağa başlamış və təhqiramiz adlarla çağırırmışlar. Qadınsa pis sözlərlə və hücumlarla cavab qaytararkən həmin yerə elə bir çaxnaşma salıbmış ki, axırda ev yiyəsi ona xəbərdarlıq edib. Ev yiyəsini və onu qovanların hamısına lənət yağdıraraq, bir səhər La Kaçirra qəfildən qeyb olub.

  • Yaxşı, bəs o, kimi öldürüb?, – Rozaliya sual verdi.
  • Deyirlər ki, sevgilisi imiş, – bənna cavab verdi.
  • Dünyasında inanmaram ki, onun sevgilisi olmuş olsun, – Rozaliya rişxəndli gülüşlə dedi.
  • Ah, müqəddəs Mariya!, – Rozaliyanın anası Pilar çığırdı, – ümid edirəm ki, bizlərdən kiminsə axırına çıxmaz. Mən dedim ki, üzdən o, qatilə oxşayır.

Tir-tir titrəyən Rozaliya əlini sinəsinə vurub xaç çevirdi. Elə bu vaxt La Kaçirra gündəlik işindən qayıtdı və söhbət edənlərin üzərinə qəfil pərişanlıq çökdü. Onlar sanki bir-birlərinə qısılırmışcasına bir hərəkət etdilər və həyəcanla azğın gözlü bu qadına baxdılar. Qadın deyəsən onların bu sükutunda nəsə məşum bir şey hiss etdi və onlara ani, şübhəli bir nəzər yetirdi. Söhbətə başlamaq üçün polis ona axşamın xeyir dedi.

  • Buena sera, – qadın qaşqabaqla cavab verdi və cəld otağına keçərək qapını çırpıb örtdü.

Onlar qapının içəridən kilidləndiyini eşitdilər. Acıqlı, qaşqabaqlı gözlər hamının üzərinə bir ölgünlük sərmişdi və onlar zərərli ovsun altında imiş kimi pıçııltı ilə danışdılar.

  • İçində bir şeytan var, – Rozaliya dedi.
  • Çox sevinirəm ki, bizi qorumaq üçün sən varsan, Manuel, – anası da polisə baxaraq əlavə etdi.

Lakin deyəsən La Kaçirranın problem yaratmaq fikri yox idi. Özünə qapalı haıda öz yolu ilə gedər, heç kimlə bir kəlmə kəsməz və yaxınlıq kimi göstərilən hər hansı bir cəhdə qısa rabitəsiz cavablar verirdi. O, hiss etmişdi ki, qonşular onun sirrindən – qətldən və uzun müddətli həbs həyatından agahdırlar; və sifət cizgiləri daha da sərtləşir, dərində yerləşmiş gözlərindəki ifadə daha da amansız olurdu. Amma tədricən onun səbəb olduğu təşviş sovuşub getdi. Hətta gəvəzə Pilar da həyətdə cəmləşmiş qrupun arasından aradabir keçib gedən bu səssiz sısqa fiqura əhəmiyyət vermirdi.

  • Cəsarətlə deyə bilərəm ki, türmə onun başını xarab edib. Deyirlər ki, çox vaxt belə olur.

Bir gün elə bir hadisə baş verdi ki, dedi-qodunu təzələdi. Cavan bir oğlan rejaya – evin giriş tərəfinin dəmir çərçivəli qapısına yaxınlaşdı və Antoniya Sançesi xəbər aldı. Həyətdə oturub yubka yamayan Pilar başını qaldırıb qızına baxdı və çiyinlərini çəkdi:

  • Burada bu adda adam yaşamır, – dedi.
  • Əlbəttə yaşayır, – gənc adam cavab verdi. – Qısa fasilədən sonra, – Ona La Kaçirra da deyirlər, – əlavə etdi.
  • Hə, bildim, – Rozaliya darvazanı açdı və qapıya işarə etdi, – Oradadır.
  • Təşəkkür edirəm.

Cavan oğlan onun üzünə gülümsədi. Qız gözəl idi, üzünün qəşəng rəngi və gözəl, cəsarətli gözləri vardı. Parlaq qara saçlarına bir qırmızı qərənfil taxmışdı. Dolu döşləri vardı, gilələri köynəyinin altından qabarırdı.

  • Səni doğan anaya halal olsun, – oğlan çeynənmiş ifadə işlətdi.
  • Vaya Usted con Dios, Allah köməyin olsun, – Pilar cavab verdi.

Oğlan ötüb keçərək qapını döydü. Hər iki qadın maraqla onun dalınca baxdılar.

  • Kim ola bilər bu?, – Pilar sual verdi, – heç əvvəllər La Kaçirranın yanına gələn olmayıb.

Qapıya çıxan olmadı və o, yenidən qapını döydü. La Kaçirranın “kimdir” deyə qıcırtılı səsi eşidildi.

  • Madre!, – o qışqırdı, – Ana!

Bir bağırtı gəldi. Qapı şaqqıltı ilə açıldı.

  • Karrito!

Qadın qollarını onun boynuna dolayıb çılğınlıqla öpməyə başladı. Ona nəvaziş göstərərək hər iki əli ilə oğlanın sifətini sevgi ilə tumarladı. Bu səhnəni seyr edən ana və qızının ömründə ağıllarına da gəlməzdi ki, o qadın belə incə hisslərə sahibmiş. Nəhayət sevinc hönkürtüləri ilə o, oğlanı öz otağına dartıb apardı.

  • Oğlu imiş, – Rozaliya təəccüblə dilləndi, – haradan bilmək olardı! Belə alicənab birisi onun oğlu olsun.

Karritonun üzü arıq idi, ağ, hamar dişləri vardı; saçları çox qısa vurulmuşdu, gicgah hissədə qırxılmış və əsil Andalusiya yaraşığı vermək məqsədilə saç düzümü edilmişdi. Vaxtından qabaq cücərmiş saqqalının kölgəsi şabalıdı dərisinin altından göyümtül rəngə çalırdı. Və heç şübhəsiz ki, təmtəraq sevən idi. Onda dəbdəbəli geyimə qarşı bir milli sevgi hissi vardı, şalvarı qıçlarına yapışmışdı. Qısa gödəkcəsi və büzmə köynəyi təptəzə idi, sanki bu dəqiqə asılqandan çıxarıb geyinmişdi. Başında enli şlyapa vardı.

Nəhayət La Kaçirranın otağının qapısı açıldı və oğlunun qolundan yapışmış halda qapıda göründü.

  • Gələn bazar yenə gələcəksən?, – soruşdu.
  • Əgər gəlməyimə mane olan bir şey olmasa mütləq gələcəm.

Oğlan Rozaliyaya nəzər saldı, anasına xeyirli gecə arzuladıqdan sonra qıza da baş əydi.

  • Vaya Usted con Dios!, – qız dedi.

Rozaliya onun üzünə gülümsədi və tünd gözlərini süzdürdü. La Kaçirra bu baxışı tutdu; və hüdudsuz sevincini bulud kimi sifətindən silib aparan bir qaşqabaq üzünü qaraltdı. Bu gözəl qıza acıqlı bir şəkildə mısmırıq salladı.

  • Oğlunuzdur?, – gənc oğlan gedəndən sonra Pilar soruşdu.
  • Bəli, oğlumdur, – La Kaçirra otağına tərəf dönərək qaba bir halda cavab verdi.

Heç nə onu yumşalda bilməzdi, hətta qəlbi fərəhdən riqqətə gəlsə belə yenə də dostluq cəhdlərini qətiyyətlə rədd etdi.

  • Yaraşıqlı oğlandır, – Rozaliya dedi və növbəti iki-üç gün ərzində oğlan onun xəyalından çıxmadı.

La Kaçirranın oğluna olan sevgisi dəhşətli bir şey idi. Bu dünyada onun varı-yoxu bircə oğlu vardı və anası onu elə coşğun, qısqanc bir məhəbbətlə sevirdi ki, əvəzində də mümkün olmayan bir bağlılıq tələb edirdi. Istəyirdi ki, oğlu üçün həyatda hər şey o olsun. Oğlanın işinə görə birlikdə qalmaq imkanı yox idi və oğlundan ayrı yaşarkən onun oralarda anasız nə edəcəyini təsəvvürünə gətirmək ona iztirab verirdi. Onun qadınlara nəzər salmasına dözə bilmirdi və oğlunun hansısa bir qıza mehribanlıq göstərə bilməsi fikri belə onu içindən qovurub yandırırdı. Seviliyada ən geniş yayılmış əyləncə uzun müddət davam edən eşq oyunları idi ki, burada qız gecəni yarıya qədər dəmir barmaqlıqlarla qorunan pəncərənin qırağında oturar, ya da qapının ağzında dayanar, sevgilisi də küçədən öz məftunluğunu izhar edərdi. Bu cür yaraşıqlı bir gəncin qadın təbəssümündən zövq ala biləcəyindən agah olan La Kaçirra oğlandan həyatında novia, yəni sevgilisi olub-olmadığını soruşurdu və o, bilirdi ki, oğlu bütün axşamı işdə olduğunu sübut etmək üçün and içəndə belə yalan danışır. Lakin onun inkar etmələri anasına sonsuz sevinc bəxş edirdi.

Rozaliyanın təhrikedici təbəssümünü və Karritonun da ona eyni şəkildə cavab verməsini görəndə cinləri başına vurdu. O, əvvəllər öz qonşularına nifrət edirdi, çünki onlar xoşbəxt idilər, o isə biçarə zavallı idi; çünki onlar onun sirrini bilirdilər; indi isə o, onlara daha çox kin bəsləyirdi, artıq dəlicəsinə təsəvvür edirdi ki, onlar oğlunu ondan almaq üçün plan qururlar. O biri həftənin bazar günü gunorta vaxtı La Kaçirra otağından çıxıb həyəti keçərək qapının azında dayandı. Bu, elə qəribə bir davranış idi ki, hətta qonşular buna irad tutdular.

  • Bilmirsən niyə o oradadır?, – Rozaliya gülüşünü boğaraq dedi. – Əziz-xələf oğlu gəlir, o da istəmir ki, biz onu görək.
  • Nə, yəni fikirləşir ki, biz onu yeyərik?!

Karrito gəlib çıxdı, anası onu dartıb cəld öz otağına apardı.

  • Oğlunu elə qısqanır ki, elə bil sevgilisi-zaddı, – Pilar mızıldandı.

Rozaliya bağlı qapıya baxaraq bir də güldü, parıldayan gözlərində bir dəcəllik vardı. Ağlına gəldi ki, Karrito ilə bir-iki kəlmə kəsmək necə də əyləncəli bir şey olardı. La Kaçirranın bundan necə qeyzlənəcəyini düşünəndə ağ dişləri parıldadı. Darvazanın ağzında özünə yer edib dayandı, belə ki, ana-bala çıxanda onunla rastlaşmamış keçə bilməsinlər. Ancaq La Kaçirra qızı görcək oğlunun o biri böyrünə keçdi ki, Karrito heç ona gözucu da nəzər yetirə bilməsin. Rozaliya çiyinlərini çəkdi.

  • Sən məni belə asanlıqıa məğlub edə bilməzsən, – qız düşündü.

Növbəti bazar, La Kaçirra darvazanın ağzında özünə yer edənə qədər Rozaliya küçəyə çıxdı və oğlanın hansı səmtdən gələ biləcəyini ehtimal edərək o istiqamətdə gəzişməyə başladı. Elə bir dəqiqə keçmişdi ki, Karritonu gördü və saymazyana şəkildə yoluna davam etdi.

  • Salam!, – oğlan ayaq saxlayaraq dilləndi.
  • Hə, sənsən?! Mən də fikirləşirdim ki, sən mənimlə danışmaqdan çəkinirsən.
  • Mən heç nədən çəkinmirəm, – oğlan lovğalıqla cavab verdi.
  • Anandan başqa!

Qız ayaq saxlamırdı, sanki oğlanın onu rahat buraxmasını istəyirdi, ancaq yaxşı bilirdi ki, o, ömründə belə şey eləməz.

  • Hara gedirsən?, – Karrito soruşdu.
  • Bunun sənə bir isti-soyuğu var ki, Karrito? Get ananın yanına, oğlum, yoxsa o, səni döyər! Anan yanında olanda mənim üzümə baxmağa belə qorxursan.
  • Boş sözdür!
  • Yaxşı, vaya Usted con Dios! Mənim işlərim var.

Oğlan müticəsinə uzaqlaşdı. Rozaliya öz-özünə güldü. La Kaçirra oğlunu yola salan vaxtı Rozaliya bir də həyətdə göründü.  Bu dəfə Karrito xəcalətindən cəsarətlənərək ayaq saxladı və ona gecən xeyrə qalsın dedi.  La Kaçirra qəzəbindən qıpqırmızı oldu.

  • Gəl Karrito, – qıcırtılı səslı çığırdı, – nə gözləyirsən?

Karrito çıxıb getdi, qadın isə danışmaq istəyirmişcəsinə Rozaliyanın qarşısına keçdi, lakin aşkar bir cəhdlə özünü yığışdırdı və öz qaranlıq, sakit otağına çəkilib getdi.

Bir neçə gün sonra Seviliyanın müqəddəs hamisi sayılan San İsidoranın şərəfinə ziyafət keçirmək və bayramı qeyd etmək məqsədilə bənna və bir-iki nəfər başqaları həyətə Çin fənərləri düzmüşdülər. Bunlar aydın yay gecəsində gözəlcə şölələnirdilər. Par-par yanan ulduzlar səmanı bürümüşdü. Evin sakinləri həyətin ortasında yığışmış, stullarda əyləşmişdilər. Qadınlar isə, hətta bəziləri körpələrini əmizdirərək kağızdan düzəldilmiş kiçik yelpiklərlə özlərini yelləyir, ortalığı qarışdıran hər hansı böyük bir uşağa acıqlanmaqla öz fasiləsiz söhbətlərinə ara verirdilər. Gündüzün nəfəskəsici boğanağından sonra axşamın sərinliyi adama ləzzət edirdi. Öküz yarışında olanlar orada iştirak etmək şərəfindən məhrum olanlara bu barədə danışırdılar. Onlar məşhur matador Belmantonun göstərdiyi şücaəti təfərrüatına qədər təsvir etdilər. Onların xəyalında oyunun hər məqamı getdikcə fərqli və rəngarəng forma alır, belə təsəvvür oyanırdı ki, sanki Seviliyanın tarixində hələ heç vaxt bundan daha yaxşı korrida olmayıb. La Kaçirradan savayı hər kəs orada idi və onun otağında tək yanan şamın şöləsi görünürdü.

  • Bəs oğlu hanı?
  • Oradadır, – Pilar cavab verdi, – Bir saat bundna əvvəl ora keçdiyini görmüşəm.
  • Yəqin ki, özü üçün əylənir, – Rozaliya gülərək dilləndi.
  • Eh, La Kaçirranı düşünmə, – başqa biri dedi, – Gəl bir rəqs edək, Rozaliya.
  • Hə, hə, – onlar qışqırışdılar, – hə, nə gözləyirsən, gəl görək. Oyna görək.

Ispaniyada rəqs etməyi və rəqs edənlərə tamaşa etməyi çox sevirlər. Uzun illər öncə deyirdlər ki, ispan qadınları rəqs etmək üçün doğulublar.

Stullar dərhal dövrələmə düzüldü. Bənna və tramvay konduktoru gedib öz gitaralarını gətirdilər. Rozaliya kastanetlərini götürüb baqşa bir qızın qabağına düşərək oynamağa başladı.